Musa Yaqub - Şair çiy sözü də udmalıdır ki...
06.01.17
Avanqard.net Musa Yaqubun yeni şeirlərini təqdim edir. Tənhalığın üsyanı Hər şey qaldı arxada, Hər şey qaldı geridə, Neçin könlüm darıxqan, Tarimardır bu yerdə - Evdən-eşikdən kənar, Son tüstüsü buğlanan, Ürəyim sönük fanar… Ya bilmirəm soluxmus bir payız bənövşəsi, Ya bəlkə tək bulağam, Üzündə buz şüşəsi – Bir əl toxunsa əgər Ya sınar, ya əriyər Bir də soyuyub gedər Könlüm uyuyub gedər… Heyf o etibardan, Heyf o intizardan - Solan yaşıllıqların, Olan yaxşılıqların Axırı nə? bir heç nə… Tutub bu hecnəlikdən Hara gedim bilmirəm… Uçdum hansı yuvadan? Hara yetim bilmirəm, Harda bitim bilmirəm Bilmirəm hansı üzü Tutub üzüm gəlmişəm. Mənə elə gəldi ki, Sən məndən incimisən, Mən səndən incimişəm Dönüb küsüb gəlmişəm İndi bildim tənhayam Gündüzümdə, gecəmdə - Evdən-eşikdən uzaq… Mən bir asi yalquzaq Qurd ulayır içimdə. Dayan görüm, sən Allah, Yol yaratsın yaradan! Səninlə barış üçün Söz gəzirəm arada… Bilirəm yalvarışla Hiylə sözlə xoşun yox Üstün olmaq həvəsin Bir haqsız savaşın yox. Eh, nə qəsdi-qərəzdi?.. Biz küsü saxlamazdıq, İnciklik havasında Dilimiz işləməzdi. Hardan doğub bu duyğu Hardan gəlib bu sorğu; Ömrün hansı üzüdü? - Sən yoxsan bu dünyada Bu nə umu-küsüdü?.. Sən ki, yoxsan dünyada Nədir bu giley-güzar Burda tale sirri var. O köhnə cığırında Bəlkə otlar içində Ömrünün axırında Əkdiklərin göyərib, Açıb gülün, çiçəyin Baxmamışam, keçmişəm İncik düşüb ürəyin? Bu həyət sənin idi Köhnə ocaq yerində Sönüb qalan kösövlər Alovlanıb bu səhər… Amma başqa əl ilə Amma basqa ocaqda – Sən qalmısan qıraqda, Mən qalmışam uzaqda Görmüsən mən də yoxam Həmin ocaq başında İncik-incik yanmısan Ömrün qara daşında O qızılı donun da Evdə qalmışdı hələ. Bəlkə o keçib ələ Kimisə geyindirib, Kimisə isindirib Bu sənə ayan olub Ruhunu diksindirib Məni də diksindirib. Dayan, sən Allah, dayan, Könlüm sınıq darıxqan. Çaxıb çox ildırımlar Çaylaq daşı od tutub Məni də yandırıblar. Göyün tağına baxma, Bulud qalıb, dan keçib. Sinə dağıma baxma Üstündən hicran keçib. Xoş xəbər ol, xoş çapar, Dur ayağa, umudum! Tut qolumdan sən apar: Gedim, təzədən gedim Ocağım yanan yerə. Ürəyim məqam tutub, Könlüm dayanan yerə. Qızıl balıqlar kimi, Çay daşımı tanıyım. Açın ilkin yolumu, Öz daşımda bayılım. Orda cığır saldığım, Qoşa keçdiyim yerə. Bütün sevgilərimə, O and içdiyim yerə. Ev-eşiyə qarışım, Öz arxımla danışım. Mən də köhnə kösövəm, Ocağımda alışım. Daha səni tapmaram, Keçdi qoşa günlərim, Tək günümlə barışım, Xatirə günlərimin Ətəyindən yapışım. Giley-güzar sarıdan, Dolub daha siyahım – Öz günahım, öz ahım – Gedər qiyamətəcən, Bütün tənhalıqları, Çapıb gedər qiyamım! payız, 2016 Bakı Qış gəlir Xırdaca budaqlar qırov bağladı, Hər ağac başına bir cuna düşdü. Keçdi ildırımdan gümüş dolular Yerdə xəzəllərin ovcuna düşdü. Dərənin dibini sel-su xışladı, Bir keçəl təpəni dolu daşladı. Qış da ilk dərsinə belə başladı, Bir yaşıl səltənət çovğuna düşdü. Qırov çəmənlərdən rəngi ovladı, Alıb sarmaşığı buz buxovladı. Külək yumruladı, tufan qovladı Qışın ilk qəzəbi yulğuna düşdü. Vaxt vardı kirşəmiz döşdə çapardı, Yerdəki qarı da göydə qapardı. Bir az gücüm vardı payız apardı Qışımız bir ömrü yorğuna düşdü. 7 avqust, 2016 Nabran Səyirmə Dağ yeridir, bir az yollar əyridi, Sərvi gördüm tellərini hörəndə. Qəfil çıxdı, dodaqlarım səyridi Almayanaq sərvi - nazı görəndə. Dost elində doğma sözüm - səyirmə “Seyirmani” səyirmə de, əyilmə. Söz atımı səyirtdim öz xeyrimə, Xoş rəftarı, xoş avazı görəndə Qəfil çıxdı, dodaqlarım səyirdi Almayanaq sərvi - nazı görəndə. 2016 Gürcüstan, Səyirmə Nəsihət Xalq sözü elə cür el malıdır ki, Müdriklər də dözür ən acı sözə Şair çiy sözü də udmalıdır ki, O sözü bişirib çıxarsın üzə. yay, 2016 Buynuz Qızıl dan kimi Sən Allah, bu gülü yasa aparma, Bu gül ləçəyində başqa həyat gör. Bu qızıl güllərdən mənə qanad hör, Sən Allah, bu gülü yasa aparma… Qızıl dan yerindən rəng alıb bu rəng, Göylərdən nur alıb, günəşdən çələng, Bu doğulmaq üçün, uçmaq üçündür Qövsi-quzehləri qucmaq üçündür, Sən Allah, bu gülü yasa aparma… Torpaq bitirəni gül eylər gedər, Torpaq itirəni kül eylər gedər. Bu ki, mələklərin rəng düzümüdü Körpənin süd rəngli təbəssümüdü, Sən Allah, bu gülü yasa aparma… Torpaq! Qara torpaq, fırçana əhsən Fırçanın verdiyi bu cana əhsən! Qırxyarpaq qızılgül İlahinindir, Vurduğu ilməyə qırçına əhsən! Yəqin dünya əvvəl hər yeri gülşən, Yəni qızıl güllü, qızıl bağ olub Qədirbilməzlərin əlindən düşən Gedib çöldə bitib bağrı dağ olub. Tamam başdan-başa heyrətdi, vallah, Vallah möcüzədir, möcüzə güllər. Yaz ağzı elə cür tələsibdilər, Dönüb bənövşəyə, nərgizə güllər. Bu qırxləçəyi gör, qızılı yarpaq – Şanapipiklərin başında daraq – O aşiq bülbüllər hamıdan qabaq Döşünü güllərə sipər eyləyib Sən bu qızıl donlu mələklərə bax Boynunu qızıl gül çəpər eyləyib Çəpərin qurbanı, a gül yanaqlar, Belə açılmışdım mən də qabaqlar – Bu ilahi güllər qırmızı donda Mənim də sinəmdə bitmişdi onda – O da ilk məhəbbət alovlarıydı Ağ güllər təmizlik qırovlarıydı – Məni apardılar eşq aləminə Hələ də ordayam dönüb gəlmərəm – Ölərəm qalaram – sönüb gəlmərəm. İlk sevgi qızılı şimşək ömrüdü, Özü çaxıb gedər, şırımı qalar, İztirab bu eşqin daha kömürüdü – Qara, qırmızımı, sarımı qalar… Bizim qaşımızda gül mayası var, Onunçün gözəllər gülyanaqdılar – Dan yeri qırmızı. Qürublar sarı… Sən allah, bu gülün keyfinə dəymə, Çevirmə üzünü qüruba sarı Sən Allah, bu gülü yasa aparma… yay, payız. 2016 Buynuz
/kulis.az/
|