Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək
30.12.16
Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət olunub.
Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, söhbət Təbriz şəhərində baş tutacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalından gedir. Teatrın kollektivi bu münasibətlə yanvarın 13-dən 18-dək İrana səfər edəcək. Festivalda teatrın kollektivi dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını nümayiş etdirəcək.
“35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız kollektivimiz üçün əsl Yeni il hədiyyəsi oldu. İnanıram ki, Musiqili Teatr yeni ilin ilk günlərində ölkəmizi bu mötəbər festivalda layiqincə təmsil edəcək. Qeyd edim ki, 1910-cu ildə bu əbədiyaşar əsərlə - “Ər və arvad” tamaşası ilə bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Əsər 107 ildir ki, səhnədədir və tamaşaçılarımız tərəfindən ən çox sevilən, böyük maraq və rəğbətlə qarşılanan səhnə əsərlərindən biridir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev söyləyib.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.
|