Sara Selcan - Gəmisiz limanlarda yola çıxıb yosunlar
29.12.16
Şükür, İlahi!
Min sirrin var bilinməyən, Dil-dodaqla deyilməyən, Alnımızda görünməyən Yazına şükür, İlahi!
Yaş var qısa, yarımçıq Yaş var qarğadan da çox, Yaratdın Körpəsindən qarıcıq, Pozuna şükür, ilahi!
Şeytanın mələk dondakı, Cənnət cəhənnəm sondakı, Yaşılca yarpağındakı Tozuna şükür, İlahi!
Cücərtmişəm qəm toxumu, Kədər udub qorxumu, Nə qəmli yozdun yuxumu, Yozuna şükür, İlahi!
Bir sünbülə min dən verdin, Min dərdə bir bədən verdin, Verdiyini birdən verdin, Azına şükür, İlahi!
Qara bağ
Qərənfillərin belinə bağlandı Yanvarın iyirmisi, Qərənfillər məzar dəlisi O gündən...
Qara bağ əsgər tabutları, şəhid bolluğu, bələklə səngər arası ağrı çəkir torpaq, illərdi susuruq bu boşluğu.
Qara bağ Xəritədə 20 faiz, Ürəyimizdə min misqal, Ruhumuzu skalioz etdi Bu İşğal. Vətən onurğasından ağrıyır.
lll
Duyduğum bu kədərin Qəribə qoxusu var, Kim deyirsə, yalandır, Quşun da yuxusu var.
Qağayının yuxusu Dənizdəki ləpədir. Göyərçinin yuxusu Körpədən də körpədir.
Qaranquşun yuxusu Saman çöpündə itir. Sığırçının yuxusu Gömgöy yemlikdə bitir.
Uyğusu sığal çəkir Çöllərə küləklərin, Yuxusundan tanıdım Ən gözəl mələkləri.
lll
Yetim uşağın xəyalları
Hamınıza düşəcək atam alan şirnidən, Görərsiniz necə dadlıdır, necə rəngbərəng, Kim hansından istədi götürər. Ad günümə gələndə sizə göstərəcəm Öz otağımı, Bütün oyuncaqlarımı. elə möhkəm səsi var ki, mənim avtomatımın İnanmırsınız atıb baxın, Elə bil əsl avtomatdır . Onu atanda qonşu itləri qorxar. Mənim robotum bütün robotları yıxar. Görsəniz bacımın gəlinciyini Sarışın saçlı, gözləri yaşıl, Adam kimi danışır. nə boydadır boyu, çoxdan istəyirdi bacım bunu. Sizinkini ötəcək velosipedim yarışsaq, Təkərlərini muncuqlarla bəzədim, Buludların üstüylə sürürəm lap onu, Ötərəm, ötərəm hamını. Bu xəyallarla yatır uşaq, Gül yastığa batır uşaq. Nə şirindir yuxusu, Divardakı şəkil susur, susur. Uşaqsa yuxusunda dostlarına Bunların hamısını atam alıb deyir, Öz Atam. ...Uşağın xəyallarını gerçəkləşdirə bilmir Şəkildəki adam...
lll
Gəmisiz limanlarda Yola çıxıb yosunlar Dənizlərdə su hanı Saçlarını yusunlar.
Yosunlar vəfalıdır Vəfasız gəmilərə. Çınqılsız sahillərdə Kimə, kimə, kimlərə.
İtib-batır aylarla Gəmilərin fit səsi, O səsdə dincin alır Yosunların nəfəsi.
lll
Canım bu qədər ağrımazdı, Çölün düzündə Xırda qarışqanın ruzisi olsam, Kiçik ocaqda Tez sönən bir parça kösövtək yansam, Sınıq qədəhlərə dolsam, dolsam, Su olsam... Dan yerinin oyatdığı kəpənək olsam, Şeh olsam o kəpənəyin ayaqlarında,
Tənha ağac olsam, Tək-tənha, meşələrin qırağında. Canım bu qədər ağrımazdı. Siz ağrıtdınız.
İri daşların yanında xırda kəsək olsam- Şəlalələr sıçradığı, Daşlarda bitən çiçək olsam, Ləçək olsam - küləklərin qırdığı, Külək olsam divanə, hamının tanıdığı. Canım bu qədər ağrımazdı, Siz ağrıtdınız, Siz!
lll
Qadın tarlasını şumlayır kişilər... Bu şumda adam becərir əlləri-qolları palçıqlı Tanrı. Qadını kişidən, Kişini torpaqdan Hazırlayıb, nəfəsindən üfləyib ona can verir, ruh verir, Dilinə söz, gözünə nur verir Qadir Tanrı yaratd ıqlarının.
Oddan yaratdığı mələk Çox vaxt felinə salır Palçıq bədənliləri. Hər şeyi itirib alma dadına, Adəmi azdıran həmin qadınla başlayır Yer üzünə tullanışı tarixi Bütün bəndələrin- Cənnətdən qovuluş cəzalı. Günahkar bəndələr heç nə olmamış kimi Hər gün qayğılı Qayıdırlar tövbənin ətəyinə yıxılı, Səcdə edirlər Hər şey istəyib. Tövbə qapısı açıqdı həmişə, Sevib bağışlayır Yaratdıqlarının hər günahını Təkcə Şeytana acıqlı Tanrı.
|