Könül Nəhmətova - Azərbaycan ədəbiyyatında lirik hekayələr
28.12.16
Azərbaycan ədəbiyyatında lirik-psixoloji hekayə janrının yaranması, ümumiyyətlə, nəsrin təşəkkül tarixi ilə bağlıdır. Öncə bir sıra tədqiqatlara müraciət edək: mərhum alimimiz Əflatun Saraclı "Azərbaycan bədii nəsri" adlı monoqrafiyasında yazır: "Azərbaycan ədəbiyyatında XIX əsrə qədər Füzulinin "Şikayətnamə" (XVI əsr), Xaşmazinin "Dözdü qazi" (XVIII əsr) kimi tək-tək hekayə nümunələrinə rast gəlsək də, bütövlükdə bədii nəsrin təkamülü və inkişafı XIX əsrdən başlanır. Əsrin 30-cu illərindən başlyaraq İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" (1835), A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" (1837), M.F.Axundovun "Aldanmış kəvakib" (1857), "Kəmalüddövlə məktubları" kimi lirik və satirik hekayə, povest və məktub-traktat meydana çıxdı". Məmmədağa Sultanov isə "Kitabi-Əsgəriyyə" hekayəsini ilk bədii nəsr nümunəsi hesab edərək yazırdı: "İsmayılbəy Qutqaşınlının" Rəşidbəy və Səadət xanım" hekayəsindən əvvəl, XIX əsrin birinci yarısında yaranmış bu əsərə görə A.Bakıxanovu müasr bədii nəsrimizin banisi adlandırmaq olar". Azərbaycan nəsrinin təşəkkülü məsələlərinin tədqiqatında Məhəmməd Füzulinin "Şikayətnamə"sini "milli dildə ilk önəmli bədii nəsr əsəri" hesab edən Tehran Əlişanoğlunun fikri tutarlı səslənir: "Nəsr orta əsrlərdə başlıca olaraq elmi, dini, fəlsəfi, publisist ədəbiyyatın, rəsmi üslubun ifadə sferasıdır. Və təsadüfi deyil ki, ədəbiyyatımızda XII əsrdə Xaqani Şirvaninin məktubatından tutmuş, XIX əsrdə A.Bakıxanovun "Kitabi-Əsgəriyyə"sinə qədər, daha sonra XIX yüzil və XX əsrin əvvəllərinin elmi, elmi-kütləvi, publisist, bədii-publisist, bədii-pedaqoji əsərlərinin əksəriyyətində bu nəsr funksionallığını qoruyub saxlamış, elmi, bədii, publisist məqamların klassik Şərq mədəniyyəti konteksti ilə əlaqələrini görk etmişdir". Müasir anlamda lirik hekayə janrından bəhs etdikdə ilk nümunə olaraq İsmayıl bəy Qutqaşınlının Varşavada hərbi qulluqdaykən fransızca nəşr etdirdiyi (1835) "Rəşid bəy və Səadət xanım" hekayəsini tədqiqata cəlb edə bilərik. Filologiya elmləri namizədi Ədalət Tahirzadə "İsmayıl bəy Qutqaşınlı haqqında bilmədiklərimiz" adlı tədqiqatında hekayənin üslubunu müəyyənləşdirməyə çalışaraq yazır: "Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki bəylərindən olan iyirmi iki yaşlı Rəşidin atəşli sevgisindən danışan bu əsərlə Azərbaycan ədəbiyyatında nağıl və əfsanələrdən uzaq ilk realist hekayələrimizdən biri ortaya qoyuldu". Ancaq hekayənin süjeti, təsvir və ifadə vasitələri, obrazların mükaliməsi və onların qarşılıqlı münasibətlərin təsviri ( Rəşid bəy - nökər Əziz, Səadət xanım - qulluqçu Şamah, Rəşid bəy - Tikanlı kəndinin kəndxudası Mərdan, Səadət xanım - anası Tutu xanım) imkan verir deyək ki, hekayənin tarixi həqiqətlə ("Tikanlı sakinlərinin bizə bildirdiyinə görə, Mərdanın nəsli indi də həmin kənddə yaşamaqdadır. Deməli, Qutqaşınlı , doğrudan da, gerçək şəxslərin başına gələn gerçək hadisələrə yazıçı donu geydirib" - Ə.Tahirzadə) müəyyən qədər bağlı olmasına baxmayaraq, lirik-romantik üslubda yazılmışdır. Əslində, hekayənin süjeti və ideya istiqaməti Azərbaycan ədəbiyyatı üçün yeni deyil, ədəbiyyat tariximizin müxtəlif dövrlərində yazılı və şifahi abidələrimizdə diqqəti cəlb edən "azad sevgi" ideyasını ənənəvi üsullarla əks etdirir. Sadəcə, yazıçı bu romantik süjeti oxuculara publisistik dillə çatdırır: "Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandanxaric bir şey sayacaqsınız. Yox, ağalar! Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz, Şərq ölkələrində bir qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlarçün qadınların səsində nə qədər lətafət olduğunu, onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz. Bu halları anlamaq və hiss etməkçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə yaşamaq gərəkdir". Burada məqsəd yalnız oxucunu inandırmaq deyil, daha çox mənəvi dəyərlərlə bağlı incə mətləblərə diqqəti çəkməkdir. Abbasquluağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsəri isə nəsrimizdə ilk realist hekayədir. Lakin bu əsərin ədəbiyyatşünasığımızda yeri araşdırmamızda ciddi bir sual kimi meydana çıxır. Yuxarıda adlarına çəkdiyimız tədqiqatlarda və qeyri araşdırmalarda həmçinin "Kitabi-Əsgəriyyə"nin sadəcə hekayə nümunəsi kimi adını çəkməklə kifayətlənmişlər. Biz müəyyən xüsusiyyətlərinə görə "Kitabi-Əsgəriyyə" hekayəsini Azərbaycan bədii nəsrində ilk realist və ilk lirik-satirik hekayə adlandıra bilərik. A.Bakıxanov bu əsəri Qərb hekayəçiliyinə alternativ kimi qələmə almışdır. Hekayənin süjetini klassik ədəbi mövzularla ədəbiyyatımızın daha irəli səhifələri, yəni 20-ci əsr tematikası arasında körpü kimi görürük. Fikrin qidalandığı mənbə yenə də Füzuli dühasıdır, onun "Şikayətnamə" əsəridir, əsərin qəhrəmanı isə bəlkə də Yusif Vəzirin "mərsiyəxanlarının" sələfidir. Bəli, "Kitabi-Əsgəriyyə"də "Füzulinin "Şikayətnamə"sinin təsiri duyulur. Onu da əlavə edək ki, bu, sadəcə təsirlənmə deyil, daha doğrusu, tam bir iqtibasdır. Sanki müəllif "Şikayətnamə"nin üslubu və kompozisiyası üzərində yeni bir məzmun yaradıb. Əsərlər arasında bir sıra paralellər aparmaqla eyniyyəti üzə çıxara bilərik: "Şikayətnamə" əsəri girişdən sonra üç bölməyə ayrılır: bəratın gəlməsi, təqaüd almaq səyi və nəticə. "Kitabi-Əsgəriyyə" də girişdən sonra üç hissədən ibarətdir: Quba şəhərindən mərsiyəxan Ahəngərzadə Əsgərin sevdiyi gözəlin yolunda çəktiyi əzab-əziyyətlər, sevgililərin "təneyi-dilşikəni-əğyar və sədəmati-həvadisi-ruzigar" səbəbindən "biri-avareyi - diyar, biri vətənində qərib biqəmküsar" olması və nəhayət, "talieyi-sübhi-sadiq bu məzmuni-zövq əfsayə müvafiq kəraneyi-üfüqdən zahir olub giriftari-zülməti-aləm olanlara ruzi-rövşəndən bəşarətlər verdi". Hər iki əsərdə nəsr və şeir dili çox oxşardır. "Şikayətnamə" qafiyəli səcli nəsrlə yazılmışdır. "Kitabi-Əsgəriyyə" əsərində də cümlələrin, söz və ifadələrin qafiyələndiyini görə bilirik. Hər iki əsərdə abzaslar əksərən "əlqissə", "xülasə" kəlmələri ilə başlayır, xitablar da eyni formada səslənir: "Şikayətnamə"də - "Ey qafil!", "Ya əyyühəl-əshab!", "Ey miskin!"; "Kitabi-Əsgəriyyə"də - "Ya əkəllülələvat! Ey atacan!", "Ey arami-canım!", "Ey aşiqi-mehribanım!", "Ey aşiqi-miskin!" və s. Əsərlərin hər ikisində də nəsri qitə, beyt və nəzm parçaları tamamlayır, hər ikisində şeir dili nəsr dilindən sadədir. Hər ikisində mükalimələr dilinin sadəliyi və milliliyi ilə təhkiyədən kəskin şəkildə fərqlənir. Hər iki əsərin giriş hissəsində "Quran"ın iki ayəsi misal göstərilir və bununla da yazıçının qayəsi açıqlanmış olur. "Şikayətnamə"də şair öz məqsədini belə bəyan edir: "Ey qafil, aləmi-surət məzhəri sifati-ilahidir və möhbiti-ənvari-hüzuzati-namütənahidir. Hər ayinə mülk mələkutdan münfəkk olmaz və xəsaisi-mülkdən bəhrəmənd olmayan sərari mələkutə dəstrəs bulmaz". "Kitabi-Əsgəriyyə"də isə əsərin məramı belə açıqlanır: "Labüdd aləmi-surətdə iqtizayi-təbiəti-bəşəri oldur ki, hər kimsə gərək bir növ mənzur ilə cilabəxşi-dideyi-dil olub ovqati-şərifi zaye və bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəflətdən təbi-talibi-hüşiyarə badeyi-cəhl içirməsin". Əsərlərin ikisində də İslam əxlaqı ilə müsəlman aləminin gerçək təzahürü qarşılaşdırılır. Füzulinin şikayəti yaramaz quruluş, onun sultan və məmurlarından idi. ...Füzuli hiylə, rüşvət və fırıldaq yuvası olan ovqafın simasında bütün bir quruluşu satira atəşinə tutmuşdur. A.Bakıxanov isə "fazili-fərzanə və yeganeyi-dövri-zəmanə" simasında dövrünün ruhani zümrəsini tənqid hədəfinə çevirir: "- Bir kimsə əgər bir səbiyyəni həbaleyi-nigahə gətirsə, nagah validi-mənguhə validəsindən təməttöi-təzvic almaq caizdirmi? Çün məzhəbi-eşqdə bu surət məqami-əşkal idi, ol fazil məsələni fitvayi-piri-eşqə mühəvvəl qıldı". Amma müəllifin tənqid hədəfi yalnız bu qədər sadə də deyil. Əsərin əvvəlindən sonunadək satirik üslub da özünü göstərir. Hekayədə ilk növbədə mərsiyəxanlıq özü bir tənqid hədəfidir: "Əlqissə, ol cəvani-suxtəcan həmişə rüəsi-mənabirdə və məcməyi-əkabirdəvü əsağirdə mərsiyəxan, bəlkə kəndisinin əvaqibi-ümurin yad edib həmqərini-naləvüəfqan olurdu". Müəllif ruhani zümrənin din haqqında təsəvvürlərini sarkazm atəşinə tutur: "Bu əsnada müəllimi-mövsuf aləmi həvadisdən qəti-rəvabəti-əlayiq edib, həmağuşi-ərayisi-hura və nəşəyabi-sağəri-şərabən təhura oldu (rəhmətullahi-əleyh) və əhli-beyti-naşünasın, xüsusən Hüseyni Abbasın və müxəlləfatdan əmmamə, pustin və əbasın, cübbə, şanə misvak və ridasın, küləcə, şali-kəmərbənd və qabasın ol cəvanə vagüzar edib yerində canişin etdi". Əsərin qəhramanlarının dili ilə bu simvolik bütlərə bir daha zərbə endirilir: "- Ey arami-canım! Fikr elə ki, atandan qalan əmmaməni başıma qoyub, əbasın çiynimə salub və qəbasın qucağıma alıb bir nifrin elərəm ki, düşmənlərimizdən biri də yer üzündə qalmaz. ...Xülasə, ol məzlumə dedi: - Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki, sən bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin". "Kitabi-Əsgəriyyə" əsərinin iqtibas kimi dəyərləndirilməsi onun orijinallığına heç bir xələl gətirmir, çünki yazıçı Füzulidən fərqli olaraq bütöv bir kompozisiya üzərində hekayə yaratmışdır ki, hətta əsərin qeyri-adi sonluğuna görə onu novella da adlandırmaq mümkündür. Azərbaycan ədəbiyyatında ilk dəfə lirik hekayə janrının mükəmməl nümunələrini Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında görürük. Yusif Vəzir realizmində sosial-siyasi amillərlə paralel olaraq emosional faktorlar da mühüm yer tutur. "Müsəlman arvadının sərgüzəşti" -lirik-satirik monoloq, "Millətpərəstlər" - miniatür hekayə, "Vətən" - satirik mənsur şeir, "Toy", "Ağ buxaqda qara xal", "Cavan", "İki çocuq", "İstirahət günü", "Beş dəqiqə","Soyuq busə" və s. lirik hekayələri hamısı bir-birindən fərqli poetik nümunələrdir. Hekayənin süjeti "Min bir gecə" nağıllarından götürülmüşdürsə də, tədqiqat zamanı ortaya daha bir paralellik çıxır. Yusif Vəzirin "Ağ buxaqda qara xal" hekayəsi Türkiyə ədəbiyyatında Rəcaizadə Əkrəmin "Çox bilən çox yanılar" komediyası ilə səsləşir. "Mövzusu "Min bir gecə" nağıllarından "Müxəyyəlat-i Əziz Əfəndi"nin bir bölümündən - ""Xoca Abdullahın hekayəsi"ndən alınaraq türk həyatına uyğunlaşdırılmış dörd pərdəlik bir törə komediyasıdır. "Çox bilən çox yanılar" komediyasında hadisələr, obrazlar, mükalimələr nə qədər realdırsa, "Ağ buxaqda qara xal" hekayəsində arzular da, istəklər də əsərin qəhramanı kimi mücərrəddir. Mərsiyəxanın adi bir günündə yolunun üstünə çıxıb ona siğə olunmağı təklif edən qadın obrazı sanki xəyalidir. İlk baxışda qadının istəyi aydındır: "Mən bu gün səni minbərdə ağlayan gördüm. Məhz iman yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə bunun səbəbinə Allahü təala günahlarımı bağışlaya". Əsərin bütün məğzi, əslində, bu məqamda "niyyət"lə əməl arasında yaranmış ironiyadan ibarətdir. Yazıçı qadının dili ilə İran cəmiyyətində İslam həqiqətlərindən tamamilə uzaq bir reallığı açıb göstərir: "Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyə mütə olan qadınlardan bilmə". Qadın mərsiyəxandan qisas almaq üçün onu gözəlliyinin toruna salır. Lütfiyyə ilə müqayisədə qadının qisasının səbəbi yenə də mücərrəddir: " Sənin ilk mərsiyəni dinlədikdə gözəl səsin bütün varlığıma hakim oldu, sızıltılı bir saz kimi təranələrini daşıyıb durdum. Səsin gecələr yuxumu, gündüzlər rahatlığımı əvəz edirdi. Yer göy bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi". İlk baxışda əsassız görünən bu səbəb üçün nəticə də çox ağır təsir bağışlayır: "Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri səhər onu hücrədə bu vəziyyətdə də buldular. Soyuq meyit əllərini qoynuna qoyub dizi üstdə küncdə qalmışdı". Əslində isə, Mərsiyəxan Əzmi əfəndidən də artıq dərəcədə günahkar olub verilən cəzaya layiqdir. Ani xəyalat üçün bütün müqəddəs dəyərləri ayaq altına tökür: "Gözəlim, - dedi, - bu əmmaməm, bu quranım - hamısını o qara xalın yolunda ayağına tökürəm!" Müqayisəli şəkildə nəzərdən keçirdiyimiz hər iki əsərin süjetinin eyni mənbədən qaynaqlandığı şübhəsizdir. Amma bunların arasındakı təsir məsələsi hələlik həll olunmamış qalır. "Ağ buxaqda qara xal" hekayəsi ilk dəfə 1911-ci ildə "İki hekayə" kitabında çıxmışdır. Hekayənin əvvəlki adı "Bir mərsiyəxanın macərası" olmuş, sonradan ədib onu dəyişdirib "Ağ buxaqda qara xal" qoymuşdur. Rəcaizadə Əkrəmin "dövrünün çox dəyərli seyirlik əsərlərindən" olan komediyası isə "bəlkə də özünə yaraşdırmadığı üçün" ölümündən (1914) sonra yayımlanmışdır. Yusif Vəzirin "Mərsiyəxan" hekayəsi isə "Ağ buxaqda qara xal" əsərinə alternativ kimi səslənir. "Mərsiyəxan" realist üslubdadır. Çoxarvadlılığın tənqidinə həsr olunmuş, haqqı tapdanan qadınlığın acınacaqlı vəziyyətinin ifadəsidir. Bu hekayədə də yenə din adı altında mövhumat, riyakarlıq tənqid olunur. Hekayədə ramazan ayı ilə məhərrəmliyin eyni zamana düşdüyü bir günün təsviri yazıçıya mövhumatın, riyakarlığın simasını daha parlaq boyalarla işıqlandırmaq üçün geniş imkanlar vermişdir. Yusif Vəzirin "Toy" hekayəsi də xalq yaradıcığı ilə sıx bağlıdır. Hekayənin kompozisiyası mərasim nəğməsi, xalq oyunları, toy ənənələri üzərində qurulub, iki səhnədən ibarətdir. Birinci səhnə toyun kişi məclisini, ikinci səhnə isə qadın məclisini əks etdirir. Hekayənin ideyası, əsas məğzi isə epizodikdir: "- Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy elətdirir, - deyə məclisdəkilərin biri o birinə pıçıldadı. O biri: - Qız da yad deyil ki, öz baldızıdır. Elə bu həyətdə də olur. - Baldız olanda nə olar; kişi çox vəfalı kişidir. Görmürsən, arvadı öləndən sonra on il evlənmədi. Qayınatası demişdi ki, balaca qızım böyüsün, sənə verəcəyəm. O da gözlədi. Qız on dörd yaşına yetişib, toy olur. - Doğrudan vəfalı kişidir: yetimlərin zəhmətini çəkə-çəkə saqqalı tamam ağardıb". Bu ani pıçıltıda bir neçə tale vərəqlənir, bir neçə tipik hadisə aydın olur: qoca kişi övladı yerində qızla evlənir; ölmüş arvadının yerinə baldızını alır; körpə qız uşağının böyüməsini gözləyərək yetimlərini artıq böyütmüş qocanın on dörd yaşlı uşağın həyatını korlaması nə qədər də absurd bir düşüncə tərzidir! Budur əsərin əsas qayəsi. Bu mücərrədlik qarşısında donub qalmış yazıçının sarsıntıları "Toy" hekayəsində milli adət-ənənələrinin bütün komponentləri ilə üzə çıxır. Təmtəraqlı şənlik və dərin, çıxılmaz kədər... Bax, bu da antiteza! İkinci səhnə yalnız lirikdir, poetik dillə gəlinin məclisə girib rəqs etməsinin təsvirini ifadə edir, eyni zamanda dastan dilini də xatırladır: "Gəlin oyuna girdi. Gözəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzrdü. Nə dadlı səkirdi. Gah qızılları səslənir, gah düymələri şaqqıldaşır... Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub əlləri ilə üzünü qapadı: gəlin hönkürürdü". Hekayənin ikinci hissəsi ayrıca mənsur şeir kimi də səslənir. Yusif Vəzirin lirik hekayələrini zəngin təsvir və tərənnüm boyaları ilə yanaşı xalq nəğmələrindən nümunələr onu daha da mənalandırır, poetik dəyərini artırır. Hekayədə verilən xalq nəğməsi də əsərdə təsvir olunan hadisə ilə təzad təşkil edir: "Gəlin qoca kişiyə getmək istəmir, yetim saxlamaq istəmir". "Aşıq da sazı dınqıldadıb yanıqlı səslə oxuyurdu: "Mən bu dərədən ötmərəm, Çadramı yellətmərəm, Ağsaqqala getmərəm, Hoqqabaz oğlan gərək, Kəkili saz oğlan gərək!.." "Toy" hekayəsində lirika bütün poetik forma və fiqurları ilə çıxış edərək nəsrin şeiriyyətini yaradır Azərbaycan ədəbiyyatında "Toy" hekayəsinə alternativ olaraq Abdulla Şaiqin "Ağlaşma" hekayəsini görürük. Hekayələr üslub və forma baxımından oxşar olduğu kimi ideya yönündən də yaxındır. Hər iki hekayənin süjetini mərasimin (toy və yas) təsviri təşkil edir; hər ikisində mərasim nəğmələri verilir ( nəğmə və ağılar) , hər iki hekayədə insan əməlləri heç bir konsepsiyaya sığmır. Guya milli və dini adət-ənənəylə yaşayan insan hələ də ibtidai təsəvvürlərindən, cəhalətindən qurtula bilmir. "Ağlaşma" hekayəsində kulminativ fikir bundan ibarətdir ki, "Bir nəfər ölməklə bütün ailəni öldürməkmi istəyirlər?" Əlbəttə, burada da mücərrəd düşüncə tərzinin nəticəsi sövqtəbii ağlasığmaz olacaqdır ki, "Ertəsi günü qarını dəlixanaya aparmışdılar". "Ağlaşma" hekayəsi də poetik təsvir vasitələri ilə zəngin olduğu üçündür ki, dərin lirizmi ilə oxucunun hisslərinə sirayət edərək uzun zaman təsirində saxlayır. İyirminci əsrin əvvəllərində Seyid Hüseyn bir tənqidçi kimi tanınırdı. Seyid Hüseyn ömrünün bu mərhələsində özünü tənqidçiliklə yanaşı istedadlı, perspektivli, daim axtarışda olan yenilikçi bir nasir kimi də göstərirdi. Ədibin bu dövrdə yazdığı bədii əsərlərinin janr və ideya müxtəlifliyi bunu qətiyyətlə söyləməyə imkan verir. Hekayə ("Aqi-valideyn və yaxud Zavallı Məşədi Zaman", "Qaçaq oğul və yaxud Ata məhəbbəti", "İntəhası yoxdur", "Vahimə", "Eşq nədir", "Nadirə", "Xəyanət", "Kərim kişinin kürkü", v.s.), Povest ("Suzeş, yaxud iki məhəbbət"), əfsanə ("Ağ at və ağ çuxa"), mənsur şeir ("Seviyordum, fəqət şimdi..."), "miniatür hekayə" adını verə biləcəyimiz "Təbii təsvirlər" və yol oçerki ("Məşhəd xatiratım") və s. kimi bədii və ədəbi əsərləri onun yaradıcılığının ilkin çağlarının zənginliyindən xəbər verir. Seyid Hüseynin bədii yaradıcılığı ilkin mərhələsində gənclik təbiətinin təsiri ilə lirik-psixoloji təsvirləri, sentimental pafosu ilə yaddaqalandırsa, ikinci mərhələdə o, daha çox ictimai əhəmiyyət kəsb edirdi. Seyid Hüseynin bədii təfəkkürünün ədəbi arenası da məhdud deyil. Onun ədəbi- tənqidi məqalələrindən də göründüyü kimi, geniş mütaliəli, dünya miqyasında estetik təfəkkürə malik bir şəxsiyyət olmuşdur. Hekayələrində də bəzən dünya ədəbiyyatının bir sıra cizgilərini sezə bilirik. "Vahimə" adlı lirik-psixoloji hekayəsinin üslubunda və ideya yükündə Gi de Mopassanın "O" hekayəsinin nəfəsini duymamaq mümkün deyil. 1920-1930-cu illər bədii yaradıcılığının məhsuldarlığı və sərbəstliyi, səmimiliyi baxımından Seyid Hüseynin ədəbi həyatında xüsusi əhəmiyyət kəsb edir. Yeni sosial quruluşu öyrənməyə və uyğunlaşmağa çalışan yazıçı bu dövrdə yazdığı hekayələrində gerçək təəssüratlarını mümkün qədər ifadə etməyə çalışırdı. 1930 - cu illər Seyid Hüseynin yaradıcılığının ən ağır bir mərhələsidir. Bu dövrdə yazılan əsərlər Seyid Hüseynin fəaliyyətinin ümumi axarından tamamilə kənar bir təsir buraxır. Aydın Hüseynzadə bu mərhələni sovet ideologiyasının təsiri altında aşağıdakı kimi səciyyələndirir: "O illərdə Seyid Hüseyn yeni mövzulara müraciət edir, kənddə gedən sinfi mübarizədən, kolxoz quruluşunun möhkəmləndirilməsindən ("Yunus kişi", "Sənəm xala", "Kölgə", "İki rəqib"), Bakı neftçilərinin həyatından ("Əlimərdan", "45-dən 65-ə"), xalqlar dostluğundan bəhs edən ("Armus") qiymətli əsərlərini yaradır". Əslində isə, bu əsərlərin bəziləri yazıçının ideoloji cəhətdən silahsızlaşmasının göstəriciləridir, deqradasiyaya uğramış yaradıcılıq nümunələridir. Elə məhz buna görə bu mərhələni Seyid Hüseyn ədəbi-bədii yaradıcılığının ən ağır mərhələsi adlandırırıq. Çünki həyatı boyunca ədəbi - bədii təfəkküründə həyat həqiqətlərinə sadiq qalmağa çalışan, "sənət həyat üçündür" qayəsini izləyən ədib artıq yeni quruluşun tələblərini dərk etmiş və cəmiyyətdə baş alıb gedən mənəvi böhranla çarpış-barış mübarizə əzmini tamamilə itirmiş bir vəziyyətdədir. Amma yenə də tam qətiyyətlə deyə bilərik ki, dərin səmimiyyəti sayəsində lirik-psixoloji əhvali-ruhiyyə Seyid Hüseyn yaradıcılığını sona qədər izləmişdir. Hekayə janrında lirik-dramatik üslub Cəfər Cabbarlının romantik yaradıcılığı üçün də xarakterikdir ("Aslan və Fərhad", "Mənsur və Sitarə", "Gülzar", "Dilbər", "Altun heykəl" ). Ümumiyyətlə C.Cabbarlının realist nəsrini də dərin lirizm müşaiyət edir. Bu cəhətdən onları daha bir sıra adlar altında qruplaşdırmaq mümkündür: "Müfəttiş", "Firuzə", "Çocuq" - lirik-epik, "Parapetdən Şamaxı yoluna qədər", "Papaq" - lirik-satirik hekayələrdir. "Qara Qənbər" və "Gülər" hekayələri isə emosional çalarlatdan və təsvir-tərənnüm vasitələrindən təmizlənmiş, realist bədii təhkiyə nümunələridir. Cəfər Cabbarlının hekayə yaradıcılığına xas əsas cəhətlərdən biri kimi bunu da qeyd edək ki, yuxarıda sadaladığımız qruplaşdırmalar digər yazıçıların əsərlərinin təhlilindən daha artıq şərtidir. Çünki hekayələrin çoxunda aparıcı üslubla yanaşı, yardımçı pafos da diqqəti çəkir. "Aslan və Fərhad", "Çocuq" hekayəsi isə üslub çalarlarının müxtəlifliyinə görə digər hekayələrdən daha artıq fərqlənir. Hekayələrdə lirik-epik təsvir vasitələri ilə yanaşı publisistik ton da müşaiyət olunur. "Aslan və Fərhad" hekayəsində yazıçı yeri gəldikcə geniş həcmli publisistik ricətlərdən istifadə edərək mövzunun emosianal təsirini artırmağa çalışır. Doğrudur, bu təsirli ricətlər müəllifin etik-estetik, fəlsəfi görüşlərini əks etdirirsə də, zənnimizcə, əsərə vurduğu zərər də mübahisəsizdir : Publisistik üslub əsərin bədii dəyərini azaldır. "Çocuq" hekayəsində vəziyyət bir qədər fərqlidir. Əsərin üslubu epik, mövzusu isə publisistikdir. Belə ciddi bir mövzu ətrafında bədii əsər yazmaq yazıçıdan böyük sənətkarlıq tələb edir ki, bu da Cəfər Cabbarlının hekayənin ideyasının ekspressiv qolundan yapışaraq psixoloji portret yaratması ilə üzə çıxır. Lirik-publisistik hekayə janrına Yusif Vəzirin "Cavan", Seyid Hüseynin ailə-məişət məzmunlu "Bir hekayə"si də gözəl nümunələrdir. Şəfiqə xanım Əfəndizadənin hekayələri və eləcə də povestləri ( "İki yetim bə yaxud Kərimin himməti" və s.) lirik-publisistik-didaktik üslubdadır. Lirik-publisistik hekayələrin tematikası əksərən maarifçiliyin təbliğini , etika və estetika məsələlərini, fəlsəfi düşüncələri, sosial-siyasi problemləri əhatə edir. Azərbaycan nəsr tarixində lirik üslubun yüksələn xətt üzrə inkişaf etməsinin əsas səbəblərindən biri budur ki, elmi-fəlsəfi təfəkkürümüz öz ifadəsini klassik poeziyada tapmış, nəsr dilimiz isə dastan və nağıllarda inkişaf etdirilmişdir. Bu məqamda Mirzə Fətəli Axundovun "Nəzm və Nəsr haqqında" tənqidi məqaləsindən sitat yerinə düşər: " Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şeir ilə olur". Məqalənin məzmunundan da Azərbaycan nəsrinin vəziyyəti açıq-aşkar məlum olur. Göründüyü kimi, məqalə nəzmin və nəsrin təhlilini nəzərdə tutsa da, müəllif nəsrlə bağlı deməyə bir kəlmə söz tapmayıb təhlilini yalnız nəzmə həsr etməyə məcbur olmuşdur. Buna görə də belə qənaətə gələ bilərik ki, Azəbaycan bədii nəsr dili nağıl və dastanlarımız üzərində təşəkkül tapdığı üçün bədii təhkiyədə epiklikdən daha çox " şirin təhkiyə" adını verdiyimiz lirizm dərinlik təşkil edir. /azyb.az/
|