Xosrov Barışan - Hörüklərinə ilişib ayaqlarım
24.12.16
YENİ BİR RİTM
Qaranlığı mən yazmadım gecəyə, Gözlərin yazdı... Bax...hək olunur ürəyim bu tıxaclarda. Sol döşümə mayın gömdü səsin. Səsin ortadoğuda gurultudur Savaş uçaqları tanrısı. Toxunduqca sənə çatan yolların nəbzinə Şeir olub patlayıram. Dilim məsum, Anasız bir uşaqdır, itgin olub. Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi. Susuz quyuların dibində səsləndi kəlmələrim! Sözlərin gözlərindən su içirdilər. Yox sən Yusuf deyilsən ki... Səni göstərən barmağımı kəsdilər, Ah... barmağım kimliyimi qanıtlayardı. Güzgülərdəki üzlərdə itdi gözlərim. Əh nə qədər əlləşsəm də O müqəddəs adıvı Şeirlərimdə səsləndirə bilməyirəm Kəlmələri pozaraq tükənən silgilər şahid. Hanı.., hanı mənim izlərim? Söz vermişdim Bu şəhərdəki tabuları birlikdə Sındıracayıq sevgilim Ancaq yolumuzun tabloları sındı, nə yazıq! Bura Təbriz Min üç yüz doqsan beşın ikinci ayı Qar yağır, qar... Şəhərin təkcə üzü ağarır, ağarır hey Qar danaları göyərçinlər Yuxularımı sənə aparırlar. Çürüyür ürəyim bu vicdansızlıq havasında O qədər qışsan ki Tüpürsəm üzüvə donar arzılarım. Sən bir qar adamı Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni. Qələmim matik vurar məni çağıran dodaqlarıva. Qələmim al-qırmızı... Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər. Sus...sus... Danışsan genişlənər ölümün sərhəddi! Artıq qucağımdasan, qollarımdasan. Böyüdüm otuz üç yaşındayam. Saat üç, gecənin yarısı, ömrümün? nə bilim! Yatağımdasan Və xiyavanların bərkiyən döşündən şairliyim qaranlıq əmir... Əmir... Əmir... Əmir bazarından sənə sırğa alanmadım. Pulum yox, Axı şairəm. tacir deyilim ki səni satanmadım. Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin. Sənin qulağıva bəxt ulduzumu sırğa edəcəyəm. Təbim var. Sən Təbrizim ola bilməzsən. Əriyəcəksən, itəcəksən. Yenidən göyərməyəcəksən! Və bu şeir sonsuza dək Islaq qalacaq gözyaşlarımda! Yorğunam. Çox yorğunam, artıq Gecənin saçlarını daramaqdan. Hörüklərinə ilişib ayaqlarım. Kimliksiz bir dəliyəm. Sən Leylam dəyilsən ki... Məni toprağımın ürəyinə quylayın lütfən. Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində, Ürəyimə su səpir, Şeir gələndə toz olmayır. Kitab yox bitik deyir, varaqlanır.., ayaqlanır... Xış... xış... tap... tap... Yeni bir ritimdir bu Səni sevirəm musiqisindən.
İTGİN ADA
Bir adayam, itgin ada... Dəniz dönübdür bir oda. Əkdiklərim cücərməyir Nəfəs yolu yox burada
Məni anlamır vətənim Həsrətəm indi hər zada. Yalqızlıq içimdə yaşır Sukutla dolmuş bir oda.
Cəhənnəm içrə cənnəti Kimsə salanmayır yada Silirlər məni nəxşədən Kaşiflər çatmır imdada!
Çirkinlər içrə bir gözəl Çevrilər əlbət irada. ️ Dərd məni məndən elədi. Döndüm tarixdə fəryada. Çatdım acılar içində Şeir içrə şirin dada.
|