(esse)...Səhv etmirəmsə, dostluğumuzun tarixi artıq əlli ili ötüb. Sənə yenə əlli il əvvəlki kimi Fəxi deyə müraciət eləyirəm. Bilirəm, bu, daha səmimidi və sənin də ürəyincədi...
Odur ki, deyirəm, ay Fəxi, qəfildən bir möcüzə baş verə, günlərin bir günü bizə deyələr ki, hə, sizə icazə verilir, gəlin, illəri geriyə yüyürün və biz də heç bir tərəddüd etmədən qaçaraq gedib ömrün o başından üzü bəri məsum-məsum boylansaq, sevgidənmi, həyəcandanmı, ya nədənsə, əlimizdəki badələri döşəməyə çırpıb yumruğumzu düysək və yenidən tir-tir titrəyən, Söz dustağı ürəyimizi ovcumuza götürüb üzü bu yana yola düşsək, səncə, adına dünya dediyimiz bu fani girdabın nizamı dəyişərmi ola? Məncə, yox, vallah. Heç nə yox, bəlkə də ən azından, keçəcəyimiz ömür yolunun üstündə yanmalı olan çıraqların sayı artar sadəcə. Yəqin ki, vərdiş etdiyimizdən bir az artıq, bir qədər gur işıqlanar yolumuz, vəssalam. Uzaq başı, min illərdi adına şair deyilən məxluqatın mənasızcasına başını qatan varlıqların – o çıraqlara çırpılan gecə kəpənəklərinin, pərvanələrin və bu sayaq nəsnələrin, deyirəm, – sayı artar sadəcə. Yəni, buralara gəlib çıxanacan başımız bir qədər ayrı şeylərə qarışar yəqin, hərçənd, bilmək olmaz hələ necə, hansı yükün altında gəlib yetişərik indiki məqama. Və ümumiyyətlə, yetişərikmi?.. Amma yaxşısı budu, nə bizə min cür zülümlə, əzabla keçib gəldiyimiz ömür yolunu geri qayıtmaq təklif olunsun, nə də bundan şellənib, yazımızı pozub təzədən yazmağa bir lüzum görək (bəh-bəh! utopiyaya bax bir!). Çünki Aşıq Veysəl demiş, onsuz da biz: “Uzun, incə bir yoldayıq, Yol gedirik gündüz, gecə...” Bundan o yanası varmı? Yoxdu məncə. Bir də ki, Fəxi, qorxma, onsuz da bizə innən belə heç vaxt “geri qayıda bilərsiz...” deyən olmayacaq. Onsuz da özümüz istəyəndə, gündə o yolu min kərə gedib-qayıdırıq – təbii ki, Sözün sehirli qanadlarında... Ömür yolumuz müxtəlif olsa da, dünyanın siyasi girdablarında yerişimiz, baxışımız fərqli olsa da, Sözə sevgimiz eynidi, bilirəm.
Deyirəm, ay Fəxi, hamıdan fərqli, göyün mavisində – ulduzları, gecənin zülmətində – günəşi görən, heç nədən bu dünyanın özü kimi dolub-boşalmağa öyrəncəli olan gözlərimizi açıb-yumduq, gəlib altmışa da çatdıq, şükür... İndi sənin ad gününü qutlayırıq, qismət olsa, gələn ilin mayında da mənim yaşımı qeyd edəcəyik,... Xatırlayıram, gənclik illərində ad günün öncəsi yazdığın bir şeirin vardı, onun iki misrası yadımda qalıb: “Gəlib çatdım iyirmi beş yaşıma, Bu qədər də ömür sürsəm, pis olmaz...” Bəlkə də təhrif edirəm, bağışla, amma təxminən beləydi. O vaxt bizə əlli yaş, altmış yaş möcüzə kimi gəlirdi...
İldırım sürətiylə keçib gəldik bu yolu, ildırım sürətiylə, deyilmi?.. Amma ayaqlarımız altında zamanın qırıq qabırğaları xırçıldayanda, daha çox o bədheybət səsdən öz qulaqlarımız batdı, heç nə eşitmədik, daha doğrusu, eşitmək istəmədik, çünki gözümüz hər şeyi yaxşı görürdü. Gördüyümüzü, duyduğumuzu heç fələyə də verən birisi deyildik, elə indi də eləyik, şükür. Qısası, dünyanın dadını gözəl bilirik... Dünya isə Söz dadır, Söz! – başqa heç nə... Dünyanın bütün saxta siyasətlərini, “püf!” eləsən dağıla bilən saxta ideologiyalarını, boğazdan yuxarı olan hər cür deyimləri, necə deyərlər, Haqq Sözün kəsik dırnağına dəyişməz şair olan bəndə, deyilmi?
Təvazökarlıqdan uzaq olmasın, yadına gələr yəqin, gəncliyimdə yazdığım şeirlərdən biri bu misralarla bitirdi: “...görəsən nə vaxt biləcəyik, sürdüyümüz ömür kimin yuxusunun davamıdı, gördüyümüz yuxu kimin ömrünün davamı?..” Başqa bir şeirimdə isə: “sevgisiz bir ömürdən, ömürsüz bir sevgi min pay yaxşıdı...” yazmışdım. İndi sənə ünvanladığım bu sətirləri yazdıqca, fikirləşirəm ki, Tanrının diqtəsiylə yaşadığımız bu ömür, görəsən doğrudanmı kiminsə yuxusunun davamıdı? Bəlkə, gördüyümüz bu yozulmaz yuxu da kiminsə ömrünün davamıdı, hə? Necə bilirsən? Hər nədisə, Fəxi, adına Ömür deyib yaşadığımız da, Yuxu deyib gördüyümüz də Sevgisiz deyil, şükür, bütünlüklə Sevgiylə doludu... Qismətimizdən şikayət etməyə haqqımız yoxdu, məncə. Çünki Haqqın Divanında tərəzinin hansı gözündə olmağın fərqi elə həmin Sevgidən asılıdı: Tanrıya, Onun Dərgahına, Sözə olan Sevgidən. Özün yaxşı bilirsən, qalan nə varsa, boş şeydi, fanidi...
Bir udum hava, bir içim su, bir kəlmə Söz – Ömür elə budu, məncə... Vallah, fəlsəfə-filan deyil dediklərim – gerçəklik belədi. Yəqin bircə şairlər bilir ki, bir udum hava insanı dardan necə qurtarar, bir içim su yanğını necə söndürər, bir kəlmə Söz ömür kimi necə uzanar... Uzanar və bitib tükənməz... Altmış il nədi ki? Pəhləvan kimi qatlayıb kürəyini yerə vurduğun altmış il nədi axı?.. Balalarımızın, nəvələrimizin üzünə düşür şöləsi yaşadığımız illərin... İnşallah, hələ innən belə də düşəcək. Möhkəm ol, qardaşım. Altmış il – ömür sarayının altıncı qapısıdı, onu örtüb, yedinci qapını açırsan indi, şükür, – nağıllardakı kimi sirli-sehirli yeddinci qapını. Pillələri söz-söz, misra-misra olan bir dünya var öndə.
Bir zamanlar, xatırlayırsansa, “Bilərək” adlı şeirində yazmışdın sehirli duyğularını və hələ o vaxt, otuz-otuz beş il öncə, ustalıqla cızmışdın ömür xəritəsini... Başqa bir şeirində isə, bu elə bir dünyadı ki, hər yetənə “qara qoçun ala yunu bilinməz...” demişdin. Tanrı qüvvət versin! Bilirəm, üzləşdiyin xəstəliyin, inşallah, belini qıracaqsan – sən axı Fəxisən! Nə qədər ağrılı, əzablı olsa da, o səni sındıra bilməz inşallah, çünki şair olan bəndə ömründə Sözdən başqa heç nəyə boyun əymir, heç nəyə. Tanrının köməyilə keçəcəksən bu imtahandan.
Bu gün Şamaxıda Sözü yaşadan, onun göylərdə fırlanan qütbünü çiynində saxlayan bir sütun kimi görünürsən uzaqdan, azman bir sütun kimi. O torpağın sirr dolu aurasında Sözün solan üzünü bir kimsə görməyib hələ. O həmişə yaz qoxulu, həmişə təzə-tərdi. Çünki elimizdə zaman-zaman Sözün yorulmaz bağbanları, əsgərləri, sərkərdələri olub – bunu bilən bilir. Adam onlar haqqında düşünəndə, istər-istəməz hayqırmaq istəyir: eşq olsun torpağımızın fəxr olunası oğullarına, eşq olsun! Bir Söz sərrafı kimi sənə eşq olsun! Sənin kimi gözəl bir şairin timsalında bütün Söz aşiqlərinə tuturam üzümü və onları da sənin doğum günün münasibətiylə təbrik edirəm! Həm də ən səmimi arzularımı çatdırıram sənə: Fəxi, altımış yaşın mübarək! Yüz yaşa, əziz qardaşım, gözəl şair!
P.S. Özü də, o yan-bu yan eləmə, on ildən sonra mənim yetmiş yaşıma (altmış yox haa, yetmiş!) belə bir tost əvəzi dost sözünü, (istəsən lap tostun özünü də!) inşallah, sən deyəcəksən mütləq, Fəxi, sən yazacaqsan! Öpürəm!