Hədiyyə Şəfaqət - Yerlə göy arasında yaşamaq rahat deyil...
05.12.16
-1-
Necə başladı, bilmirəm... ...Əllərim əriyir Qollarım əriyir Saçlarım əriyir... Yüngül bir əsinti Xilas olmağımı Və Duman kimi dağılmağımı duyuram... Qapıya deyil, pəncərəyə tərəf gedirəm... Azadıq, İlk andan Azadıq Son anacan Azadlıq... Elə bilirdilər ki, Mən öz qəfəsimlə və zəncirlərimlə barışacam... Lap az qalıb.... İçimdəki üsyankar səs kiriyir... İndi mən özüm olmayan zamana çevrilirəm... ...Bu nədir Çərçivələr.... Lənətə gəlsinlər, onları Möhkəm bağlayıblar... Soyuq şüşələrə dəyib qana çevrilirəm... Divarınızdakı ləkə üçün bağışlayın.... -2-
...Usta, Tamamlanmaz bu rəsm... Enməz göy üzü kətana Sığışmaz ruhu rənglərə göyün Fırça Kədərli bəstəkarın qələmi kimi öz nəğməsini pıçıldar və unudular... Bütün göy rəsmləri yalandır, Usta, Dərinliyi göstər-desəm-susarsan... Sən nə edə bilərdin ki... Heç nəyin görüntüsü onun özü deyil... Heç nəyin əksində əsl haqqı verilmir... Hələ bir də Göy Üzü Nə olursa olsun, əsla bir rəsmə çevrilmir...
-3-
...Yuxularda quanqlar Yuxularda çaylaqlar, Yuxularda açıq-açıq qapılar var, Nərgiz ana... ...Yıxılmaq yoxdur Yıxılmaq yoxdur Yıxılmaq yoxdur... Biləndə ki, səni heç kim qaldırmayacaq yerdən Ancaq bu duanı pıçıldayırsan, Nərgiz ana... Hər kəsin yuxusu xəbərdar olmaq istədiyi Və istəmədiyi sirrlərin açarıdır... Mən yuxularımda insanları görmürəm... -4-
...Ağrılar öldürməyə yetmir Güclü olmaq kimi də bir istəyim yoxdur... Heç kimi savaşa çağıracaq deyiləm, Heç kimə güllə atacaq deyiləm, Heç kimin də ölməyini arzulamıram... Güc-hücum və müdafiə üçündürsə Yaşamaq üçün deyil... Yaşamaq üçün sevgi var... ...Ağrılar öldürməyə yetmir Artıq heç kimin də göz yaşlarımı görməyini arzulamıram...
-5-
...Aç Aç Aç... Nə olsun ki, qollar qanad deyil... Nə olsun ki... Yerlə göy arasında yaşamaq rahat deyil... Bilirdim... Yummuşam gözlərimi... ...Məni anlatanda Uçmaq istəmək ölmək istəməyin gözəl adı olsun...
-6-
...Adamlar yıxılır əllərimizdən Adamlar itir... Biz gözümüzü yumuruq, üzümüzü çeviririk, Susuruq... Bizə elə gəlir ki, Hələ ehtiyatda adamlarımız var, onlar dost ola bilərlər Hələ ehtiyatda adamlarımız var, onları sevə bilərik... Elə deyil... Elə deyil... Elə olmur... Gedən adamların yeri Sağalmır... Sağalmır... Sağalmır... Görəcəksən...
-7-
...Azza, Həmişə gülər üzlü, mehriban, yetmiş beş yaşlı qadın Öldü... "Ölmək nədir"-soruşmuşdu qonşudakı qızcığaz bir dəfə ondan, "Quşa çevrilməkdir"-demişdi... ..Qızcığaz incidi, Qaşqabağını tökdü- "Mən ki dünən görmüşdüm onu, Bu necə ola bilər, Azza əllərini məndən xəbərsiz nə zaman qanadlarla dəyişdi?"...
-8-
...Keçmişimdə Ovcundakı suyam bir qızcığazın Əlləri yoruldusa olmayacam... Keçmişimdə Bəbəklərindəki günəşəm o qızcığazın Gözləri qaraldısa... olmayacam... ...İndi Zamanın Və hər şeyin əhəmiyyətini itirdiyi yerdə O qızcığaz yoxdur... ...O qızcığaz mənim işıqlı tərəfimdi Mən o qızcığazın qaranlıq tərəfiyəm... ...Bax, Bu tabloda Məni andıran yeganə şey boşluqdur... Nə su durur ovuclarımda Nə günəş sığışır bəbəklərimə...
-9-
dondu çöllərdə hər şey torpaq belə... eh... təbiət buralarda belədir dəyişməyən qanunlarıyla... ay hər gecə daha soyuq-soyuq çırpır günəşin işığını üzümüzə... ya da mənə elə gəlir... atılmış küçüklər hər səhər sığındığı küncdən çıxıb çörəkçinin əllərinə yalvarır ürkək gözləriylə və muncuq burunlarıyla... qırovlu asfalt bütün səsləri xırçıltıya çevirir... pişik əlimdəki tikəyə, mən pəncərədən küçədə üşüyən adamlara, ətirşahlar həyətdə üşüyən ağaclara sarı boylanır... düşünürəm- çiçəklərin ürəyi varmı-deyə...
|