Həmidə xanım Cavanşirin xatirələri ingiliscə çap edildi
15.11.16
Böyük Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşirin xatirələri ingiliscə çap edildi.
Əsəri “Oyanış” adı ilə ingilis dilinə əslən İran Azərbaycanından olan alim, ABŞ-da yaşayan Dr. Həsən Cavadi tərcümə edib.
Kitab ingilisdilli oxuculara müsəlman qadının həm öz həyatı, həm də “1907-31-ci illərdə Qafqaz və İranın ən populyar satirik jurnalı” - “Molla Nəsrəddin”in redaktoru olmuş həyat yoldaşı haqda nadir xatirələri kimi təqdim edilir.
Kitabı çap edən ABŞ-ın “Mage publishers” nəşriyyatı qeyd edir ki, Həmidə xanım Cavanşir qadınların ictimai həyatda iştirakdan məhrum olduğu ənənəvi Azərbaycan cəmiyyətində dünyaya gəlmişdi. 1907-ci ildə o, Cəlil Məmmədquluzadə ilə ailə qurmuşdu. Mirzə Cəlilin yaratdığı “Molla Nəsrəddin” cəhalətə qarşı mübarizə aparırdı və nəinki Qafqazda, həm də İran və Yaxın Şərq ölkələrində çox populyar idi.
Ortaq dünyagörüşü və mənəvi dəyərləri paylaşan Mirzə Cəlil və Həmidə xanım cəmiyyəti maarifləndirmək üçün çalışırdılar. Həmidə xanım öz kəndində kasıbların yaşayışının yaxşılaşdırılmasına çalışmaqla yanaşı həm də qız məkətəbi açmışdı.
Bir müddət əvvəl AzadlıqRadiosuna tərcümə barədə müsahibə verən Dr.Həsən Cavadi demişdi ki, “Həmidə xanım çox heyrətamiz qadındır, şəxsiyyəti, xarakteri ilə məni valeh edib.”../oxuzalı.az/
|