Azər Turan: "Kimlərin gerçək ədəbiyyatla məşğul olduğunu bütün aydınlığı ilə görürəm"
11.11.16
Avanqard.net “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla müsahibəni təqdim edir. - Azər müəllim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin edilməyinizin neçə ili tamam oldu? - İki ili. - Bu iki ildə qəzetin fəaliyyətini necə dəyərləndirirsiniz? - Mənə elə gəlir bunu siz dəyərləndirsəniz daha uyğun olar. - Bəs baş redaktor kimi qəzeti necə görürsünüz? Arzuladığınız səviyyədədirmi? - Bunun üçün hələ çox iş görülməlidir. Bu işlər isə artıq yalnız məndən asılı deyil, bu işləri görmək üçün təkcə “Ədəbiyyat qəzeti” yox, bütövlükdə, Azərbaycan ədəbiyyatının özü çalışmalıdır. Düzdür, biz müxtəlif layihələr həyata keçirə bilərik, keçiririk də, məsələn, Elnarə Akimovanın moderatorluğu ilə “Müzakirə saatları”, yaxud yenə də onun təşəbbüsü ilə bu həftədən etibarən başlayan “Tənqid və mətn” layihəsi - hansı ki, ilk dəfə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş hekayələr tənqidçilərin müzakirəsinə veriləcək, Sərdar Aminin yeni başladığı ART müsahibələri, Mətanət Vahidin qeyri-ədəbiyyat adamları ilə söhbətlərindən ibarət “Mütaliəni dəbə çevirək” rubrikası, Əyyub Qiyasın təqdimatında ədəbiyyat üzrə bütün nobelçilər və onların yaradıcılığını ehtiva edən silsilə yazılar, sizin təqdimatınızla “Mən necə yazıçı oldum” sorğusu, dəyərli şairimiz Dilsuzun təqdimatında türk poeziyasından seçmələr və s... Amma bilirsiz necədi, ədəbiyyat ilk növbədə, əsərlər deməkdir. Daha önəmli olanı milli ədəbi mətnlərdir. Mətni isə ədəbi cameə yaradır. Keçən dəfə gənclərdən biri yazmışdı ki, Azər Turan azca pəncərəni araladı və “Ədəbiyyat qəzeti” böyük səs-küyə səbəb oldu. Amma mən pəncərəni aralamadım, onu taybatay açdım və tam, bütöv açılmış pəncərədən mətn gəlməlidir, ədəbiyyat gəlməlidir – deyə düşündüm. Mənə elə gəlir ki, qəzetin indiki səviyyədən daha üstün səviyyələrə qalxması üçün qəzetin baş redaktoru olaraq mən deyil, bu gün Azərbaycan ədəbiyyatını yaradan insanlar məsuliyyət daşıyır. - Məsuliyyəti Azərbaycan ədəbiyyatına yüklədik. - Bəlkə elə deyil? Mən inanmıram ki, hər hansı dəyərli bir mətnin müəllifi hardasa desin ki, Azər Turan mənim yazımı saxlayıb verməyib. Heç bir səbəbə görə dəyərli yazı qayıtmır, təqdim olunan bütün dəyərli mətnlər qəzetdə öz yerini tapır. Düzdür, orda müxtəlif cərəyanlar, istiqamətlər də olar, amma əsas olan mətndir. Nəticə olaraq onu deyə bilərəm ki, bugünkü ədəbiyyatımız hansı səviyyədədirsə “Ədəbiyyat qəzeti” də o səviyyədədir. - Geri qaytardığınız, vermədiyiniz materiallar da çoxdur? - O qədər çoxdur ki, üst-üstə qalanmış o kağızlara baxmağa adamın ürəyi gəlmir. Bu iki ildə tədricən müəllif kontingenti də mənə bəlli oldu. İndi Azərbaycanda kimlərin gerçək ədəbiyyatla məşğul olduğunu bütün aydınlığı ilə görürəm. - Yəni müəlliflərin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub-olmamaqlarını nəzərə almırsınız. - “Ədəbiyyat qəzeti”, əlbəttə, Azərbaycan Yazıçılar Birliyinin orqanıdır, amma bu qəzetin baş redaktoru olaraq mətn seçimində sərbəstəm. Yazıçılar Birliyindən də buna görə təpki yoxdur. Əsas olan mətndir, mətn olandan sonra bunu Yazıçılar Birliyi də qəbul edir, digərləri də. Bizim hədəfimiz həqiqi ədəbi mətnləri, bizi dünyaya çıxara biləcək mətnləri çap etməkdir. Bir də açığını bilmək istəsəniz, şəxsən mən kimlərin AYB üzvü olub-olmadığını da dəqiq bilmirəm. Yazılmış əsər dəyərli olsun, yetər. - Gəlin qəbul edək ki, qəzetdə bəzən kiməsə yarınan, səviyyəsi məqbul olmayan yazılar da çıxır. Deyəsən belə yazıların qarşısını bütövlükdə ala bilmirsiz? - Bu, təkcə mənim deyil, ədəbiyyatımızın yaralı yeridir. İstəyim “Ədəbiyyat qəzeti”nin daha çox gəncləşməsidir. Yarınan müəlliflərdən də təbii ki, qaçmaq mümkün deyil. Dözürəm, amma psixoloji təsirlərdən qaça bilməyəndə belə yazıları verməyə məcbur oluram. - Nə mənada təsiri nəzərdə tutursuz? - Sırf mənəvidir. Kiminləsə əlaqəsi yoxdur. Digər tərəfdən, belə müəlliflərə hansısa sarsıntını yaşatmamaq üçün bəzən onlara güzəştə getməyə məcbur oluram. “Ədəbiyyat qəzeti” 8 səhifə idi, ondan sonra 16 səhifəyə qalxdı. Bütün bu və digər prosesləri nəzərə alaraq onu 32 səhifəlik qəzet halına gətirdim. Bildim ki, 8, yaxud 16 səhifədə görmək istədiyim səviyyəyə nail olmayacam. “Ədəbiyyat qəzeti” öz tarixində ilk dəfədir və iki ildir ki, 32 səhifəlik bir qəzet kimi çap olunur. Türkiyə və MDB məkanında 32 səhifə həcmində nəşr olunan ədəbiyyat qəzeti yalnız Azərbaycandadır. - Qəzetdə kadr dəyişikliyi də eləmisiniz. - Bəli. Elnarə Akimova və Mətanət Vahidi qəzetdə işə dəvət etdik. Onların layihələri və fəaliyyəti də qəzetin müsbət imicinin saxlanmasına təkan verdi. İnşallah, növbəti ildən kadr islahatları davamlı olacaq. Mən baş redaktor gələndə qəzeti ölkənin aparıcı ədəbiyyat qəzetinə çevirəcəyimə, yeni istedadlı əməkdaşların işə gətiriləcəyinə dair vəd vermişdim. Özünüz də görürsünüz ki, bu gün qəzetimiz birmənalı şəkildə diqqət mərkəzinə keçib. Ümumiyyətlə, bir faktı da qeyd edim ki, “Ədəbiyyat qəzeti” satışda qalmayan və çox vaxt da asanlıqla əldə edilməsi mümkün olmayan nadir qəzetlərdən birinə çevrilib. - Tiraj nə qədərdir? - 1500. Biz tirajı 10 minə də qaldıra bilərik. Amma ədəbi cameə gərək qəzetin abunəsinə dəstək versin. Tirajın artmasına tələbat böyükdür. Tələbatın səbəbləri də müxtəlifdir. Əvvəla qəzetin bütün həqiqi ədəbiyyat adamlarının mətbu orqanına çevrilməsi. Digər tərəfdən... Bu günə qədər “Sənət sənət üçündür” prinsipi bizdə tətbiq olunmamışdı. Çünki Sovetlər dövrünü, həmin estetikanı qəbul etməyən bir dönəmi yaşadıq. İndi isə azad, müstəqil ölkənin ədəbiyyatçılarıyıq. Mən millətimin bağımsızlığına, ölkəmizin müstəqilliyinə söykənib bir az da “Sənət sənət üçündür” prinsipini tətbiq elədim. Düzdür, bu prinsip çağdaş zamanda aktuallığını itirmiş sayıla bilər, bir məsələ var, bu prinsip tətbiq olunan yerdə sənət də olur, gerçək ədəbiyyat da. Ona uyğun olaraq bir oxucu kütləsi də formalaşır və o oxucu kütləsinin estetik düşüncəsi də həqiqi ədəbiyyat kriteriyalarına uyğunlaşmağa başlayır. - Amma çoxları elə düşünür ki, AYB mühafizəkar qurumdur, orda bu cür islahatların getməsi mümkün deyil. - Bilirsiniz, çox vaxt baş redaktorlar özləri AYB-ni bəhanə ediblər. Belə bir söz var, “sən tonqalını hazırla, alovunu göylərdən gözlə”. Mən hansı yolu getdiyimin fərqindəyəm. İstinad etdiyim gerçək ədəbiyyatdı. AYB-dən isə hansısa məqamda yalnız normal iradlar və təqdirlər olur. - İradlar kimlərdən gəlir, AYB rəhbərliyindən? - Bəzən hə. Amma amiranə deyil, dost tövsiyyəsi kimi. - Təzyiq necə varmı? - AYB rəhbərliyindən deyil, amma çap oluna bilməyən müəlliflərdən nə qədər desəniz... Məncə bəzən AYB rəhbərliyini narahat edən belə müəlliflərin davamlı şikayətləri olur. O da maraqlıdır ki, lap yaxın keçmişdə kiminsə dövründə qəzetin zəifliyindən şikayət edənlər,, yaxud başqa birinin dövründə qəzetdə gedən ən bayağı yazını da bəh-bəhlə öyənlər indi Azər Turanın redaktoru olduğu “Ədəbiyyat qəzeti”ni zərrəbinlə oxuyub qüsur axtarırlar... - Gəlin qəbul edək ki, “Ədəbiyyat qəzeti”nin mühafizəkar imici formalaşıb. Sizin qəzetdə açıq-saçıqlıq görmək, nəsə erotik məqama rast gəlmək olmaz. - Çünki “Ədəbiyyat qəzeti”ndə ədəbi kriteriya var. Bunu tam əminliklə deyirəm, son illərdə oxuduğum və içəriyində bəzən erotik motivlər olan və çap etmədiyimizə görə qınandığım, buna görə hətta mühafizəkar adlandırıldığım bir-çox ədəbiyyat nümunələri beş min il əvvəlin Şumer mətnlərindəki çılğın təsvirlərin fonunda kifayət qədər bayağı, sönük, antiliteratur və antiestet görünür. Kramerin diqqətimi cəlb edən bir mülahizəsi var: “Çox şükür, müasir tarixçilər Şumer şairlərini tərbiyəsiz hesab etmirlər.” Mirmehdi bəy, siz təsəvvür edirsinizmi, bu fikirlərin alt qatında hansı məna gizlənib? O mənanı bizim çağdaş incələmələrə tətbiq etsələr... yarıyolda uduzarıq. Şumerdən bəri üç sivilizasiya dəyişilib. Təsəvvürlər, düşüncələr, münasibətlər, paradiqmalar həm də bir dəfə deyil, bəlkə on min dəfə dəyişib. Bəlli zaman üç böyük mədəniyyət mərhələsini ehtiva edir. Zehniyyət üç fərqli aşamadan keçib-gəlişib. Ortada beş min illik bir zaman aşırımı var... Bugünkü ədəbiyyat o ilkinliyə qayıtmalıdırmı? Yenə səni ürəkdən sevirəm, Və sevilməyi də istərdim. Amma neyləyim ki, düşməninlə (şeytanla) nişanlıyam. Ayır məni, düyünlərimi çöz Ya da o düyünü kəs. Al məni özünə həbs et! Çünki sən məni kölə etmədikcə, Mənə sahib çıxmadıqca, İrzımə keçmədikcə Hə hürr ola biləcəyəm, nə də iffətli. Bu, 16-17-ci əsrlərdə yaşamış ingilis şairi Con Donnenin Tanrıya xitabən yazdığıdır. Katolik düşüncənin yaratdığıdır. Siz müstəqillik dönəmimizdə yazılmış buna bənzər bir şeri xatırlayırsınızmı? Məncə xatırlamalısınız. Müqayisəli ədəbiyyat (türklər ona qarşılaşdırmalı ədəbiyyat deyirlər) bu məsələləri öyrənmək üçündür. Erotik deyilən şeirə gəlincə. Nazim Hikmət demişkən. “Abe şair, bizim de bir çift sözümüz var “aşka dair”. O meretten biz de çakarız biraz”. Kim Yahya Kamalın “Nəzər” şeri səviyyəsində bir şeir yazıb qoydu ortaya ki, biz onu çap etmədik? Yazmadılarsa, ortaya belə sırf sənət və sırf da estet mətnlər qoymadılarsa suçu “Ədəbiyyat qəzeti”ndə deyil, özlərinin gerçək ədəbiyyatı yarada bilməmələrində, yaradıcı potensiyalarının məhdudluğunda, iddiaları ilə imkanlarının tərs mütənasibliyində arasınlar. Bir dəfə rəhmətlik Anar Həbiboğlunun erotik şeirlərini çap etmişəm. Onun predmetə estetik yanaşması sənət hadisəsi idi. Buna görə məni erotik şeirlər çap etməkdə qınamışdılar. Amma erotikin də həddi var. Mən açıq-saçıqlığa getməmişəm. Cənab Şəhabəddinin bir sözü var: “Çılpaq söz də çılpaq bədən kimidir.” Biz o çılpaq sözə getməyək, çılpaq sözün estetikası olmur axı. - Başqa mətbu orqanları, saytlar bu dərəcədə mühafizəkar deyil. Qəbul edirsinizmi? - Başqa mətbu orqanlarla, saytlarla işim yoxdur. Bodler haqqında bir məqalə yazmışdım. Bodlerin “Leş” şeiri 150 il bundan qabaq Fransada qeyri-adi bir hadisə kimi qarşılandı. Bodlerin o şeirinə görə Fransa hökuməti nəşriyyatı məhkəməyə vermişdi. 150 ildi Azərbaycan dilinə tərcümə olunmamış o şeiri biz “Ədəbiyyat qəzeti”ndə məqalə predmetinə çevirdik. - Fransada indi də yeri gələndə hətta pornoqrafik əsər yazan Mişel Uelbek məhkəməyə verilir, tənqid olunur. Bu gedişlə Uelbeki də 150 il sonra çap edərik. Belə çıxır biz Fransadan 150 il geridəyik. - Ona qalsa fransızlar bu baxımdan bizdən ən azı iki min il geri qalır. İfrat açıq-saçıqlığı ilə seçilən plastik sənət nümunələrimiz yox deyil bizim. Amma mən istərdim biz sırf çağdaş ədəbiyyatdan danışaq. Çağdaş ədəbiyyat baxımından, bəli, biz Fransadan 150 il geridəyik. Baxın, 150 il bundan əvvəl Bodler dünya poeziyasına bir yenilik gətirdi. Və 150 ildi dünya poeziyası Bodlerin gətirdiyi modernist estetikanın cizgisi üzərindədir. Tutaq ki, ötən əsrin qırxıncı illərinin sonunda Orxan Vəli türk poeziyasında Qərib axımıyla yenilik etdi və türk şerini hardasa 150 il qabağa atdı. Etiraf edək ki, bizdə bu cür hadisə baş vermədi. Bunun da baş verməməsinin konkret səbəbi Azərbaycanın Sovetlər sistemində olmasının, ədəbiyyatın siyasətə bağlı olmasının acısıydı. Fransada, Türkiyədə isə bu proses fərqli getdi. Görürsünüzmü, Orxan Vəlinin İstanbulu bir başqadır, Yahya Kamalın İstanbulu tamam başqa. Yahya Kamalın da İstanbulu sevimlidir, Orxan Vəlinin də. Yahya Kamalın da İstanbulu bu gün İstanbulda var, Orxan Vəlinin də. Amma bizim Bakı Almaz Yıldırımdan başqa hansı şairimizin şeirində simvollaşıb? “Nazlı Bakım, o neft qoxan gülüm hey”. Bakının şeirləşməsində bu, Azərbaycan poeziyasının ilk uğurudur. Bu çox ciddi bir məsələdir. Özümüzü aldatmaqla deyil ki! Tutaq ki, Türkiyədə Oxan Vəli ilə Birinci Yeni baş verdi, Edip Canseverlə, Cemal Sürəyya ilə... İkinci Yeni baş verdi. Bu dalğalar hər biri yeni fenomen, yeni paradiqma gətirdi. Bizdə Rəsul Rza istisna edilərsə bu dalğalar olmadı axı! Digər tərəfdən, bizim ədəbiyyatşünaslıqda metodoloji buzlar hələ də tam əriməyib. Bəlkə damcı-damcı əridiyi olur. Amma bu, kompleks şəkildə baş vermir. Mənim qəzetdə götürdüyüm əsas xətt ondan ibarətdir ki, metafizik baxımdan, bəlkə hətta ezoterik dərinlikdə Şərqə, cərəyanlaşma baxımından Avropaya doğru gedək. - Bu sizin də sevdiyiniz Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” konsepsiyasına bənzədi. - Əslində mənim yolum da odur. Amma necə? Hansı istiqamətlərə? O istiqamətləri bəlirləmək lazımdır. Bizi Avropanı çox çap etdiyimizə görə qınayanların iradlarını eşidəndə yadıma Əli bəy Hüseynzadənin fikirləri düşür: “Şimdi bizə derlər ki: madam ki, ingilislər, firənglər, filanlar böylə imişlər, nə üçün siz də "Füyuzat"ınızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin "Faust"unu, gah Şekspirin "Jül Sezar"ını, gah nə bilim hankı avropalının hankı əsərini çıxarıyorsunuz! "Avropalılaşalım" deyorsunuz?! Lakin ey qare, müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatlarına... müraciət etmək istiyoruz, özlərinə degil. Biz istiyoruz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”. Tutalım bu gün mən qəzetdə Viktor Hüqonun “Kromvel” dramına yazdığı önsözü çap edirəm, buna irad bildirənin xəbəri yoxdur ki, o önsöz romantizmin manifesti hesab olunub. O manifest 150 ilə yaxındır dilimizə çevrilməyibsə bu, bizim kəsirimiz deyilmi? Yəni ən müasirinə qədər dünyanın bütün ədəbi manifestləri çap olunmalıdır, biz son iki ildə “Ədəbiyyat qəzeti” olaraq bunu qismən gerçkləşdirə bildik. Bunsuz hansı istiqaməti, hansı yolu tutacağımız bilinməz. Əgər pozitivizmin Azərbaycan ədəbiyyatında tətbiqi tarixi öyrənilməyibsə hansı müasir ədəbiyyatdan danışmaq olar? Amma mən sizə bəlkə də heç kəsin qəbul eləməyəcəyi bir fikir deyə bilərəm. Hüseyn Cavid yaradıcılığının timsalında Azərbaycan ədəbiyyatında pozitivizm və irfan birləşib. Bəs bu fenomen necə baş verib? Necə ola bilərdi ki, naturalizmlə təsəvvüf bir araya gələ bilsin? Bax, bütün bunlar araşdırılmalıdır. Bəlkə Azərbaycan ədəbiyyatı deyilən fikrin özü hələlik bu cavablandırılmamış sualların arasında gizlidir. - Bir müddətdir “Ədəbiyyat qəzeti”ndə modernizm haqqında silsilə yazılarınız çap olundu. Bu ehtiyac hardan yarandı? Niyə məhz modernizmdən başladınız? - Ədəbiyyatdan başladıq. Özü də qəzetdə tək mənim yazılarım deyil, başqa yazılar da yazıldı. Sovet dönəmində modernizmlə sosrealizmin açıq savaşı gedib bizdə. “Modernizm həyat və gözəlliyə yabançıdır” doktrinasına tabe tutulub bizim ədəbiyyat. Amma SSRİ ilə birgə ədəbi ideologiya olaraq sosrealizm də süqut etdi. Dünya ədəbiyyatında modernizmin ilk ən böyük abidəsi Coysun “Uliss” romanıdır. Bunu etiraf etməliyik ki, “Uliss”in tam olaraq bu günəcən Azərbaycan dilinə çevrilməməsi dünya ədəbiyyatı ilə qarşılıqlı münasibətlərimizdə bağışlanılmaz kəsirdir. Bu olmayanda bizim hətta müqayisəli ədəbiyyatımız üçün də problemlər yaranır. Yaxud ekzistensial insanın, öz fərdi mənini ortaya qoyan insanın - yəni ilk modernist rəsmlərdən olan Munkun “Çığırtı” əsərindəki insanın yaşantıları ilə Hadinin “Əlvahi-intibah”ındakı fəryadın tonu və fonu təxminən eynidirsə...bunu niyə araşdırmayaq? Yaxud xatırlatmayaq? Bu, axı, bizi dünyaya yaxınlaşdırır. Dünyanı bizə, bizi dünyaya təqdim edir. “Uliss”lə “Siyasəti-fürusət”in müqayisəsini aparmaqla düşünmürəm ki, yanlışa yol verdim. Eyni sistemli baxış, dünyaya qismən fərqli də olsa, demək olar ki, eyni estetik yanaşma, Dublindən Bakıya qədər paradiqmaların oxşarlığı... hələ üstəlik, nəzərə alsaq ki, Əli bəy Hüseynzadə bu əsəri Coysdan 10-15 il öncə yaradıb, o zaman dərindən düşünməyə dəyər. - Bu sizin qənaətinizdir, yoxsa Əli bəy bunları bilərəkdən edirdi? - Əlbəttə, düşünərək edirdi. Dediyim kimi, “Siyasəti-Fürusət”i də “Uliss”dən öncə yazmışdı. Əli bəy Hüseynzadə Avropadakı ədəbi prosesləri izləyirdi. Cərəyanlara vaqif idi. O, ilk dəfə 1906-cı ildə modern cərəyanlar haqqında mülahizələrini irəli sürdü. Simvolizmdən, dekadansdan bəhs etdi, Verleni, Mallarmeni, Bodleri xatırlatdı. Əli bəy bunları nahaq yerə eləmirdi, o, həqiqi ədəbiyyatın harda olduğunu bilirdi. - Azər müəllim, sizcə biz özümüzü XIX əsrin sonları, XX əsrin əvvəllərində baş verən proseslərə süni şəkildə müncər etmirik ki? - Niyə süni şəkildə müncər etməkdən danışaq ki? Mən qaldığımız yerdən başlamağa üstünlük verirəm. XX əsrin əvvəllərində İppolit Tenin “Sənət nəzəriyyəsi”ni Azərbaycanda öyrədən Əli bəy Hüseynzadə var idi. İppolit Tenin həmin “Sənət nəzəriyyəsi” kitabından parçaları dərc etdik. İppolit Tenin iştirakı olmadan hansı müasir sənətdən danışmaq olar? Biz müasirləşiriksə, çağdaşlaşmaq yoluna girmişiksə, o zaman Əli bəyin fikirlərinə mütləq mənada önəm verməliyik. O, ötən əsrin ilk illərində “Füyuzat” jurnalında “Nəzmi-qeyri-müqəffa” barədə yazırdı. Ağ şeir üsulunda yazılan mətnlər çap edirdi. Hamletin məşhur monoloqunun ağ şeir üsulunda yazıldığını Azərbaycanda ilk dəfə o dilə gətirirdi. Mən bu düşüncə silsiləsində ilk modernist islam şeyxi Cəmaləddin Əfqaninin də yerini aydın görürəm. Sadəcə, sonralar əlaqə kəsildi, ortaya sosrealizm mərhələsi girdi və Avropai zehniyyətlə Azərbaycan ədəbiyyatı arasında sədd yarandı. Bunalım keçirən, öz içi ilə baş-başa qalan insan türk poeziyasına da çox gec – 1927-ci ildə daxil oldu. Nəcib Fazilin “Kaldırımlar” şeiri bütün ruhu ilə modernist şeir idi. Bu insan Əli bəy Hüseynzadənin də, Məhəmməd Hadinin də, daha geniş ölçüdə Hüseyn Cavidin də əsərlərində var. Sadəcə bizim ədəbiyyatşünaslıq bunları adlandıra, şəkilləndirə bilmədi. 37-ci ildə bizdə əsl ədəbiyyat ilə əlaqələr kəsildi, amma Rusiyada bu proses 46-cı ilə qədər davam elədi. Baxın, o illərdə Rusiyada hələ Anna Axmatova, Mondelştam Stalin səviyyəsində, partiya səviyyəsində müzakirə və tənqid edilirdi. Doğrudur, bizdə də bu və ya fərqli şəkildə davam etdi. Amma təbii ki, bu, Rusiyada daha qabarıq oldu. “Hədd və dərəcə duyğusuna malik olan... Orta əsrləri özlərinə əziz bilən... zehnlə mistikanı birləşdirmək istəyən və “varlığa heç bir düzəliş verilməməlidir” deyən akmeistlər Rusiyada çox gec susduruldu... Sonrakı rus ədəbiyyatı gizli-aşkar ona istinad edərək davam edə bildi. - Azər müəllim, mövzumuz maraqlıdır, amma təəssüf ki, bir müsahibədə bu problemlərin hamısına toxunmaq mümkün deyil. Ona görə də təklif edərdim müasir dövrümüzdən danışaq. Müasir Azərbaycan ədəbiyyatındakı prosesləri necə qiymətləndirirsiniz? - Bir-iki istisnalarla bizim güclü ədəbi tənqidimiz yoxdur. Olmadıqca da mətnlərimizin dəyərləndirilməsi, status və dərəcəsi, həqiqi ədəbiyyat faktı olub-olmaması tam şəkildə bəlli olmayacaq. Azərbaycanda ədəbiyyat var, amma bu ədəbiyyatın cərəyanlaşmasına, “izm”ləşməsinə, bir dalğa halına keçməsinə ehtiyac da var. Hələ ki, bizdə bu ədəbi dalğa yoxdur. Daha doğrusu, o dalğanı yaratmırıq, onu cərəyanlaşdırmırıq. Güclü və yeni dalğa yalnızca qımıldanmaqdadır. Hələ ki, coşmur. Amma nə zaman ki, coşqu baş verəcək və ədəbi tənqid bu ədəbi prosesi adlandırmağa başlayacaq, ona ünvan verəcək, o zaman həqiqi ədəbiyyat örnəkləri boy göstərəcək. Və biz biləcəyik ki, bu gün Azərbaycanda yazılan hansı əsərlər ədəbiyyatın ruhunu və istiqamətini müəyyənləşdirə bilən əsərləridir və dünya üçün də həmin əsərlər maraq doğuracaq.
/kulis.az, Mirmehdi Ağaoğlu/
|