Fərhad Sabiroğlu - “Ögey ana” üçün çay dəstgahı
09.11.16
SƏNƏDLİ OÇERK
...Hə, “Hüseynbala açıqlığı” deyəsən, burada idi. Taxta çöpünün ucundakı balaca “şüşə xoruz”u almaq üçün hər gün bura cumardıq...Babayevin su dükanı da açıqlığın yanında. Dayanıb səbirsizliklə gözləyərdik ki, Babayev iri buz parçalarını nə vaxt doğrayıb qurtaracaq, sonra onları iri taxta çəlləyə dolduracaq, biz də soyuq “Buratino” limonadından alıb ləzzətlə içəcəyik... Bəs diş həkimi Tağızadənin kabineti harada idi? Hə, yolun kənarında...Bu da “Həmişəri palanı”... Nənəm Kubra arvad 20 qəpik verib tapşırırdı ki, qara çörək alım. Arvadın şəkəri vardı, deyirdi ki, orada satılan çörəyin dadı əladır... Budur, bir addımlıqda da nənəmgilin dalanı... Aktyorların, şair və yazıçıların yaşadığı o məşhur dalan! İndi heç biri yoxdur - nə evlər, nə adamlar. Haqq dünyasına qovuşublar. Elə “Sovetski” deyilən yeri də söküblər, bir-birinə sığınmış o birmərtəbəli tikililərdən əsər-əlamət qalmayıb. Yerində parklar, xiyabanlar salınacaq. Candan artıq sevdiyim Bakı daha da gözəlləşəcək. Amma mən, Allaha çox şükür, heç nəyi unutmamışam... Yolumu da buradan ona görə salıram ki, yaddaşımı təzələyim. Oranı unutmaq, uşaqlıq xatirələrinin böyük bir hissəsini silmək deməkdir. Buna isə haqqım yoxdur. Dünyadan köçmüş əzizlərim məni bağışlamaz. Amma bilərəkdən bura gec-gec gəlirəm. Çünki yaddaşıma həkk olunmuş səsləri yenidən eşidəndə, açığı, pərişan oluram. Bilirsiniz, bu, nəyə bənzəyir? Sanki radionun bütün dalğaları eyni vaxtda dillənir, səslər bir-birinə qarışır... - Kubra nənə, axşam bizə gəl, atamın toyudur! - Ağəz, Səyyarə, bayır axşam oldu, paltarları sər də! - Primus düzəldirəm! - Tahirənin gəlini idi? Gördün özünü nə kökə salıb? - Bircə o qalmışdı ki, erməni Asya dolma bişirsin, ay-hay... Bir də tramvay səsi qulağımdan getmir. 3 qəpik ver, gəz şəhəri özünçün. ...Bu əhvalat 1967-ci ildə olub. Onda mənim 9 yaşım vardı. Nənəm Kubra arvad onu tramvayda görüb. Məscidə, şərbət paylamağa gedibmiş, tramvayla qayıdanda yanında əyləşmiş qadını dərhal tanıyıb – “Ögey ana” filmindəki Dilarəni! Azərbaycanın Xalq artisti, məşhur aktrisa Nəcibə Məlikovanı! Nənəmlə yolboyu şirin-şirin söhbətləşiblər. Onlar yaşıd idilər. Nəcibə xanım 1921-ci ildə Buzovnada, Kubra arvad isə ondan bir il əvvəl Maştağada anadan olmuşdu. Nənəm qızlar məktəbini bitirmişdi, gözüaçıq, savadlı və zəmanənin işlərindən xəbərdar qadın idi. Nəcibə xanım da xalqın sevimlisinə çevrilmişdi. Teatr səhnəsində unudulmaz obrazlar yaratmış, filmlərə çəkilmişdi... Nəcibə xanım, deyəsən, diş həkiminə gedirmiş, “Sovetski”də nənəmlə eyni dayanacaqda enib, arvad da onu evə, bir stəkan çaya dəvət edib. Nəcibə xanım yeni tanışının sözünü yerə salmayıb. (Axı necə olsa, qonşu kəndlərdə doğulublar). ...Ev dəydi bir-birinə, bibilərim düşdülər əl-ayağa, süfrə açdılar, ortalığa şəkərbura, badambura, paxlava, qoğal, növbənöv mürəbbələr gəldi. Novruza az qalmışdı, nənəm də bayram tədarükünü əvvəlcədən görmüşdü. Nəcibə Məlikovanın oturuşundan, duruşundan da bilinirdi ki, xanım-xatın qadındır, gözlərindən nur yağırdı, cingiltili gülüşü vardı. Yaxınlaşıb salam verdim. Adımı soruşdu, təhsilimlə maraqlandı. Nənəm dərhal məlumat verdi ki, Fərhad balamız əlaçıdır, böyüyəndə qəzetçi olacaq. Nəcibə xanım gülümsəyib başımı tumarladı. Kubra arvadın sevinci yerə-göyə sığmırdı. - Kaş bütün analar sənin kimi olaydı, ay Nəcibə xanım! Ögey bala üçün hər ananın ürəyi yanmaz. İndi elələri var ki, heç öz doğma balasına yiyəlik eləmir. Afərin səndəki böyük ürəyə! Halal olsun sənin kimi qadına! Nəcibə xanım dalğın-dalğın dilləndi: - Haqlısan, Kubra bacı. Filmdəki hadisələr vaxtilə öz başıma gəlib. Yoldaşımın birinci evlilikdən oğlu vardı – Fuad. Sonra ikinci övladımız dünyaya gəldi. Adını Saqib qoyduq. Fuad ilk əvvəl filmdəki İsmayıldan da betər idi, ipə-sapa yatmırdı. Çox zülmlər çəkdim, gecələr hamı yatandan sonra için-için ağlayırdım. Kubra arvad həzin səslə dilləndi: - Bir ana kimi səni yaxşı anlayıram. Ana üçün övladın fərqi yoxdur, istər doğma, istərsə də ögey... - Mən Fuada bütün canımı, ürəyimin sevgisini verdim. Qəlbinə yollar axtardım. Allahımdan çox razıyam, axır ki, hörmətini, məhəbbətini qazana bildim. ...1943-cü ildə institutu bitirəndən sonra Nəcibə Məlikovanı Gəncə Dram Teatrına göndərirlər. Gələcək həyat yoldaşı Nəsrəddin onu tamaşaların birində görüb vurulur, hər tamaşadan sonra ona çiçək dəstələri göndərir. Bir müddət sonra Nəcibə xanım Nəsrəddinlə ailə qurmağa razılıq verir. Ailədə iki uşaq böyüyür – ögey Fuad və doğma Saqib. Nəcibə xanım hər iki uşağa ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışır. Ancaq qayınanası həmişə elə zənn edir ki, gəlini Fuada ögey münasibət bəsləyir. Digər tərəfdən də çox sevdiyi həyat yoldaşı deyir ki, səhnədən ayrılmalısan! Nəcibə isə bu tələblə razılaşa bilmir. Nəhayət, 5 illik ailə həyatına son qoyulur. Nəcibə xanım ikinci dəfə ərə getmir, ömrünün sonuna qədər ilk və son məhəbbətinə sadiq qalır. Amma Nəsrəddin yenidən evlənir və övladları dünyaya gəlir. Beləcə, Nəcibə Məlikova öz həyatını hamıdan çox sevdiyi yeganə oğluna və sənətə həsr edir. Ancaq oğlunun qardaş-bacıları ilə də əlaqəni kəsmir. Onlarla isti münasibət saxlayır, əlindən gələn köməyi əsirgəmir. ...Kubra arvadla Nəcibə xanımın çay dəstgahı xeyli çəkdi. Qadınlara nə var ki? Macal tapıb hər şeydən – tanış-bilişdən, övladlardan, paltardan, xörək bişirməkdən, daha nə bilim nələrdən o ki var danışacaqlar. Əlaçı məktəbli isə gərək böyüklərin söhbətinə qulaq asmasın! (Anamın və nənəmin qoyduğu qayda belə idi.) Odur ki, mən qonşu otaqda dərslərimi hazırlayırdım. Nəcibə xanım gedəndə məni də çağırdılar. Hamı ilə öpüşüb sağollaşdı, dil-ağız elədi: - Bu evə xoşbəxtlik, xeyir-bərəkət arzulayıram, ay Kubra bacı. Qızlara da (bibilərimə) arzum budur ki, fədakar ana olsunlar, həm sevsinlər, həm də sevilsinlər. Əsl xoşbəxtlik budur!
/"Aydın yol" qəzeti/
|