Qalib Şəfahət - Hamilə (Novella)
07.11.16

Xəbər güllə kimi yayılmışdı kəndə. Butun kənd-kəsəyin ağzına məşqulat düşmüşdü. Hərə öz bildiyi kimi düdük çalır, qınayır, qarasınca danışırdı.
Fatmanisə xala yuxusuna əməlli-başlı haram qatmışdı. Yazıq arvad gecə də yuxusunda onu görür, onunla danışırdı.
Elə bil yerinə qor dolmuşdu Fatmanisə xalanın. Yuxusu ərşə çəkilmişdi. Yerində o yana, bu yana bir neçə dəfə qurcalandı:
-Yox, yox, ömrüm boyu belə şeyə inana bilmərəm! Mən bu yaşa gəlmişəm... – Duruxdu: – Eh, hardan yadıma düşdü bu zəhirmar yaş... Bu yaş da səndən xəbərsiz, ətərsiz öz işini görür artıq. Nə qalıb ey, 90-nı haqlayıram.
Deyirəm, vaxt-vədə nə tez keçir. Başını qaldırıb, qəddini düzəltmək istəyirsən ki, doyunca dünyaya baxasan, bir də görürsən əzrayıl yanında hazırdı.
Anam deyirdi ki, ilk qar yağan günü o, adı batmışın nənəsi Gülsabahla eyni gündə anadan olmusan. Soruşurdum, ay ana, ilk qar yağan günü nə vaxtdı? Bir əməlli desənə, bilmirsənmi nə vaxt dünyaya gəlmişəm? Deyirdi, a bala, nə fərqi, 10 gün o yana, 10 gün bu yana olsa üzüyünün qaşımı düşəcək, bizdə həmişə oktyabrın axırlarına yaxın ilk qar yağır. Vəssalam, şüttamam – elə bunu deyirdi.
Qocalığın üzü qara olsun, adamda yaddaş qoyub qalsın? Hə, bax indi yadıma düşdü, bir də deyirdi ki, Nikolay taxtda olanda, nənəm ölən ili dünyaya gəlmisən. Sonralar öyrəndim Nikolay nə vaxt taxtdan düşüb, anamın nənəsi nə vaxt ölüb. Ondan sonra bildim neçə yaşım var. Amma orasını öyrənəmmədim, ayın neçəsində doğulmuşam, bircə onu bilə bildim ki, oktyabrda doğulmuşam.
Elə uşaqlıqdan Gülsabahla bir-birimizə bacıdan artıq olmuşuq. Ta, o rəhmətə gedənə kimi münasibətimiz çox yaxşı olub. Allah sənə rəhmət eləsin, ay Gülsabah, elə bu payız sənin də rəhmətə getməyinin 20 ili tamam olacaq... Amma, nəvən adımızı elə bədnam elədi, elə bədnam elədi ki, ay Gülsabah, adını dilə gətirməyə də adam utanıb, xəcalət çəkir. Bilirsən onun xətrini nə qədər çox istəyirdim, elə bilirdim öz nəvəmdi. Vallah, heç öz nəvələrimdən ayırmırdım onu. Anası da deyirdi ki, anam Gülsabahla bir-birinizə çox yaxın olmusunuz, elə bilirəm dos-doğma xalam sənsən.
... Hə, onu deyirdim dana, birinci dəfədi bu kar olmuş qulaqlarım belə şeylər eşidir. Heç keçmişdə də mən biləni belə hadisələr olmayıb, olsaydı deyib-danışan olardı, ucundan, qulağından hardasa, eşıdib bilərdim. Bəlkə möcüzə baş verib, mənim xəbərim yoxdu! Yox, yox, ola bilməz! Möcüzədən çox fırıldağa oxşayır. Ortada bir əmma var, çox çəkməz, üstü açılar, onu da eşidərik. – Bir anlıq dərin fikrə getdi... – Yox, yox, dilim, ağzım qurusun, Bəhruzdan elə şey çıxmaz. Düzdü, mənim nəvəmin bir az dəliliyi, doluluğu var, amma inanmıram o belə bir qələt eyləyə, başına qızmı qəhətdi, gedib dəliyə ilişə... Oyy! İraq olsun! Gədənin adı kənddə-kəsəkdə bədnam olar.
Yox, yox, bu işi görsə, görsə Səfurənin nəvəsi Kamal görər. Yüz faiz o olacaq. O gədə uşaqlıqdan vələdıznadı. Yerin altını da bilir, üstünü də. Kənddə-kəsəkdə barmağına dolamadığı qız qalmayıb... Geci-tezi var, əşi, üstü açılıb hər şey bilinəcək. Yoxsa, belə qalmaz ki...

***
Yasəmən müəllimə həmişə kənd arvadlarından bir az uzaq gəzirdi:
– Mən gül kimi ədəbiyyat müəllimiyəm, onların tayıyam? Nə itim azıb onların yanında, onlara baş qoşam. Onların xasiyyətidi, bir balaca üz verdin, astarını da istəyirlər, az qalırlar çiyninə minələr. Ağzından sözü alıcı quş kimi elə qoparırlar ki... Sonra da böyrünə-başına bəzək-düzək verib sənin adından elə danışırlar, elə danışırlar ki, eşidəndə-biləndə az qalırsan şoka düşəsən; ağzını açdığına peşman olursan. Adını el içində elə bədnam edirlər ki, bunları görəndə on addım uzaq olmağa çalışırsan. Bunlar belədi də, sözü ağzından ucuz alıb, baha satırlar. Qoy mənim dilimdən heç nə eşitməsinlər.
Heç kəsin danışığına, dedi-qodusuna baş qoşmasa da ordan-burdan qulağı çalmışdı – “Açığı o qızdan elə şey gözləmirdim, amma nə deyim, insan çiy süd əmib, elə adamdan elə şey eşidirsən, əlin üzündə mat-məhəttəl qalırsan... Vallah-billah, inanılası şey deyil. Yenə desəydi ki, İsa peyğəmbərin anası Məryəm kimi, – “uşağı bətnimdə Allah yaradıb”, – canı cəhənnəmə, fikirləşərdin möcüzə baş verib, yeni peyğəmbər dünyaya gəlir. Yoxsa, özünü gic yerinə qoyub arsız-arsız deyəsən ki, uşağın atası Səməddi; bu camaatı lap avam yerinə qoymaqdır. İndi rəhmətliyin sümüyü də çürüyüb. Harda görünüb ki, ölmüş adam gəlib bu dünyada uşaq törətsin. Görəsən uşaq kimdəndi? Onsuz da indiki cavanlar vələdüznadı, hamıdan hər şey gözləmək olar.

***
Zərnişan arvad lap cinlənmişdi. Kimi görürdüsə qarşısını kəsdirib:
– Sən bunun hünərini görürsənmi? Əvvəlcə özünü dəliliyə vurdu, güya başına hava gəlib; indi də kimdənsə uşaq törədir, bilmir camaatın başını necə aldatsın... Ürəyindən başqa şey keçirdi, adam balası kimi ərə gedəydin!.. Kimdi sənin qabağını kəsib, “getmə” deyən! Nə idi bu biabırçılıq? Qarnını da sığallayıb bəh-bəhlə elə əzizləyir ki, halal əri yanında olan qadın elə qələt eləməz… Külümü qoyum səni doğanın başına. Özü cəhənnəmə, o boyda atasını, iki qardaşını qarapapaq eləyib, papaqlarını soxdu yerə. İndən belə kim onlara salam verib, salamlarını alacaq?! Kim onları adam yerinə qoyub, saya salacaq. Onlar başlarını qaldırıb camaatın üzünə necə baxacaqlar? Baxma, kənd yeridi, hərə ağzından bir avaz çıxarır; hərə bir zurna çalacaq. Kimin ağzını yumasan ki? Dünya etibarsız dünyadı, a bala. Bir vaxtlar bir-birinin dərdindən dəli-divanə olmuşdular! Bu idimi eşq-məhəbbət, aşıqlık-məşuqluq!.. İndi hanı o günlər? Torpağın üzü soyuqdu. Heyf, çox heyf ölənin ömrünə. – Amma nəsə ürəyində bir tıqqıltı qalmışdı: – Ürəyimi də heç kəsə aça bilmirəm. Daş kimi ürəyimdən asılıb qalıb. Qorxuram, uşağın adını bədnam edəm... Dilimdən tutarlar. Birdən... Belə oldu?... Bəs onda? Yox, yox, Şəmil elə uşaq deyil. Mənim nəvəm çox ağıllıdır. Nə Fatmanisənin, nə Gülcöhrənin, nə də başqalarının nəvəsinin tayı deyil ki...

***
– Ayə, deyirlər, Sənubər hamilə qalıb, görəsən kimdəndi?
– Sənubər kimdi, ay Salman?
– Onu deyirəm dana... ay Vahid, Əşrəfin qızı Sənubəri.
– Nə danışırsan?!
– Əə, nə bilim, vallah, belə deyirlər, mən də ağızdan eşitmişəm. Amma inanmıram; o elə qız deyildi! Deyirəm, bəlkə başına hava gələndən sonra ağlını itirib, yolunu azdı. Bə bilmirsən, o rəhmətlikdən sonra qız havalanmışdı axı bir ara, həkimə-zada çox aparıb gətirdilər. Bir xeyli vaxt havalı gəzirdi. Elə bil qız əvvəlki adam deyildi. Nə danışırdı, nə deyirdi, heç özü də bilmirdi. Görən hansı vicdansızdı başından böyük qələt eləyən? Nə qədər vicdansız olasan ki, xəstə qızı aldadıb yoldan çıxarasan.
– Əəə, sən Allah babal-günaha batma, elə şey olmaz!
– Mən niyə babal-günaha batıram ey, babal-günahı danışanların boynuna!.. Mən də ucundan-qulağından eşitmişəm...
– Yəni, deyirsən, gerçəkdən elədi?!
– Vallah, deyirlər ki, qız özü yayıb, aləmə car çəkib ki, hamiləyəm, özü də Səməddən.
– Səməd kimdi? – Vahid tərəddüdlə Salmana baxdı.
– Tanımırsanmı Səmədi? Rəhmətliyi deyirəm dana, nişanlısını. Talehin oğlu Səmədi.
– Əə, o ki, iki ildən çoxdu rəhmətə gedəli.
– Nə bilim ey, qız özü elə deyir. Nə qədər qılıxlayıblar, döyüblər, söyüblər, nə illah eləyiblər boynuna almayıb ki, almayıb; elə deyir ki, Səməddən hamilə qalmışam, vəssalam. Deyirlər, arada qardaşları öldürmək fikrinə də düşüblər ki, bu binamusluğu üstümüzdən götürək, atası qoymayıb ki, – “A bala, onsuz da çərximiz dönüb. Siz də bu yandan əlinizi qana batırmayın, səbr eyləyin, dedi-qoduya o qədər də fikir verməyin. Hər şeyin axırına çıxmaq lazımdır. Görək xəta bizə ha tərəfdən dəyib, kimdi bizə sataşan. Yəqin, hər şeyin sonuna çıxarıq”. Həə, deyirlər qız da ağlayıb deyir ki, qoymaram Səmədin yadigarına kimsə toxuna, balamın başından bir tük əskik ola, onu mənə əmanət qoyub gedib, bərk-bərk tapşırıb ki, balamı sənə əmanət edirəm. Arvadım Səmayə eşidib, axşam o danışdı. Deyir ki, şalnan da belini elə möhkəm-möhkəm bağlayır ki, “balama soyuq olar, balam xəstələnər, mən Səmədə nə cavab verərəm”. Özü də deyirlər qarnı da günü-gündən şişir. Səmayə eşidib onu da, deyir ki, qarnında bir ağrı olur, bir ağrı olur, gəl görəsən, ağrı tutanda yazığı divara dırmaşdırır.
– Ayə, mən biləli hamilə qadınlarda ağrı olmur, sancı olur.
- Nə bilim, elə deyirlər. Hələ onu da deyirlər ki, ağrısı tutanda, qarnını oxşayıb deyir ki, ana qurban, adam anasını bu qədər incidərmi? Sonra da başını tumarlayırmış kimi qarnını sığallayıb, “balam dünyaya tez gəlmək istəyir ki, gedib atasının qisasını qatillərdən alsın. Alacaq, alacaq, mütləq alacaq! Qoymaz atasının qanı yerdə qalsın!” – deyir.
– Ayə, ölmüş adamdan da hamilə qalmaq olarmı, əstağfurullah, ə, qulağını çək, bu kar olmuş qulağımız hər şey eşıdəcək.
– Onu deyirəm dana, sən savadlı riyazıyyat müəllimisən, hamı səni barmaqla göstərir, deyirəm belə şey ola bilərmi, ruhdanmı deyim, ya da ölmüş adamdan hamilə qalmaq olarmı? Həm də sən onlara neçə il dərs keçmisən, onları yaxşı tanıyarsan.
– Ay Salman, bunun riyazıyyat elminə nə dəxli var, riyaziyyat dəqiq elmdir. 2 vur 2 bərabərdi 4. Ölüynən, diriynən nə işi var. Həm də mən dərs deyəndə nə müharibə var idi, nə ölüm, itim. Hamı xoş, firavan öz həyatını yaşayırdı… Sən də təkcə kənddə yox, elə rayonda da tanınmış rəssamsan, məncə belə şeyləri sən məndən yaxşı bilərsən.
– Ay canı sağ olmuş, rəsm sənəti elə bir şeydi ki, insanın naturasını görə bilir, içini görə bilmir. İnsanın içərisi də elə bir qaranlıq dünyadı ki, ordan hər adam baş çıxara bilmir.
– Onda belə şeylər bizlik deyil, qaranlıq işlərdən baş çıxara bilmiriksə, hec oraya baş soxmağa da dəyməz. Mənim yanımda demisən, başqasının yanında danışma. Qoy sənin dilindən eşıtməsinlər!
– Səndən başqa kimin yanında danışasıyam ki, a canı sağ olmuş.
– Əə, “vapşe” bizim nəymizə gərəkdi, kim neylədi, kim nə iş gördü. Vallah, qeybətdə arvadları keçmişik, arvadların adı bədnamdı. Kim nə edib özü bilər. Öz işimiz gücümüz yoxdumu?.. Camaatın dərdi bizəmi qalıb?!
– Orası elədi, a Vahid müəllim.

***
Hər axşam yuxusuna gələrdi Səməd. Gələndə atüstü gəlib getmirdi. Lap qışın qarlı-boranlı günü olsun, ya da yayın adamın cızdağını çıxaran istisi olsun, fərq etməzdi o gələndə... Yaşıllığa bürünmüş gül-çiçəyin ətri sərin mehə qarışıb adamın köksünə dolur, əsdikcə adamın üzünə çırpılır, xoş təravət adamı bihuş edib xumarlandırırdı. Hər ikisi diqqətlə ətrafa nəzər yetirər, keçmişdən-gələcəkdən şirin-şirin söhbət edərdilər.
Sənubər ayılanda bir üşütmə, titrətmə hiss edirdi canında. Özünü yataqda tək görüb o yana, bu yana qurcalanır, ayağa durub otaqda xeyli var-gəl edir, kimisə axtarırmış kimi pəncərəni açıb çölə boylanırdı. Soyuq sazaq onu öz dünyasından ayırırdı. “Hələ qışın oğlan çağıdı, bəs biz harda idik?” – öz verdiyi sualı cavablandıra bilmirdi. Sonra da çox təəssüflənirdi: “kaş ayılmayaydım yuxudan”. Heç belə bir yerdən adam ayrılarmı?
“Heç narahat olma, Sənubər, mən səni heç vaxt tərk eləmərəm. Cismən bir-birimizdən uzaqda olsaq da, ruhən həmişə bir yerdəyik. Rühən bir olanlar əbədiyyət qazanırlar, – deyirlər. Onsuz da hamı bir-birindən cismanı olaraq bir az tez, bir az gec – ayrılırlar. Bəlkə də bizim cismən tez ayrılmağımız, ruhən daha da əbədiləşdirdi.
...Səhərə yaxın idi. Yuxudan sərsəng oyandı. Qarnında ağrı hiss edirdi. Ağrı içində ilan kimi qıvrılıb dolanırdı. Əlini qarnında gəzdirdi. Elə bil qarnında nəsə tərpənirdi. “Hə, bu axşam yuxumda görmüşdüm. Demək, yuxum çin oldu” – fikirləşdi.
-Sənubər oğlumuz olacaq. O da mənim kimi sənə çox əzab-əziyyət verəcək. Amma mütləq bu ağrıya-acıya dözməlisən. Ağrısız-acısız həyatın dəyəri bilinmir.
Onda söz vermişdi: -Təki səninlə mənim birlikdə yadigarımız olsun. Onun üçün hər cür ağrı-acını çəkməyə hazıram.
Güzgünün qarşısında dayanmışdı. Son vaxtlar günü-gündən dəyişdiyinin fərqində deyildi. Diqqətlə özünə nəzər yetirdi. Neçə vaxt idi güzgünün qarşısında dayanıb özünə belə fikir verməmişdi; bu heç yadına da düşməmişdi. Baxışları saçlarına zilləndi. Dərd-qəm tünd-qara saclarına ağ rəng çəkmişdi. Əlini saçlarında xeyli gəzdirdi.
Sonra diqqətlə qarnına baxdı. Qarnı xeyli önə qabarmışdı. Gözlərinin altı torbalanmışdı. Dərin düşüncələrə daldı: – “Demək, İlahi bizim səsimizi eşitdi. Bizi birləşdirdi. Şükür kəramətinə, ey göyü-yeri yaradan...” Ürəyi bulandı. Həyətə çıxdı. Bir neçə dəfə öyüdü. Anası yanına gəldi:
– Nə olub qızım, niyə belə narahatsan?
Diqqətlə anasının üzünə baxdı, baxışları ilə anasını xeyli süzüb:
– Ana, şükür yaradanın kəramətinə, mən hamiləyəm.
– Nəə?!. Sən nə danışırsan? Heç ağzından çıxanı qulağın duyurmu?! Nə dediyinin fərqindəsənmi?
– Bəli, ana, mən hamiləyəm! Səmədlə bizim oğlumuz dünyaya gələcək!
Atası səsə yaxınlaşdı.
– Nə olub ay arvad, o qız yenə nə sarsaqlayır?
Karıxıb qalmışdı. Atasının onu tərs-tərs süzməyi sınıq qəlbini qılınc kimi dəlib keçdi. Xeyli müddət ata- anasını seyr etdi:
– Sarsaqlamıram ata, həyat özü sarsaqdı! – deyib, başını yerə dikib otağına keçdi. Dərin düşüncəyə dalmışdı. Xeyli vaxt otaqda o yana, bu yana gəzindi. Pəncərənin qarşısına keçib bayıra boylandı. Gözlərini uzaqlara dikdi. Elə bil uzaqdan, özü də çox uzaqdan kimsə gələcək. Kimisə gözləyirmiş kimi gözləri yol çəkirdi. Gəlib yatağının üstə əyləşdi. Əlini üzünə qoyub deyindi:
– Başqaları cəhənnəmə, bu da mənim atam-anam. Dərdi də adama çox görürlər. Qoymurlar dərdinlə baş-başa qalasan. Adama elə baxırlar elə bil kimisə öldürmüşəm, böyük günah sahibiyəm. Hamıya da deyəcəm, qoy hamı bilsin. Tanrıdan gizli olmayan bəndədən niyə gizli saxlanılmalıdır? Səmədlə mənim oğlum olacaq! Səmədlə mənim oğlum olacaq!

***

Atası ilə anası dərin düşüncəyə dalmışdı. Xeyli müddət bir-birilərinin üzlərinə baxdılar. Atası dərindən nəfəs alıb:
– Ay arvad, bu nə biabırçılıqdı? Bircə bu qalmışdı, eləmi!.. bəlkə də görünür qızın havalanıb...
– A kişi, dinimi-imanımı yandıra bilmərəm. Bu günü qara olmuş evdən çölə də çıxmır ki, deyəsən gedib kiminləsə görüşüb. Dörd divardı, onun canıdı.
– Ay arvad, sən də qızın kimi danışma, dörd divar arasında olub, ruhdan hamilə qalıb? Elə hamınız havalısınız!
– Nə deyim, a kişi, bəlkə də bizdən xəlvət gedib kiminləsə görüşüb. Nə görməmişəm, nə də duymamışam.
– Ayıbdı, ay arvad,vallah-billah ayıbdı! Eşidən, bilən bizə nə qiymət verər... Mən nə deyim? Anası sənsən, bax gör nə məsələdi, başımıza gələn bu qiyamət nədi?
Anası qızının yanına gəlib onu şirin dilə tutdu:
– Qızım, kiminlə görüşmüsən de, biz də dərdimizi bilək, daş bizə ha tərəfdən dəyib!
– Nə danışırsan ay ana, mənim Səməddən başqa kimim var ki, kimləsə görüşə biləm. Mən söz vermişəm, Səməddən sonra bir kəs mənim nəfəsimi belə duya bilməz.
– Yaxşı, onda gedək həkimə yoxladaq, nə deyirsən, qızım?
– Yox, yox, ana, Allah verəni Allah özü qoruyur, ona bəndə əli yox, nəfəsi belə toxunmamalıdır. Qorxuram bəndə əli dəyər uşağımı itirərəm. Səməd onu mənə əmanət edib, bərk-bərk tapşırıb, “uşağı sənə əmanət edirəm” – deyib. Mən o əmanəti göz bəbəyi kimi qorumalıyam.

***
Səmədlə Sənubər bir-birini hələ orta məktəb illərindən sevirdi. Uşaqlıq aləminin səssız-səmirsiz, qayğıdan uzaq xoş günlərində bir-birilərinin qəlbinə yol tapmışdılar.
Sənubərin o xoş gündən qalmış bir pıçıltı qulağında hələ də cingildəyirdi. Yenə də gözünü yummaq istəyirdi ki onları duysun. O pıçıltılar elə bil ona layla çalırdı. Heç istəmirdi gözünü açsın, elə bilirdi gözünü açsa bu xəyallar onu əbədi tərk edəcək.
Onlar məktəbdən evə qayıdırdılar. Səməd çox tərəddüdlü görünürdü. Kəndin ortasından səssiz- səmirsiz qayğı ilə axan çayın üzərindən keçəndə Səməd: – Sənubər, sənə bir söz deyəcəm, elə bu çayın üstündə, – demişdi. Sonra ətrafa boylanmışdı; heç kim gözə dəymirdi, sanki sözünü çatdırmağa cəsarət axtarırdı. Özünü ələ almağa çalışırdı. Ortada dərin bir süküt hökm sürürdü. Səməd elə bilirdi hamı xəlvət bir tərəfdə dayanıb onları dinləyir. Bu gündən sonra hamı biləcək ki, Səməd Sənubəri sevir. Sifəti pörtmüşdü. Dərindən nəfəs alıb-verirdi. Elə bil havası çatmırdı, boğulurdu.
Sənubər gülərək: – Sən niyə pörtdün birdən-birə, sənə nə oldu? Özündən xəbərin var, sifətin qıpqırmızı qızarıb?
Səməd udqundu,boğazını arıtladı:
– Sənə bir söz deyəcəm.
– Məyər söz deyəndə adam qızarır?
– Bu elə bir sözdü ki…
– Necə sözdü ki, de mən də bilim...
– Biləcəksən, amma bir şərtlə deyəcəm, sən də cavab verəcəksən. Düzünü deməyəcəksənsə deməyim.
– Düzünü deyəcəyəm. Söz verirəm.
– Yaxşı, onda bu söhbəti səninlə məndən başqa heç kəs bilməsin.
– Yaxşı, – gülümsündü.
– Bir də Sən də, mən də gözümüzü yumacağıq, nə deyəcəksənsə düzgün deməlisən və gözü yümulu deməlisən.
– Yaxşı, ona da söz verirəm, desənə ürəyimiz partladı ki...
– Gözünü yum... Hə deyirəm, Sənubər mən səni sevirəm, sən də məni sevirsənmi?
Səmədin o anda başına elə bil duman çökmüşdü. Başı fırlanırdı. Ortaya dərin sükut çökmüşdü. Sükut içərisində elə bil Səməd havasızlıqdan boğulurdu. Sənubər dərin sükuta dalmışdı. Gözlərini açmaq istəmirdi. Elə bilirdi gözlərini açsa hamı onları görəcək, kənardan hamı bunlara diqqət yetirəcək. Elə gözüyumulu:
– Hə, -dedi.
Gözlərini açdılar. Səməd bircə bunu dedi:
– Sənubər, qoy bu çay bizim sevgimizəşahidlik etsin.
Oğurluq üstündə tutulmuş günahkarlar kımi hər ikisi pörtmüş halda başlarını yerə dikmişdilər. Danışmırdılar. Eləcə bir-birindən küsülü uşaq kimi evə kimi lal-dinməz yol gəldilər. Bir neçə gün bir-birlərini görəndə başlarını yerə dikib gülümsünmüşdülər.
O gündən Səməd də, Sənubər də dəyişib tam başqa Səməd, Sənubər olmuşdular. Qayğılı, düşüncəli görünürdülər. Kənddə hamı bilirdi ki, Səmədlə Sənubər bir-birlərinin dərdindən dəli-divanə olublar. Hamı belə deyirdi.

***
O gecə yuxusunda görmüşdü ki, Səməd ona uzaqdan, özü də çox uzaqdan əl eləyir və deyirdi: “Əlvida, Sənubər! Mən çox-çox uzaqlara gedirəm. Elə bir yerə ki, daha heç vaxt oradan qayıtmaq mümkün deyil. Məni gözləmə!” – Yuxuda çığırmışdı: – “Yox, yox, heç bir yana getmə. Getsən də məni də apar özünlə, aparmasan arxanca özüm gələcəyəm, harada olsan səni tapacağam! Mən sənsiz yaşaya bilmərəm, eşidirsən, mən sənsiz yaşaya bilmərəm, yaşaya bilmərəm!
Öz səsinə özü ayılmışdı. Həyəcan, təlaş içindəydi. Səsə anası ayılıb gəlmişdi:
– Qızım, nə olub, niyə çığırırdın?
– Heç, qorxulu yuxu gördüm.
– Allah, mənə ölüm ver, dedim bu qıza birdən-birə nə oldu, başına havamı gəldi?! İndi yaxşısanmı qızım? Nə yuxu görmüşdün?
– Heç, anan, yuxunu gecə danışmazlar – deyirlər, düşər-düşməzi olur.
Anası stəkanda gətirdiyi suyu ona uzatdı:
– Al, al bu suyu iç, bəlkə sakitləşəsən.
O, sudan bir-iki qurtum içib stəkanı anasına uzatdı:
– Çox sağ ol, ana!
– Yat, yat qızım, yatsan bəlkə rahatlanasan.
– Yaxşı ana, sən də get yat, səni də narahat elədim, birtəhər yatacam.
Ancaq yata bilməmiş, səhərə kimi yerində o yana, bu yana qıvrılmışdı.Qəhər onu boğurdu. Dəli bir ağlamaq tutmuşdu onu. Ağlaya bilmirdi. Elə bilirdi göz yaşı qəhətə çəkilib, nitqi tutulub.

***
Səhər tezdən bəd xəbər özünü çox gözlətməmişdi. Naqafil qonaq kimi qapının kəndarını kəsdirmişdi.
Sənubər bu səhər yuxudan gec durmuşdu. Axşamkı yorğunluğun, əzginliyin ağrısı hələ də canında qalmışdı. Həyətdən gələn bağırtı, inilti səsi onu diksindirdi:
– Xeyr olsun, yenə bu nə səsdi?..

***
Səmədin məktubu özündən bir neçə gün sonra gəlib çatmışdı. Sənubər məktubu alanda içindəki alov onu yenidən alovlandırdı. Ağlayıb məktubu hamıya oxumuşdu. “Səbri çatmadı, heç səbri çatmadı, yəqın məktubun gec çatacağına əmin idi, ona görə məktubdan əvvəl özü gəldi, özü də qara xəbəri ilə birgə.
“Məndən ötrü çox darıxanım – Sənubərimə məktub.
Bu məktubu döyüşün ən qızğın yerindən yazıram. Başımızın üstündə hər an ölüm kabusu fırlansa da, səni bir an unutmuram. Ən çətin günümdə sənin xəyallarına sığınıram, onunla ovunuram. Bilirsən, sənin xəyalların necə etibarlı sığınacaqdı... Ümidim hər şeydən üzüləndə səninlə qurulacaq xoş günləri düşünürəm. Bilirsən, məni necə xilas edir, əlimdən tutur. Sən də darıxma, çətin günlərin ömrü az olar. Çətinliklərdən çıxdıqca, sənə daha da yaxınlaşıram.
İndi qızğın döyüşlər gedir. Hətta elə olur ki, yaxın dostunla bir süfrə arxasında çörək kəsib ayağa durursan, heç aradan iyirmi dəqiqə keçməmiş həmin adam sənin üçün əfsanəyə çevrilir. Bax onda həyatın etibarsızlığına şübhən qalmır. Çox gərgin keçir günlərimiz. Amma səbrli olun, inşallah hər şey bizim xeyrimizə qurtaracaq.
Döyüşlər bir az səngisin, gəlib sizə dəyəcəm. Bilirsən hamı üçün necə darxmışam, lap burnumun ucu göynəyir. Bilirəm atam da, anam da, sən də çox nigaransınız. Səbr edin, gələcəm. Sənin Səmədin”.
Məktubu oxuyandan sonra hönkür-hönkür ağlayırdı:
– Səməd gələcək! Səməd ölməyib. Ölsəydi məktubu özündən sonra gəlməzdı. – Məktub onun inamını artırmışdı: – Demək istəyir ki, bax, görürsən, hər şey yalandı. Mən ölməmişəm, mən yaşayıram. Mən ölsəydim bu məktubu kim yazardı. Sən heç vaxt umidini üzmə, gözlə.
Eh, onsuz da, desən də, deməsən də gözləyənlər son nəfəsinə kimi gözləyəcək, unutqanlar heç aradan on gün də keçməmiş hər şeyi unudacaqlar. Heç elə bil sən dünyada olmamısan kimi qəbul edəcəklər. Nə istəyə, nə unutqanlığa məcburiyyət yoxdur. Bu qəlb işidi. Qəlb işindən heç kim baş aça bilməz. Elə dərinlikləri var ki, insan özü bəzən orada azır.
Mən onun yolunu gözləyəcəm, axıra qədər gözləyəcəyəm, o mütləq gələcək! Sonra da məktubu qatlayıb köksündə gizlədərdi.
Anası qızının halına acıyıb, göz yaşı axıdırdı, əlini göyə qaldırıb Allaha yalvarardı – “İlahi, mənə niyə bu dərdi verdin, gül kimi balam ağlını itirdi, başına müsibətlər gəldi”.

***
Sənubər iki gün idi ağrıdan özünə yer tapa bilmirdi, yerində ilan kimi qıvrılırdı. Səhər tezdən açılış olmuşdu (anası belə deyirdi). Huşsuz vəziyyətdə xəstəxanaya çatdırmışdılar.
Hamının gözü bir-birinin ağzını güdürdü . “Görən necə olacaq? Uşağı sağ-salamat doğa biləcəkmi? Görəsən oğlu olacaq, yoxsa qızı? Görən uşaq kimə oxşayacaq? Əşi, hansı zəmanədi, yüz faiz uşağın atası bilinəcək! Bəlkə də kimdisə özü günahını boynuna alıb kişi kimi qabağa çıxacaq, deyəcək uşaq mənim uşağımdır. Yox, o kişilik hardadı, kim boynuna alar?! Bəlkə qız məcbur olub deyəcək, kimdisə boynunu büküb günahını etiraf eyləyəcək”. Arada belə söz-söhbətlər dolaşmaqda idi.
-Doktor, nişanlısı öləndən sonra başı pozuldu! – Anası günahkarcasına boynunu büküb, üzünü həkimə tutub dedi. – Balam taleyindən yarımadı, əvvəl havalandı, indi də başına belə bir iş gəldi. Özü də heç nə demirdi.
Həkim xəstəni müayinə edib:
-Vəziyyəti çox ağırdır, xəstəni itirmək ehtimalı çoxdur, təcili əməliyyat stoluna qaldırmaq lazımdır, görək xilas etmək mümkün olacaqmı? Xəstə gecikdirilib, əvvəldən nəsə demək mümkün deyil. Qarının ağrısı çoxdur! Qarında o qədər dərd gizlənir ki, baş açmaq olmur. Gərək qarına girəsən ki, dərdi nədir görə biləsən, yoxsa çöldən-çölə baş açmaq olmur.
– Doktor, uşaq salamat qalacaq?
– Nə uşaq?
– Özü deyirdi axı… hamiləyəm.
– O boyda şişə siz uşaq deyirsiz? Özü çox şey deyə bilərdi! Bəs siz özünüz demirdiz başı pozulmuşdu!
Anası dərin xəyala getdi: – Aaa, gerçəkdən biz onu fikirləşməmişik, onun sözünü ciddi qəbul etmişik. Bəs bizim başımız, düşüncəmiz harada qalıb?!.
Atası bir ölüm sənədinə baxırdı, bir də arvadına. Fikirləşirdi: – “Şükür, biabırçılıqdan qurtardıq, demək, hamilə deyilmiş. Amma bu sənəddi, ağzı göyçəklər o qədərdi ki, çərənləyəndə gözünə soxmaq lazımdır”.
– Ölüm kağızın yaman çox baxırsan, orada nə yazılıb, a kişi?
– Fibromiomadı, nə bilim nədi... – Udqunub dərindən nəfəs aldı: – O axmaq şişdəndi, dərdi-səri bilinməyən... Sağalmaz dərddi...
Anası:
– Axmaq şiş olmayıb, a kişi, biz olmuşuq. Şiş öz işindəymiş, biz öz işimizdə olmamışıq.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.