Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı mövsümə yeni tamaşa ilə başlayıb
02.11.16
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı mövsümə yeni tamaşa ilə başlayıb.
Teatrın kollektivi noyabrın 1-də tamaşaçılar qarşısında tanınmış gürcü yazıçısı və dramaturqu Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə çıxış edib.
Azərbaycan, türk və gürcü dillərində oynanılan tamaşanın əsas süjet xəttini ağır sosial iqtisadi vəziyyətə görə gənclərin ailə qura bilməmələri, onların valideynlərinin çəkdikləri əzab-əziyyət təşkil edir.
Əvvəllər mülkədar olan və sonradan bütün var-dövlətini itirən dörd qız atası Darispan övladlarının ailə qurması üçün cəhd göstərir. Lakin məlum olur ki, o, heç də tək deyil. Kasıb ailələrin çoxunun qızları evdə qalıb. Bu, təkcə onun deyil, bütöv bir cəmiyyətin problemidir və bu problemə qarşı birgə mübarizə aparılmalıdır.
Azərbaycanlı, türk və gürcü aktyorlar kasıb təbəqənin üzləşdikləri problemləri ustalıqla tamaşaçılara çatdıra biliblər.
Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladze, rejissoru Davit Nikoladzedir.
Tamaşada əsas rolları Aslan Məmmədov, Leyla Qasımova, Turqay Vəlizadə, Laura Rexviaşvili, Namiq Musayev, Aysel Məmmədova və Türkiyədən dəvət olunmuş aktyor Necati Zengin oynayıblar.
Tamaşanın təqdimatında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, Türkiyə səfirliyinin əməkdaşları, teatr, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər..../azertag.az/
|