Paşa Yaqub - Adəm Peyğəmbərin oğlu qardaşını qız üstündə öldürdü
28.10.16
Bəni-Adəm arasında törənən ixtilaf ən əvvəl Adəmin oğlanları Qabil və Habil arasında baş verdi. Ölümlə nəticələnən bu ixtilaf qız üstündə oldu. Belə ki, Adəmin iki oğlunun hər biri ekiz idi və ikisinin də ekiz tayı qız idi. Onlar yetkinlik yaşlarına çatdıqda evlənmək istədilər. Həmin vaxt başqa insan nəsli olmadığından Allah-təala Peyğəmbərə vəhy etdi ki, onları öz bacıları ilə çarpaz evləndir. Yəni, Habilin ekiz tayı ilə Qabili, Qabilin də ekiz tayı ilə Habili evləndir ki, nəsil artsın.
Lakin, Qabil bu cür evlənməyə etiraz edərək öz ekiz tayı daha gözəl olduğundan onunla evlənmək istədi. Adəm əleyhissəlam buna etiraz etdi. Məsələni yoluna qoymaq üçün Peyğəmbər oğlanlarına təklif etdi ki, hərəniz öz məhsulunuzdan bir qurbanlıq götürün, kiminki qəbul olunsa, Qabilin ekiz tayı ilə o evlənsin.
Həmin vaxt Qabil əkin əkir, Habil qoyun saxlayırdı. Beləliklə, Qabil bir dərz sünbül, Habil isə, bir erkək qoyun götürüb qurbangaha apardılar. O vaxt qəbula keçən qurbanın əlaməti bu idi ki, göydən bir od (işıq) gəlib, həmin qurbanlığı bürüyüb görünməz edərdi. Bu dəfə Habilin qurbanı qəbula keçib, Qabilinki rədd edildi.
Bu hal Qabili çox əsəbləşdirdiyindən doğma qardaşını vurub öldürdü. Bu vaxta qədər Adəm övladları arasında ölüm hadisəsi baş vermədiyindən, Habilin cəsədi ilə nə edəcəyini bilmədi və bir neçə gün özü ilə səhrada sürüdü. Birdən gördü iki qarğa biri-biri ilə vuruşub öldürdü. Sağ qarğa qumu ayağı ilə eşərək ölən həmcinsinin cəsədini orada basdırdı. Qabil bunu görüb, qardaşının cəsədini torpağa basdırdı. Özünün qarğadan şüursuz olduğuna peşmançılıq çəkdi.
Habili bir neçə gün görməyən Adəm onu Qabildən soruşdu. Günahkar oğul tövbə edib, üzr diləməkdənsə, atasına dedi ki, mən habilə gözətçi deyiləm ki, harada olduğunu biləm. Adəm onun bu kobud cavabından pərişan olub, oğlunu axtarmağa üz qoydu. Allah Habilin qəbrinin yerini Peyğəmbərə agah etdi. Heç ölüm görməmiş ata övladının bu cür zülmlə qətlə yetirilməsinə ağlayıb qəmgin oldu və Qabili lənətləyərək yanından qovdu. Qabil dağlara çəkilərək, bir daha valideynlərinə görünmədi. O, ailəsi ilə Yəmən səhrasına getdi. Orada nəsil artıraraq, atasının dinindən uzaqlaşdı və oda sitayiş etməyə başladı.
Bu əhvalat “Quran”da belə zikr edilməkdədir:
“Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm! Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qurban qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən məni öldürməklə mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!” Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Qabil dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu”. “Süfrə” surəsi, 27-30-cu ayələr. /moderator.az/
|