Gi de Mopassanın - Atasız uşaq
25.10.16
Gi de Mopassanun «Atasız uşaq» hekayəsi (əsl adı «Simonun atası»)
Gi de Mopassanın yenidən dilimizə "Atasız uşaq” adı ilə tərcümə etdiyim «Simonun atası» adlı hekayəsini mənim kimi atasız, ata qayğısından məhrum böyümüş bütün insanlara həsr edirəm. (Tərcüməçi)
Saat on ikini vururdu. Məktəbin qapısı açıldı və oradan dəcəl uşaqlardan ibarət dəstə tez çıxmaq üçün bir-birini itələyərək çölə tələsdilər. Amma hər gün olduğu kimi müxtəlif tərəflərə dağılışmaq və nahar üçün evə yüyürmək əvəzinə məktəbdən bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıbpıçıldamağa başladılar.
Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmişdi. Uşaqlar valideynlərinin Blanşot haqqında söhbətlərini eşitmişdilər. Mehribanlıqla qarşılamalarına baxmayaraq, öz aralarında onun haqqında nifrət dolu təəssüf hissi ilə danışmaları uşaqlarda da həmin qadına qarşı anlaşılmaz bir nifrət oyatmışdı.
Simonu uşaqlar yaxşı tanımırdılar, çünki o, evdən çıxmırdı. Uşaqlarla qəsəbənin küçələrində, çay qırağında oynayıb ora-bura qaçmırdı. Buna görə də uşaqlar onu sevmirdi. İndi isə təzə xəbər onlarda qəribə bir sevincə səbəb olmuşdu. Bu barədə çox şey bildiyi görünən on dörd-on beş yaşlı dəcəl bir oğlanın dediklərini bir-birinə təkrar edirdilər. Oğlan bicliklə göz vurub danışırdı:
– Qulaq asın… Simonun… onun atası belə yoxdur.
Blanşotun oğlu məktəbin qapısında göründü. Onun yeddi-səkkiz yaşı olardı. Solğun, səliqəli geyinmiş, utancaq bir uşaq idi.
O, evlərinə getmək istəyirdi. Amma təzə bir yaramaz hərəkət etməyə hazırlaşan yoldaşları, hiyləgər gözlərini ona zilləyib istehza ilə baxaraq, pıçıldaşa-pıçıldaşa ətrafına yığışdılar və nəhayət, onu tamam mühasirəyə aldılar. Uşaq onların arasında, onunla nə edəcəklərini bilmədən hərəkətsiz, təəccüb və həyəcan içində donub qalmışdı. Xəbəri yayan oğlan nailiyyət əldə etdiyini zənn edərək istehza ilə soruşdu:
– Bura bax, adın nədir?
– Simon.
– Simon, bəs sonra?
Uşaq özünü itirərək təkrar etdi:
– Simon.
Oğlan onun üstünə bağırdı:
– Deyirlər ki, Simon filankəs… Təkcə Simon yox. Soyadını soruşuram.
Kövrəlmiş uşaq göz yaşlarını güclə saxlayaraq üçüncü dəfə təkrar etdi:
– Mənim adım Simondur.
Uşaqlar ucadan gülüşməyə başladılar. Qələbə çalmış oğlan səsini ucaltdı:
– İndi anladınız ki, onun atası yoxdur.
Araya sükut çökdü. Uşaqlar qeyri-adi, inanılmaz hadisəyə təəccübləndilər – oğlanın atası yoxdur!
Onlar görünməmiş bir varlığa, qeyri-təbii bir canlıya baxırmış kimi, ona tamaşa edirdilər. Analarının Blanşota olan anlaşılmayan nifrəti uşaqlarda da artmağa başlamışdı.
Simon yıxılmamaq üçün ağaca söykəndi. O, düzəlməz bədbəxtliklə əzilmiş, başını itirmişdi. Özünü təmizə çıxarmaq istəyirdi. Amma bu dəhşətli böhtanı, atasız olduğunu inkar etmək üçün onlara deməyə bir söz tapa bilmirdi.
Nəhayət, rəngi ağarmış Simon ürəklənib qışqırdı:
– Yalandır, mənim atam var!
– Bəs hardadır o? – deyə oğlan soruşdu.
Simon susdu. O bu sualın cavabını bilmirdi.
Uşaqlar gülürdülər, həyəcanlı idilər; heyvana daha çox oxşayan, çöllərdə böyümüş bu uşaqlar da bir həyətin toyuqlarını yaralı bir toyuğu didib öldürməyə məcbur edən instinktə tabe olurdular, Simonu sıxışdırmaqdan həzz alırdılar. Birdən Simon onun kimi atasız, dul bir qadının oğlu olan, anası ilə daima ikilikdə görünən qonşu oğlanı gördü.
– Heç sənin də, sənin də atan yoxdur, – dedi.
– Xeyr, mənim atam var! – deyə oğlan cavab verdi.
– Bəs hardadır?
– Ölüb mənim atam, – qalibanə fəxrlə uşaq bildirdi, – atam qəbiristanlıqda yatır.
Nadinclər atası ölmüş və qəbiristanlıqda yatan yoldaşlarının vəziyyətinin fərqli olması, ümumilikdə atasının olmamasının isə digərini alçatması barədə pıçıldaşırdılar. Ataları qəddar, içki düşkünü, oğru, arvadlarına zülm edən olan bu dəcəllər daha yaxına sıxlaşırdılar; elə bil onlar – atalı, qanuni doğulmuş uşaqlar atasız, bic doğulmuş uşağı boğmaq istəyirdilər.
Birdən onunla üz-üzə durmuş bir uşaq dilini çıxardıb kinayə ilə qışqırdı:
– Atasız! Atasız!
Simon ikiəlli onun saçlarından yapışdı, onun yanağını bərk dişlədi, ayağı ilə onun qıçlarına döyəcləməyə başladı. Çaxnaşma düşdü. Vuruşanları ayırdılar. Simon döyülmüş, bədəni qançır olmuş, paltarı cırılmış, toz-torpağa bulaşmışdı. Ətrafına toplaşmış sevinclə əl çalan dəcəllərin arasında yerə sərilib qalmışdı.
O ayağa qalxıb toza bulaşmış köynəyini tələsik çırpanda kimsə qışqırdı:
– Get, atana şikayət elə!
Simona elə gəldi ki, ürəyi partlayır. Onlar güclü idilər, onu döymüşdülər. Uşaq cavab verməyə söz tapmırdı, özü də yaxşı bilirdi ki, atası yoxdur. Məğrurluqdan onu boğan göz yaşları ilə mübarizə aparmağa çalışdı. Nəfəsi tutuldu, sonra səsini çıxarmadan için-için ağlamağa başladı.
Simonun düşmənləri sevindilər. Vəhşi adamlar öz qorxunc şənlikləri zamanı etdikləri kimi əl-ələ verib onun ətrafında dövrə vurdular.
– "Atasız, atasız!” – nəqarət kimi deyib oxuya-oxuya oynamağa başladılar.
Simon daha qəfildən ağlamağa dayandırdı. Hirsindən qızardı. Ayağının altındakı daşları yığıb var gücü ilə düşmənlərinə tərəf tulladı. Daş dəymiş iki-üç uşaq qışqırıb qaçdılar. Simon elə qəribə görkəm almışdı ki, qalan uşaqlar da qorxdular. Qorxaqlar həmişə özündən çıxmış adamdan qaçdığı kimi uşaqlar da hərəsi bir yana dağılışdılar.
Tək qalmış atasız uşaq çay kənarına tərəf qaçmağa başladı. Yadına düşmüş bir əhvalat onu qəti qərara gətirmişdi. Uşaq özünü çayda boğmaq istəyirdi.
Təxminən bir həftə əvvəl həmişə dilənməklə dolanan bir nəfər daha pul tapa bilmədiyi üçün özünü suda boğmuşdu. Onu sudan çıxararkən Simon orada idi. Həmişə çirkin və eybəcər görünən bu qocanın görkəmi, saralmış sifəti, uzun saqqalı, donuq, açıq gözləri uşağa ağır təsir bağışlamışdı. Yanındakılardan biri demişdi:
– O ölüb.
Və kimsə əlavə etmişdi:
– O, indi özü istədiyi kimi xoşbəxtdir.
Simon da özünü çayda boğmaq istəyirdi. Çünki həmin zavallının pulu olmadığı kimi onu da atası yoxdur.
O, çaya yaxınlaşıb necə axdığına baxırdı. Diribaş balıqlar şəffaf suda üzür, hərdən sıçrayıb suyun üzü ilə uçan mığmığaları udurdular. Balıqlara başı qarışmış Simon daha ağlamırdı. Onların üzmələri Simonu əyləndirirdi. Ancaq arabir tufanın sakitləşdiyi anda ağacları şaqqıldayıb keçən güclü külək dalğalarına bənzər bir fikir tez-tez yadına düşüb ona əzab verirdi: "Mən özümü suda boğmalıyam, çünki atam yoxdur”.
Hava isti idi. Günəş çəmənliyi qızdırır, su güzgü kimi parıldayırdı. Simon arabir dərdini unudurdu. Ağlamaqdan yorulmuşdu, oradaca, otun üstündə, günəş altında uzanıb yatmaq istəyirdi.
Balaca, yaşıl bir qurbağa onun ayaqları altında hoppanırdı. Simon onu tutmaq istədi. Lakin, qurbağa əlindən sürüşdü. Simon üç dəfə onu tutmaq üçün əyildi, amma tuta bilmədi. Nəhayət, qurbağanın dal ayaqlarından tutdu və balaca heyvanın qaçmaq üçün etdiyi səylərə baxıb gülməyə başladı. Qurbağa dal qıçlarını yığır, sonra gözlənilmədən onları açıb irəli atır, qızıl haşiyəli sarı gözlərini bərəldir, qabaq pəncələri ilə havanı yarırdı. Bu, Simona bir oyuncağı: çarpaz enli taxta parçalarından asılan ağac əsgərciklərin oyununu xatırladırdı.
O, evlərini yadına saldı. Sonra anasını xatırladı. Kədərləndi, bütün bədəni titrəyərək yenidən dərdli-dərdli ağlamağa başladı. Uşaq dizləri üstə çöküb yuxudan əvvəl deyilən duanı oxumağa başladı. Duanı bitirə bilmədi. Elə bərk hıçqırdı ki, dua yarımçıq qaldı. O, fikirləşə bilmir, heç nə görmür, hey ağlayırdı.
Birdən ağır bir əl uşağın çiyninə toxundu, kimsə yoğun səslə soruşdu:
– Balaca kişi, de görüm səni kim incidib?
Simon geri döndü. Qara, qıvrım saçlı, qarasaqqal bir fəhlə mehriban-mehriban ona baxırdı.
Boğazı qəhərlənmiş, gözləri yaşlı uşaq cavab verdi:
– Onlar məni döydülər… çünki… mənim… mənim… atam… atam yoxdur.
– Necə yəni, – deyə kişi gülümsəyərək soruşdu, atasız da adam olar?
Uşaq boğula-boğula dedi:
– Mənim… mənim yoxumdur.
Fəhlə ciddiləşdi. O, Blanşotun oğlunu tanımışdı. Buralara təzə köçmüş olsa da, Blanşot haqda azacıq məlumatı vardı.
– Ağlama, bala, sakitləş, – o dedi, –gedək ananın yanına. Sənə bir ata taparıq.
Onlar evə yollandılar. Fəhlə uşağın əlindən tutmuşdu. Deyilənə görə Blanşot kəndin ən gözəl qadınlarından sayılırdı. O gülümsəyirdi, çünki onunla tanış olmaq pis olmazdı. Bəlkə də, fikirləşirdi ki, bir dəfə aldanmış qadın yenə də aldana bilər.
Balaca, ağ, səliqəli bir evin qarşısına çatdılar.
Uşaq:
– Buradır, – dedi və qışqırdı: – Ana!
Bir qadın çıxdı. Fəhlənin dodağındakı təbəssüm qəflətən yoxa çıxdı. O, həmin saat başa düşdü ki, solğun bənizli, artıq hər şeyi anlayan bu qadınla zarafat etmək olmaz. O, qapının ağzında elə ciddiyyətlə durmuşdu ki, elə bil bir dəfə aldandığı bu evin qapısını bütün kişilərdən qoruyurdu. Fəhlə papağını əlində əzişdirərək, çəkinə-çəkinə dedi:
– Buyurun xanım, sizin balacanı gətirmişəm, çayın kənarında azmışdı.
Simon isə özünü anasının boynuna atdı və yenidən ağlaya-ağlaya dedi:
– Yox, ana, mən özümü çaya atıb ölmək istəyirdim, çünki uşaqlar məni döymüşdülər… atam olmadığına görə… məni döymüşdülər.
Gənc qadının yanaqları qıpqırmızı pörtdü. Ürəyi parçalanmış yazıq ana uşağını bərk-bərk bağrına basdı. Gözünün yaşı bulaq kimi yanağından süzüldü.
Bu vəziyyətdən təsirlənmiş fəhlə bilmədi necə uzaqlaşsın, fikirləşə-fikirləşə elə yerində durdu. Birdən Simon onun yanına qaçıb dedi:
– Mənim atam olmaq istəyirsinizmi?
Araya sükut çökdü. Xəcalətdən dili tutulmuş Blanşot əlləri qoynunda divara söykənib qalmışdı. Cavab verilmədiyini görən uşaq yenə dilləndi:
– Əgər istəmirsinizsə, onda mən gedirəm özümü çaya atım.
Fəhlə zarafata salıb gülə-gülə dedi:
– Əlbəttə, mən razıyam.
– Sənin adın nədir? – soruşdu. – Uşaqlar adını soruşanda nə deyim?
– Filip, – deyə fəhlə cavab verdi.
Simon bu adı yadında saxlamaq üçün bir qədər susdu. Sonra əllərini ona uzadıb dedi:
– Çox gözəl! Filip, demək sən mənim atamsan.
Fəhlə onu yerdən qaldırıb hər iki yanağından öpdü, sonra iri addımlarla uzaqlaşdı.
Ertəsi gün uşaq məktəbə gələndə onu kinayəli gülüşlə qarşıladılar. Dərsdən çıxanda həmin dünənki oğlan yaxınlaşıb yenidən başlamaq istəyirdi ki, Simon dedi:
– Mənim atamın adı Filipdir.
Uşaqlar qəhqəhə ilə hırıldaşdılar:
– Filip. Bəs sonra? Bu Filip kimdir? Bu Filipi hardan tapıb çıxardın?
Simon cavab vermirdi. Amma belələrinin qabağından qaçmaqdansa əzişdirilməyi üstün tutub onlara gözləri ilə meydan oxuyurdu. Müəllimin gəlməsi onu xilas etdi. Simon anasının yanına qaçdı.
* * *
Üç ay idi ki, enlikürək Filip Blanşotun evinin yanından tez-tez keçirdi. Hərdən onu pəncərə qabağında tikişlə məşğul gördükdə cəsarətini toplayıb danışırdı da. Blanşot həmişə ağıllı cavab verər, həmişə ciddi olar, heç vaxt onun üzünə gülməz və evə dəvət etməzdi. Bütün başqa kişilər kimi bir az özündən razı olan Filip hərdən fikirləşərdi ki, Blanşot onunla danışarkən tez-tez qızarır.
Adı təmizə çıxarmaq çətindir, adamı ləkələməyə nə var ki. Blanşot nə qədər özünü qorusa, ehtiyatlı olsa da, ətrafda dedi-qodu gəzirdi.
Simon isə öz yeni atasını çox sevirdi. Hər axşam Filip işini qurtarandan sonra onu gəzməyə aparırdı. O, hər gün məktəbə gedir, saymazyana yoldaşlarının arasından keçir və onların atmacalarına cavab vermirdi.
Bir gün yenə ona ilk hücum etmiş oğlan dedi:
– Yalan danışmısan, sənin Filip adlı atan yoxdur.
– Necə yəni yoxdur? – deyə Simon narahatlıqla soruşdu.
Oğlan əllərini ovuşdura-ovuşdura dedi:
– Çünki əgər sənin atan varsa, ananın əri olardı
Simon bu sözlərin qarşısında aciz qaldı. Lakin yenə cavab verdi:
– Necə olur olsun, o mənim atamdır.
– Ola bilər, çox şey ola bilər, – oğlan dedi, – amma o, əslində, sənin atan deyil.
Blanşotun oğlu başını aşağı salıb fikirli-fikirli Filip işlədiyi Luazan əminin dəmirçixanasına gəldi.
Dəmirçixana elə bil qəsdən ağacların altında gizlədilmişdi. İçəri qaranlıq idi. Böyük bir manqalın qırmızı alovu qolu çirmələnmiş beş dəmirçini işıqlandırırdı. Onların dalbadal endirdikləri zərbələr qorxulu gurultuya çevrilirdi. Onlar ayaq üstə alova bürünmüş şeytana bənzəyirdilər. Gözlərini döyəclədikləri inadkar dəmirə zilləmişdilər.
Simon gözə çarpmadan içəri girdi və ataca dostuna yaxınlaşıb ətəyindən dartdı. Filip geri döndü. Birdən iş dayandı. Kişilərin hamısı uşağa baxmağa başladılar. Adət eləmədikləri sakitliyi Simonun zəif səsi pozdu:
– Bura bax, Filip, Mişodun oğlu indicə mənə dedi ki, sən mənim atam deyilsən.
– Niyə ki? – deyə fəhlə soruşdu.
Oğlan uşaq avamlığı ilə cavab verdi:
– Çünki sən mənim anamın əri deyilsən.
Heç kim gülmədi. Filip alnını zindanın üstündə dik saxladığı çəkicin sapından yapışmış əllərinin üstünə söykəyib dayanmışdı. O fikirləşirdi. İş yoldaşlarının dördü də ona baxırdı. Bu nəhənglərin arasında cırtdana oxşayan Simon isə həyəcanla cavab gözləyirdi. Birdən dəmirçilərdən biri yoldaşlarının da əvəzindən Filipə dedi:
– Doğrudan da, bədbəxtliyinə baxmayaraq, Blanşot gözəl, ağıllı, çalışqan, həm də abırlı qadındır. Onunla ailə qurmaq olar.
– Doğrudan belədir, – deyə qalan üç nəfər də dilləndi.
Fəhlə sözünə davam etdi:
– O yazığın heç bir təqsiri yoxdur. Ona evlənmək vəd edib aldadıblar. Mən bir qadın tanıyıram ki, bu gün hörməti yerə-göyə sığmır, əvvəllər isə günahları aləmi bürümüşdü.
– Doğrudur! – deyə qalan üç nəfər bir ağızdan səsləndi.
Əvvəlki fəhlə yenə dilləndi:
– Zavallı qadının oğlunu min əzabla böyütməsinə, daha kilsədən başqa heç yerə getmədiyinə, o vaxtdan bəri nə qədər ağlayıb əzab çəkdiyinə bir Allah şahiddir.
– Bu da doğrudur, deyə yoldaşları bir də təsdiq elədilər.
Ocağın səsindən başqa heç nə eşidilmirdi. Birdən Filip Simona tərəf əyildi.
– Get, anana de ki, bu axşam onunla danışmağa gələcəyəm.
Sonra isə uşağın çiynindən tutub çölə çıxardı.
O qayıtdı və çəkiclərin beşi də bir zərbə ilə zindanların üstünə endi. Beləliklə, gecə düşənə qədər dəmir döydülər. Hamısı güclü, qıvraq və şən idilər. Bayram günlərində bir kilsə zənginin səsi başqa zənglərin səsini batırdığı kimi, Filipin də çəkici başqa çəkiclərin səsini batırır, hər saniyə qulaqbatırıcı bir səslə enib-qalxırdı. O, ayaq üstə, gözləri parıltılı, qığılcımlar içərisində həvəslə işləyirdi.
Filip Blanşotun qapısını döyəndə göy ulduzla dolu idi. Bazar günləri geydiyi təmiz köynəyini geymişdi. Saqqalını da qıxmşdı. Gənc qadın qapının ağzında göründü və tutula-tutula dedi:
– Belə gecə vaxtı gəlməyiniz yaxşı deyil, cənab Filip.
O cavab vermək istədi, mızıldandı, qadının qarşısında özünü itirdi.
Blanşot yenə dilləndi:
– Özünüz başa düşürsünüz ki, bir daha mənim haqqımda danışılsa yaxşı düşməz.
O birdən dil açdı:
– Əgər arvadım olmaq istəsəniz, gəlişim eyib sayılmaz!
Cavab eşidilmədi. Amma ona elə gəldi ki, otağın qaranlığında Blanşot həyəcandan yıxıldı. Filip cəld içəri girdi. Çarpayısında uzanmış Simon öpüş səsi və anasının pıçıldadığı bir neçə sözü eşitdi. Sonra isə birdən-birdən dostunun əllərində özünün yuxarı qalxdığını hiss etdi. Filip uşağı güclü əlləri üstə qaldırıb ucadan dedi:
– Onlara, öz yoldaşlarına deyərsən ki, sənin atan dəmirçi Filip Remidir və səni incidənlərin qulağını buracaq.
Ertəsi gün uşaqların hamısı məktəbdə idi. Dərsin başlanmasına lap az qalmışdı, rəngi qaçmış balaca Simon ayağa qalxdı və dodaqları əsə-əsə aydın səslə dedi:
– Mənim atam dəmirçi Filip Remidir. O söz verib ki, məni incidənlərin qulağını buracaq.
Bu dəfə heç kim gülmədi, çünki dəmirçi Filip Remini hamı yaxşı tanıyırdı. Belə ata ilə hər kəs fəxr edə bilərdi.
Tərcümə edən: Yusif Hansen edebiyyat.biz
|