Musiqili Teatrın direktoru İranda keçiriləcək konfransa dəvət olunub
22.10.16
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək teatr sənəti üzrə I regional elmi-nəzəri konfransa dəvət olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, konfrans İranın Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 30-dan noyabrın 1-dək Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək elmi-nəzəri konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf perspektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bu günü, sabahı və s. məsələlər ətrafında müzakirələr aparılacaq.
İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı konfransda Əliqismət Lalayevin “Azərbaycan teatrının inkişaf yolları” mövzusunda çıxışı nəzərdə tutulur./azertag.az/
|