Əziz Nesin - Əsnəyən insanların ölkəsi
14.10.16

Avanqard.net Tovuz  Teymurovanın tərcüməsindn Aziz Nesinin "Əsnəyən insanlar ölkəsi" hekayəsini təqdim edir

Biri varmış, biri yoxmuş, səndə olsa da, məndə yoxmuş, məndə olsa da, onda yoxmuş. Bir zamanlar yer üzünün bir guşəsində bir ölkə varmış. Bu ölkədəki bəndələr xoşbəxtlik içində yaşayarkən, Allah göstərməsin, bir naməlum yolxucu xəstəlik onları qırmağa başlamışdı. Elə xəstəlik ki, ölkədəki insanların bir hissəsi zəifləməyə, kiçilməyə, digər hissəsi də gonbullaşmağa, iriləşməyə başlamışdı.

Arıqlayanların boyları da gündən-günə balacalaşırmış. Amma bu balacalaşma, kiçilmə, zəifləmə o qədər yavaş-yavaş olurmuş ki, heç kim nə özünün, nə də başqalarının kiçildiyini hiss etmirmiş. Gündə ancaq beş-on qram zəifləyir, bir-iki millimetr balacalaşırlarmış. İnsanlar kiçilə-kiçilə, xırdalaşa-xırdalaşa, zəifləyə-zəifləyə, sısqalaşa-sısqalaşa bir zaman gəlmiş ki, çəlik qədər arıqlamış, sacayaq qədər qısalmışlar. Gündən-günə daha da qısalıb cırtdan boyda olmuşlar.

Digər yandan da insanların bir hissəsi gündən-günə şişmanlaşır, iriləşirmiş. O birilərinin kiçilməsi, balacalaşması kimi, bu böyümə, kökəlmə də gündən-günə bir neçə millimetr, beş-on qram olduğundan, nə özləri, nə də başqaları onların hər gün bir az da yekələrək div boyda olduqlarını hiss etdirirlərmiş. Boyları qüllə qədər uzanır, gövdələri gəmi qədər iriləşirmiş.

Fəqət o ölkədə böyüyənlərin sayı zəifləyib kiçilənlərin sayına bərabər deyilmiş. İkisinin də  sayı bir-birinə bərabər olmurmuş. Beş-onu kiçiləndə ancaq bir adam böyüyürmüş. Zəiflərin uşaqları da zəif, fındıq boyda doğulmağa başlayır. Buna baxmayaraq, irilərin uşaqları da fil balası qədər böyük, iri doğulurlarmış.

Anadan kiçik olanlarla böyük doğulanlar bu işin elə o cür də gəlib, belə də gedəcəyini sanar, bunda heç bir ayrı-seçkilik, qeyri-adilik, pis əlamət görməzlərmiş. Görmədikləri kimi də kiçilənlər özlərindən daha kiçiklərə baxaraq “Allah, buna da şükürlər olsun, kiçikdən də kiçiyi var. Mən yenə yaxşıyam!” – deyə özlərinə təskinlik verərmişlər.

Gündən-günə iriləşənlər də özlərindən daha irilərini gördükcə “Allah, məni ondan daha iri et!” – deyə yalvarırlarmış. Allah da diləklərini, yalvar-yaxarlarını eşidər, onları gündən-günə şişirər, elə hey şişirərmiş. Bir zaman gəlmiş ki, şişmanlaşanlar, iriləşənlər oturduqları evlərə, yatdıqları yataqlara, keçdikləri yollara sığmazmışlar. Hər nə etsələr də, ayaqları yorgandan çölə çıxdığından, yorganlarını ayaqlarına görə uzatmağa, yolları gövdələrinə görə açmağa, evlərini də boylarına görə böyütməyə başlamışlar.

Bir zaman gəlmiş ki, açdıqları yollardan da keçə, böyütdükləri evlərə girə, uzatdıqları yorğanlarına da sığa bilməmişlər. Yenidən evlərini, yollarını, yorğanlarını böyütmüşlər. Meydanlar kiçik gəlmiş, meydanların da arasını açmışlar. Yaşadıqları şəhər kiçik gəlmiş, şəhərdən səhralara qaçmışlar. Yayıldıqca yayılmışlar, köçdükcə köçmüşlər.

Kiçilənlər də kiçildikcə kiçilmiş, xırdalaşdıqca xırdalaşmışlar, artıq elə olmuş ki, bir müddətdən sonra kimisi ev yerinə qarpız qabığına, kimisi qoz, kimisi də fındıq qabığına girmişlər. İş bununla da qurtarmamış, bir müddətdən sonra kiçilə-kiçilə itməyə başlamışlar. Gözlə görünməz olmuşlar. Ancaq mikroskopla baxanda görmək mümkün olarmış.

Bütün bu olub-keçənləri hər kəs adi bir şey sanar, heç biri gileylənməzmiş.

Beləcə zaman keçmiş, iriləşənlərin iriləşməsi, şişmanlaşanların şişmanlaşması dayanmış. İş bununla da bitməmiş, onlar da kiçilməyə, balacalaşmağa başlamışlar. Gündən-günə arıqlayırlarmış. Amma arıqlamaqları şişmanlaşmaları kimi yavaş-yavaş deyil, birdən-birə olurmuş. Əvvəllər gündə bir-iki millimetr uzandıqları halda, indi gündə qəfildən bir-iki qarış qısalırlarmış. Əvvəllər gündə bir neçə qram şişmanlaşdıqları halda, indi gündə beş-on qram birdən arıqlayırlarmış. Boyu beş metr, ağırlığı iki ton olanlar gecə yatır, səhər boyları iki metr, çəkiləri iki yüz kiloyla oyanırlarmış. Nəhənglər böyük sürətlə əriməyə başlamışlar. Bir zaman gəlmiş ki, artıq bir-birlərini belə tanımır, aynadakı surətlərindən qorxurlarmış. Çox qorxuya düşürlər. Kiçilə-kiçilə tamamilə yox olmağın qorxusundan intihar edənlər belə peyda olmuşdu. Bir-bir özlərini öldürürlərmiş. Şəhərin hər yanında ağlaşma, bağırtı göyə ucalırmış:

– Arıqlayırıq!..

– Əriyirik!…

– Yox oluruq!..

Ağlamaq, sızlamaq, qışqırmaqsa işə yaramazmış. “Büsbütün ortadan yox olub getməzdən əvvəl ağlımızı başımıza toplamalıyıq. Balacalaşmağımızın qabağını alan bir çıxış yolu tapmalıyıq!” – deyə onlar düşünürlər. Artıq şişmanlaşmaqdan, böyüməkdən qalanlar olduqları kimi yaşamaq istəmişlər. Həkimlərə müraciət etmişlər. Həkimlər onlardan da pis vəziyyətdəymiş. Hər kəs öz başına çarə axtarırmış. Göz görə-görə kiçilir, əriyirlər. Bu, elə amansız bir epidemiyaymış ki, yoluxandan başqasına keçirmiş.

Həkimlər çoxlarına köklük dərmanları vermişlər, sümükləri möhkəmlədən iynələr vurmuşlar. “Bol-bol yeyin!” – söyləmişlər. “Kədərlənməyin, canınızı sıxmayın!” – demişlər. Ancaq bütün bunların heç bir faydası olmazmış. O zaman bu ölkədə yaşayanlar düşünüb-daşınmışlar: “Başqa bir ölkədən, dərdimizə dərman tapacaq bir mütəxəssis axtaraq!” – demişlər.

Düşündükləri kimi də edib dünyanın ən məşhur şişmanlaşma üzrə mütəxəssisini öz ölkələrinə dəvət edibmişlər. Həkim gəlmiş, kiçilənlərə, xırdalaşanlara baxıb:

– Bu yeni bir xəstəlik deyil, – demiş, – o bəla dünyanın başqa yerlərində də görünüb. Hər nə qədər epidemik bir xəstəlik olsa da, qabağın almaq olar. Aranızda bir müddət yaşayacağam. Nə etsəm, siz də gözünüzü, qulağınızı açın, məni təkrarlayın. Görəcəksiniz ki, mənim kimi davransanız, həm zəifləmə, kiçilmə, həm kökəlmə dayanacaq … Necəsinizsə, elə də qalacaqsınız.

Bunu söylədikdən sonra onların gözləri qarşısında özünü ölçmüşdü: ağırlığı 75 kilo, boyu da 1.79 metr olmuşdu.

O ölkədə yaşayanlar həkim nələr edəcək deyə, gözlərini ondan ayırmamışlar. Hamısının gözü-qulağı onda olurmuş. Həmişə ona baxırlarmış. Həkim o ölkədə qırx gün, qırx gecə qalıbmış. Sonra əhalini  toplayıb:

– Bu qədər vaxtda aranızda yaşadım. Nələr etdiyimi gördünüz, siz də mənim kimi edib, mənim kimi yaşasanız, bu dərddən xilas olarsınız, – söyləmiş. Deyibmiş, amma, o ölkədə yaşayanlar həkimin özlərindən fərqli nəsə bir şey etdiyini görməmişlər. Görsələr də, anlaya bilməmişlər. Həkim:

– Budur baxın, yenə gözünüzün qarşısında yoxlayıram, – demiş və ölçmüş, yenə ağırlığı 75 kilo, boyu 1.79 metr olmuş … Necə gəlmişdisə, yenə də elədi. Nə şişmanlamış, nə də zəifləmişdi. O ölkədə yaşayanlar tamamilə çaşmışlar. “Bu həkim  bizim gördüyümüz işlərdən başqa nə etdi ki, heç arıqlamadı, qısalmadı?” -demişlər.

Həkim gəmiyə minib o ölkədən ayrılarkən:

– Anladınızmı? – soruşmuş, – mən nə etdimsə, siz də onu təkrarlayın! Allaha əmanət olun.

Həkim bir gecə yuxusuz qaldığına görə bu sözləri söylədikdən sonra dili görünənə qədər ağzını açıb, bir dəfə əsnəmiş.

O ölkədə yaşayanlar bunu görüncə, hamsı bir ağızdan sevincək bağırmışlar:

– Oldu …

– Həkim əsnədi…

– Həkim gərildi…

– Arıqlamadığının səbəbini indi anladıq…

– Həkim nə etdisə, biz də onu edək…

O gündən sonra o ölkədə yaşayanlar “həkim əsnədi, gərildi” deyərək dayanmadan əsnəməyə, gərilməyə başlamışlar. Həqiqətən də arıqlamaları, kiçilmələri, qısalmaları dayanıbmış. İriləri iri, balacaları da kiçik qalmış, heç bir dəyişmə olmamışdı. Çünki əsnəməkdən, gərilməkdən vaxt tapa bilməmişlər ki, kiçilsinlər, balacalaşsınlar, ya da böyüyüb iriləşsinlər… Həmişə əsnəyir, həmişə gərilirlərmiş…  /"Ədəbiyyat qəzeti"/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.