İlqar Fəhmi - Təəccüb etmərəm heç, duam geri qayitsa..
14.10.16
Avanqard.net şair İlqar Fəhminin "Yeni əruz eksperementləri" silsiləsindən olan qəzəlini təqdim edir.
Səsində bir kədər var, yaman soyuqdu... Buludlar od-alovda, duman soyuqdu...
Nə vaxtdi ki günəş yox, görünməyir ay-ulduz, Adamların içi buz, zaman soyuqdu...
Donan məhəbbət içrə, yatıb qalıbsan, ey dil. Deyən də yoxdu, "qafil, oyan, soyuqdu"...
Kiçikləşib HƏQİQƏT, sığışdı bir bələkdə, "Yəqin" əsir küləkdə, "Güman" soyuqdu...
Ürək yaman dəyişkən, dayanmayır yerində, Bir an alov içində, bir an soyuqdu ...
Təəccüb etmərəm heç, duam geri qayitsa... Minarə od da tutsa, azan soyuqdu...
Həyat budursa Fəhmi, nə altı var, nə üstü, Görən hayandı isti, hayan soyuqdu?
Oktyabr, 2016
|