İtalo Kalvino - Şairin əhvalatı
10.10.16

(L`avventura di un poeta, 1958)
 
Hekayə
     
Bu balaca adanın sahillərini hündür, sıldırım qayalar əhatəyə almışdı. Yuxarıda, yaxınlıqda dəniz olmasına baxmayaraq müqa-vimət göstərib boy atan sıx və alçaq kollar bitmişdi. Göydə qağayılar uçurdu. Sahilə yaxın balaca, boş və kimsəsiz bir ada idi. Onu adicə bir qayıqda, ya da indi sakitcə avar çəkən o kişiylə, uzanıb özünü günə verən o qadının üzdüyü rezin qayıqda yarımca saata dövrələmək olardı. Adaya yaxınlaşarkən kişi dayanıb diqqətlə qulaq asmağa başladı.
– Nəyə qulaq asırsan? – deyə qadın soruşdu.
– Sükuta, – deyə kişi cavab verdi. – Adalarda həmişə eşidilən bir sükut olur.
Doğrudan da, hər bir sükut onu bürüyən zərif səslər torundan ibarətdir. Adanın sükutu da onu dövrələyən dənizin sakitliyindən seçilirdi, çünki onu bitkilərin xışıltısı, quşların civiltisi, qəflətən açılan qanadların pırıltısı doldururdu.
Aşağıda – qayaların altında, həmin dalğasız günlərdəki dəniz gözqamaşdırıcı bir maviliklə parlayır, günəşin şüaları sulardan keçərək onu dərinliyinə qədər işıqlandırırdı. Qayalarda mağara-ların ağzı qaralırdı. O iki nəfər də mağaralara baxmaq üçün tənbəl-tənbəl o tərəfə üzürdülər.
Bura ölkənin cənub sahilləri, turistlərin ayağı az dəymiş bir yer idi. Bu iki nəfər isə çimmək üçün, dincəlmək üçün buraları seçmiş gəlmələrdilər. Tanınmış şair Uznelli və gözəl bir qadın olan Delia N.
Delia əsil cənub vurğunu idi, onu dəlicəsinə sevirdi. İndi qayıqda uzanmışkən ətrafda gördüklərindən heyrətlə danışır, hətta, bu yerlərdə təzə adam olan və onun heyrətinə o qədər də şərik çıxmayan Uznelli ilə bununla bağlı mübahisə də edirdi.
– Gözlə, – deyə Uznelli söyləyirdi, – bir az da gözlə.
– Nəyi gözləyim? Axı sənə bundan da gözəl nə lazımdır ki? – deyə Delia etiraz edirdi.
Hislərə və başqaları tərəfindən deyilmiş sözlərə inam bəslə-məyən (öz təbiətinə və təfəkkür tərzinə görə), məlum və şəksiz gözəllikdən daha çox gizlin və tanınmamış gözəlliyi axtaran Uznellinin əsəbləri daima gərgin olardı. Onunçün xoşbəxtlik daimi tərəddüddə, nəfəs çəkmədən yaşamaqda idi. Delianı sevdiyi vaxtdan bəri o, həyata təəmkinli münasibətinin təhlükədə olduğunu görürdü, amma heç nədən – nə özündən, nə də qarşısında açılan bu xoşbəxtlikdən keçmək istəmirdi. " Indi o, daima nəyinsə intizarında idi; sanki təbiətin yetişdirdiyi bu kamilliyin hər pilləsi – suların oynaq maviliyi də, sahilin tutqun boz rəngə çalan yaşıllıqları da, dənizin ən durğun yerində su səthini yaran balıq üzgəcinin titrəyişi də daha yüksək bir pillənin ərəfəsi idi. Bu pillədə üfüqün gözəgörünməz xətti sanki mərcan qabının ağzı kimi açılır, bir anın içində yeni bir dünya görünür və ya yeni bir söz eşidilirdi.
Qayıq bir mağaraya girdi. Mağaranın geniş ağzı suları mavi-yaşıl rəngli gölə açılır, üstü hündür, qaya qübbə ilə örtülürdü. Bir qədər irəlidə mağara daralıb qaranlıq keçidə çevrilirdi.
Uznelli işığın müxtəlif çalarlarına baxıb zövq almaqdan ötrü qayığı öz oxu ətrafında fırladırdı. Bayırdan, qübbənin qopub düşmüş açıq yerindən mağaranın qaranlığı ilə təzadda daha rəngarəng işıqlar parlayırdı. Orada sular bərq vurur, tavanda işıq topaları əks olunur, irəlidən, onlarla təzadda yumşaq kölgələr uzanırdı. İşıq zolağı və parıltılar mağaranın divarlarında titrəyib suların titrəyişini də əks etdirirdi. Delia dedi:
– Burada Tanrıları dərk edirsən.
– Hm, – deyə Uznelli təsdiq etdi.
O, əsəbiləşirdi. Hisləri sözə çevirməyə adət etmiş şair indi bircə söz belə ifadə edə bilmirdi.
Onlar bir qədər də irəli üzdülər. Qayıq xırda sualtı qayadan adladı. İndi onlar avarlar çəkildikcə görünüb yoxa çıxan tək-tük işıq zolaqlarının  arasıyla üzürdülər. Ətrafsa qaranlıq idi. Avarlar elə hey mağaranın divarlarına toxunurdu. Üzü çıxışa tərəf əyləşmiş Delia səmanın daim öz görünüşünü dəyişən mavi gözünü görürdü.
– Xərçəng! Yekə xərçəng! Bax, orada! – deyə Delia yerindən qalxaraq çığırdı.
–   .. çəng! daaa! – əks-səda gurladı.
– Əks-səda! – deyə Delia sevincək üzünü tavana doğru tutub ucadan dua sözləri, şeir misraları, fikrinə nə gəldi oxumağa başladı.
–Sən də! Sən də çağır, ürəyində bir arzu tut, əks-sədanı çağır, – deyə o, Uznelliyə müraciət etdi.
– O... o... o... Eheyyy... – Uznelli ucadan əks-sədanı səslədi.
Qayıq elə hey divarlara toxunur, qaranlıq artırdı.
– Qorxuram. Kim bilir, burada nə qədər heyvan var, – deyə Delia təşvişə düşdü.
– Bir qədər də gedək, – deyən Uznelli hiss etdi ki, onu dərin sularda yaşayan, işıqdan qaçan balıq kimi nəsə elə hey qaranlığa doğru çəkir.
– Qorxuram, qayıdaq, – Delia təkid etdi.
Düzü, qorxulu şeylərdən zövq almaq Uznelliyə də yad bir hiss idi. O, qayığı geri döndərdi, mağaranın genişləndiyi yerə, dəniz suyunun tünd mavi rəngdə olduğu yerə qayıtdılar.
– Burda səkkizayaqlı  ilbiz olmur ki? – deyə, Delia soruşdu.
– Olsaydı görərdik. Su şəffafdır, – Uznelli dedi.
– Onda mən çimirəm.
Delia qayıqdan sürüşüb suya girdi, qayıqdan təkanla aralanıb bu yeraltı göldə üzməyə başladı. İndi onun bədəninin rəngi gah ağ (elə bil işıq şüaları bədəninin bütün rənglərini silib aparırdı), gah da onu bürüyən suların rəngi kimi maviyə çalırdı.
Uznelli daha avar çəkmirdi. O, yenə nəfəs almadan yaşayırdı. Onunçün Delianı sevmək həmişə bu cür, bu mağara gölünün ayna suları üzərində sükut dünyasına qərq olmaq kimi idi. Yeri kəlmişkən, onun bütün şeirləri arasında bir dənə də olsn sevgi şeiri yox idi, bircə dənə də.
– Yaxına üz, – Delia onu səslədi.
Delia suda dayanaraq sinəsini örtən nazik, zərif parçanı açıb qayığa tulladı.
– Gözlə...
O, budlarını örtən o biri parça qırığını da soyunub Uznelliyə ötürdü.
İndi Delia tamam çılpaq idi. Sinəsindəki və budlarındakı gün dəyməmiş xətlər demək olar ki, görünmürdü, çünki indi onun bədənini meduzanınkı kimi mavi bir parıltı işıqlandırırdı. O, yanı üstə, tələsmədən üzürdü. Sudan təkcə onun başı, hərdənbir də kürəyinin dairəvi və irəli atılmış qolunun yüngül cizgiləri görünürdü. O biri qolu zərif hərəkətlərlə, ucları gərilmiş hündür döşlərinin üstünü gah açır, gah da örtürdü. Ayaqları tələsmədən suda oynayır, qum üstündəki yumşaq izə oxşayan göbəyinin göründüyü hamar qarnını və canlı dəniz varlığına bənzəyən qara ulduzu sezdirirdi. Günəşin şüaları suyun altında əks olunaraq onun bədənini bürüyür, çılpaqlığını gah örtür, gah da tamam büruzə verirdi.
İndi Delia sanki üzmür, rəqs edirdi. O, suyun içində, Uznelliyə gülümsəyərək, kürəklərini və qollarını dairəvi hərəkətlərlə rəqs etdirərək əllərini ona tərəf uzadırdı. Dizlərini qatlayanda isə balaca balığa oxşayan qövsşəkilli xırda ayağı  sudan çıxıb görünürdü.
Qayıqda oturmuş Uznellinin bütün nəzərləri Deliaya dikilmişdi. O, başa düşürdü ki, indi talenin ona bəxş etdiyi bu gözəlliyi görmək, günəşin ən parlaq guşələrini seyr edə  bilmək kimi hər adama qismət olmayıb. İndi orada, günəşin parlaq dərinliklərində sükut hökm sürürdü. Bu an burada baş verənləri heç nə ilə –  xatirə ilə də ifadə etmək mümkün deyildi.
İndi Delia arxası üstə, günəşin şüaları altında mağaranın çıxışına tərəf üzürdü. O, əllərini yavaşca tərpədərək açıqlığa doğru irəliləyir, üzdüyü sular öz maviliyini dəyişir, daha parlaq, daha işıqlı olurdu.
– Ehtiyatlı ol! Geyin! O tərəfdən qayıqlar yaxınlaşır.
Delia artıq mağaranın ağzındakı qayaların arasıyla, açıq səmanın altında üzürdü. O, dərhal çevrildi, suya çöküb, əlini uzatdı, Uznelli həmin parça qırıq larını ona ötürdü. Delia suyun içində geyinib qayığa qalxdı.
Yaxınlaşan qayıqlar balıqçıların idi. Uznelli onlardan bəzisini üzdən tanıyırdı. Onlar bu qayalıqlarda açıq havada gecələyən, bütün balıq mövsümünü bu yerlərdə keçirən bədbəxtlərdən idilər. Uznelli qayığı onlara tərəf sürdü. Avar çəkən cavan bir oğlan idi; dişi ağrıdığından görkəmi çox tutqun görünürdü. Ağ dənizçi papağını gözünün üstünə qədər çəkmişdi; elə qəzəblə avar çəkirdi ki, elə bil hər avar çəkildikcə ağrısı bir az azalırdı. O, beş uşaq atası, ümidsiz həyat keçirən bir adamdı.
Dal tərəfdə, sükanın arxasında yaşlı kişi əyləşmişdi. Meksikasayağı həsir papağının ətəkləri arıq sifətini, çuxura düşmüş yumru gözlərini parlaq halə kimi dövrələyirdi. Bir vaxt bu gözlərdəki cavanlıqdan gələn lovğalıq indi yalnız gülünc sərxoş baxışlarına çevrilmişdi; hələ ağarmamış sıx bığları açıq qalmış ağzının üstündən sallanırdı. O, indicə tutduğu kefal balığını təmizləməklə məşğuldu.
– Ovunuz yaxşıdırmı? – deyə Delia ucadan soruşdu.
– Pis deyil, – deyə  balıqçılar cavab verdi. – Mövsümdən asılıdır.
Delianın yerli adamlarla söhbət etməkdən xoşu gəlirdi. Uznellinsə yox (“Onların qarşısında özümü elə hiss edirəm ki, sanki vicdanım təmiz deyil”, – deyə o, çiyinlərini çəkərək, fikrə gedirdi).
İndi rezin qayıq balıqçıların qayığı ilə yan-yana üzürdü. Balıqçıların qayığı rəngini itirmişdi, xırda çatdaqlardan cadar-cadar olmuş kənarları aydın görünürdü. Kəndir parçası ilə yerinə bərkidilmiş avarlar hər dəfə suya girib-çıxdıqca qayığın kənarlarına dəyib cırıldayırdı. Ensiz skamyanın altından dördqarmaqlı lövbər görünürdü. O, kim bilir, nə vaxtdan tora yapışmış qırmızımtıl dəniz otlarının basdığı hörmə söyüd torunun içində ilişib qalmışdı. Kənarlarına yumru, mantar qaravullar düzülmüş, taninlə rənglənmiş tor topalarının üstündə gah tutqun boz, gah da parlaq firuzəyi rəngli pullarının tikanlı zirehləri parlayan balıqlar vurnuxur, hər titrəyişdən açılan qəlsəmələrin altından qanlı üçbucaqlar qızarırdı.
Uznelli yenə də sükuta qərq olmuşdu. Ancaq insan dünyası ilə üz-üzə gəldiyi zaman onda oyanmış bu sıxıntı bir qədər əvvəl təbiət gözəlliyinin onda oyatmış olduğu sıxıntının tam əksi idi. Onda Uznelli bircə kəlmə belə axtarıb tapa bilmirdi. İndi isə sözlərlər dəstə-dəstə, yığın-yığın beyninə dolurdu. İndi o bu sözlərlə qoca balıqçının arıq, qırxılmamış üzündəki hər xırda nöqtəni, hər xırda tükü, kefal balığının üstündəki hər gümüşü pulu belə təsvir edə bilərdi.
Sahilə çıxarılmış başqa bir qayıq üzü üstə çevrilib hündür, çatıq ayaqlı taxta qurğunun üstünə qoyulmuşdu. Onun altındakı kölgəlikdən gecə dənizə çıxan, yatmış balıqçıların yalın ayaqları görünürdü. Yaxınlıqda üzündə bircə ifadə belə oxunmayan qara paltarlı qadın balaca qazançanı, tüstüsü burulub göyə qalxan, bir topa yosunun yandığı tonqalın üstünə qoyurdu. Bu buxtanın sahilləri bozumtul və daşlıq idi. Bozarmuş rənglər kimi görünən ləkələr sahildə oynaşan uşaqların sərilmiş döşlükləri idi. Uşaqlardan lap kiçiklərinə elə hey onlardan şikayət edən böyük bacıları baxırdı. Bir qədər yaşlıları və diribaşları isə kişilərin köhnə şalvarlarından biçilmiş qısa tumanda qayaların arasıyla, sahil boyu ora-bura qaçırdılar.
Daha irəlidə sonu seyrək qamışlıqda, becərilməyən torpaqlar-da itib gedən hamar, ağappaq və kimsəsiz çimərlik uzanırdı. Bayramsayağı, ancaq papağına qədər qara geyinmiş bir cavan oğlan çiynində boğça bağlanmış ağac, torpağın kövrək üst qatını ayaqqabısının dəmir dabanı ilə əzə-əzə, sahil boyu irəliləyirdi. Yəqin ki, dənizdən qıraqda yaşayan kəndli idi, ya da çoban; sahilə də bazarlıqdan ötrü enmiş, yolunu sərin meh əsən çimərlikdən salmışdı. Orada dəmir yolunun relsləri boyunca qum təpələri, dirəklər, arası açıq qalan taxta hasarlar görünürdü; sonra relslər tunelin girəcəyində itir, bir qədər irəlidə tunel qurtaran yerdə yenə görünərək əyri xətlər kimi uzanıb gedirdi. Dəmiryolu boyunca düzülmüş alabəzək dirəklərdən yuxarı alçaq zeytun meşəsi uzanır, daha yuxarıda – dağın ətəkərində otlaqlar, kolluq-lar, tənha daşlar görünürdü. İki dağ qolunun arasıyla, yarğana bitişik balaca bir kənd yuxarıya doğru baş alıb gedirdi. Ortasında qatır peyininin axıb getməsi üçün düzəldilmiş novlar olan daş döşənmiş və pilləkən kimi qalxan küçələrlə bir-birindən ayrılan, üst-üstə tikilmiş evlər vardı. Bu evlərdən hər birinin qarşısında bir neçə qoca qadın əyləşmişdi. Daş hasarın üstündə isə cavanlı-qocalı kişilər – hamısı da ağ könəkdə – sırayla oturmuşdular. Pilləkənli küçələr arasında uşaqlar oynayırdı, bir qədər yaşlı oğlan uşaqları isə yanaqlarını pillələrə söykəyib, oradaca uzanıb yatmışdılar, çünki buranın havası üfunətli evlərin havasından  daha təmiz idi. Hər yer bulud topası kimi uçuşan milçəklərlə dolu idi; bütün divarlar, ocaqların üstündən asılmış qəzet örtüklərinin üstü milçəklərin saldığı qara nöqtələrlə dolu idi.
İndi Uznellinin beyninə yeni-yeni sözlər girirdi; bu sözlər bir-birinə sıxılır, bir-birinin üstünə çıxır, misraların arasındakı boşluqlara doluşaraq, nəhayət, bir-birinə qovuşurdular. İndi onlar qarışıq bir söz topasına çevrilmişdilər; orada zərrə qədər də olsun boş yer qalmamışdı – təkcə qara, qapqara söz topası; zülmət kimi qaranlıq, fəryad kimi ümidsiz...


 İtalyan dilindən tərcümə edən: Cəmşid Cəmşidov
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.