Bədirxan Əhmədov - Azərbaycan mühacirət ədəbiyyatının təşəkkülü, problemləri və şəxsiyyətləri - I məqalə
10.10.16

"Azərbaycan mühacirət ədəbiyyatı" Beynəlxalq simpoziumunun (Bakı, 25-29 mart 1991) 25 illiyinə


Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq siyasi hadisələr fonunda mühacirət ədəbiyyatına böyük maraq yarandı; Azərbaycan mühacirətinin nümayəndələrinin yaradıcılığı haqqında məqalələr yazıldı, intensiv araşdırmalar aparıldı.

Həm zamanın diqtəsi, həm də Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayevin təşəbbüsü ilə "Azərbaycan mühacirət ədəbiyyatı" (Bakı, 25-29 mart) beynəlxalq simpoziumu çağırıldı. Simpoziumda dinlənilən Azərbaycan və Türkiyənin görkəmli elm adamlarının  siyasi və ədəbi mühacirətlə bağlı məruzələrində ilk dəfə olaraq adı yalnız tədqiqatçılara məlum olan mühacirət nümayəndələrinin yaradıcılığı və əsərləri təhlil edildi. Həmin vaxtdan keçən iyirmi beş ildə Azərbaycan mühacirətinin görkəmli nümayəndələri M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Gültəkin, A.İldırım, T.Atəşli, A.Dağlı, C.Hacıbəyli, Ü.Banin, Ə.Yurdsevər, Ə.Cəfəroğlu, B.E.Ağaoğlu, M.Əsəd bəy və b. yaradıcılığı təhlil edilmiş, əsərləri dərc edilmişdir. Lakin mühacirət ədəbiyyatı və onun nümayəndələrinin ədəbi-bədii irsi tam olaraq nəşr edilmədiyi kimi, yaradıcılığı da elmi-nəzəri cəhətdən əsaslı şəkildə tədqiq edilməmişdir. Mühacirət ədəbi-bədii irsinin zənginliyi və müxtəlifliyi hər zaman problemi aktuallaşdırır. Elə buna görə də Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəylinin təşəbbüsü ilə "Azərbaycan mühacirət ədəbiyyatı" simpoziumunun 25 illiyi münasibətilə ikinci bir beynəlxalq elmi simpoziumun bu ilin oktyabrın 10-11-də keçirilməsi nəzərdə tutulmuşdur.

Birinci simpoziumdan keçən müddətdə totalitar sovet rejiminin ideoloji buxovundan kənarda yaranan, milli düşüncə və iradəni fərqli şəkildə, fərqli siyasi prizmadan təsvir edən mühacirət ədəbi, bədii düşüncəsi çağdaş ədəbi-nəzəri fikrin əsas tədqiqat obyektlərindən oldu. Çox az bir zamanda mühacirət ədəbiyyatı nümayəndələrinin əsərləri vətəndə yenidən çap olundu, onların barəsində məqalələr, monoqrafiyalar yazıldı, dissertasiyalar müdafiə olundu. Tədqiqatçılardan M.Əliyev, Elçin, Ə.Mirəhmədov, K.Talıbzadə, B.Nəbiyev,  V.Quliyev, V.Sultanlı, X.İbrahimli, M.Süleymanlı, A.Tahirli, A.Rüstəmli, Ə.Şamil, N.Atəşi, R.Məcid, A.Turan, Ş.Hümmətova və b. məqalə və monoqrafiyalarında mühacirət ədəbiyyatı və məsələləri geniş təhlil olunmuşdur.  Bununla belə, arxada qalan bu mərhələdə dərc edilən ədəbi, bədii əsərlər, tədqiqatlar mühacirət ədəbiyyatı probleminə yenidən nəzər salmağı, elmi-nəzəri cəhətdən fundamental araşdırmanı şərtləndirir. Məhz bu kontekstdən Azərbaycan mühacirət ədəbiyyatının təşəkkülü problemlərini araşdırmaq çağdaş ədəbiyyatşünaslığımızın əsas vəzifələrindəndir. Çünki hələ də mühacirət ədəbiyyatının təşəkkülü, formalaşması, mərhələləri, xarakteri və yanaşma meyilləri ilə bağlı problemlər həll edilməmiş qalır. İndi mühacirət ədəbiyyatının araşdırılmasının yeni mərhələsi gəlmişdir; necə deyərlər, təsvirçilik və məftunluq mərhələsi arxada qalmış, fundamental araşdırma və nəzəri təhlil dövrü çatmışdır.

Mühacirət ədəbiyyatı yalnız Azərbaycan bədii düşüncəsinə məxsus olmayıb, dünya xalqlarının bir çoxunun ədəbiyyatının əsas xüsusiyyətlərindəndir. Almaniya, Avstriya, Portuqaliya, Polşa, Macarıstan, Hollandiya, Yunanıstan, Çin, Suriya, Livan, Əfqanıstan, Argentina, Uruqvay və b. ölkələrdə mühacirət bu və ya digər şəkildə baş vermişdir. Bir sözlə, mühacirət hadisəsindən yan keçən xalq və onun ədəbiyyatını tapmaq çox çətindir. Yalnız Amerika və ingilis ədəbyyatında mühacirətin olması ilə bağlı materiallara rast gəlmək olmur. Bununla belə, düşünürük ki, mühacirət bu ölkələrdən də yan keçməmişdir. Bu mühacirətlərin çoxu XX əsrdə müharibələr, siyasi sistemlərin dəyişməsi nəticəsində baş verib. Almaniyada faşizmin əlindən baş götürüb mühacirət həyatı yaşayanlar çox olmuşdur. Xüsusilə keçmiş Sovet siyasi sisteminə daxil olan xalqların hər birinin bədii düşüncəsində mühacirət hadisəsi, bu və ya digər şəkildə baş vermişdir. Burada rus mühacirət ədəbiyyatı əsas yerlərdən birini tutur. Rus xalqı ötən əsrdə dörd mühacirət dalğası yaşayıb; 1917-30-cu illər, 1941-1945-ci illər, 60-cı illərin sonları. Bu mühacirət nümayəndələrinin bir neçəsi (A.Belıy, A.Kuprin, M.Svetayeva, A.Zinovyev, A.Soljenitsın və b.) bir müddət sonra geri-vətənə dönmüşlər. Rus inqilabından sonra M.Qorki də bir müddət mühacirətdə yaşamış və bu dövr onun yaradıcılığında mühacirət dövrü kimi səciyyələnir. Rus mühacirət ədəbiyyatının nümayəndələrindən V.Nabokov və A.Soljenitsın Nobel Sülh mükafatına layiq görülmüşlər. Əgər rus mühacirət ədəbiyyatının nümayəndələri Avropa və Amerikaya üz tutmuşlarsa, bəzi avropalı mühacirlər isə keçmiş Sovetlərə sığınmışlar. İohennas Bexer keçmiş Sovetlərə mühacirət etsə də, bir müddət sonra geri dönmüşdür. Xilda Domin isə Almaniyadan iki dəfə mühacirət etməsinə rəğmən, sona qədər qərar tuta bilməmiş, ölkəsinə qayıtmışdır. Almaniyadan iyirmiyədək məşhur yazıçı və şairin mühacirətə getməsi, şübhəsiz, siyasi sistemə etiraz fonunda baş vermişdi. Maraqlıdır ki, mühacirət dalğası ən çox Rusiyada (eləcə də keçmiş Sovetlər İttifaqında), Almaniyada, Kubada və Polşada baş vermişdir. Avropa və Amerikada formalaşan rus, Amerikada formalaşan ərəb mühacir ədəbiyyatı komparativist araşdırma kontekstində daim tədqiqat obyekti olmuşdur. Burada yaranan mühacirət ədəbiyyatları milli bədii düşüncəni tamamlayan və bütövləşdirən bir amil olaraq tədqiqata cəlb edilmiş, öyrənilmişdir. Son yüzillik həm də mühacirət ədəbi, bədii düşüncəsinin araşdırılması üçün yeni bir mərhələ olmuşdur.  Bu mərhələdə artıq müxtəlif coğrafiyalarda, çeşidli şərtlər altında yaranan mühacirət irsi (istər siyasi, istərsə ədəbi, kulturoloji) yenidən mənsub olduğu xalqa (və vətənə!) dönür. Ötən əsrin 80-ci illərindən mühacirət ədəbiyyatına maraq artır. Əgər sovet sistemində ölkədən xaricdə çap olunan ədəbi-bədii nümunələr düşmən ədəbiyyatı adlanaraq onun müəllifi damğalanırdısa, sistemin çöküşündən sonra mühacirət irsinin milli irsin bir hissəsi olaraq araşdırılması prosesi başladı. Doğrudur, bu irsə maraq əvvəlcə o qədər də isti olmamışdır, hətta mühacirət irsini öyrənməklə bağlı birmənalı münasibət yox idi. Belə ki, tənqidçi Mark Slonim mühacir ədəbiyyatının canlı, inkişaf edən bir tam kimi mövcud olmasına şübhə ilə yanaşır, bir qədər də dəqiqləşdirsək, onu ümumi ədəbiyyatın yalnız bir qolu hesab edirdi. O, yazırdı: "Ancaq, xoşbəxtlikdən, mühacirət ədəbiyyatı ümumi gövdə üçün yalnız  bir qoldur. O sağdır, çünki  gövdəsi sağdır; o, onun şirəsi ilə qidalanır, inkişaf edir və əgər həmin mübadilə varsa doludur və əksinə, əgər mübadilə dayanırsa onda o, quruyur"(Слоним М. Живая литература и мертвые критики // Литература русского зарубежья. Т. 1. Кн. 2. М., 1990. c. 385) .

Lakin bir çox tədqiqatçılar daha irəli gedərək mühacirət irsinin xalqın ədəbi düşüncəsinin bir parçası olması ilə bağlı fikirlər də səsləndirirdi. Ədəbiyyatşünas Q.Struve yazırdı: "Bu mühacir rus ədəbiyyatı müvəqqəti olaraq kənarda qalmış ümumrus ədəbi cərəyanıdır və zaman gələcək bu cərəyan ümumrus ədəbi axınına qovuşacaq.  Və bu  Rusiyadaxili cərəyanlardan fərqli olaraq  Rusiyadan kənarda, ayrıca axan çayın suları ümumi məcranın zəngin     ləşməsinə səbəb olacaq" (Струве Г.П. Русская литература в изгнании. 3-е изд., испр. и доп. Париж; М., 1996, c. 22).  Qleb Struvenin sözlərinə görə “müvəqqəti olaraq ümumrus ədəbi cərəyanına tərəf  yönələn cərəyan bu cərəyanın ümumi mənbəyinə” qarışaraq onun sifətini dəyişmişdir. Ona görə  rus ədəbiyyatını tam formada, zəngin rus mühacir mənəvi irsini nəzərə almadan təqdim etmək mümkün deyil. Rusiya mühacirəti fenomeni XX yüzillikdə baş verən Rusiya üçün faciəvi hadisələrlə bağlı idi və rus mədəniyyətinin özünəməxsus qarantı rolunu oynayırdı.

Ayrı-ayrı xalqların mühacirət ədəbiyyatı haqqında nəzəri araşdırmalardan aydın olur ki, mühacirət ədəbiyyatı milli ədəbiyyatın ayrılmaz tərkib hissəsi olmaqla müxtəlif dövrlərdə və formalarda təzahür etmişdir. Mü­ha­ci­rət ədə­biy­ya­tının dövründən, zamanından və şəxsiyyətlərindən, yazdıqlarının məzmunundan asılı olmayaraq milli ədə­bi-bə­dii fik­ri zən­gin­ləş­di­rən və çox­çe­şid­li edən fak­tor­lar­dan bi­ri­dir. Artlq hamı tərəfindən qəbul edilmişdir ki, bir çox hallarda vətənində "düşmən ədəbiyyatı" kimi qələmə verilən bu ədəbi-bədii irs xalqın ümummilli irsinin ayrılmaz bir hissəsidir. Mühacirət ədəbiyyatı bir neçə cəhətdən milli ədəbiyyata zənginlik gətirir:

-birincisi, milli ədəbi prosesdən kənarda yaranmasına rəğmən, onu təmsil edir və yaşadır;

-ikincisi, milli ədəbiyyatın mövzu və problematika konturlarını, yayılma arealını genişləndirir və zənginləşdirir;

-üçüncüsü, milli ədəbiyyatın dünya ədəbiyyatı ilə bağlılığına geniş imkan yaradır;

-dördüncüsü, milli ədəbiyyat fərqli dünyagörüşlərin (siyasi, ədəbi, kulturoloji və s.) sintezi şəklində meydana çıxır;

-beşincisi, ədəbi-bədii düşüncənin inteqrasiya proseslərini gücləndirir;

-altıncısı, vətəndə yaranan ədəbi-bədii məhsullardan fərqli səciyyə daşımasına rəğmən, nə zamansa yenidən vətənə dönür və özünəqayıdış funksiyasını yerinə yetirir;

-yeddincisi, milli ədəbiyyatın dil baryerlərini aşaraq daha da zənginləşdirir;         

-səkkizinci, mühacirət ədəbi-nəzəri irsi vətəndə yaranan ədəbiyyata, hadisələrə fərqli baxış sərgiləyir; və s.

Əlbəttə, ümumən mühacirət ədəbiyyatına məxsus bu cür keyfiyyətlərin sayını artırmaq da olardı, araşdırma boyu bu məsələlərə yeri gəldikcə qayıdacağıq. Ancaq bir məsələni xüsusi qeyd etmək gərəkir; Azərbaycan mühacirət ədəbiyyatıının özünəməxsus xüsusiyyətləri, formalaşma prinsipləri, mərhələ və problemləri var. Bu özünəməxsusluqlar içərisində mühacirət anlayışı da xüsusi yer tutur. Azərbaycan mühacirət ədəbiyyatının araşdırma dövriyyəsinə daxil olmasından sonra (ötən yüzilliyin 80-ci illərinin sonları) belə, bu anlayışın milli ədəbiyyat tarixçiliyimizdəki yeri, rolu və mövqeyi hələ də öz həllini tapmayıb: mühacirət ədəbiyyatı dedikdə nə nəzərdə tutulur, onun təşəkkülü, mərhələləri, nümayəndələrinin müəyyənləşməsində hansı prinsiplər götürülür və s.

Məlumdur ki, mü­ha­ci­rə­tin ta­ri­xi, ic­ti­mai-si­ya­si şər­hi müx­tə­lif za­man­lar­da insanların ya toplu, ya da tək-tək bir yer­dən (kö­nül­lü, ya məc­bu­ri) baş­qa ye­rə köç­mə­si ilə müəyyən olunur. Hər şey­dən əvvəl, bu kö­çü (mü­ha­ci­rəti) do­ğu­ran müəy­yən ic­ti­mai, si­ya­si, iq­ti­sa­di amil­lə­rin ol­ma­sı da əsas şərt­lərdəndir. Çox təəssüf ki, bizdə mühacirətin yaranma və formalaşma prinsiplərinə, mərhələlərinə, strukturuna əhəmiyyət verilmir, mühacirətlə bağlı üzdə olan bir-iki məsələdən yapışıb onun sərhədlərini daraldır, daha çox izahlı lüğətdəki bir-iki cümlə ilə kifayətlənirik. Halbuki mühacirət mürəkkəb struktura və xarakterə malikdir.

Mü­ha­ci­rət ta­ri­xi­nə bax­dıq­da mü­ha­cir­li­yin müx­tə­lif sə­bəb­lər­dən (ic­ti­mai, si­ya­si, di­ni, kö­nül­lü və s.) or­ta­ya çıx­dı­ğı ay­dın olur. Bugünün özündə belə mühacirətin müxtəlif formaları təzahür etməkdədir. İndi dünyanın daha qlobal olması mühacirətin xarakterini də dəyişib, mühacirətin yeni formaları yaranıb. İnternet və çap resursları indi yüz il əvvəlki imkanlardan yerlə-göy qədər fərqlidir. Mühacirətdə yaşayaraq vətəndə, vətəndə yaşayaraq mühacirətdə əsərlər də dərc etdirmək mümkün olur.  Əgər sovet dövründə ölkədən kənarda yaranan və ölkədə yazılaraq da kənarda dərc edilən əsərlər mühacirət ədəbiyyatı hesab olunurdusa, indi fərqli yanaşmalar mövcuddur. 1971-ci ildə Fransanın Strasburq şəhərində anadan olan diplomat qızı Əlif Şəfəqin yaşadığı yer həm Türkiyə, həm də Avropadır. O, istənilən vaxt Türkiyəyə qayıda bilir, yaxud Türkiyə qəzetlərində köşə yazısı yazır və mühacir hesab edilmir. "Çarpələng uçuran" romanının müəllifi diplomat oğlu Amerikada yaşayan X.Hüseyni isə mühacirət ədəbiyyatının nümayəndəsi hesab edildiyindən vətəninə dönə bilmir. Əgər ötən yüzilliyin 20-50-ci illərində Sovetlərdə yaşayan yazıçı və şairlərin xaricdə dərc edilən əsərləri mühacirət ədəbiyyatı nümunəsi hesab edilib onun müəllifi damğalanırdısa, bu gün belə bir problem yaşanmır. Bütün bunlar onu göstərir ki, çağdaş dövrdə mühacirətin forma və məzmunu dəyişmişdir. Belə olan halda biz də mühacirət ədəbiyyatı anlayışına yenidən baxmalı, onun konturlarını, sərhədlərini və xarakterini dəqiqləşdirməliyik.

Azər­bay­can mü­ha­ci­rə­ti ədəbiyyatı ta­ri­xi­nin ha­ra­dan baş­lan­ma­sı ilə bağlı ədə­biy­yat­şü­nas­lıq­da­kı elmi qənaətlər də müxtəlifdir. Prof. Va­qif Sul­tan­lının mü­ha­ci­rət ədəbiyyatının tarixini ədəbiyyatımızın tarixi qədər qədim hesab etməsində də prinsip etibarilə müəyyən bir qanunauyğunluq var (Sul­tan­lı V. Azər­bay­can mü­ha­ci­rət ədə­biy­ya­tı, B., 1998, s. 9). Gö­rü­nür, elə bu­na gö­rə­dir ki, prof. V.Sul­tan­lı mühacirətin tarixini qədim ədəbiyyata aparmaqda tamamilə haqlıdır. Xüsusilə Nəsiminin mühacirət ədəbiyyatına aid edilməsi fikrini ən azından inkişaf etdirmək lazımdır. Lakin bəzi dəqiqləşdirmələrə ehtiyac vardır; bəzən qürbət, köç, qaçqın, sürgün ədəbiyyatını da mühacirətin tərkibinə daxil etmək meyillərinə rast gəlinir. Ancaq deməliyik ki, burada bəzi səsləşmələr olsa da, bu nümunələr bütünlüklə mühacirət anlayışını ifadə etmir.

İnsafən prof. V.Sultanlı prinsip etibarilə doğru yoldadır, mühacirət ədəbiyyatının tarixi ilə bağlı müəyyən elmi qənaətləri tamamilə doğrudur. Ancaq sonrakı mühacirətşünaslıq bunları inkişaf etdirmək, üzərində bir qədər geniş dayanmaqdansa, bu konsepsiyanı heç bir arqument göstərmədən rədd etməklə məşğuldur. Fikrimcə, burada bir yanlışlıq vardır; belə ki, tədqiqatçılar Azərbaycan mühacirətinin tarixini XX əsrdən başlayarkən ya rus mühacirət ədəbiyyatının başlanma tarixini mexaniki olaraq götürmüşlər, ya da Azərbaycan ədəbiyyatınıın qədim dövrünü nəzərə almamışlar. Mühacirətlə bağlı başqa tədqiqatalardan da elə görünür ki, mühacirət dedikdə biz yalnız siyasi səbəblər üzündən ölkədən gedənləri nəzərdə tuturuq, halbuki könüllü, yaxud iqtisadi səbəblərdən də gedənlər də mühacirət anlayışına daxil olur. Yaxud siyasi səbəblərdən ölkəni tərk edənlər yalnız XX əsrəmi aiddir? Doğrudanmı, siyasi səbəblər üzündən Azərbaycanı tərk edərək mühacirətdə yaşayanların yaratdıqları milli ədəbiyyatın tarixi XX əsrdən başlayır? Doğrudanmı, mühacirət ədəbiyyatının nümayəndəsi olmaq üçün mütləq şəkildə mühacir vəsiqəsinin olması lazım gəlir? Mühacirət ədəbiyyatı nümunələrinin məzmununda mütləq şəkildə siyasi düşüncə özünə yer etməlidirmi? Elə isə təhsil üçün İstanbula gedən Gültəkinin (Əmin Abid) 20-ci illərdə Türkiyədə  Azərbaycan mühacirət mətbuatında dərc edilən siyasi ruhlu şeirlərini hara aid edək?! Vətəndə yaranmayıb, mühacirətdə yaranan və mühacirət mətbuatında dərc edilən əsərlərə müchacirət ədəbiyyatı adı verməkdən başqa çarə qalmır. Üstəlik, Gültəkinin şeirləri siyasi və ədəbi mühacirətin özünə belə təsir göstərmişdir! Rəsmi, ya siyasi olaraq mühacir olmayanların yaradıcılığını mühacirət ədəbiyyatına aid etmək mümkündürmü? Və ya əksinə rəsmi olaraq mühacirətə gedən, lakin yaradıcılığında mühacirlik məzmununu özündə daşımayan əsərləri mühacirət kontekstində öyrənməliyikmi? Nədən siyasi səbəblər üzündən Azərbaycandan Türkiyəyə, Fransaya, Almaniyaya və b. yerlərə gedənlərin yaradıcılığını mühacirət, eyni səbəblər üzündən Ruma, Hələbə mühacirət etmiş İ.Nəsiminin yaradıcılığını milli arealda yaranmış ədəbiyyat kontekstində öyənirik?! Hansı əsasla, meyarla və prinsiplə?! Türkiyəyə köç edən və orada yaşadığı müddətdə bir neçə dəfə Azərbaycana gəlib-gedən Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin və b. yaradıcılığını mühacirətə  daxil ediriksə, nədən Hələbdə qətlə yetirilən Nəsimini bura aid etməkdə tərəddüd edirik? Bu cür suallar çoxdur!..

Əslində isə mi­nil­lik ya­zı­lı ədə­biy­yat ta­ri­xi­mi­zə nə­zər sal­dıq­da mühacirət ədəbiyyatının tarixinin daha qədimlərə gedib çıxdığını aydın görmək olar. Çünki köç, ya mühacirlik Azərbaycan siyasi həyatında yalnız XX əsrin siyasi hadisəsi olmayıb daha qədimlərə gedib çıxır. Məsələyə akademik İsa Həbibbəyli də məhz bu kontekstdən yanaşır: "Müxtəlif səbəblərdən Azərbaycandan Şərqə və Qərbə mühacirət etməli olanlar orta əsrlərdə və sonrakı dövrlərdə də mövcud idi" (Azərbaycan mühacirət ədəbiyyatı; reallıqlar, problemlər, vəzifələr. II Beynəlxalq elmi konfransının materialları. B., 2016, s. 6). VII-XI əsr­lər­də Azər­bay­can­dan Ərə­bis­ta­na kö­çü­rü­lə­rək "mə­va­li" (gəl­mə) şair­lər adı ve­ri­lən bir çox şair­lə­ri­miz (Mu­sa­ Şəhavat, İsmayıl ibn Yəssar və b.) mühacirət sta­tu­suna da­ha çox ya­xın­la­şır. "Məvali" (azad əsir) adı isə islamın ilk dövrlərində əsir tutularaq müsəlmanlığı qəbul etmiş, yaxud da könüllü surətdə yeni dinin bayrağı altına keçənlərə verilirdi. Burada Azərbaycan ədəbi mühitində deyil, mühacirətdə yaşayaraq ərəb dilində yazan şairlər nəzərdə tutulur. Şərqşünas alim M.Mahmudov bu şairlərin yaradıcılığında azərbaycanlı ruhunun yaşamasını nəzərdə tutaraq yazırdı: "Azərbaycanlı ruhu, azərbaycanlı təfəkkürü, azərbaycanlı zövqü ərəbdilli ədəbiyyata daxil olaraq bu ədəbiyyatın mövzuca genişlənməsinin əsas amillərindən birinə çevrilmişdir" (M.Mahmudov. VII-XII əsrlərdə ərəbcə yazmış Azərbaycan şairləri. b., 1983, s. 76). Görəsən, bu şairləri mühacirət ədəbiyyatı kontekstində öyrənməyimizə nə mane olur? Bu şairlərin yaradıcılığını mühacirət ədəbiyyatı kontekstində öyrənmək həm də ona görə yaxşı olar ki, yazılı ədəbiyyatımız birbaşa ərəbdilli ədəbi nümunələrlə başlamaz və illərdi ədəbiyyat tariximizdə mövcud olan bu qüsuru aradan qaldırmış olarıq.

Ə.Xaqaninin Şirvanşahlar sarayından siyasi səbəblər üzündən Təbrizə getməsi də mühacirətin təzahür formasıdır (vətəndən vətənə də mühacirət olur, üstəlik başqa-başqa siyasi hakimiyyətlər  olub). Yaxud Gəncədə anadan olmuş Məhsəti Gəncəvinin Orta Asiyaya mühacirət etməsi faktını yada salaq. Beyləqanlı Mücirəddin Beyləqaninin Atabəylər sarayından Təbrizə gedərək orada qətlə yetirilməsində də mühacirlik statusu yox deyil. Azərbaycandan uzaqda yaşayıb-yaratmağa məcbur olmuş, hurufi fikirlərinə görə Hələbdə qətl edilmiş İ.Nəsiminin yaradıcılığı mühacirət ədəbiyyatı anlayışına nəzəri və praktik cəhətdən daha çox uyğun gəlir.  Azərbaycanda anadan olmuş, hurufiliyin təhlükədə olduğu zaman Murad xan Qazinin dövründə Ruma getmiş, orada da qala bilməyərək Hələbə getmişdir. Hurufilərin gizli fəaliyyətə keçməsindən sonra mühacirət dalğasının yaşanması İ.Nəsimini də mühacirətə aid etməyimizə tamamilə imkan verir.

Ta­rix bo­yu Azər­bay­can alim­lə­ri­nin, şair­lə­ri­nin müəy­yən iş­ğal­lar nə­ti­cə­sin­də səs­lə­ri Ərə­bis­tan­dan, Hin­dis­tan­dan və dün­ya­nın müx­tə­lif yer­lə­rin­dən gəl­miş­dir.  Həbibinin yaradıcılığının böyük bir hissəsini Türkiyədə keçirməsinə rəğmən, nədən onun, heç olmasa, mühacirətdəki yaradıcılığını bu kontekstdə öyrənmirik?! Ömrünün bir hissəsini Azərbaycanda yaşamış Ə.Hüseynzadə, Ə.Ağaoğlu, A.İldırım və b. yaradıcılığını mühacirətə aid edir, ancaq eyni aqibəti yaşayan Həbibini, Zülalini, Sürurini və b. kənarda qoyuruq. Problemə hansı kriteriya və prinsiplə yanaşmamızı dəqiqləşdirməliyik. Qədim dövrdə Azərbaycan ərazilərindən kənarda (Hindistanda, İraqda, Suriyada və s.) yaşayıb yaradan şairlərin yaradıcılığını hansı prinsiplər əsasında öyrənməyin, tədqiq etməyin zamanı gəlmişdir. Qəbul edək ki,"Azərbaycan ədəbiyyatı tarixi" anlayışının və buraya daxil olan nümayəndələrinin yaradıcılığının hansı prinsiplərlə öyrənilməsi məsələsinin özü də hələ tam olaraq formalaşmayıb. Lakin bu problem haqda sonra...

Araşdırmalar göstərir ki, ədəbi mühacirət XX əsr hadisəsi olmayıb, daha əvvəllərə gedib çıxır. Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövründə mühacirət ədəbiyyatı anlayışına uyğun gələn nümunələr çoxdur. Ona görə də ədəbiyyat tarixçiliyimizdə bu problemə yenidən baxmaq lazım gəlir.  Azərbaycan siyasi və ədəbi mühitində zaman-zaman bir yerdən digər yerlərə mühacirlik baş vermişdir. Ancaq bizdə nədənsə mühacirət dedikdə daha çox siyasi səbəblər baxımından ölkəni tərk edən mühacirlərin yaradıcılığına müraciət edilir. Halbuki mühacirliyin yalnız siyasi məsələlərdən deyil, iqtisadi problemlərdən də yaranması ilə bağlı faktlar vardır. Hətta tamamilə səbəbsiz və könüllü olaraq bir yerdən başqa yerə köç edərək yazıb-yaradan ədəbi şəxsiyyətlər də az olmamışdır. Bütün bunlara rəğmən, Azərbaycan ədəbiyyatşünaslığında mühacirət ədəbiyyatı dedikdə daha çox  XX yüzilin əvvəllərindən sonrakı dövr nəzərdə tutulur. Doğrudan da, Azərbaycan siyasi və ədəbi mühacirəti məhz bu dövrdən başlayaraq intensiv şəkildə təşəkkül tapır və yeni mərhələ olaraq formalaşır. Lakin bu o demək deyil ki, mühacirət ədəbiyyatını yalnız bu dövrlə məhdudlaşdırmaq lazımdır. XX əs­rə qə­dər mü­ha­cir­lik­lə bağ­lı (ta­ri­xi, ic­ti­mai-si­ya­si, ədə­bi-bə­dii ra­kurs­lar­da) əgər müəy­yən faktlar və nümunələrin olması ilə bağlı yeni faktlar, araşdırmalar bu problemə yenidən nəzər salmağımızı şərtləndirir. Xüsusilə, XIV əsrdən başlayaraq (İ.Nəsimi də bura daxil olmaqla!) bir çox Azərbaycan şairlərinin Türkiyəyə köç etdiyini görmək olar.

Ötən yüzilliyin 20-ci illərində Azərbaycan ədəbiyyatı tarixçiliyi istiqamətində fundamental araşdırmalar aparan İsmayıl Hikmət ölkədən kənarda (oxu: mühacirətdə) yaşayan şair, ədib və alimlər içərisində Hamidi, Xəlili, Həbibi, Haşimi, Süruri, Bəsiri, Matəmi, Kişvəri, Bidari, Səhabi, Pənahi, Şahi, Acem Niyazi, Şah Qasım, Nami, Məsum, Füzuli, Saib, Qövsi, Məsihi və b. adlarını çəkir (İ.Hikmet. Azerbaycan edebiyatı tarihi. Ankara, "Akçağ",2013, s. 223).

Deməli ki, bu yanaşma, əslində, ədəbiyyat tarixçiliyinin ilkin formalaşma dövründə zəif də olsa olmuşdur. Ədəbiyyatşünasın bu şairlər haqqında yazdığı oçerklərdə onların vətəni tərk etmələrinin nədənləri tamamilə mühacirət anlamına uyğun gəlir. Həbibinin mühacirətə getməsini təsdiqləmək üçün M.F.Köprülüzadəyə istinad etməsi bu şairləri mühacirət çətiri altında araşdırdığını bir daha göstərir. Həbibinin Səfəvi sarayından ayrılması ilə bağlı M.F.Köprülüzadə yazırdı: "Yalnız Həbibi kibi meliküş-şüəralıqla təkərrüm edilən bir şairin Səfəvi sarayındakı parlaq mövqeyini buraxaraq İstanbula gəlməsi bir az manidardır. Həbibinin vəfatından epey sonra yazılmış olan təzkirələrimizin bunun əsbabı haqqında  bir şey söyləməməsi təbii olsa belə, Sam Mirzə kimi bu hadisəni çox yaxşı bilməsi bir müəllifin bu mühacirət hadisəsi haqqında bütünlüklə səssiz qalması bunun xüsusi və mühüm səbəbdən gəldiyini göstərir" (Yenə orada, s. 257).

 İlk Azərbaycan ədəbiyyatı tarixçilərindən biri İ.Hikmətin bu şairlərdən bəhs edərkən onların vətəndən getmə səsbəblərini siyasi, iqtisadi səbəblərə bağlaması mühacirət anlayışını içinə alır. Təsadüfi deyil ki, bu şairləri yerli təzkirəçilər "əcəm"i olaraq görür və təhlil edirdilər. Akademik Həmid Araslı da hələ sovet dövründə Osmanlı ədəbiyyatına təsir göstərən mühacir Azərbaycan şairləri haqqında vaxtilə həyəcan təbili çalaraq yazırdı: "Bu şairlərdən çoxunun əsərləri itib batmış, bir hissəsi başqa şairlərə istinad edilmiş, yalnız xatirələri təzkirələrdə saxlanmışdır" (H.Araslı. Böyük Azərbaycan şairi Füzuli. B., 1958, s.47).

H.Araslı onların mühacirətdə olduğunu nəzərdə tutmuş və o kontekstdə qiymət verməyə çalışmışdır. Əlbəttə, o dövrdə H.Araslının Türkiyə arxivlərində araşdırma aparmağa imkanı yox idi. Ancaq mühacirətdə yaşayan prof. Ə.Cəfəroğlu bu dövrdə Azərbaycandan Osmanlıya gedən bu şairləri açıq şəkildə və çox doğru olaraq mühacirət nümayəndələri hesab edirdi: "XV-XVI əsrlərdə Azərbaycandakı siyasi və ictimai həyat şərtləri nəticəsində mühacirətə yollanan bir sıra şair və alimlərə də təsadüf etmək mümkündür. Belələrindən Türkiyəyə (əslində Osmanlı olmalıdır, lakin məqalənin yazıldığı dövrdə Türkiyə adlanırdı-B.Ə.) köçən şair və alimlər yeni vətənlərində yaradıcılıq fəaliyyətlərini uğurla davam etdirmişdilər. XV əsrdə Türkiyəyə mühacirət edən şairlərdən Hamidinin və Haşiminin adlarını ayrıca xatırlamaq istərdik. XVI əsrdə mühacirətə yollanan sənətkarların sayı daha da artmışdı. Süruri, Şahi, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Arifi, qasımi, Bidari, Şəhabi, Pənahi, Hafizi, Xəlifə, Məsihi, Xəzani, Həsiri, Məşəbi, Anka, Bəsiri, Mir Qədri, Mühiddin Məhəmməd, Yusif bin Məhəmməd, Məhəmməd Şəhidi və b. həmin dövr ədəbi mühacirətinin nümayəndələri sayıla bilərlər"( Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. B., 2008, s. 127).

Şah İsmayıl Xətai sarayında "məliküşşüəra" kimi tanınan Həbibi haqqında "...1514-cü ildə Osmanlı ordularının Təbrizi işğal etmələri nəticəsində Türkiyəyə mühacirətə gəlmişdi" fikirləri də göstərir ki, Ə.Cəfəroğlu bu şairlərin yaradıcılığına tamamilə doğru olaraq mühacirət ədəbiyyatı kontekstində yanaşmışdır. Bu şairlər içərisində görkəmli və bizə tanış olan şairlərlə yanaşı, tanış olmayan, hələ də tədqiqatçısını gözləyən şairlər də vardır. Bunların içərisində Mövlana Hamidi xüsusi yer tuturdu. O, 1456-cı ildə doğulduğu İsfahanı tərk edərək İstanbula getmiş və burada Sultan Məhəmmədin məhəbbətini qazanmışdır. Hamidinin yaradıcılığı ilə bağlı ilk tədqiqatlar müəllifi İ.Hikmət "Azərbaycan ədəbiyyatı tarixi" kitabında geniş məlumat verir. Ə.Cəfəroğlu isə Hamidinin şeirlərinin "ədəbi məziyyətlərindən daha çox dövrün siyasi və ictimai məsələlərini işıqlandırmaq baxımından maraq doğurur" qənaətinə gəlirdi

 Bu şairlərin bir çoxunun yaradıcılığında Nəsimi şeir məktəbinin ənənələrini davam etdirmələri də onu göstırirdi ki, onlar vətənlərini məhz ictimai-siyasi nədənlərdən tərk etmiş, şeirlərində hurufi (oxu: ideoloji, siyasi-ictimai!) təriqətinə meyil etmişlər. Bizə belə gəlir ki,  Xəlili, Süruri, Tüfeyli və b. yaradıcılığı da bu istiqamətdə araşdırılmalıdır. Bu həm də onu göstərir ki, bu şairlərin yaradıcılığını Nəsimi ədəbi məktəbinin nümayəndələri olaraq mühacirət ədəbiyyatı kontekstində öyrənməyimiz daha məntiqi və əhəmiyyətli olardı. Göründüyü kimi, bu gün Azərbaycan ədəbiyyatı tarixi (Azərbaycanda yaranan ədəbiyyat tarixi yox!) çətiri atında öyrəndiyimiz bir çox şairlər əslində mühacirət ədəbiyyatının nümayəndələridir.

Hazırda Türkiyədə yaşayan tədqiqatçı alim Dç.Dr. Vüsalə Musalı isə "Osmanlı təzkirələrində azərbaycanlı mühacirlər" məqaləsində orta əsrlər Azərbaycan mühacirlərini ortaya çıxarmışdır (V.Musalı. Osmanlı təzkirələrində azərbaycanlı mühacirlər. "Türk xalqları ədəbiyyatı; mənşəyi, inkişaf mərhələləri və problemləri". Beynəlxalq konfransın materialları. Bakı, 1-2 dekabr, 2015, s. 380-385). Tədqiqatçı Türkiyəyə köçmüş Azərbaycan şairlərinin Osmanlı dövlətinin mədəni həyatında mühüm rol oynadığını qeyd edərək yazır: "Osmanlı təzkirələrinə baxdığımızda XV əsrdən etibarən bir çox Azərbaycan şairi, rəssam və alimləri Türkiyə torpaqlarına köçdüyünü görürük. Bunların bir hissəsi öz ölkələrində baş verən siyasi hadisələrlə razılaşa bilmədiklərindən vətənlərini tərk edir, bir hissəsi isə zorla köçürülməyə məcbur edilirdi"(Yenə orada, s. 380). Tədqiqatçı Türkiyə arxivlərində geniş araşdırmalar apararaq Osmanlıda yazıb-yaradan 40-dan çox mühacir şairin olduğunu göstərir. Bunlar arasında Gülşəni, Qəribi, Xəlili, Niyazi, Həbibi, Süruri, Bəsiri, Bidari, Cəlili, Dərviş Şəfi, Eyşi, Əbdi, Hafiz, Hakimi, Xəzani, Məhəmməd Əmin, Nəbati, Nütqi, Pənahi, Səhabi, Şah qasım, Şahi, Şəmsi, İzzi, Nsira Dədə, Kamil İshaqzadə, Kəşfi və b. adlarını xüsusi qeyd etmək olar. Lakin bir şey aydındır; bu şairlərin Osmanlıya getməsi sıradan bir səbəblə olmamış, ciddi siyasi səbəblə bağlı olmuşdur. Hər halda bu dövrü siyasi səbəblərdən mühacirət etmiş ilk köçlərdən biri hesab etməməyimizə heç bir səbəb yoxdur. Bunlar siyasi, sosial-iqtisadi üzündən Osmanlıya getmişlər. Osmanlı təzkirələri üzərində araşdırmalar aparan Doç.Dr. V.Musalının gəldiyi qənaət tamamilə yerindədir: "...XV əsrdən etibarən müxtəlif səbəblərlə Osmanlı ölkəsinə mühacirət etmiş Azərbaycan şairlərinin həyat və yaradıcılığının tədqiqinə və əsərlərinin nəşrinə ehtiyac vardır. Osmanlı təzkirələrindən haqlarında ilkin məlumat əldə etdiyimiz 40 şairin böyük əksəriyyəti Azərbaycan mühacirət ədəbiyyatının araşdırılmamış səhifəsini təşkil edir" (Göstərilən məqalə, s. 384).

Tədqiqatçı Şahbaz Şamıoğlu isə “Borçalıda ədəbiyyat və ədəbi-mədəni həyat” monoqrafiyasında (Bakı, Gənclik, 2002) tarixi-siyasi səbəblərdən vətəni  tərk edərək, Doğu Anadoluda məskunlaşan Borçalı türklərinin – qarapapaqların mühacirətdə bir ədəbi mühit, bu mühiti yaşadan ardıcıllar yetişdirdiyini yazmış, XVI əsr qadın şair Bağdad, Bala bəy (XIX əsr), Xoca İrfani (XVIII-XIX əsrlər), Sadayi (XIX əsr) və b. adlarını çəkmişdir. Göründüyü kimi, tədqiqatçı tarixi hadisələr fonunda vətəni məcburən tərk edənləri məhz mühacir hesab etmişdir (Göstərilən əsər, s. 41).

Mə­sə­lə bu­ra­sın­da­dır ki, XIX əs­rə qə­dər əsa­sən Şərq kon­teks­tin­də in­ki­şaf edən Azər­bay­can bə­dii dü­şün­cə­si bu za­man­dan baş­la­ya­raq fərq­li ic­ti­mai-si­ya­si mə­kanda for­ma­laş­ma im­kan­la­rı qa­za­nır. Rus iş­ğa­lın­dan son­ra bə­dii dü­şün­cə­də bu ha­di­sə­yə mü­na­si­bə­tin ifa­də olun­ma ça­lar­la­rı ar­tır, bə­zi əsər­lər­də bu il­haq mü­tə­rəq­qi, bə­zən də mən­fi yön­lər­dən ədə­bi döv­riy­yə­yə gə­ti­ri­lir. XIX yüzilliyin əvvəllərində siyasi mühacirətlə yanaşı, ədəbi mühacirət də baş verir. Təəssüf ki, bizdə hələ də siyasi mühacirət dedikdə XX yüzilliyin əvvəlləri başa düşülür. Halbuki məhz ilk rus işğalına qarşı XIX yüzilliyin əvvəllərində baş verən siyasi mühacirət həm də mühacirət ədəbiyyatını formalaşdırmışdır. Eynilə bolşeviklərin gəlişilə Azərbaycanda milli ruhlu ədəbiyyatı susdurmaq mümkün olduğu kimi, o zaman da ədəbiyyat bu işğala zəif də olsa təpki göstərmişdir. Nəticədə XIX yüzildə Azərbaycandan kənarda  bir mühacirət ədəbiyyatı formalaşmışdır. Biz burada ölkədən kənara getmiş tək-tük mühacirlərin yaradıcılığını yox, mühacirət ədəbi məktəbinin yaranmasını nəzərdə tuturuq. Sadəcə olaraq sovet ədəbiyyatşünaslığı və çağdaş elmimiz bu problemi araşdırmadığından ədəbi və siyasi mühacirətin tarixi XX yüzilliyə çəkilmişdir. Məsələ burasındadır ki, XIX yüzilliyin əvvəllərində yaranan mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırmanı da Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Əhməd Cəfəroğlu aparmışdır. "Azəri ədəbiyyatında istiqlal mübarizəsi izləri" adlı dörd məqaləsində  Azərbaycanda istiqlal mübarizəsi ədəbiyyatını geniş təhlil edən tədqiqatçı XIX yüzilliyin əvvəllərində rus işğalını qəbul etməyərək Türkiyəyə gələn şairlərin əsərlərini məhz mühacirət ədəbiyyatı nümunəsi olaraq təqdim edir. Özünün də içində olduğu mühacirət ədəbiyyatını araşdıran tədqiqatçı yazır: "Azərbaycandan kənarda Azərbaycan istiqlalını müdafiə edən Azəri şeir məktəbi Türkiyə mühitinə o qədər də yeni görünməməlidir.Vaxtı ilə Amasiyaya mühacirətə gələn azərilər arasında belə bir milli şeir məktəbi yaradılmış, lakin bəzi səbəblər üzündən, təəssüf ki layiqincə inkişaf etdirilə bilməmişdi" (Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. B., 2008, s.239).

Qeyd edək ki, XIX yüzil siyasi mühacirətindən sonra Türkiyəyə gedən şairlər haqqında məlumatımız çox azdır. Bu is­ti­qa­mət­dən ya­naş­dıq­da mövcud rus eks­pan­si­ya­sı­na qar­şı mü­ba­ri­zə apa­ran və əsər­lə­rin­də ide­lo­ji cəb­hə açan Se­yid Ni­ga­ri­ni göstərmək olar. Seyid Nigarini XIX yüzillikdə Azərbaycan mühacirətinin ən görkəmli nümayəndəsi hesab etmək olar. O, əvvəlcə Amasiyada Şeyx İsmayıl Siracəddin Şirvaninin müridi olduqdan sonra Qarabağa dönmüş, bir müddət sonra isə siyasi səbəblər üzündən yenidən məc­bu­rən Tür­ki­yə­yə-Amasiyaya get­miş, ora­da ya­şa­yıb ya­rat­mışdır. İsmayıl Şirvani özü də 1820-ci ildə Şamaxı komendantı erməni Mədətov tərəfindən vətənindən uzaqlaşdırılmış, əvvəlcə Ahıskaya, sonra isə Amasiyaya yerləşmişdi. Ə.Cəfəroğlu da yuxarıdakı fikrində məhz İ.Şirvani və S.Nigarini nəzərdə tuturdu. Nigarinin şeirlərindəki milli ruh və mühacir ruhunun yaşadılması onun tamamilə mühacirət ədəbiyyatı nümayəndəsi hesab etməyə əsas verir. Ancaq S.Nigari Amasiyada yaşayıb yaradan tək Azərbaycan şairi olmamışdır, yoxsa tədqiqatçı professor burada yaranan ədəbiyyatı Azəri şeir məktəbi hesab etməzdi. Ə.Cəfəroğlu bu şairlər içərisində Sadi Qarabaği və Seyid Nigarinin oğlu Seracinin də adlarını çəkir və şeirlərindən nümunələr verir. XIX yüzil mühacirətilə tədqiqatçının özünün də içində olduğu mühacirət arasında ideya yaxınlığının olduğunu bildirən Ə.Cəfəroğlu yazırdı: "Amasiyalı Azəri şairlərinin ruslara qarşı mücadiləsi son on iki ildə Türkiyəyə pənah gətirən mühacir Azəri ziyalıları arasında daha geniş yayılmışdı. İstanbulda nəşr edilən Azəri istiqlal mücadiləsi mətbuatı bu ədəbi-siyasi məktəbə geniş yer verməklə milli mücadilənin daha da qüvvətlənməsinə xidmət etmişdir" (Yenə orada, s. 240). Doğrudan da, istər XIX, istərsə də XX yüzilliklərin başında gələn ədəbi mühacirət xarakter baxımından bir-birinə yaxındır və  eyni mahiyyətlidir. İndi qalır mühacirət mətbuatı səhifələrində Ə.Cəfəroğlunun dediyi nümunələri tapıb araşdırmaq...

Bu da var ki, mühacirətdə olanların hamısı əsərlərində vətən idealını yaşatmamış, bəzən isə yaradıcılığını davam etdirməmişdir. Şübhəsiz, XX yüzilə qədər olan mühacirlərin yaradıcılığında bu xüsusiyyət az inkişaf etmişdir. Yəni onlar mühacirətdə yaşasalar da, əsərlərində daha çox qürbətçilik, həsrət motivləri yer almışdır. Lakin eyni vəziyyətlə XX əsr mühacirləri arasında da qarşılaşmaq mümkündür. Azərbaycan mühacirət ədəbiyyatının iki məşhur nümayəndəsinin yaradıcılığına nəzər salaq: bunlardan biri Ə.Hüseynzadə əgər Türkiyədə çox az yazmışsa, digəri Ə.Ağaoğlu son dərəcə zəngin və məhsuldar yaradıcılıq yolu keçmişdir. Ancaq hər ikisinin əsərlərində digər mühacirlərimiz kimi, Azərbaycan idealı təsvir edilməyib.

Beləliklə, mühacirət ədəbiyyatı anlayışı və onun təşəkkülü problemlərinə nəzər salarkən bir çox məsələlərin hələ də həllini tapmadığını görürük. Bu məsələləri araşdırmaq, bütün daşları yerinə qoymaq mühacirətşünaslığımızın yeni araşdırma mərhələsinin əsas obyektlərindən biri olmalı, ədəbiyyat tarixçiliyndəki yeri, mövqeyi, nümayəndələri, mərhələ və problemləri fundamental şəkildə yenidən araşdırılmalıdır. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.