Qorxmaz Quliyev - Postmodernizm və bədii ədəbiyyat
05.10.16

Keçən əsrin ikinci yarısında formalaşmış postmodernizm tarixi, sosial və milli kontekstlərdən asılı olaraq hərəkətlilik, elastiklik, misli görünməmiş “mühit”ə uyğunlaşmaq keyfiyyətləri nümayiş etdirən fəlsəfi, epistemoloji, elmi-nəzəri, estetik təsəvvürlər kompleksidir.

Bu baxımdan postmodernizm ilk növbədə müəyyən mentalietin, dünyada insanın yerinin və rolunun, həmçinin, onun dünyanıdərk imkanlarının üzə çıxarılmasına xidmət edir. Tədqiqatçılar belə hesab edirlər ki, postmodernizm özünəyetərli və müstəqil dünyagörüş sistemi  kimi formalaşmazdan xeyli əvvəl, təxminən İkinci dünya müharibəsindən sonra müxtəlif incəsənət sahələrində – ədəbiyyatda, təsviri sənətdə, musiqidə – gizli şəkildə tədricən təşəkkül tapmışdır və yalnız keçən əsrin 80-ci illərindən Qərb mədəniyyətinin ümumestetik fenomeni qismində dərk olunmuşdur və bu dönəmdən bəri fəlsəfədə, estetikada, tənqidi ədəbiyyatda spesifik hadisə kimi araşdırılmağa başlanmışdır.

Məhz həmin dövrdən başlayaraq postmodernizmi ədəbiyyatda və digər incəsənət növlərində cərəyan və ümumən bədii fikir tarixinə və xüsusilə məhz postmodernist ədəbi-bədii nümunələrərlə bağlı nəzəri prinsiplər, başqa sözlə desək, özümlü ədəbiyyatşünaslıq metodologiyası qismində fərqləndirmək mümkün olmuşdur. Çağdaş ədəbi tənqid kimi postmodernizmi orijinal konsepsiya hesab etmək olmaz: o bir çox cəhətdən poststrukturalizmə və amerikan dekonstruktivizminə əsaslanır. Fransız J. F. Liotar, amerikalılar İ. Hassan və F. Ceymson, hollandiyalı D. Fokkema, inglislər C. Batler,  D. Loc və başqaları postmodernist tənqidin öncül nümayəndələridirlər. Postmodernist tənqid əsas vəzifəsini ilk növbədə bədii mətnin təşkili səviyyəsində emosionallıq nöqteyi-nəzərindən özümlü xüsusiyyətlərə malik dünyagörüş kompleksini üzə çıxarmaqda görür. Bu cərəyanın tərəfdarları ədəbi-bədii nümunələrin ümumən ədəbi prosesin təhlilində “dünya xaos kimi”, “postmodernist həssaslıq”, “dünya mətn kimi”, intertekstuallıq, “nüfuzluların böhranı”, epistemoloji tərəddüd, müəllif maskası, ikili kod, təhkiyənin parodik modusu, pastiş, ziddiyyətlilik, diskretlik, təhkiyənin fraqmentarlığı, metatəhkiyə və sairə özümlü anlayışlardan istifadə edirlər.        

Son dərəcə müxtəlif yönümlü və məzmunlu konsepsiyaları və prinsipləri həzm-rabedən keçirmək iddiasından çıxış edən postmodernizm formal cəhətdən buna nail olsa da,  onların üzvi vəhdətini əldə edə bilməmişdir. Estetik fikir sahəsində nəzəriyyəçilərin bir-birinə zidd mövqelərdən çıxış edən və müəyyən mənada ümumfəlsəfi planda çağdaş  humanitar fikirdə aparıcı yer tutmaq iddiasında olan Avropa postmodernizmini Amerikanın Yel universitetinin tədqiqatçıları tərəfindən işlənmiş və ədəbi-estetik prosesin aktual problemlərinin araşdırılmasına yönəlmiş dekonstruktivizm ilə sintetik vəhdətdə birləşdirmək cəhdi ekletik metodoloji prinsipin meydana gəlməsi ilə nəticələnmişdir. Beləliklə, postmodernizm poststrukturalizm nəzəriyyəsini, dekonstruktivizmin ədəbi-tənqidi təhlil təcrübəsini və çağdaş ədəbi-bədii nümunələrini birləşdirərək, bunu “dünyanın yeni görüntüsü” qismində təqdim etmişdir. Amma əslində vahid rakurs kimi təqdim olunan bu “yeni görüntü” dünyanın üç fərqli – postmodernist, poststrukturalist və dekonstruktuvist mənzərəsinin yaranmasına səbəb olur. Buna görə də postmodernizmin tənqidçiləri onun estetik fikir sahəsindəki fəaliyətini metodologiya baxımından bütöv kimi yox, poststrukturalist-dekonstruktivist-postmodernist kompleks kimi dəyərləndirirlər.

Qərb nəzəri fikrinin nümayəndələri tərəfindən çağdaş incəsənətin vahid fenomeni qismində postmodernizm problemi yalnız keçən əsrin 80-ci illərində irəli sürülmüşdü. Onlar XX əsrin son onilliklərində mədəniyyətin müxtəlif sahələrində yaranmış və özlərinin “postmodernist” kimi dəyərləndirdikləri elementləri birləşdirməyə can atırdılar. Bu müxtəlif “postmodernizmlər”i vahid  cərəyanda birləşdirməkdən ötrü  ümumi metodoloji əsas və eyni təhlil vasitələri tapmaq lazım gəlirdi.

Geniş bədii cərəyan qismində postmodernizm problemi tədqiqatçıları bir sıra suallar qarşısında üz-üzə qoydu. Postmodernizm fenomeni həqiqətənmi mövcuddur, yaxud bəzi tədqiqatçıların uydurmasıdır? Bəlkə bu, qərb incəsənət nəzəriyyəçiləririnin təxəyyülündə yaranmış, mədəniyyətdə və çağdaş  ədəbi prosesdə baş verən gerçək hadisələrlə heç bir əlaqəsi olmayan mifik anlayışdır? Görəsən, postmodernizm modernizmdən nə ilə fərqlənir? Nə üçün humanitar fikrin son və mahiyyət etibarilə ən yeni sözü kimi təqdim olunan postmodernizm öz adının tərkib hissəsi kimi “modernizm” sözünü əxz etmişdir? Sözün hansı mənasında yeni cərəyan “post”dur – yalnız zaman nöqteyi-nəzərindən, ya da həmçinin keyfiyyət baxımından?

Bütün bu suallara cavab axtarışı həm postmodernizmin tərəfdarlarının, həm də onun əleyhdarlarının diskussiyalarının mahiyyətini və obyektini təşkil edirdi. Sadaladığımız suallara həm mütəxəssislərin, həm də humanitar fikirlə birbaşa əlaqəsi olmayanların verdikləri cavablar sübuta yetirirlər ki, keçən əsrin 80-ci illərində qərb nəzəri fikrinin nümayəndələri üçün bir çox cəhətdən gözlənilməz olmuşlar. Bu dövrdə nəşr olunmuş “Postmodernizm probleminə yaxınlaşarkən” adı altında nəşr olunmuş məqalələr toplusunun ön sözündə deyilirdi: “Postmodernizm” termini onun mənasını müəyyənləşdirmək ehtiyacı meydana gəlməzdən əvvəl dillər əzbəri oldu. Bu da ədəbiyyat tarixçilərini əməlli-başlı karıxdırdı. Bu həm ABŞ, həm də Avropa üçün doğrudur. Çox güman ki, deyilənlər Almaniya, İtaliya və Niderlanda da şamil oluna bilərlər. Onu da yaddan çıxarmaq olmaz ki, bu ölkələrdə “postmodernizm” anlayışı praktiki olaraq 3-4 il əvvəl məlum deyildi. Halbuki indi viziual sənətlər, memarlıq, musiqi və ədəbiyyatla bağlı diskussiyalarda bu termin tez-tez təkrar olunur.”

Həm postmodernizm, həm də onun nəzəri dərki bir çox cəhətdən ənənəvi olaraq “modernist” kimi xarakterizə olunan dünyagörüş konsepsiyaları arasında müşahidə olunan müəyyən “epistemoloji qırılma”nın təsiri altında formalaşmışlar. Lakin bu qırılmanın zəruriliyi ilə bağlı ortaya çıxan suala cavab son dərəcə kəskin və coşqun diskussiyyaların yaranmasına səbəb oldu. Bəzi tədqiqatçılar modernist və postmodernist ədəbiyyatları arasında radikal qırılmanın olduğunu və bunun iki fərqli dünyagörüş mövqeyinin – subyektivliyin və subyektivlikdən məhrumluğun üz-üzə durması ilə izah edirdilər.

Digər tədqiqatçılar modernizmlə postmodernizm arasında köklü fərqlərin olması mülahizəsinə şübhə ilə yanaşırdılar. Belə ki, amerikalı tədqiqatçı Süzan Süleyman göstərirdi ki, modernizmə qarşı postmodernist reaksiya, əslində, tənqidi mifdən başqa bir şey deyil. Bu, olsa-olsa amerikan ədəbiyyatının durumu ilə məhdudlaşan reaksiyadır. Bununla belə, Süleyman postmodernizmin bütöv ədəbi-bədii hadisə olmasını şübhə altına alması ilə yanaşı, etiraf etməli olurdu ki, “Bart, Derrida və Kristeva işlətdikləri terminlərdən asılı olmayaraq, postmodern həssaslığın nəzəriyyəçiləridirlər. Bunu Filip Sollers, Jil Delöz, Feliks Qvattari haqqında da demək olar.”

Əgər poststrukturalizm özünün çıxış formalarında praktiki olaraq kifayət qədər məhdud fəlsəfi-ədəbi maraq dairəsi ilə kifayətlənirdisə, postmodernizm təşəkkül tapdığı elə ilk günlərdən başlayaraq öz dövrünün ruhunun adekvat qlobal ifadəsi kimi qəbul olundu.

Postmodernizmin belə hədsiz genişləndirilməsinə bəraət qazandırmaqdan ötrü poststrukturalizmin ilkin postulatlarının yenidən dəyərləndirilməsi, bu heç bir həddə sığışmayan iddianı əsaslandırmaqdan ötrü daha geniş fəlsəfi arqumentləri cəlb etmək lazım gəlirdi. Postmodernist nəzəriyyənin ən qızğın tərəfdarlarından biri olan Volfqanq Velş yazırdı: “Postmodernist fenomenlərin ədəbiyyatda, memarlıqda, ümumiyyətlə incəsənətin müxtəlif növlərində, həmçinin iqtisadiyyatdan tutmuş ta siyasətə və bundan əlavə elmi nəzəriyyələrdən  fəlsəfi düşüncələrə qədər bütün ictimai fenomenlərdə öz təcəssümünü tapması açıq-aydın nəzərə çarpır.”

Təşəkkül tapdığı ilk dövrlərdən başlayaraq postmodernizm çağdaş dünyanın humanitar  fikirlə bağlı ən qlobal problemlərini ehtiva etmək iddiasında olduğunu bəyan etdi. Lakin obyektiv olaraq onun istifadə etmək iqtidarında olduğu parametrlərin sayı məhdud idi. Buna görə də postmodernizm öz tezislərini sübuta yetirmək üçün ruhunun əlamətlərinin özlərini büruzə verdikləri və verə biləcəkləri güman olunan hər bir yerdə faktlar axtarırdı. Bununla yanaşı, özəl və zahiri səciyyəli hadisələrə mütləq xarakter şamil olunur, onlarda guya “zamanın ruhu”nun öz təcəssümünü tapması, bütün mövcud hadisələrin məhz onların tərəfindən müıyyənləşdirilməsi müddəası irəli sürülür. Başqa sözlə desək, postmodernizmi gerçəkliyin meyllərindən və imkanlarından biri kimi dəyərləndirmək əvəzinə bu alimlər bütün çağdaş dünyanı postmodernlə izah etməyə çalışırlar.

V. Velşin aşağıdakı mülahizəsi müəyyən mənada bütün qərb ziyalılarının postmodernizmin çağdaş düşüncə tərzindəki mövqeyi ilə bağlı fikrini ifadə edir: “Ümumiyyətlə nəzərə almaq lazımdır ki, postmodern və postmodernizm heç də incəsənət nəzəriyyəçilərinin, sənətkarların və filosofların uydurması deyildir. Görünür məsələ onunla bağlıdır ki, bizim gerçəklik və və həyati dünyamız “postmodern” səciyyə kəsb etmişdir. Dövrümüz hava nəqliyyatının və televiziyanın sürətlə inkişafı ilə xarakterizə olunur. Bu müxtəlif səciyyəli fenomen və hadisələrin son dərəcə yaxınlaşmasına və son nəticə etibarilə toqquşmasına gətirib çıxarır. Çağdaş durum müxtəlif konsepsiyaların və nəzər nöqtələrinin qarşılıqlı şəkildə bir-birilərinə nüfuz etməsi ilə səciyyələnir. Postmodernizm bəşər nəslinin üz-üzə gəldiyi bu problemləri həll etməyə cəhd göstərir. Mövcud durumu postmodernizm nə yaratmış, nə də uydurmuşdur; postmodernizm onu yalnız dərk etməyə səy göstərir. O, zəmanəyə arxa çevirmir, onu tədqiq edir.” Onu da qeyd etmək lazımdır ki, V. Velşin fikrincə, “postmodern bu halda radikal plürallığın durumu, postmodernizm isə onun konsepsiyası kimi başa düşülür”.

Çağdaş qərb mədəniyyəti sistemində postmodernizmin formalaşması və fəaliyyəti problemi öz miqyasına görə qlobal xarakterə malik sahəni  ehtiva edir. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, postmodernizm dünyagörüşdən daha artıq dünyaduyum məsələlərinə toxunur. Məlum olduğu kimi əgər bu və ya digər dünyagörüş mövqeyi rasional, məntiqi cəhətdən formalaşmış fəlsəfi düşüncəyə əsaslanırsa, dünyaduyumun təməlini insanın gerçəkliyə daxili emsional reaksiyası təşkil edir.

Postmodernizmin səciyyəvi xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı son dərəcə müxtəlif rəylər mövcuddur. Belə ki, İ. Hassan “immanentliyi” və “qeyri-müəyyənliyi” postmodernizmin aparıcı əlamətləri hesab edir. Onun fikrincə, postmodernist prinsiplər əsasında yaradılmış sənət əsərlərində “susmaq” meyli özünü büruzə verir, çünki “metafiziki baxımdan” bu əsərlər “son həqiqətlər”i üzə çıxarmaq və təcəssüm etmək iqtidarında deyillər. Hassandan fərqli olaraq Alan Uayld postmodernist ədəbi-bədii nümunənin əsas əlamətini onun həyatın bütün təzahür formalarına münasibətdə spesifik formaya malik “islahedici istehza” mövqeyi tutmasında görürdü. Daha çox postmodernist ədəbi-bədii fikrin nəzəriyyəsini işləyib hazırlamaqla məşğul olan D. Loc belə hesab edirdi ki, təhkiyə səviyyəsində əsərdə cərəyan edən hadisələrin inkişaf istiqaməti ilə bağlı oxucularda tərəddüd hissi yaratmaq postmodernist prinsiplər əsasında yaradılmış mətnlərin aparıcı xüsusiyyətidir.

İlk postmodernist ədəbi-bədii nümunələrin yaranması tarixi ilə bağlı da nəzəriyyəçilər arasında müxtəlif mülahizələr mövcuddur. Belə ki, Hassanın fikrincə C. Coysun “Finneqan üçün yas” romanı ilk postmodernist ruhda və postmodernist prinsiplər əsasında yaradılmış əsərdir. Postmodernist ədəbi-bədii fikrinin digər tədqiqatçısı K. Batler də demək olar ki, eyni mövqedən çıxış edir. Əksəriyyət təşkil edən digər tədqiqatçılar isə postmodernist bədii ədəbiyyatın keçən əsrin 50-ci illərində meydana gəlməsi və 60-ci illərində aparıcı cərəyana çevrilməsi ideyasından çıxış edirlər: onların fikrincə, qərb incəsənəti məhz 50-ci illərdə modernist təcəssüm prinsiplərindən imtina edib postmodernizmi rəhbər tutdu.

Fəlsəfi postmodernizmin nəzəri baxımdan ön plana çıxmasında poststrukturalizmin meydana gəlməsi prosesində mühüm rol oynamış təsir impulslarının yenidən sərf-nəzər edilməsi  olmuşdur. Bunun nəticəsində Qərb intellektual dairələrində geniş yayılmış və böyük təsir qüvvəsinə malik “poetik düşüncə” fenomeninin öz təbiəti etibarilə postmodernist xarakterə malik olduğu bəyan edildi. Nəzəriyyəçilər məhz postmodernist dünyaduyumun formalaşmasında  həlledici rol oynamış poetik düşüncəni postmodernist həssaslığın aparıcı əlaməti  hesab edirlər. Postmodernist həssaslığın mahiyyəti onunla bağlıdır ki, filosoflar birbaşa dünyanı dərkin bədii poetik üsuluna müraciət edirlər və bununla da sübuta yetirmək istəyirlər ki, gerçəkliyi ancaq bu yolla ifadə etmək mümkündür. İncəsənətə postmodernist yanaşma üsulunun bir cəhəti də onunla bağlıdır ki, bu halda ədəbiyyat nəzəriyyəçiəri və tənqidçiləri əsasən filosof, şairlər və yazıçılar isə incəsənət nəzəriyyəçiləri qismində çıxış edirlər.

Qərb sənətkarlarının əksəriyyətinin yaratdıqları ədəbi-bədii nümunələr son dərəcə yüksək nəzəri düşüncə səviyyəsinin təcəssümü ilə fərqlənirlər. Postmodernizmə aid edilən sənətkarlar isə praktiki olaraq eyni zamanda öz yaradıcılıqlarının nəzəri baxımdan tədqiqatçıları kimi çıxış edirlər. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, bu əsərlər çox zaman sadəcə olaraq müəllif şərhi kontekstində kənarda qətiyyən dərk olunmurlar. “Postmodernist romanlar”ın müəllifləri hesab olunan C. Faulzun, C. Bartın, A. Rob-Qriyenin, F. Sollersin, X. Kortasarın və bir çox başqa müəlliflərin əsərlərində təkcə cərəyan edən hadisələr təsvir olunmurlar, burada iştirak edən personajlar haqqında məlumat verilmir, eyni zamanda əsərlərinin yazılması prosesi də, bu prosesdə müəllifin üz-üzə gəldiyi problemlər, keçirdiyi hisslər, personajların keçməli olduqları dolambac yolların seçimi ilə bağlı məruz qaldıqları tərəddüdlər öz ifadələrini tapırlar. Postmodernist yönümlü sənətkarlar öz əsərlərinə nəzəri parçalar əlavə etməklə çağdaş humanitar fikrin görkəmli nümayəndələri, poststrukturalizmin nəzəriyyəçiləri R. Bartın, J. Derridanın, M. Fukonun və digər nüfuz sahiblərinin mülahizələrinə istinad edirlər. Məhz bu aramsız  “nəzəri” istinadlar onlara imkan verir ki, ənənəvi prinsiplərdən çıxış edib yeni şəraitdə köhnə qaydada, realist üslubda roman yaratmağın mümkünsüzlüyünü bəyan etsinlər.

Əgər söhbət ənənəvi olaraq ədəbi-bədii prosesi bir növ kənardan müşahidə edən və dəyərləndirən  ədəbiyyatşünaslıqdan gedirsə, onun  nümayəndələri “yeni şəraitdə”, bir qayda olaraq, bir  fəaliyyət növünü digəri ilə tamamlayırlar. Belə ki, əsasən roman müəllifləri kimi tanınan A. Rob-Qriye, C. Bart öz nəzəri əsərləri ilə də postmodernistlər arasında böyük nüfuz sahibidirlər. M. Blanşo və U. Eko kimi ”təmiz” nəzəriyyəçilər isə eyni zamanda roman müəllifləri kimi ad çıxarmışlar. Müasir semiotikanın görkəmli nəzəriyyəçilərindən biri hesab olunan U. Eko eyni zamanda postmodernist bədii ədəbiyyatının ən məşhur nümunəsi hesab edilən “Qızıl gülün adı” romanının müəllifidir. Çağdaş postmodernistlərin yaradıcılıqlarında bir tərəfdən bədii təxəyyülün və nəzəri düşüncənin çulğalaşması, digər tərəfdən onların eyni uğurla həm yazıçı, həm də nəzəriyyəçi kimi fəaliyyət göstərmələri onların praktik ehtiyacları ilə izah etmək lazımdır: onlar realist roman ənənələri zəminində tərbiyə almış oxucuya onun adət etmədiyi təhkiyə formasına mürəciət etmələrinin səbəblərini izah etmək məcburiyyəti ilə üzləşirlər. Esseçilik humanitar fikrin bütün sahələrinə – ədəbi-bədii yaradıcılığa, fəlsəfəyə, ədəbiyyatşünaslığa, tənqidə sirayət etdi və bir növ XX əsrin sonu – XXI əsrin əvvəllərinin özünüifadə tərzinə çevrildi. Onu də qeyd etmək lazımdır ki, humanitar fikirdə bu meylin mənbəyini dövrün görkəmli mütəfəkkir-filosofları Haydeggerin, Derridanın, Blanşonun deyim üslubunda axtarmaq lazımdır.

Hər hansı bir mədəni mətnin və onun arxasında dayanan gerçəkliyin poetik dərki modeli XX əsrin ikinci yarısında yaradıcı ziyalıların dünyaduyumu üçün tipik olan qlobal dünyagörüş böhranının özümlü şəraitində təşəkkül tapmışdır. Postmodernizmin nəzəriyyəçiləri  postmodernist şüurun böhranlı səciyyə daşıması faktını daim vurğulayırlar və belə hesab edirlər ki, bu böhranın kökləri XIX əsrin sonu – XX əsrin əvvəllərinə, pozitivist elmi biliyin və burjua mədəniyyəti ənənələrinin ortaya qoyduğu dəyərlərin nüfuzunun köklü şəkildə sarsılması dövrünə gedib çıxır. Maarifçilik ideologiyasının tənqidi üçün səciyyəvi olan zəkaya istinad etmək praktikası burjua rasionallığının “yalançı şüur” forması hesab olunurdu. Nəticədə “Avropa ənənəsi” adlandırılan bütün nəsnə və hadisələr rasionalist düşüncə tərzinin nümunələri kimi dəyərləndirir və postmodernistlər tərəfindən rədd edilirdilər.        

Hər bir şeydə özünü büruzə verən böhran durumu bununla bağlı idi. Amerikan tədqiqatçısı A. Mecill “böhran” anlayışının mahiyyətini açıqlayaraq yazırdı: “Bu, yaxşılıq, həqiqət, gözəlliklə bağlı nüfuzlu, insan şüurunun qavramaq iqtidarında olduğu standartların itkisidir, bu eyni zamanda Bibliyada öz əksini tapmış  Allah sözünə inancın itkisidir.” Rasionalizmdən, ənənənin və dinin dəstələdikləri əvvəlki dövrlərdə şəksiz-şübhəsiz qəbul olunmuş dəyərlərdən imtina, elmi idrakın, yəni dünyanın təbiət elmlərinin araşdırmaları əsasında yaradılmış mənzərəsinin həqiqiliyinə şübhə postmodernistlərdə epistemoloji tərəddüd durumunun formalaşmasına gətirib çıxarır.

Epistemoloji tərəddüd postmodernist düşüncə tərzinin ən xarakterik kateqoriyasıdır. Postmodernizmin nəzəriyyəçilərin araşdırmalarında o əvvəlki dövrlərdə yaranmış dəyərlərə inancın böhranı və hər şeydən əvvəl elmi determinizmin iflası ilə əlaqələndirilir. Postmodernislərin fikrincə, elmi determinizmin yaratdığı, təbiət, cəmiyyət və psixika hadisələrinin səbəb-nəticə münasibətlərinə əsaslanan vəhdəti ideyası kökündən səhvdir. Qərbi Avropa rasionalizminin ənənlərinin postmodernistlər tərəfindən aramsız tənqidi onların determinizm prinsiplərindən imtinaları ilə bağlıdır. Bu baxımdan postmodernistlər Frankfurt məktəbi nümayəndələrinin ictimai şüurun bütün fenomenlərini burjua şüurunun təzahür formaları kimi ifşaedici tənqidini davam etdirirdilər.

Bu tənqidin kulturoloji, o cümlədən bədii-ədəbi aspektləri M. Fukonun və J. Derridanın araşdırmalarında həyata keçirilmişdir. Belə ki, Fukonun tədqiqatlarının əsas hədəfi İntibah dövründən XX əsr də daxil olmaq şərtilə müxtəlif dönəmlərin “tarixi şüursuzluğu”nu üzə çıxarmaqdır. Bu skeptisizm ruhu Derridanın yazılarında özünün ən yüksək zirvəsinə çatdı: alim bütün mövcud semiotik sistemləri səbatsızlıqda günahlandırırdı. Fransız filosofunun fikrincə, elmin üzə çıxartdığı “qanunlar və qaydalar” əslində insanın hər şeydə “həqiqət”i görmək istəyi ilə bağlıdır. Həqiqətdə isə bu “transsendental mənalandırılan”dan başqa bir şey deyildir və qərb loqomərkəzçilik ənənəsi ilə bağlıdır. İnsanı yalnız şüuru prizmasından nəzərdən keçirən, yəni  mədəniyyətin ideoloji fenomeni, daha dəqiq desək, yazılı mədəniyyətin – Quttenberq sivilizasiyasının fenomeni hesab edən postmodernistlər şəxsiyyətin özünüdərkini müəyyən mətnlər toplusu ilə eyniləşdirirdilər. Mədəniyyət də, onların fikrincə, saysız-hesabsız bir-birini tamamlayan, inkar edən, çulğalaşan, zamanda və məkanda səpələnmiş, lakin bir-biri ilə əlaqəsini itirməmiş mətnlər kütləsidir. Dünyanın özü də Derridaya görə ucsuz-bucaqsız bir mətndir. Avropa humanistləri, yəni insanla bağlı elmlərlə məşğul olan tədqiqatçı alimlər üçün mətni başa düşmək mahiyyət etibarilə onu “mənimsəmək”, “zəbt etmək”, beyinlərində mövcud olan məna stereotiplərinə tabe etmək deməkdir. Burada mətnlərin dərk olunması spesifikasından daha çox, insanın prinsipial şəkildə dərk etmək qabiliyyətinə malik olmamasından söhbət gedirdi.

Uzun sürən epistemoloji böhranın nəticəsində yaranmış postmodernist şüurun dərketmə skeptisizminin xarakteristikası üçün ingilis tədqiqatçısı K. Bruk-Rouz hüquqşünaslıqda irsən ötürülməsi qeyri-mümkün olan daşınmaz əmlakla bağlı işlənən “ölü əl” metaforasından istifadə etmişdir. Onun fikrincə, çağdaş dövrdə insan prinsipial şəkildə cəmiyyətin sosial-siyasi durumunu dərk etmək iqtidarında deyil: “Bizim gerçəklik haqqında bütün təsəvvürlərimiz özümüzün saysız-hesabsız təqdimetmə sistemlərimizin törəməsidir.” Başqa sözlə desək, postmodernistlər belə bir qənaətə gəldilər ki, bizim gerçəklik hesab etdiyimiz,  əslində, onun haqqında təsəvvürümüzdən başqa bir şey deyildir. Özü də bu təsəvvür müşahidəçinin nəzər nöqtəsindən asılıdır və onun əvəzlənməsi təsəvvürümüzün köklü şəkildə dəyişməsi ilə nəticələnir. Beləliklə, gerçəkliyin  insan tərəfindən qavrayışı aramsız dəyişir. Bu da ona gerçəkliyin qanunauyğunluqlarını və əsas əlamətlərini dərk etməyə imkan vermir.

Tarixilikdən və determinizmdən imtina postmodernist qavrayışın ən səciyyəvi xüsusiyyətləridir. Məhz buna görə də postmodernistlər dünyanı mənasız, xaotik və dərkolunmaz hesab edirdilər. Aydın məsələdir ki, gerçəkliyin belə bir durumu hansı isə bir mərkəzin mövcudluğunu şübhə altına alır. Hassan modernizmlə postmodernizmin əsas fərqini məhz bunda görürdü: “Dadaizm və sürrealizm müstəsna olunmaqla modernizm özünün bədii nüfuz sahibləri formalarını məhz ona görə yaradırdı ki, artıq mərkəz yox idi. Postmodernizm isə nəsnələr dünyasının içdən dağlması prosesinə uyğun olaraq bədii anarxiya istiqamətində inkişaf edirdi.” Əgər modernistlər mərkəzin yoxluğu şəraitində özlərinə xəyali mərkəz yaratmaqla kosmik xaosu dəf etməyə cəhd göstərirdilərsə, postmodernistlər xaosu fakt qismində qəbul etdilər.

Səbəb-nəticə əlaqələrindən, dəyər prinsiplərindən, mərkəzdən məhrum olmuş, heç bir nizama tabe olmayan fraqmentlərdən ibarət  dünyanın xaos qismində  görüntüsü “postmodernist  həssaslıq” adlanır. Dünyanın bütün dəyər və məna oriyentasiyası meyarlarından məhrum xaos kimi duyğusu  postmodernist həssaslığın birinci aspekti hesab olunur. Hassanın fikrincə, bu, əvvəllər mövcud olmuş dəyərlərə inamın böhranı ilə bağlıdır. Nihilizm erasının gələcəyini F. Nitşe özünün  “Hakimiyyət əzmi” əsərində göstərmişdi. Hassan qeyd edirdi ki, bu kitabın çap olunmasından  “yüz il sonra bizim çoxlarımız başa düşdü ki, bir vaxtlar sarsılmaz nüfuz prinsipləri kimi meydana gəlmiş Allah, Çar, İnsan, Zəka, Tarix, Dövlət anlayışları dünyalarını dəyişdilər, Hətta Dil də – bizim intellektual elitamızın ən cavan allahı da ona bəslənən ümidləri doğrultmadığı üçün tamam gücdən düşmüşdür”

Bədii şüurda postmodernist həssaslıq “dünya modeli”nin yaradılmasının  tamamilə mənasız olması ideyasına gətirib çıxartdı. Eyni zamanda postmodernistlər həyatda hansı isə iyerarxiya nizamı, yaxud prioritetlər sistemi yaradılmasının qeyri-mümkünlüyü və mənasızlığı ideyasını vurğulayırdılar. Onların fikrincə, dünya modelini yaratmaq yalnız onda mümkündür ki, “maksimum entropiyaya, yəni bütün konstitutiv elementlərin eyni dərəcədə mümkünlüyünə və eyni dəyərə malik olmasına əsaslansın.”

Bədii əsərin kompozisiyası səviyyəsində postmodernist dünyabaxışı  prinsipial şəkildə yaranış məntiqindən məhrum olub bir-birilə heç bir əlaqəsi olmayan parçalara bölünmüş gerçəkliyin durumuna adekvat olan fraqmentar səciyyəyə malik süni şəkildə yaradılmış xaosdan ibarət təhkiyə üsulunda öz təcəssümünü tapır. Postmodernizmin tədqiqatçılarının fikrincə bu cür mətnlərin əsas xüsusiyyəti təhkiyə vasitəsilə oxucuya “tərəddüd” hissi aşılamaqdır. Amerikan tənqidçisi A. Uayld həyatın bütün təzahür formalarına “nizamlayıcı istehza”nı postmodernist bədii ədəbiyyatın spesifik cəhəti hesab edir.

Postmodernist həssalığın ikinci aspekti özünü təkcə tənqidçilərin və ədəbiyyatşünasların yox, həmçinin kulturoloqların və  filosofların “metaforik esseistika”ya, “poetik düşüncə tərzi”nə meylinin güclənməsində  büruzə verir.

Postmodernizmin bir ədəbi-bədii konsepsiya kimi təşəkkül tapmasında fransız alimi J. F. Liotarın “Postmodernin durumu” (1979) əsərinin müstəsna rolu olmuşdur. Liotar bu əsərdə göstərir ki, “əgər hər bir şeyi son həddə qədər sadələşdirsək, məlum olur ki, “postmodernizm” deyəndə biz ilk növbədə metatəhkiyələrə inamsızlıq nəzərdə tuturuq.” “Metatəhkiyə” deyəndə alim burjua cəmiyyətini təşkil edən və onun özünə haqq qazandırmasına əsas yaradan bütün “izahedici sistemlər”i – dini, tarixi, elmi, psixologiyanı, incəsənəti, başqa sözlə desək, dünya haqqında bütün biliklərimizi nəzərdə tutur. Bu o deməkdir ki, Liotar M. Fukonun və Y. Habermasın biliklərin “qanuniləşdirilməsi”, yəni onlara haqq qazandırılması konsepsiyalarını sərf-nəzər edərək bu biliyin hər hansı verbal (sözlə ifadə olunmuş) formasını təhkiyənin xüsusi tipi kimi nəzərdən keçirir. Belə bir ədəbi-fəlsəfə yanaşma üsulu alimin fikrincə, fəlsəfi hekayələrin və təhkiyə formalarının meydana gəlməsinə səbəb olur. Liotar belə hesab edir ki,  Yeni dövrün  fəlsəfi fikri öz əksini ilk növbədə bəşəriyyətin başlıca ideyalarını ifadə edən  Hegelin rühun dialektikasını, şəxsiyyətin emansipasiyasını, tərəqqi ideyasını, bütün bəşəriyyətin xoşbəxtliyini təmin etmək iqtidarında olan bilik haqqında maarifçi təsəvvürləri ehtiva edən “böyük tarixi təhkiyələr”də tapmışdır.

Liotar üçün “postmodern əsri” ümumiyyətlə “böyük metatəhkiyələr”in aşınması ilə xarakterizə olunur. Alim göstərir ki, bu gün biz “böyük təhkiyələr”in parçalanıb saysız-hesabsız tərkib hissələrinə bölünməsinin və onların əsasında daha sadə, xırda, lokal “tarixçə-hekayələr”in yaranmasının şahidi oluruq. Bu son dərəcə paradoksal “əhvalatlar”ın mənası biliyi qanuniləşdirmək yox, “bizim böhran anlamımızı dramatikləşdirməkdir”. Bu hər şeydən əvvəl onunla izah olunur ki, belə bir total dağılma prosesi dünyada qeyri-sabit durumun bərqərar olması ilə nəticələnir. Təbii ki, bu halda diqqətimiz “ayrı-ayrı faktlar”a, “müqayisəolunmaz ölçülər”ə, “lokal proseslər”ə istiqamətlənir. Bununla bağlı mülahizələrini yekunlaşdırarq Liotar yazır: “Konsensus köhnəlmiş və şübhəli dəyərə çevrilmişdir” (12).

Fikir ayrılığı naminə fikir ayrılığı təlimi onunla nəticələnir ki, hər bir ümumi rəy, yaxud konsepsiya çağdaş insanı addımbaşı izləyən, onun şüurunu növbəti “dəyərlər sistemi” ilə – metatəhkiyə ilə udmağa hazır təhlükəyə çevrilir. Nəticədə eklektizm “postmodern erası” mədəniyyətinin əsas əlaməti hesab olunur: “Eklektizm ümumi mədəniyyətin sıfır dərəcəsinə çevrilir: adamlar radioda reggeyə qulaq asırlar, kinoteatrda vesternə baxırlar, lenç üçün Makdonalda gedirlər, nahara yerli yeməklər restoranına baş çəkirlər, Tokioda Paris ətirlərindən istifadə edirlər, Honkonqda retro üslubunda paltar geyirlər. Kitçə çevrilməklə incəsənət mesenatların zövqünü əllərindən alır. Sənətkarlar, şəkil qalereyalarının sahibləri, tənqid, tamaşaçılar “nə isə baş vermiş” məkana doğru axışırlar. Lakin bu “nə isə baş vermiş”in əsl gerçəkliyi pulların gerçəkliyidir. Estetik meyarların yoxa çıxması şəraitində incəsənət əsərlərinin dəyərini yalnız onların gətirdikləri gəlirlə ölçmək mümkün olur”.

Kütləvi informasiya vasitələri incəsənətə istehlakçı münasibət bəsləməyi təbliğ etməklə ədəbi-bədii nümunələrin bu cür eklektik şəkildə həzm-rabedən keçirilməsində mühüm rol oynayırlar. Bu şəraitdə əsl sənətkarın bircə yolu qalır; o, dil vasitəsilə öz ifadəsini tapan şüurun saxta xarakterini üzə çıxarmaq üçün təhkiyədə təşkiledici mərkəzin yoxluğunu sübut etməlidir.

Liotarın fikrincə, postmodern incəsənətdə təsvirolunmaz məqam ön plana çıxır. Düzdür, postmodernizm daim yeni ifadə üsulları axtarır. Lakin onun məqsədi estetik zövq almaq yox, ifadə etməyin mümkünsüzlüyünü vurğulamaqdır. Postmodernist sənətkar əslində filosofun durumundadır: onun yaradıcılığının məhsulu əvvəlcədən müəyyən olunmuş qaydalara tabe olmur, ona ümumi meyarları tətbiq edib dəyərləndirmək olmaz, çünki hər bir yeni əsər ancaq ona xas olan yeni qaydalard əsasında yaradılır.

Liotarın konsepsiyası postmodernizm nəzəriyyəsinin təşəkkülündə mühüm rol oynamışdır. Belə ki, holland tənqidçisi T. D”an metatəhkiyə konsepsiyası əsasında modernizm və postmodernizm arasındakı köklü fərqləri üzə çıxarmağa cəhd göstərmişdir. Onun fikrincə, modernistlər sənət əsərinin müstəqil, özünəyetərli dünyasını yaratmağa cəhd göstərirlər; bu  süni və nizamlanmış dünya gerçəkliyin ənənəvi dəyərlərinə  və çağdaş dönəmdə onu səciyyələndirən xaosa qarşı qoyulur: “Modernizm bir çox cəhətdən siyasi, sosial və iqtisadi durumun yaratdığı nihilizm xaosunu dəf etmək üçün metatəhkiyənin nüfuzuna söykənir” (13).

Səciyyəvi modernist bədii nümunə qismində tənqidçi T.S. Eliotun “Barsız torpaq” poemasını misal gətirir və göstərir ki, bu əsər mahiyyəti etibarilə sənətkarın Birinci dünya müharibəsindən sonra yaranmış xaosa diaqnoz qoymaq və bu xaosu dəf etmək üçün ona sənətin yardımı ilə alternativ tapmaq cəhdidir. Qeyd etmək lazımdır ki, postmodernistlərin bu mülahizəsi bir çox cəhətdən sənəti həyatdan müdafiə olunmaq üçün yeganə vasitə hesab edən ingilis-amerikan “yeni tənqidi” ilə səsləşir.

Modernistlərdən fərqli olaraq, postmodernistlər hər növ metatəhkiyəni, dünyanı izah etməyə cəhd edən, insanın dünyada öz durumunu müəyyən etmək üçün ənənəvi olaraq istifadə etdiyi bütün sistemləri rədd edir. Yalnız qırıq-qırıqlıq və eklektizm gerçəkliyin fraqmentarlığına uyğun gəlir. Postmodernistlər metatəhkiyəyə yalnız onun gücsüzlüyünü və mənasızlığını sübuta yetirmək üçün müraciət edirlər.

Amerikan alimi F. Ceymison Liotarın konsepsiyasını inkişaf etdirərək göstərirdi ki, təhkiyə ədəbi forma olmaqdan daha çox epistemoloji kateqoriyadır, yəni dünyanı dərketmə üsuludur. Bu baxımdan Ceymisona görə hətta təbiət elmlərinin nümayəndələri də, məsələn, fiziklər də nüvə hissəcikləri haqqında tarixçələr nəql edirlər. Başqa sözlə desək, Ceymison etiraf etməli olur ki, dünya insana yalnız onun haqqında danışılan hekayətlər və tarixçələr qismində açıqdır. Hər hansı bir təhkiyə şərh tələb edir. Bu isə o deməkdir ki, təhkiyə müəyyən bir hadisəni yalnız təqdim etmir, həmçinin onun yeni simasını ortaya qoyur, yəni gerçəkliyi yenidən yaradır. Təhkiyə qismində ədəbi-bədii mətn eyni zamanda  gerçəklikdən “müstəqilliyini” təsdiq edir. Təhkiyə bir tərəfdən dünyanı açıqlayır və şərh edir, digər tərəfdən eyni səviyyədə onu gizlədir və təhrif edir. Ceymison belə hesab edir ki, məhz bu baxımdan təhkiyənin bilik qismində spesifik funksiyası üzə çıxır – təhkiyə tarixən meydana gələn sosial ziddiyyətləri boğmağa yönəlmiş kollektiv şüuru gerçəkləşdrməyə xidmət edir. Lakin bir qayda olaraq bu funksiya dərk olunmadığına görə Ceymison onu “siyasi şüursuzluq” adlandırmışdır.

Öz fransız həmkarından fərqli olaraq Ceymison belə hesab edir ki, metatəhkiyə izsiz itmir, hakim ideologiya qismində şüurlara səpələnir.

Postmodernist sənətin spesifikasını müəyyənləşdirən ən geniş yayılmış prinsiplərdən biri ona özümlü bədii kod kimi, yəni bədii əsərin “mətni”nin təşkilinin qaydalar toplusu kimi yanaşmadır. Bu yanaşma prinsipinin çətinliyi hər şeydən əvvəl onunla bağlıdır ki, formal nöqteyi-nəzərdən postmodernizm əvvəlki mədəni ənənənin yaratdığı qaydaları və məhdudiyyətləri şüurlu şəkildə pozur. Buna görə postmodernizmin nəzəriyyəçiləri nonseleksiyanı (seçimsizliyi) mətnin təşkilinin aparıcı prinsipi qismində təklif edir. Bu prinsip postmodernist qavrayışın hər hansı bir təbiət və sosial iyerarxiyanın mövcudluğunu inkar etməsi ilə bağlıdır. Məhz buna görə də postmodernist mətnlərin struktur və forma baxımından təşəkkülünün təməlində “noniyerarxiya (iyerarxiyasızlıq) prinsipi” durur. Bu prinsip öz növbəsində ədəbi ünsiyyət durumu prosesinin mənalandırılmasında özünü büruzə verir.

Postmodernist mətni ünvanlayan üçün, yəni müəllifdən ötrü bu prinsip mətnin yaradılması prosesində dil və yaxud başqa elementlərin seçimindən imtina etmək deməkdir. Belə bir informasiyanı qəbul edən üçünsə, yəni oxucu üçünsə, əgər o, bədii nümunəni “postmodernist üsul” əsasında oxumaq istəyirsə, mətni prinsipial şəkildə şərh etməkdən boyun qaçırmaqdır.        

Postmodernist nəzəriyyəçilər bədii mətni özünəməxsus kollaj (bir-birinə necə gəldi yapışdırılmış mətn qırıqları) hesab edirlər. Bu, onların fikrincə, postmodernist ədəbi-bədii mətnin fraqmentar mahiyyətini dəyişdirməyə, mətn qəlpələrini üzvi vəhdətdə birləşdirməyə prinsipial şəkildə imkan vermir. Postmodernist ədəbi-bədii söz sənətinin tədqiqatçısı, holland alimi D. Fokkema nonseleksiyanı postmodernist mətnin təşkilinin əsas prinsipi olmasını xüsusi qeyd edərək onun fəaliyyətinin xüsusiyyətlərini ədəbi-bədii təhlilin leksema, semantik sahə, cümlə strukturu, mətn strukturu səviyyələrində üzə çıxarmağa cəhd göstərmişdir.

Fokkema cümlə səviyyəsində postmodernist mətnlərin üç əsas xüsusiyyətə malik olduğunu qeyd etmişdir: 1. Sintaktik qeyri-qrammatiklik. Bu halda müəllif cümləni qrammatikanın qanunlarına  sona qədər uyğunlaşdırmaqdan imtina edir və yarımçıq cümlələrin məna kəsb etməsi üçün tamamlanmasını oxucunun öhdəsinə buraxır. 2. Semantik uyuşmazlıq. 3. Cümlənin tipoqrafik baxımdan qeyri-adi şəkildə formalaşması. Fokema bu postmodernist üsulları “fraqmentar diskurs”un formaları adlandırmış və onların daha çox “konkret poeziya” janrında təsadüf olunduğunu qeyd etmişdir.

Fokkema ədəbi-bədii postmodernist nümunələrinin mətn strukturu səviyyəsində araşdırılmasına xüsusi diqqət vermişdir. Məhz bu məqamda tədqiqatçı qərb ədəbiyyatşünaslığında nonseleksiya fenomenini təsvir etmək üçün işlətdiyi rəngarəng terminologiyanı birləşdirməyə və qaydaya salmağa cəhd  göstərmişdir. Qeyd olunur ki, postmodernist üsulların əsas məqsədi mətnin bütöv şəkildə dərkini çətinləşdirmək üçün informasiya küyü yaratmaqdır.

Realizmin və modernizmin ədəbi-bədii şərtiliklərinə qarşı mübarizə aparmaq üçün  postmodernistlər ən çox permutasiya üsulundan istifadə edirlər. “Permutasiya” deyəndə postmodernistlər mətnin hissələrinin yerdəyişmələrini nəzərdə tuturlar. Bu, oxucunun mətnin hissələrinin yerini istədiyi şəkildə dəyişdirmək və istədiyi qaydada oxumaq hüququna malik olduğunu göstərirlər. Permutasiya həmçinin mətnin və sosial kontekstin bir-birinə nüfuz etməsi, təxəyyül ilə real fakt arasındakı sərhəddi ləğv etməyi nəzərdə tutur.

Nonseleksiya prinsipi faktiki olaraq postmodernist sənətkarların bilərəkdən təhkiyə xaosu yaratmaq niyyətini əks etdirir. Bu isə onların fikrincə, parçalanmış, özgələşmiş, mənasını, qanunauyğunluğunu, nizamını itirmiş dünyanın durumuna uyğundur.

Fokkema postmodernist mətnlərin təhlilində bir qayda olaraq formal təhlil prinsiplərindən istifadə edir və bu baxımdn R. Yakobsonun konsepsiyasına əsaslanır. Bu konsepsiyaya görə hər bir diskurs bir mövzunu digəri ilə oxşarlıq və yanaşılıq prinsipi əsasında birləşdirir, çünki onların hamısı müəyyən mənada ya bir-birilərinə bənzəyirlər, ya da zamanda və məkanda yanaşıdırlar. Yakobson metaforanı və metonimiyanı bütün nitq proseslərini təcəssüm edən aparıcı modelləri hesab edərək bu tipli əlaqələri müvafiq olaraq “metaforik” və “metonimik” adlandırmışdır.

Postmodernistlərin fikrincə, ədəbi-bədii diskursların əksəriyyəti mətnin təşkilinin hər iki prnsipini birləşdirir, lakin modernizmə daha çox metafora, realizmə isə metonimiya xasdır. Ədəbi-bədii yazının oxşarlıq və yanaşıqlıq prinsipi əsasında təşkili əvəzinə postmodernist Loc altı alternativ kompozisiya prinsipi təklif edir: ziddiyyətlilik, permutasiya, qırıq-qırıqlıq, təsadüfilik, pozulma və qısa qapanma. Bu prinsiplər arasında Locun fikrincə zidiyyətlilik postmodernist yazı tərzinin əsas əlaməti qismində çıxış edir, çünki bütün digər texniki üsullar bu aparıcı müddəanı tamamlamağa və inkişaf etdirməyə xidmət edirlər. Postmodernist prinsiplərin ədəbi-bədii yazıya tətbiqi son nəticədə sosial, mənəvi-etik, estetik müstəvilərdə meydana çıxan ziddiyyətlərin prinsipial şəkildə barışmazlığı və bu ziddiyyətliliyin gerçəklik qismində qəbul olunması labüdlüyünü ortaya qoyur.

Nonseleksiya prinsipi müxtəlif səviyyəli hadisələrin ardıcıl şəkildə çulğalaşmasına, son dərəcə əhəmiyyətsiz və misli görünməmiş əhəmiyyətə malik problemlərin eyniləşdirilməsinə, səbəb və nəticənin yerlərinin dəyişdirilməsinə meydan açır. Postmodernist sənətkarlar bir-birini istisna edən ziddiyyətləri tamamlama prinsipi əsasında bir araya gətirir və onları mütləq ekvivalentlər kimi təqdim edirlər: onlar belə hesab edirlər ki, xaosun və mütləq nisbiliyin hökm sürdüyü dünyada bütün dəyərlər devalvasiyaya uğramışlar və hər şey hər şeyə bərabərdir. Loc S. Bekketin “Adlandırılmayan” romanını təhlil edərək yazır ki, əsərdə hər bir cümlə əvvəlkini təkzib edir, çünki bütün mətn ərzində təhkiyəçi barışmaz istəklər və təsdiqlər arasında tərəddüd edir.

Postmodernistlərin fikrincə, bədii əsərin istənilən şərhi prosesi onun gerçəkliklə müqayisəsinə əsaslanır və buna görə də ədəbi mətnlə gerçəklik, sənətlə həyat arasında müəyyən bir məsafənin mövcudluğunu nəzərdə tutur. Postmodernizm bu məsafəni dəf etməyə, aradan qaldırmağa can atır və oxucunun postmodernist mətni ənənəvi ədəbiyyatın kateqoriyaları əsasında həzm-rabedən keçirməsinin qarşısını almaq üçün qısaqapanma təşkil edirlər. Buna nail olmaq üçün postmodernist sənətkarlar eyni əsərin hüdudları daxilində gerçəkliyi və uydurulmuşu çulğalaşdırır, mətnə müəllifin özünü daxil edirlər. Bununla da onlar ədəbi-bədii əsərdə şərtilikləri onlardan istifadə prosesinin özündə açıqlayırlar. Postmodernizmin nəzəriyyəçiləri etiraf edirlər ki, bu üsullar yeni ədəbiyyatın kəşfi deyil, artıq Servantes və Stern kimi sənətkarların yaradıcılıqlarında təsadüf olunurlar. Lakin postmodernist yazıçıların əsərlərində elə tez-tez işlənirlər ki, oxucu istər-istəməz onları yeni fenomen kimi qəbul edir.                

Öz təbiəti etibarilə nonseleksiya prinsipi sırf neqativ xarakter daşıyır, çünki postmodernizmin yalnız dağıdıcı tərəfini göstərir, yəni postmodernistlərin ədəbi-bədii nümunənin daxilində ənənəvi təhkiyə əlaqələrini sökən, onun təşkilinin prinsiplərini rədd edən üsulları nümayiş etdirir. Postmodernizmin nəzəriyyəçiləri nonseleksiya prinsipindən istifadəyə ilk növbədə onunla haqq qazandırmaq istəyirlər ki, məhz bu prinsipin sayəsində sənətlə gerçəklik arasında sərhədin məhv olunmasına nail etmək olar; məhz nonseleksiya ədəbiyyata “tapılmış şeylər” texnikası əsasında gerçəkliyin faktlarını olduqları kimi ədəbiyyatda istifadə etməyə imkan yaradırlar. Əslində nonseleksiya vasitəsilə sərhədlərin dağıdılması, yəni gerçəkliyin şərh olunmamış, “xam” parçaları kollaj texnikasının yardımı ilə bədii təhkiyənin korpusuna daxil edilməsi postmodernist ədəbi əsərdə yalançı sənədçiliyə gətirib çıxarır, çünki təhkiyənin ümumi strukturunda onlar bu və ya digər şəkildə öz “müstəqil” şərhlərini tapırlar. Son nəticə etibarilə yalançı sənədçilik nonseleksiyadan daha çox kvaziseleksiyanın ümumi prinsiplərindən biri qismində çıxış edir, çünki yaradıcılıq prosesində sənətkar heç də mexaniki şəkildə rastına çıxan bütün faktları qeydə almır, labüd şəkildə əsərə daxil edəcəkləri arasında seçim həyata keçirir.

Liotarın və Hassanın konsepsiyalarına əsaslanaraq Fokkema postmodernizmin dünyagörüş prinsiplərini onun bədii üslubuna tətbiq etməyə cəhd göstərmişdir. Onun fikrincə, postmodernizm ilk növbədə çağdaş cəmiyyətin ruhi və humanist dəyərlərdən imtinası ilə bağlıdır. O göstərir ki, İntibah dövründə antropoloji universum konsepsiyasının meydana gəlməsi üçün şərait yarandı. Lakin XIX – XX əsrlərdə təbiət elmlərinin, ilk növbədə biologiyanın və kosmologiyanın təsiri altında kosmosun mərkəzi qismində insan haqqında təsəvvürləri müdafiə etmək çətinləşdi. Buna görə də dünyaya postmodernist baxış hər hansı bir dünya modelinin yaradılmasını mənasız hesab edir. Belə bir təsəvvür yaranır ki, postmodernist sənətkarlar həyatda müəyyən iyerarxiya nizamının və yaxud prioritetlər sisteminin yaradılmasını qeyri-mümkün və mənasız hesab edirlər.

Postmodernist sənətkarların dünyagörüşlərinə xas olan ziddiyyətlər, onların dünyanın xaotikliyini bədii əsərin şüurlü şəkildə təşkil olunmuş xaosu vasitəsilə dəf etmək, bütün nüfuz sahiblərinə skeptik və istehzalı münasibət bəsləmək, ədəbiyyatın bədii-təsviri şərtiliklərini vurğulamaq cəhdləri postmodernist tənqid tərəfindən mütləqləşdirilir. Postmodernizmin nəzəriyyəçilərinin relyativizmi onları “yazının nüfuzu” probleminə xüsusi diqqətllə yanaşmağa sövq edir, çünki məhz mətn müəyyən tarixi dövrü konkret şəkildə təcəssüm edir və buna görə öz dövrü haqqında səhih və nüfuzlu məlumat verə bilər. Gerçəkliklə əlaqələndirilməyən mətnin nüfuzu isə yalnız intermətnliyə, başqa mətnlərin nüfuzuna söykənir. Son nəticə etibarilə bu nüfuz ritorik və yaxud təsviri vasitələrin toplusu ilə eyniləşdirilir. Bu vasitələrin yardımı ilə mətnin müəllifi  oxucunun şüuru üzərində yazının hökmranlığını bərqərar etməyə nail olmağa çalışır. Lakin bu hökmranlıq son dərəcə nisbi səciyyə daşıyır, buna görə də müəllif daim öz əsərlərində labüd şəkildə ifadə olunmuş ikibaşlılıqdan ötrü əzab çəkir. Postmodernizmin nəzəriyyəçilərinin parodiyanı ciddi müəllifin təhkiyəsinin yeganə mövcudluq forması hesab etmələri bununla bağlıdır.

Postmodernist sənətin təhlili prosesesində onun bütün nəzəriyyəçiləri belə bir mövqedən çıxış edirlər ki, parodiya postmodernizmdə ənənəvi ədəbiyyata nisbətən tamamilə fərqli funksiyaları yerinə yetirir. “Paradoksal dualizm” yaxud “ikiqat kodlaşdırma” parodiyanın əsas əlaməti elan olunur. “İkiqat kodlaşdırma” ifadəsi postmodernizmin nəzəriyyəçilərinə görə iki və daha artıq “mətn dünyaları”nın parodik müstəvidə müqayisə olunmasıdır. Bu nəzər nöqtəsindən araşdırılan postmodernizm həm modernist praktikanın davamı, həm də onun təkzib olunmasıdır, çünki modernizmin “ağzını əymək”lə postmodernizm istehzanın yardımı ilə öz sələfinin irsini dəf edir.                                                      

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.Fokkma D.V. The semantik and syntactik organisation of postmodernist texts, Amsterdam, p. 7

2.Hoffmann G., Hornung A., Kunov R. Modern, postmodern and contemporary as criteria for the analysis of 20th literature. Amerikastudien. P.20.

3.Suleiman S. Naming and difference. Amsterdam, p.256.

4.Welsch W. Unsere postmoderne Modern. Weinheim, 1987, p.   6.

5.Ibid, p. 4.

6. Megill A. Prophets of extremity. 1985, p. 14.

7. Brookl-Rose Ch. The dissolution of character in  the novel. Stanford, 1986, p.   187.

8. Hassan I. Making sense. The trials of postmod discourse. Baltimore. p.59.

9. Ibid, p. 442.

10. Fokkema, ibid, 82-83.

11. Lyotard J.-F. La condition postmoderne: Rapport sur le savoir. P., 1979, p. 7.

12. Ibid, p.100.

13. D’haen T. Postmodernism in american fiction and art. Amsterdam, p.21

Sim-sim.az
Qorxmaz QULİYEV, ədəbiyyatşünas

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.