Gülnar Səma -
Zəlimxan Yaqubun “Hüseyn Saraçlı dastanı”
03.10.16
Zəlimxan Yaqubun 2006-cı ilin payızında qələmə aldığı “Hüseyn Saraçlı dastanı” dastan-romanı nəsrlə nəzmin qarşılıqlı vəhdəti şəklində yazılmışdır. Əsərin nəsrlə olan parçalarının təhkiyəsi çox mükəmməldir. Dili son dərəcə səlis və rəvandır. Həmin hadisələrin təsviri nəzmlə verilsə, bəlkə də, əsərin dilində xoşagəlməz bir yorğunluq yaranardı. Poemanın yazılmasında dastançılıq ənənəsinə kifayət qədər əməl edilmişdir. Əsər üç ustadnamə ilə başlayır. Sonra isə müəllif buta almanı xatırladan yuxu görür. Bu əsərin yazılması üçün şair ustad aşığın özündən xeyir-dua alır. Əsər boyu müəllifin obrazını da müşahidə etmək olur. O, bəzən qəhrəmanı ilə həmsöhbət olur və ona həyati suallar verir. Elə ilk sualları da aşığın keçmişinə işıq salır. Aşıq bu qədər dərdli olmasının səbəbini on yaşı olarkən atası Qurban ağanın Saraçlının Yuxarı başında, Qaraqayanın döşündə, Qalxma arxının üstündə şura höküməti tərəfindən rus beşaçılanı ilə güllələnməsi ilə izah edir. “Qurban kişinin ölümündən üç gün sonra hökümətdən kağız gəlir ki, onu güllələmək olmaz, bağışlamaq lazımdır”. Bu epizodlarla keçən əsrdə mövcud quruluş tərəfindən xalqımızın başına gətirilən haqsız müsibətlərin iç üzü göstərilir. Qərarı verilməmiş içrası həyata keçirilən məqsədyönlü qətllərin məramı aydınlaşdırılır.
Aşıq ailənin ikinci övladı olduğu üçün atasının öldürülməsindən sonra anası Yetər xanımla ailəni dolandırmaq əziyyəti onun üzərinə düşür. Bu cür haqsızlıqların qurbanı yalnız onlar deyildi. Poemada eyni taleyi yaşayan tarixi şəxslərdən bir neçəsinin adı çəkilir. Onlardan şair Ağacanın və müəllifin ana babası Sərdəroğlu Qurbanın da 1937-ci il sürgünlərinin qurbanı olması həmin dövrün reallıqlarını olduğu kimi göstərir. Əsas hadisələr müəlliflə aşığın söhbətləri fonunda söylənilir. Onların söhbətlərində tez-tez folklora əsaslanan haşiyələr olur. Borçalı və ətrafında olan Azərbaycan torpaqlarının kəndbəkənd adı çəkilir. Danışılan əhvalatların çoxundan Hüseyn Saraçlının şeirlərinin necə yaranması tarixçəsi bəlli olur. Aşığın uşaqlıq illəri və nəsil şəcərəsi barədə lazımlı məlumatların verilməsi ilə poemanın ekspozisiyası yekunlaşır.
Hüseyn Saraçlının atasının dostu Tomarrı Qurban kişigilə Cücəkəndə getməsi və onun qızı Şahsənəmə vurulması ilə əsərin razvyazkası başlayır. Onun qızla əhdi-peyman bağlayıb anasına bu xəbəri çatdırması ilə əsərə düyün vurulur. Anası ona bildirir ki, bu sevda elə atasının da uşaqlıq arzusu olub. Ata qəbrindən xeyir-dua alıb nişan edirlər. 37-ci ilin fəlakətləri onları iki il nişanlı qalmağa məcbur edir. Evləndikdən sonra üç oğulları, üç qızları olur.
Bundan sonrakı bölümdə yenə müəllif yuxusunda iki dəfə aşığı görür. Ona verilən suallar və alınan cavablar türkün taleyindən narahatlığı əks etdirir. Bu hissədə çoxlu türk torpaqlarının adları çəkilir və onların indiki durumundan gileylər verilir. Bununla yanaşı, bir çox ustad aşıqların, kəndlərin, xalq oyunlarının, milli yeməklərin, yol-izlərin adları çəkilir, onları qorumağı türklüyü qorumaq kimi xarakterizə edir. Həm də Hüseyn Saraçlıyla bir çox başqa aşıqlar arasında olmuş əhvalatlar milli örnək kimi təqdim olunur. “Aradan 27 il keçib, mən niyə bu xatirəyə qayıtdım? Qayıtdım ona görə ki, köhnə kişilərin kişi xarakteri var idi”. Ümumiyyətlə, poemada Hüseyn Saraçlı ilə bağlı bir çox əhvalatlara yer verilmişdir. Onunla birgə digər sənətkarlarımız haqqında da ibrətamiz bilgilər almış oluruq.
Digər bölümdə Hüseyn Saraçlının Göyçəyə Aşıq Ələsgərin ziyarətinə getməsi əhvalatı söylənilir. Bu hissədə biz aşığın sazını, çəkməsini, papağını ustalardan böyük hörmət və sayğı ilə almasının şahidi oluruq. O, Göyçəyə çatanda gənc şairlərlə rastlaşır, onlarla şeirləşir, daha sonra Ağkilsəyə yol alır. Hamı Borçalı aşığını dərin hörmətlə qarşılayıb onun şərəfinə məclis qurur. Ələsgərin sonbeşik oğlu 70 yaşlı Aşıq Talıb da getdiyi toyu başa vurub, qonağının yanına tələsir. Hüseyn Saraçlı həm Aşıq Talıbla, həm də Ələsgərin qardaşı Məşədi Salahın nəvəsi İsmixanla deyişib saz-söz məclisi qurur. Müəllif qəhrəmanının Göyçə səfərini məqsədli şəkildə təfərrüatı ilə təsvir edir. Ermənilərin göyçəlilərə tutduğu divanlardan bəhs edir. Erməni zabiti Vahramın anasına yazdığı məktubun mətnindən onların necə amansızlıqlar etdiyi bəlli olur. “Elə bil aşığın sümüyünə dammışdı ki, bir vaxtlar Göyçə boyda bir mahal yerindən oynayacaq...” Ona görə də, Zəlimxan Yaqub da fürsətdən istifadə edib, Göyçə və göyçəlilərlə bağlı bildiklərini oxucularına çatdırır. Növrəs İmanla və Aşıq Ələsgərlə bağlı həqiqətləri qələmə alır. Aşıq Ələsgərin yeddi ildə bir dəfə günün günorta çağları üç saat gömgöy axan çayın suyundan içib aşıqlıq vergisi aldığı qeyd olunur. O sudan içmək də hər adamın qismətinə düşmür. Beləcə Hüseyn Saraçlının Göyçə səfəri yeni dastanların və xatirələrin yaddaşa həkk olunması ilə başa çatır. O, yolüstü qayıdanda Kəlbəcərə də baş çəkir Oranın meşəbəyinin oğlu Məhəmmədlə Güləndamın da toyunu edib Dədə Şəmşirin qonağı olur. “Onların heç biri bilmirdi, heç vaxt da bilməyəcəkdilər ki, bu gün toy-tamaşa meydanına çevrilən ana Kəlbəcər, Ağdaban kəndi, Aşıq Qurban ocağı, Ağdabanlı Qurbanın, Dədə Şəmşirin əlyazmaları da Kəlbəcər oğulları kimi şəhid olacaq, yanıb külə dönəcək və heç vaxt bu yaralar sağalmayacaq”. Əslində şairin bu səhnələri qələmə almaqda məqsədi, torpaqlarımızın işğal olunmasıyla bərabər itirdiyimiz milli-mənəvi dəyərlərimizi də yada salmaqdır. Sonra aşığın Qarabağa səfəri və orada Aşıq Xaspoladla görüşündən və deyişməsindən bəhs olunur. 80-ci illərdə kərkük şairi Əbdüllətif Bəndəroğlu ilə bizim şairlərin görüş xatirələri danışılır. Şair bu xatirələri yada salmağın məqsədini belə izah edir: “Şərə-böhtana, qana qırğına saldılar Qarabağı. Borçalıdan köç başladı. Yüz ildi bu köç yavaş-yavaş gəlirdi, indi çox iti yerişlə gəlir. Nə Kərkükdə başlanan talanın qarşısın ala bilirik, nə Borçalıdan başlanan köçün yollarını kəsə bilirik, nə Qarabağımızı qaytara bilirik”. Bu kimi narahatlıq dolu misraları oxuduqca məlum olur ki, əslində müəllif əsəri yazmaqla sadəcə aşığın həyat tarixçəsini təsvir etmək fikrində olmayıb. O, bu keşməkeşli həyat tarixçəsi fonunda XX əsrdə Azərbaycanın bilərəkdən parça-parça edilməsinin səbəb və məqsədlərini bir növ təhlil edir.
Şair yenə yuxusunda ustad aşıqla söhbət edir. Onun özünə şəyird seçərkən hansı meyarlara üstünlük verməsindən bəhs edilir. “Ay oğul, mən ağa nəslindən şəyird götürmürəm” sözləri aşığın dilindən verilən sitatdır. Həm də onun öz sözləri ilə şəyirdlərinin adları sadalanır. “Mənim şəyirdlərimin hər biri ad aldı, şan-şöhrət sahibi oldu. Sarallar Aşıq Əmir ilk şəyirdim olub. Onun xəzinəsi çox zəngin idi. Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı, Nurəddin Qasımlı, Sədi Ulaçlı, ... son şəyirdim xətrini çox istədiyim Aşıq Muraddı. Axırıncı dəfə sazımı Dəllərdə onun oğlunun sünnət toyunda çalmışam”.
Poemanın əsas leytmotivi Borçalıdan olan aşığın timsalında Borçalının aqibətinə nəzər salmaqdır. Hüseyn Saraçlıdan sonra o mahalın necə yoxluğa doğru getməsinin kədərini əks etdirməkdir. Əslən Borçalıdan olub, sonralar didərgin həyatı yaşayanların da obrazı yaradılır. “Günlərin bir günü belə bir məktub İstanbuldan – Qul Mehdidən gəldi. Aydın oldu ki, onun şairliyi də var. Özü də şair Nəbinin eloğlusudu, Faxralı kəndindəndi. Hasannılardandı. İkinci Cahan savaşında almanlara əsir düşüb, öz xilas yolunu Türkiyədə tapıb”. Hüseyn Saraçlı tezcə Qul Mehdinin məktubuna cavab yazsa da, məktub yalnız onun məzarı üstündə oxuna bilir. Poemada aşığın haqq aşığı olmasına işarə edən çoxlu haşiyələr var. Onlardan biri də belədir. Aşıq Lök Candarına toya gedərkən yolda bir insanla rastlaşır. Həmin adamın qatil olduğunu və keçirdiyi hissləri anlayır. Gedib toya çatarkən bəlli olur ki, qatil elə həmin aşıq toyunu eləməyə gəldiyi oğlanı öldürübmüş.
Əsərdə Hüseyn Saraçlının müxtəlif bölgələrə səfərlərindən və orda qazandığı hörmətlərdən də bəhs edilir. Onun Aşıq İslam Ərdənərlə Borçalıda görüşü vətəndən didərgin düşənlərin vətənə dönüşünün simvolu kimi verilib. Təbrizin cəngavər aşığı Aşıq Hüseyn Cavanla Gəncədəki görüşü Təbriz həsrətini, vətənin parçalanmasını ifadə edir. Dərələyəzdə İbrahim kişinin bir həftə saz-söz məclisinin qonağı olması, Sərraf Qasımla deyişmələri bütövlük rəmzi kimi xarakterizə olunub. Bunların içərisində ən təsirli səfər Qazaxıstan səfəridir. Otuzuncu illərdə Füzuli rayonunun Kərimbəyli kəndindən sürgün edilənlər haqqında ayrıca poeması olsa da, bu əsərdə də həmin məsələyə toxunulub. Əskiparadan sürgün edilən Bimar Mehralı adlı şairlə olan əhvalat represiya illərinin bütün acınacaqlı anlarını göz önünə gətirir. Mehralının butası olan Gülnara elçi gedirlər. İki il sonra onlar aşığı Qırğızıstana oğullarının sünnət toyuna çağırırlar. Aşıq da uşağın adını Vətən qoyur. Aşıq qayıdandan altı ay sonra Bimar Mehralı ona məktub göndərir. Məktub Hüseyn Saraçlıya yetişəndən bir həftə sonra Bimar ayrılığa dözə bilməyib ölür. Poemada Hüseyn Saraçlı ilə bağlı əhvalatlar qələmə alınarkən, məqamı gəldikcə digər sənətkarlarla bağlı epizodlar verilir. O, bütün şəyirdləriylə birgə Ağbaba mahalına qonaq gedir. Orda baş verən hadisələr söylənilərkən Aşıq Şenliyin Mehdixanların toyunda zəhərlənməsi hadisəsi də qələmə alınır. Eləcə də Faxralıda şair Nəbinin qəbrini ziyarət edərkən bir çox başqa sənətkarlar haqqında da bilgi almış oluruq.
Əsərin final hissəsini Zəlimxan Yaqub “Kim idi Aşıq Hüseyn Saraçlı?” sualı ilə başlayır. Cavabı da özü verir ki, əslində onun kimliyi onun böyüklüyündə idi. Müəllif bu böyüklüyü belə qiymətləndirir. “Böyük sənət də özünü ağlayan, içinə enən, əslinə, kökünə qayıdan sənətdi”. Sonluğa yaxın poemanın yazılmasının əsl səbəbinin faciələrimizin yaddan çıxarılmaması, mənəvi səfərbərliyə çağırış olduğu məlum olur. Aşığın 70 illik ömür yolunu qələmə almaqda şairin məramı əsl insan həyatı yaşayanların örnək kimi dəyərləndirilməsidir. Aşıq 1987-ci ildə dünyasını dəyişsə də, şair onun qəbri üstə verdiyi sözə 20 il sonra əməl edir. Onun adına dastan bağlayır. “O mənim Şəmsim oldu, mən onun Mövlanası,- Aşıq Hüseyn Saraçlı” misraları ilə səmimi etiraflarını edir. Poemaya diqqətlə nəzər saldıqda sanki elmi tədqiqat təsiri bağışlayır. Hətta poemanı folklor toplusu da adlandırmaq olar. Əsərdə çoxlu atalar sözü və məsəllər, rəvayətlər, bayatılar işlədilməklə bərabər, bir çox aşıq havalarının, aşıqların və.s adları çəkilmişdir. Xeyli dastanların adlarına rast gəlirik.
|