Mahir N. Qarayev – Hər şey hədərmiş...
17.07.16
Avanqard.net Mahir N. Qarayevin «Son nöqtə» şeirini təqdim edir.
SON NÖQTƏ
Hər şey hədərmiş... bu gün də, bu həftə də, bu şerin sonluğuna bir azdan qoyacağım nöqtə də.
Bu siqarın tüstüsü, bu qapının cəftəsi, bu divarın güzgüsü, bu çiçəyin ətri də;
o çərtdiyin qələmin, o yırtdığın dəftərin əyri-üyrü cizgisi, qara-qura xətti də –
hər şey, hər şey hədərmiş… Ən qısa şeir də, ən uzun nəsr də, ən yorucu şəhər də, ən üzücü fəsil də bitərmiş.
Yetərmiş, gec-tez sona yetərmiş min birinci gecə də, min ikinci küçə də;
yorulduğun o döngə, burulduğun bu tin də, oturduğun o kətil, yatdığın bu mitil də…
Heç bir fərqi yoxmuş gecin ya tezin; Heç bir sirri yoxmuş gedər-gəlməzin –
gedənlər bir daha gəlməzmiş demə, gələnlər gedərmiş… hər şey hədərmiş.
Sevgi dedikləri bir qara həvəsmiş, bir qara qanmış; Ömür dedikləri bir quru nəfəsmiş, bir quru canmış...
O da buracanmış, bura qədərmiş… hər şey hədərmiş.
İtərmiş hər şeyin mənası, Kədərmiş – əvvəli, sonrası.
Günü günə calasan da gün çatmayan ötən günlər; əl çatmayan, ün yetməyən bütün aylar, bütün illər unudulub gedərmiş… hər şey hədərmiş.
Hər şey alın yazısı, hər şey qədərmiş –
keçdiyin yol seçdiyin yol deyilmiş; seçdiyin yol keçdiyindən betərmiş...
P.S.
Hədər olmayan yalnız bircə sözdü, bircə sətirdi – o da nə yazılmış, oxunmuş nə də;
Qalan hər şey hədərdi – son nöqtənin önündəki bu misra, bu misranın sonundakı nöqtə də...
|