Əvvəl-əvvəl onu soyuq, qapalı adam bilirdim. Kənardan elə görünür. Kənardan gülüşü də adamı çaşdırır. Deyərsən, dünyanın ən qayğısız bəndəsidi. Özünü tanıtmağa, gözə soxmağa çalışmır, vaxtı tələsdirmir, papağını yan qoyub gəzir – özünə güvənən adamlar belə olur.Hər birimizdə Allahın yaratdığı heyvandan, quşdan, güldən, çiçəkdən nəsə var. Onu ağaca oxşadardım. Zirvədə bitən, başında küləklər oynayan, gün işığının üstündən əskik olmadığı ağaca yox, dərə yamacında, ayağını dağ çayının yaladığı, gövdəsini mamır basmış qollu-budaqlı ağaca. Gün işığına çatmaq üçün uzandıqca uzanıb, torpağın şirəsini çəkmək üçün kökləri dərinlərə işləyib. Mamırlı gövdəsini bıçaqla cızıq-cızıq ediblər: kimlərsə ad yazıb, ox dəlmiş ürək çəkib, altından tarix qoyub. Adlar kimi, illər də müxtəlifdi. Zaman keçdikcə həmin o cızılan yerlər böyüyür, qaysaq bağlayır, itir, hərflər, rəqəmlər bir-birinə qarışır, get-gedə çətin oxunur. Kənardan belə görünür. Ancaq həmin adlar, rəqəmlər, onu cızanlar ağacın yaddaşındadı.
Yaddaşındakı şırımları dərinə işləməyə qoymayıb, həyatı düzgün, halal yaşamaq, sınmayıb ayaqda qalmaq, pisdə yaxşını axtarmaq, bunu tapanda sevinmək asan iş deyil. Sözə tapınan, sözün müqəddəsliyinə inanan adam üçün bu bir az da çətindi. Çünki söz dilin ucunda deyil, könlün dərinliyindədi, gərək könlünün güzgüsünü təmiz saxlayasan ki, həm səni isidə, həm də başqalarını.
Sən bunu bacarmısan. 50 yaşında bunu sənə demək olar. 50 yaş heç nə eləməmiş adam üçün az, rahatlıq bilmədən gecə-gündüz öz içində çapan adam üçün çoxdu. Başkeçiddən vurub Moskvada təhsil alan, Rusiyanı dolaşıb, axırda Bakıda toxtayan Etimad Başkeçid. Tərcüməhalının görünən tərəfidi. Yaxşı ki, başqa görünən tərəflər də var: şeirlərin, nəsr əsərlərin, tərcümələrin. “Böyük sənətkar”, “Böyük türk”, “Böyük şəxsiyyət”. Kimlərəsə müraciət eləyəndə işlətdiyin ifadələrdi. Bunları elə özünə aid etmək olar. Sən heç kimi kiçiltmək istəmirsən, hamını böyük görmək istəyirsən. Hərdən-hərdən vur-tut “böyük” sözünü ixtisar eləyirsən. Buna şükür. Qoy hər kəs payını götürsün.
Yaşadığın həyata dönüb baxanda adamı istər-istəməz qüssə bürüyür. Həyat belədi, qazandıqlarımızla bir yerdə, itirdiklərimiz də var. 50 yaşın astanasında sən də yəqin bu hissləri keçirirsən. Ancaq ləyaqətlə yaşadığına görə təsəllin var. İndi qarşıda bir əlli il də durur. Təki həyat imkan verə, düşündüklərini kağıza köçürə biləsən.
Mən səni gec tanıdım. Ancaq həyatın bir lütfüdü ki, sənin kimi dostu gec də olsa qarşıma çıxartdı. Səni verənə şükür.