“Gül”ün Tovuzda imza günü olacaq
08.07.16
11 iyul 2016-cı il tarixində saat 15:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın “Gül” şeirlər kitabının imza günü keçiriləcək. Tovuzda daimi gənc istedadlılara qayğı ilə yanaşmanın nəticəsidir ki, respublika üzrə ən çox Prezident təqaüdçüsü olan rayon Tovuzdur. Rayonun 6 gənc yazarı Prezident təqaüdünə layiq görülüb.
Prezident təqaüdçüsü və Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Gülnar Səmanın “Gül” kitabı “aybkitab” layihəsində çap olunub. Bu layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitabın ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru, həm də müəllifin elmi rəhbəri Vaqif Yusiflidir. Kitabın redaktoru prezident təqaüdçüsü şair İbrahim İlyaslı, üz qabığının tərtibatçısı rəssam Nəvai Metindir.
AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı olan müəllifin üçüncü kitabı “Gül”ün ilk təqdimatı 3 may 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olmuşdur. Kitabın ilk imza günü 29 may 2016-cı ildə “Kitabevim.az”da keçirilmişdir.
11 iyul saat 3-də gerçəkləşdiriləcək imza günü müəllifin doğma rayonu Tovuzda ilk kitab təqdimatı olacaq. Maraqlananlar dəvətlidir.
|