"Uşaq ədəbiyyatı yaratmaq daha çətin və məsuliyyətlidir"
24.06.16
Bugünlərdə gənc yazıçı, II Gənc Ədiblər Məktəbinin yetirməsi Günel İmranın sayca üçüncü, eyni zamanda, uşaqlar üçün ilk kitabı - "Maya və ifritənin büllur ürəyi" çapdan çıxıb. Maya adlı balaca qızın başına gələn qorxulu, sirli-sehrli əhvalatın nəql edildiyi kitabın qəhrəmanı xeyirin qələbəsi naminə şərlə mübarizə aparır. Bataqlıq ifritəsinin tilsiminə düşmüş elflərin qurtuluşu Mayadan asılıdır. Başqa dünyada azmış Maya öz evlərinə gedən yolu tapa biləcəkmi? Kitabı oxuduqca bu suala cavab tapmaq mümkün olacaq...
Müasir Azərbaycan ədəbi prosesdə uşaq ədəbiyyatına o qədər geniş yer verilmədiyini deyən G.İmran bu boşluğu doldurmaq üçün əlindən gələni edəcəyini bildirib:
"İkinci kitabım təzə nəşr olunmuşdu. Kitab evlərindən birinə kitabımı almaq üçün getmişdim. Balaca uşaqların rəflərdə almaq üçün kitab seçdiklərini gördüm. Bunu izləyərkən belə bir fikir ağlıma gəldi.
Yazıçıların çoxu uşaq romanı yazmaq üçün uşaqları sevməyin önəmli olduğunu deyir. Fikrimcə, uşaqları sevmək yetərli deyil, nə düşündüklərini anlamaq, onlar kimi düşünməyi bacarmaq lazımdır. Həqiqətən, uşaq ədəbiyyatı yaratmaq daha çətin, daha məsuliyyətlidir. Eyni zamanda, yazı prosesi zövq verir. Yazarkən elə məqamlar oldu ki, özümü nağılın içində hiss etdim. Bugünün balaca oxucusu gələcəyin istedadlı ədəbiyyat adamı ola bilər". /525.az/
|