ADO`nun Gürcüstan və Türkiyə səfəri yekunlaşdı
20.06.16
Azərbaycanın müstəqil art-underground teatrı olan ADO`nun Gürcüstan və Türkiyəyə planlaşdırılan səfərləri başa çatıb. Teatrdan verilən məlumata görə, İstanbulda mədəniyyət işçiləri ilə görüşən teatr daha sonra Gürcüstanda qastrolunu həyata keçirib.
Gürcüstanın paytaxtı Tbilisidə yaradıcı səfərdə olan teatr “Loft” Hostel Tbilisidə, “Tilde” və “Movement” teatrlarında “STOP” tamaşasını göstəriblər. ADO teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov açıqlamasında teatrın səfəri barədə bunları deyib: “Gürcüstanda media bizim səfərimizə gözlədiyimizdən artıq diqqət verdi. Dörd Gürcüstan televiziyası, bir gürcüstan radiosu və ona qədər gürcü saytı bizim səfərimizi işıqlandırdı. Gürcüstanın birinci kanalı tamaşalarımız haqda reportaj yayımladı. Ümumiyyətlə Gürcüstandan çox yaxşı təəssüratlarla qayıtdıq. Gürcü tamaşaçısından razı qaldıq”.
ADO heyəti qastrol zamanı gürcüstanın küçələrində qısa reklam nümayişləri ediblər. Teatrın afişaları Tbilisinin mərkəzi küçələrində, kafelərində asılıb. Gürcüstanda yaşayan azərbaycanlılar da teatrın tamaşalarına dəstək olublar. Eyni zamanda Fransanın Gürcüstandakı səfirliyinin nümayəndələri də tamaşalara qatılaraq dəstəklərini bildiriblər.
Qastrola aparılan STOP tamaşasının müəllifi və rejissoru teatrın rəhbəri Elmin Bədəlovdur. Tamaşadakı rolları isə Aynur Zərrintac, Nihad Qulamzadə, Elza Furtado, Zaur Hacızadə və Rumiyyə Ağayeva canlandırıb.
|