“İsmi Pünhan” şeirlər kitab işıq üzü görüb
17.06.16
Azərbaycan Aşıqlar Birliyi yeni bir uğurlu layihəni başa çatdırıb. Böyük saz-söz ustadı Molla Cumanın “İsmi Pünhan” adlı şeirlər kitabı nəfis tərtibatla nəşr olunaraq oxucuların ixtiyarına verilib.
Qurumun katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkara 160 illik yubileyi ərəfəsində ehtiramının ifadəsi kimi hazırlanan kitabda Molla Cuma sənətinin ecazkarlığını əks etdirən aşıq şeiri şəkillərindən ibarət örnəklər yer alıb.
Kitabın tərtibçiləri Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Molla Cumanın nəticəsi Elman Əzizov, redaktoru isə Yeganə Məmmədovadır.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov kitaba yazdığı “Ön söz”də ustad aşığı istiqlal şəhidi adlandıraraq vurğulayıb: “Molla Cuma sadəcə olaraq saz çalan, söz qoşan, dastan söyləyən, məclis əhlini əyləndirən aşıqlardan deyildi. O, sözün əsl mənasında ərəb, fars, türk dillərini mükəmməl bilən, özündən sonra xalqına əlyazmaları halında qiymətli ədəbi irs qoyub gedən şairimizdəndir”.
Qeyd edək ki, Molla Cuma 1920-ci ildə qırmızı ordunun Azərbaycanı işğalı zamanı güllələnib.
|