Xəyalə Sevil - Gözüm ürəyimin suyunu çəkdi
17.06.16
Əllərim gecə gözətçisi
Gözümdəki buludları boşaltmadın, Bir bulud da sən verdin, Bir “unut” da sən verdin, Unudaram... İndi Gözlərimin xəritəsində Sən tərəf qaranlıq. Bir cüt gecəqondu göz yaşım Düşür əllərimə. Əllərim gecə gözətçisi, Gözlərim ürəyimin üzü. Və sən xəyal qırıqlığım, Ömür dağınıqlığım. Gözlərimdə yatıb qalan Həsrətini oyadaram. Unudaram, Nə deyirəm, Unudaram...
Əllərim qoynumda dustaq
Gözüm ürəyimin suyunu çəkdi, Quruda qaldım sənsiz. Mən səninlə tam olmuşdum, Yarıda qaldım sənsiz.
Gözümdən düşən dünyanı Kim qoyacaq yerinə?... Xəyallarım qız uşağı, Qoşulub qaçıb birinə.
Əllərim, qoynumda dustaq, Səni saxlamıram ki. Pəncərəmi açıq qoydum, Bulud doldu gözümə, Yoxsa ağlamıram ki.
Gecə saat on iki
Axşam çağı küçələr Tərk edilmək üçündü. Üşüyən oturacaqlar Əyninə xəzan geyir. Göy üzündə yarım ay Yarim gecə lampası. Küləklər yelləncəkdə... Aya, ulduza dəyir. Ayrılığın bir ucu Bu sarı qıza dəyir. Sən də getdin, əzizim, Eh! Elə onlar kimi. Elə küçə kimiyəm, Yıxılan yollar kimi. Əllərim çətir olmur, Yanağımı su aparır. Indi sənin xəyalını O aparır, bu aparır. Vəə belə... Oyunun sonu. Gecə saat on iki. Yeni günümdə olma, İtirildi bu sevgi.
|