Məmməd Qocayev - İsgəndərnamə
10.06.16
Mosul yaxınlığındakı müharibə amansız bir döyüş kimi təsvir olunur: Ata öz oğluna kin bəsləyirdi, Şəfqət çıxıb getmişdi, məhəbbət aradan qalxmışdı (142).
Məqsədindən, səbəbindən asılı olmayaraq dava antihumanist bir hadisə kimi səciyyələndirilir. Öz düşməni olan Daranın ölümünü belə İsgəndər böyük kədər və hüznlə qarşılayır, onun bütün vəsiyyətlərini yerinə yetirir, Daranın yeganə qızı Rövşənəklə evlənir. Iranın İsgəndər tərəfindən zəbt olunmasına qanuni bir varislik donu geydirilir. Dünya şahlığı və Daranın xəzinələri İsgəndərə çatır. Dünyanın xisləti belədir: sahiblər dəyişir, dünya malı isə yenə dünyada qalır. Bu hikmətin fəlsəfi mənası Nizamini daha çox düşündürür. Öz qəhrəmanını müxtəlif vəziyyətlərdə təsvir etməklə o, insan mahiyyətini hərtərəfli açmağa çalışır. Daranın saysız-hesabsız dövləti, ləl-cavahiratı İsgəndərə qalır. O, bu uğura çox sevinir, həvəsdən vəcdə gəlir, alışıb yanır. Niyə xəzinə tapan adamın üzü gülür? İnsandakı daş-qaş həvəsini Nizami belə izah edir: insan torpaqdan yaranıb, torpaq isə daş-qaşsız heç nədir. Daş-qaş torpağın zinətidir. Ona görə də xəzinə insana gülüş və sevinc gətirir. O, öz torpaq mahiyyətini daş-qaşla zinətləndirmək istəyir. Göründüyü kimi, "Şərəfnamə” qəhrəmanı hələ mənəvi kamillikdən uzaqdır. O, hələ qələbə nəşəsi ilə məst olub.
Bu mənada İsgəndərin qocaman İran sərkərdəsi Fəribərzlə söhbəti maraqlıdır. Fəribərz ona ədalət, qələbə, həyat və ölüm haqqında çox mətləblər açır. Fəribərz deyəndə ki, qan tökən axırda öz cəzasına çatır, İsgəndər bu sözdən soyuqdan titrəyən payız yarpağı kimi əsdi. O, qorxdu ki, Daranın haqqını ondan tələb etsinlər. İsgəndərin zəfər nəşəsində bir məhkumluq ələminin gizli sədası duyulur. Rüstəm və Zal, Simurq və Sam, Firudin və Cəmşid haradadırlar? Nizami həyatın faniliyini daim yada salmaqla heç də pessimist əhvali-ruhiyyə yaratmaq məqsədi güdmür. Şair öz idealını başqa yolda axtarır. Şan-şövkət insanı özünə cəlb etməklə onu əsl səadətdən, əsl həqiqətdən uzaqlaşdırır. İsgəndəri dünyanın bütün olaylarından keçirərək şair onu haqqa, ədalətə və səadətə çatdırmaq istəyir, gedərgi dəyərlərdən ayırıb əbədi dəyərlərə bağlamaq istəyir.
İsgəndərin gəlişilə çırağı sönmüş Dara sarayında sanki günəş parladı, onun keçmiş cəlalı özünə qayıtdı. Çobanlar sərkərdəlik, şah oğulları çobanlıq edən Dara məmləkətində ədalət bərpa olundu. Atəşpərəstlik ləğv edilib İbrahimin dini bərqərar oldu. Əhəmənilərin paytaxtı, Keyumars və Keyqubad taxtı İsgəndərə nəsib oldu. O da bəxtinə şükürlər edib ədaləti qoruyacağına söz verdi. Burada İsgəndər özünü şahlar şahı kim təsdiq edir. Bu onun kamilləşməsi yolundakı ikinci böyük zirvə olur. Zəngibarlara qalib gələrək Misiri azad edəndə İsgəndər ədalətli bir bahadır kimi formalaşmışdı. İndi isə o, yetkin və ədalətli bir dünya hökmdarı səviyyəsinə çatmış olur. Bundan sonra İsgəndərin ədalət keşikçisi kimi fəaliyyəti başlanır. Onun bir əlində od, bir əlində su olacaq.
Ədalətə sədaqətlə xidmət edəcəyinə söz verərək İsgəndər deyir: qarşıma sərt qaya belə çıxsa, onu parçalayacağam, susuzluqdan məhv olan əkin görsəm, onu suvaracağam, dünyadan yoxsulluğun ayağını kəsəcəyəm, küləyi çıraqla barışdıracağam, divi pəriyə çevirəcəyəm, mənim hökmdar olduğum məmləkətdə kəklik şahinin zülmündən azad olacaq, qurd qoyun sürüsünü otaracaq, şir gurlara toxunmayacaq. Zalımları xeyrə doğru yönəlməyə məcbur edəcəyəm, adilləri hər bir şeydən qoruyacağam; mən heç kəsi gizlində zəhərləyib öldürmədim, düşmənə açıq davada qılıncla qalib gəldim; Rumdan İrana mən öz başıma gəlmədim, məni bura Allah göndərib ki, haqqı nahaqdan ayıram; bu işdə qoy Allah mənə yar olsun.
Göründüyü kimi, yad torpağın tutulmasına hər vəchlə haqq qazandırılır. Lakin bununla belə, şair daim bir fikri vurğulayır ki, fatehlik sonu olmayan, ədalət çərçivəsindən kənar bir əməldir. Ərəstun İsgəndərə öz aşağıdakı nəsihətlərini çatdırır: dünyaya bir adamın sahib olması yaramaz, dünyanı özününkü sanmaq olmaz. Sənin ölkən Allahın sənə verdiyi ölkədir. Ondan kənarda ölkələr tutanda, orada ilişib qalma. Onları nə əldə saxlamaq mümkündür, nə də vərəsə vermək. Əcəm torpağı Keyin yaratdığı torpaqdır, yad ayağı burada əbədi ola bilməz. Özünün alçalmağını istəmədiyin kimi, özgəni də alçaltma. Özgə qanı tökmə ki, sənin də qanın var, sənin də qanın tökülə bilər.
İsgəndərin üçüncü səfəri qərbə tərəf, yəni Ərəbistanadır. O, burada Kəbəni ziyarət edir. Sonra o, Ermənistana, Abxaza və Azərbaycana səfər edir. Bu səfər Nüşabənin təkidilə baş verir. Nüşabəylə görüş səhnəsi Nizami tədqiqatçıları tərəfindən geniş təhlil olunmuşdur. İsgəndərlə Nüşabənin iştirak etdiyi iki məclis təsvir olunur: biriNüşabənin sarayında, o biri isə səhərisi, Novruz bayramı günü, İsgəndərin düşərgəsində. Birinci məclisdə Nüşabənin müdrikliyi, mətanəti, qeyrəti, ikinci məclisin təsvirində isə İsgəndərin lütfkarlığı, igidliyi və təmkini ön plana çəkilir.
İsgəndərin səfəri davam edir, o, Bərdədən Dərbəndə, Sərir dağına yola düşür. İsgəndər bütün ölkələri gəzib-dolaşmaq, bütün dünya şahlıqlarını ələ keçirmək istəyir. O, həm də öyrənmək istəyir ki, görsün bu dünyada ən xoşbəxt adam kimdir. Dünya fatehinin könlünə bu torpaq kürrəni kəməndə salmaq düşmüşdü. Dünyanı başdan-başa ölçmək, hər bir haqq və nahaqla tanış olmaq, yolundan azanı yoluna qoymaq, əsrin üzündən ədalətsizliyi silmək, xalqı qan tökməkdən azad etmək – bir sözlə, kamil bir dünya yaratmaq İsgəndərin başlıca arzusu idi. Dünyanın sahibi olmaqdan başqa İsgəndər həm də dünyanın müdafiəçisi olmaq istəyir. Əlində güzgü tutmuş İsgəndər o güzgüdə özünə yox, dünyaya baxır, dünyanı çirkdən və çirkinlikdən təmizləmək istəyir. İsgəndəri ilk görüşdən tanıyan rahib ona deyir ki, sənin əlində güzgü varsa, mən də uzun müddət vücudu öldürməklə ruhumu elə hamarlamışam ki, o güzgü kimi əks etdirir. Güzgü qayıran və əlində güzgü tutan İsgəndər dünyanın, qəlbini güzgü kimi parlatmış rahib isə insanın saflığı haqqında düşünürlər. Cəmşidin camı və İsgəndərin güzgüsü eyni məzmunlu rəmzlərdir: bütün dünyanı görə bilmək, onu əldə saxlamaq Cəmşidə və İsgəndərə nəsib olmuşdur. Cəmşidin camı və İsgəndərin güzgüsü qədər hikmətli və qadir bir qüvvə də var ki, o da qəlb güzgüsü – ruhi saflıqdır. Rahib məhz ruhi saflığın mücəssəməsi, qəlb güzgüsünün sahibidir.
İsgəndər Sərir qalasını aldıqdan sonra, taxtı-saraya daxil olur. Başı fələklərə çatan bu saray hakimiyyət zirvəsi və ucalıq rəmzidir. Keyxosrov taxtına əyləşmək və Cəmşidin camından şərab içmək o deməkdir ki, İsgəndər şahənşahlıq zirvəsindədir. Lakin Cəmşidin camı şərabsız, taxtı isə şahsızdır. İsgəndər tacidarsız taxta baxıb, boş cama göz yaşı axıdır, ən uca şövkətin belə faniliyini hiss edir: o taxtda ki, bir vaxt başqası oturacaq, onu tutmağın nə mənası var, biz başqası üçün yer isidirik, əgər əbədi yerimiz qəbirdirsə, belə bir taxtı qurmağa ehtiyac varmı? İsgəndər Cəmşidin yox olduğu mağaranı ziyarət etməklə, həyatın sonu haqqında da düşünür. Bu amansız dünyada insan üçün bir qurtuluş yolu görmür. İsgəndərin qəlbində qürur və şöhrət hissi fanilik və ölüm kədəri ilə yanaşı durur: ümid və ümidsizlik tarazlığı yaranır.
Hadisələrin, düşüncələrin, hisslərin coşqun inkişafı təhkiyənin əsas xarakterini təyin edir. Keyxosrov taxtının əzəmətindən vəcdə gələn İsgəndər onun faniliyini dərk edərək bir haldan başqa hala düşür, daxilən dəyişir, dünyaya başqa nəzərlərlə baxmağa başlayır. Bir an əvvəl əzəmət rəmzi sandığı taxtı indi insan üçün zindan hesab edir. Bu dəyişkənlik insan həyatının təzadlarının ifadəsidir. Həyat və dünya baxımından Keyxosrov taxtı ən ali, ən əlçatmaz bir məqsəd, ən böyük bir arzudur. Ölüm və axirət baxımından Keyxosrov şöhrəti ötəri və miskin bir həvəsdən başqa bir şey deyildir. Nizaminin qəhrəmanı dərin idrak və incə qəlb sahibi kimi həyata iki nöqteyi-nəzərdən – həyat və ölüm mövqeyindən baxır. Həyat və varlıq baxımından möhtəşəm görünən şahlıq mənsəbi ölüm və fanilik baxımından miskin görünür. Bəşəri və ilahi mövqelər Nizaminin bir şair və bir şeyx kimi seçdiyi iki əks nöqteyi-nəzərdir. Bəşəri mövqedən intəhasız görünən dəyərlər ilahi mövqedən çox cılız görünür.
Bu mənada narahat ruh əhli olan İsgəndər daim daxili bir narazılıq hissi içində yaşayır: çatdığı uca mənsəblər, qazandığı böyük qələbələr onu heç vaxt axıracan qane etmir. Ölüm haqqında fikirlər onun qarşısını kəsən, daim onun sevincinə kədər qatan, səadətini pozan ən dəhşətli bir qüvvədir. Bu qüvvəni dəf etməyincə, ona qalib gəlməyincə insan tam mənada azad və xoşbəxt ola bilməz. İsgəndər qələbəsinin və İsgəndər səadətinin natamlığı da elə buradan irəli gəlir. O, öz uğurlarından intəhasız sevinc hissi duya bilmir. Ən uca məqamda ölüm fikri onun qarşısını kəsir, sevincini kədərə çevirir.
Ona görə də İsgəndər Hindistanı, Çini və Rusiyanı fəth etdikdən sonra, yəni bütün dünyaya sahib olduqdan sonra dirilik suyunu axtarmaq üçün zülmət diyarına yollanır. Hindistan və Çin asanlıqla İsgəndərə tabe olursa, ruslarla amansız döyüş lazım gəlir. İsgəndərin ruslarla müharibəsi, yəni fatehin sonuncu yürüşü onun zəngibarlarla vuruşmasını xatırladır. Qaralarla vuruşdan başlanan fatehlik yürüşü qırmızılar üzərində qələbəylə bitir. Qara və qırmızı burada şər qüvvələrin timsalıdır. Ruslar üzərində qələbəylə İsgəndərin fatehlik səfəri başa çatır. Lakin dünyanın sahibi İsgəndər ölüm qarşısında naçardır. Onun zülmət diyarına səfəri və dirilik suyu axtarışı da ölümə qalib gəlmək cəhdindən irəli gəlir. Zülmətin və dirilik bulağının rəmzi mənası haqda Y.Qarayevin fikirləri maraq doğurur: "Dirilik suyunun zülmət səltənətində ("İsgəndərnamə”) olduğunu başa düşməkdən ötrü bilmək lazımdır ki, Nizami üçün qütb gecəsi mistik özünüdərkin canlı bulağının fəvvarə vurduğu insan ürəyinin dərinliyinə dalmağın Yer kürəsindəki analogiyasıdır”.
Dirilik suyunu tapmaq ona müyəssər olmasa da, İsgəndər bu səfərdən çox hikmətləri ibrət kimi aşkar edir. İsgəndərin dəstəsi zülmətdən geri qayıdarkən onlara bir Allah elçisi rast gəlir və deyir ki, bütün dünyanı başdan-başa tutmusan, amma yenə də beynin boş xəyallardan doymayıb. Elçi İsgəndərə kiçicik bir daş verir və deyir ki, əgər sən bu daşın vəznində bir şey tapsan, yalnız o, sənin hərislik ehtirasını söndürə bilər. Zülmətdən çıxdıqdan sonra aydın oldu ki, İsgəndərə verilən o daş yüz qayadan ağırdır. Lakin o daş bir ovuc torpaqdan yüngül gəlir. Dünyadan ağır olan o daş insan istəklərinin, insan hərisliyinin və insan həvəslərinin sonsuzluğuna işarədir. O daşdan ağır olan bir ovuc torpaq insanın özüdür – ölümdən sonra insandan dünyada qalan o bir ovuc torpaqdır. İnsanın sonsuz hərisliyini doydura bilən şey o bir ovuc torpaqdır, yəni ölümdür. Ölüm qarşısında insan istəkləri, insan ehtirasları çox yüngül və dəyərsiz görünür.
İsgəndər dirilik suyunu tapa bilmirsə də onun hikmətini axıracan dərk etməyə çalışır. O, aqillərə belə bir sualla müraciət edir: əgər o dirilik bulağı varsa, niyə onu tapan olmayıb, əgər yoxsa, onda bu rəvayət kitablara necə düşüb? Aqillərdən biri deyir ki, əgər dünyanı başdan-başa fəth etmiş şah dirilik suyunu yalnız öz vücudunu ölümün caynağından qurtarmaq üçün axtarırsa, onda bu ölkədə bir şəhər var və orada heç kəs ölmür, qoy ora yollansın. Vaxtaşırı dağdan bir səs gəlir. O dağ kimi ki adıyla səsləyir, həmin adam bir an belə yubanmadan, dinməz-söyləməz o dağa sarı yol alır, ta ki o dağın arxasında gözdən itənə kimi yol gedir. Əgər şah ölümdən imdad istəyirsə o şəhərə getsin. İsgəndər öz adamlarından bir neçə nəfəri o şəhərə göndərir və tapşırır ki, nə qədər də çağırsalar, dağdan gələn o səsə məhəl qoymasınlar və yerlərindən tərpənməsinlər. Lakin səs gələn kimi adı çağırılan kəs durub sevincək və dinməz-söyləməz yola düşür və onu heç kəs bu yoldan saxlaya bilmir.
Dinləyən öz adını eşidən zaman
Sevinclə dağlara tez tələsirdi.
Yürüşdə o, elə bir səbirsizlik göstərirdi ki,
Həmin yoldan onu şəmşirlə də döndərmək olmazdı (376).
Gedər-gəlməzə yollanan insanın surətini Nizami çox canlı və realistcəsinə təsvir edir. Biz o qətiyyətli, lal-dinməz, sanki dünyanı və mövcudiyyəti unutmuş, ruhu göylərdə dolaşan, ilahi bir məqama doğru addımlayan o adamı görür, onun daxili həyəcanlarını, ürək döyüntüsünü, həm kədərini, həm də sevincini duyuruq. Sanki onun bütün ömrünün mənası və məqsədi bu son çağırış, bu son yürüş imiş. Sanki o, elə bu məqam üçün doğulmuşdur. Sanki əsas məqsəd bu dünyada qalmaq yox, bu dünyadan köçməkdən ibarət imiş. Dağa sarı yol gedən o adamın iti yerişi, sərt baxışları, mətin sifəti onun getdiyi yolun ən vacib, ən dönməz bir yol olduğunu göstərir. Ölüm çağırışı həyat çağırışı qədər güclü və cazibədardır. Sanki insan mövcud olmaq üçün deyil, yox olmaq üçün yaranmışdır, sanki o, yerlərdən bezib, göylər üçün darıxırmış. Həyat-ölüm yolu dönməz və möhtəşəm yoldur. Filosofların dediyi kimi, olum və ölüm eyni bir prosesdir. Yoxluq çağırışı haqdır və heç kəs bu çağırışdan yaxa qurtara bilməz.
Gedər-gəlməz yolu insanın varlıqdan yoxluğa doğru hərəkətidir. Bu hərəkət çox labüd, həm də həvəslə icra olunan hərəkətdir, çünki insanın yoxluğa can atması onun həyata can atması deməkdir və insan mövcudluğunun yeganə formasıdır. Yoxluğa doğru hərəkətdən başqa mövcudluq forması yoxdur.
Dirilik suyu axtaran İsgəndərə bir şey aydın olur ki, bu dünyada əbədi qalmaq mümkün deyil. Hamı bu dünyadan köçürsə, bir adamın dünyada əbədi qalması mümkündürmü? Gedər-gəlməz hikməti dirilik suyu arzusuna qarşı yönəlmiş və onu inkar edən hikmətdir. Bu hikməti dərk edən fateh ölməzlik iddiasından birdəfəlik əl çəkir. İsgəndər bir şeyi dərindən-dərinə dərk edir ki, insan özünü yoxluqdan heç vaxt xilas edə bilməz. Məhz bu həqiqət çərçivəsində insan yaşamalı və öz həyatını sərf etməlidir.
Şah Ruma qayıdır. Dünyanı fəth etməklə yanaşı o, dünya haqqında, ölüm və həyat haqqında sual dolu fikirlərlə qayıdır. Bu suallara cavab tapmaq, dünyanın, həyatın və ölümün sirlərini dərindən dərk etmək İsgəndərin növbəti məqsədidir. Bu haqda əsərin ikinci hissəsində, yəni "İqbalnamə”də danışılacaq. /Kaspi qəzeti/
|