Üç nəslin kitabları Türkiyədə
07.06.16
Bu ilin may ayında Ankarada Azərbaycan ədəbiyyatının üç nəslinə mənsub olan yazıçılarımızın bir neçə kitabı nəşr edilib.
AYB Mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, Xalq yazıçısı Anarın 650 səhifəlik “Yaşamaq haqqı” kitabı İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) başqanı Mehmet Nuri Parmaksızın təşəbbüsüylə “Tulpars” nəşriyyatı tərəfindən çap olunub. Kitabı Türkiyədə yaşayan Güney azərbaycanlı Məhəmməd Riza Qoçi tərcümə edib. Bu kitab Anarın Bakıda rus dilində çıxan “LİK (Literatura, İskusstvo, Kultura”) Azerbaydjana” üçcildliyinə daxildir. Hazırda Azərbaycan dilində ilk nəşri hazırlanır.
M.N.Parmaksızın təşəbbüsüylə “Tulpars” nəşriyyatı gənc yazıçı Pərvinin “Sevdim səni” adlı esselər kitabını da nəşr edib. Kitaba gənc müəllifin vaxtilə “525-ci qəzet”də silsilə şəklində dərc edilən “Yüz sevgi şeiri” başlıqlı esseləri daxildir. M.R.Qoçi tərəfindən çevrilmiş kitab Anarın “Şeir və nəsrlə yazılmış sevgi dastanı” önsözüylə açılır.
Pərvinin “Anar dünyası” adlı daha bir kitabı Avrasiya Yazarlar Birliyi Başqanı Yakup Ömeroğlunun təşəbbüsüylə “Bengü” nəşriyyatı tərəfindən Aysun Demirez Günerin tərcüməsində çap edilib.
Bu münasibətlə Anar, daha öncə “Bengü” nəşriyyatında (Eldar Avşin Altaylı və Seyfəddin Altaylının tərcüməsində) “Bir daha gəlməyəcək” adlı iri şeir kitabı buraxılmış Rəşad Məcid və Pərvin Türkiyəyə dəvət alıb və qardaş ölkədə səfərdə olublar. Mayın 22-dən etibarən Kırşehirdə Beynəlxalq Kitab Yarmarkasında iştirak edən Azərbaycan yazıçıları oxucularla görüşlər keçirib, çox sayda kitablarını imzalayıblar. Daha sonra görüşlər Ankarada Avrasiya Yazarlar Birliyində və İLESAM-ın təşkilatçılığıyla Türk Tarix Qurumunda keçirilib. Bu görüşlərdə Türkiyənin elm, ədəbiyyat, mətbuat nümayəndələriylə bərabər çuvaş və xakas yazıçıları da azərbaycanlı həmkarlarının kitabları haqqında dəyərli fikirlər söyləyərək, xalqlarımızın daha da yaxınlaşması, bir-birini daha yaxşı tanıması, türk dünyasının mənəvi bütünləşməsi baxımından qarşılıqlı ədəbi əlaqələrin və belə tədbirlərin əhəmiyyətindən söz açıblar. Hər iki görüşdə, habelə litseydə tələbələrlə keçirilən tədbirdə müəlliflər kitablarını imzalayıblar. Yazıçılarımızın keçirdikləri görüşlər, müsahibələr Türkiyə mətbuatında və TV kanallarında işıqlandırılıb.
|