Müasir türk nəsrindən söz düşəndə ilk olaraq yadımıza Orxan Pamuk düşür, onun adını çəkirik. Orxan Pamuk özündən əvvəlki türk nəsrinin modern qoluna aid edilən Əhməd Həmdi Tanpınar, Yusif Atılgan, Oğuz Atay kimi yazarların davamçısıdır. Rəşad Nuri Güntəkindən, Orxan Kamaldan, Yaşar Kamaldan fərqli olaraq bu yazıçılar türk nəsrini kəndli-ağa münasibətlərindən, sinfi mübarizələrdən, rəvayətçilikdən, dastan estetikasından, rasionallıqdan ayırıb metafizik qata, çevik düşüncə plastına keçirdilər. Onlar həm də kənd mühasirəsini yarıb şəhərə çıxdılar, bu günün oxucusuna bir az da yaxınlaşdılar, dünəni bu günün diliylə danışdırdılar, onların əsərlərində keçmişlə gələcək görüşdü. Əlbəttə, onlar bununla keçmişi inkar yox, təsdiq edirdilər, amma yeni üsullarla, yeni yazı texnikasıyla. Təməl mətnlər yarandığı gündən üzü bəri min illər boyu yenilənib, başqa biçimdə, müxtəlif formalarda üzə çıxıb. Əks halda yazıçının hekayəsini anlatdığı qəhrəmanların həyat tərzi ilə oxucunun mənəvi dünyası arasındakı uzaqlığı necə qət etmək olardı? Bu, köhnəliyi yıxmaq cəhdi deyildi, zamanın səsinə cavab vermək lazım idi. Təfəkkür tərzi dəyişdikcə, dünya təzələndikcə modern düşüncə özünü başqa sahələrdə olduğu kimi romançılıqda da göstərməli idi. Beləliklə, Orxan Pamuk türk romanının standartlarını dağıtdı, nəsri yalınqat gerçəklikdən uzaqlaşdırdı. Türk ədəbiyyatının üfüqlərində bambaşqa bir mənzərə gördük.
Yaşadığımız əsri sürət əsri adlandırırlar. Sürət əsrinin prozası yüyrək dil və təhkiyə tempi üzərində qurulur. İndiki zamanda oxucunun yazıçı pedantizminə aludə olacağını düşünmək sadəlövhlük olardı. Zamanın hər anı qiymətlidir və insanlar bu zamanı yorucu təfərrüatlar labirintində itirmək istəmirlər. Türk nəsrində günümüzdə ən çox diqqət çəkən yazıçılardan biri də Murat Menteşdir. Murat Menteş təhkiyəni yüyrək dil tempinə kökləyərək əsrarəngiz mənzərələr yaratmağın ustasıdır. Sürət onun üçün romanın təməl daşlarından biridir.
Kimdir Murat Menteş? O, 1974-cü ildə İstanbulda doğulub. Uşaqlığı velosiped təmir etməklə keçib, sehrbazlıqla məşğul olub, daha sonra boksçu kimi rinqə çıxıb. Bir müddət sonra isə bu sənətlərin hamısına vida edərək yazarlıqla məşğul olmağa başlayıb. Köşə yazarlığından romançılığa keçid alıb. Onun romanlarında əvvəlki sənətlərinin də izi görünməkdədir. İndiyədək üç roman yazıb: “Dublyorun dilemması”, “Qorxma, mən varam” və “Ruhi mücərrəd”. O, müsahibələrindən birində belə deyir: “Romanı saatda 300 km. gedə bilən idman maşını qururam”.
“Qorxma, mən varam” romanında Menteş oxucuya nəfəs dərməyə belə aman vermir. Başdöndürücü macəralar sürətlə bir-birini əvəz edir. Sanki yazıçı ilə oxucu arasında bir çəkişmə başlayır, sürətlə şütüyən maşından özünü atmaq təhlükəli olduğu kimi, bu romanda da fikrin, düşüncənin sürəti başını gicəlləndirir, sənə elə gəlir ki, kitabdan ayrılan kimi sən də romanın qəhrəmanı kimi qəfil qəzaya düşüb “kayıplara” qarışacaqsan. Yazıçı isə səni mənzil başına çatdırmağa israrlıdır.
Romanın mərkəzində Könül İşləri Nazirliyi dayanır. Yazıçı bu nazirliyin ətrafında hadisələrdən bir tor qurur. Bir-birini sevən cütlüklərin sevgisi bu nazirlikdə təsdiq olunur və onlara “eşq kartı” verilir. Əsərdə əsas fiqurlardan biri Həyati Təhlükədir və onun Şəbnəm Şibumiyə olan eşqini nazirlik təsdiq etmir. O, qanqsterdir, mafiya üzvüdür, amma sevdiyi qıza özünü yorğançı kimi təqdim edir. Guya Osmanlı saraylarındakı padşah yorğanlarının eynisindən tikdirib satırmış. Bu hissədə yazıçı yorğançılığın tarixinə, yataq adlanan imperatorluğa baş vurur və oxucunu Dolmabaxça sarayında Atatürkün yataq otağına gətirib çıxarır. Tarixi hadisələrin zamanımızda baş verən olaylarla məntiqi bağlılığı, ustalıqla dünəndən bu günə, bu gündən keçmişə edilən keçidlər oxucunu heyrətə gətirir. “Qorxma, mən varam” çoxfunksiyalı mətndir. Müəllifin həyata, hadisələrə, hətta tarixə baxışının fərdilik dərəcəsi son dərəcə orijinaldır. Bəzi hallarda o, sanki ədəbi mətn mədəniyyətinin ehkamlarına qarşı çıxmış kimi görünür. Menteş yazır: “Tarixlə həqiqət heç vaxt bir-birilə xoş davranmaz”. Və oxucunu da bu həqiqətə inandırır. Onun gəldiyi qənaət budur: Tarixçilərin üç qismə bölündüyü deyilir: yalan söyləyənlər, yanılanlar, bilməyənlər.
Menteş tez-tez fləşbək (qəfildən hansısa anı və ya hadisəni xatırlamaq) metodundan istifadə edir. Binar ziddiyyətlər – ölüm-həyat, sevgi-nifrət, dost-düşmən - bu romanın canıdır. Dostun düşmənə çevrilməsi, sevginin nifrətlə əvəzlənməsi an məsələsidir. Mətnin təbiətini, üslubunu müəyyən etmək olduqca çətindir. “Qorxma, mən varam” bir az da dedektiv romanlara parodiya təsiri bağışlayır, bir az da tarixi faktları zədələmək qəsdindədir. Orxan Pamuk esselərindən birində qeyd edir ki, “mənim üçün tarix hamının öyrəndiyi faktlar toplusu deyil, işarələr arsenalıdır”. Menteş təsvir etdiyi hər hadisədə bu işarələrdən açar kimi istifadə edir. Qışın ortasında gün eynəyi taxmış bir adam oxucunun diqqətini çəkir. Düşünürsən ki, adam qışda günəş yox ikən niyə gün eynəyi taxsın? Ardınca bu cümlələri oxuyuruq: “Bilirsinizmi, gün eynəyi deyilən bir şeyi əslində XVI yüzildə Çin məhkəmələrində hakimlər gözlərini və üz ifadələrini gizlətmək üçün istifadə edirdilər”. Murat Menteşin romanında tarixlə əlaqə beləcə qarşılıqlı formada davam edir.
Murat Menteşin mətnində sanki dil dekonstruksiyaya uğrayır, o, dalğıc kimi dilin aforistik qatına enir, metafora labirintində virtuozluq nümayiş etdirir. Bir neçə nümunə gətirək: “Quyruğu samandan olan atəşə yaxınlaşmasın”. “Taleyin əlindəki ülgüc pas atmaz”. “Kəlləsi qopmuş adam üzünü təraş etdirməz”. “Xatırlamaq bir refleks, unutmaqsa bir sənətdir”. “Gələcək zamanın xaricindədir”. “Tənbəllər yardımsevərdir, tüfeylilər istiqanlı, yaltaqlar küsəyən”.
Əsərdə terror və qətllər bir-birini əvəz edir və bu ölümlərin fonunda yazıçı bir eşq hekayəsini nəql edir. Məhvolmanın ekstazı, zəruri qurbanlar və mahir eşq oyunçusu Həyati Təhlükənin manevrləri, sərsəmlik həddinə çatan hərəkətləri oxucunu heyrətdə qoyur. Tale hər dəfə odda batmaz, suda yanmaz qəhrəmanımızın üzünə gülür. Həm də digər bir obraz – Kader Gülerin timsalında! O, yeganə övladı Gerçeyi xilas etdikdən sonra sevgilisi Şəbnəmlə birlikdə məhz Kader Gülerin yaşadığı ünvana üz tutur. Romanda əksər adlar rəmzi xarakter daşıyır: Atom Bombacıyan, Uçan Kız, Həyati Təhlükə, Kader Güler və sair.
Gerçeyin bir qəribə xüsusiyyəti də var, o, enerjisiylə, əllə toxunmadan əşyaları yerindən qaldıra bilir. Məhz bu qabiliyyəti sayəsində atasını qəfil güllədən xilas edir, məhz bu enerji tapançadan çıxan güllənin hədəfə dəyməsinə imkan vermir; güllə havada burula-burula qalır. Menteşin təxəyyülünün həddi-hüdudu yoxdur. Doqqozuncu qatdan yıxılan, özünü Boğaz körpüsündən atan adamın sağ qalmasına inanmaq üçün yazıçı hansı vasitələrdən istifadə edə bilər? Menteş həm də inandırmaq bacarığıyla güclüdür. Gerçeyin bu qeyri-adi qabiliyyəti alman yazıçısı Günter Qrassın “Tənəkə təbil” romanının qəhrəmanı balaca Oskarı yadıma saldı. Oskar səsiylə bütün şüşələri çilik-çilik edə bilirdi və bu qabiliyyətilə hamını heyrətə gətirirdi.
Murat Menteşin qəhrəmanları sanki valideynlərinə aid olmanın bədəlini ödəyirlər və doğulduqları gündən şiddət və təcavüzün qoynuna, ölümün mühasirəsinə düşürlər. Düşünürsən ki, faciəvi situasiyanı komik mizahla necə təqdim etmək olar? Menteş bunu da bacarır. İroniya, sarkazm, kəskin qrotesk, təbəssüm doğuran idiomatik ifadələr onun mətnində aşıb-daşır. Göz yaşıyla gülüş bir-birinə qarışır. Bu, türk nəsrində tamamilə yeni bir üslubdur. Heç son dövrlər dünya nəsrində də mən faciə ilə komediyanın bu qədər iç-içə olduğu hansısa bir mətni xatırlamıram. Menteş romanı obrazlarına təslim edir, yazıçı üstünlüyündən könüllü şəkildə imtina edir. Bu obrazlar olum ya ölüm dilemması qarşısında deyillər, məhz ölümlə ölümün - iki ölümün arasında çarpışan və özləri də Əzrayılın ölüm qasidləridirlər. Düşünürsən ki, qanqster, yüzlərlə insanın ölümünə səbəb olmuş cəlladın insani hissləri ola bilərmi? Mümkünmüş. Həyati Təhlükənin Şəbnəm Şibumiyə yazdığı, amma göndərmədiyi məktublardan tək bir cümlə onun sevgisinin həqiqiliyinə şübhə yeri qoymur. Budur həmin cümlə:
“Cəngavər olsaydım, sənin şəhərinə hücum etsəydim, dodaqlarını görüncə qılıncımı əlimdən atar, atımdan enərdim. Heç bir zəfərin əvəz edə bilmədiyi dadda bir məğlubiyyət olardı...”
Ədəbiyyatın bir əyləndirici-estetik funksiyası da var. Triller fimləri seyrçidə müsbət və mənfi emosional yaşantılar yaşatdığı kimi “Qorxma, mən varam” romanı da oxucunun hisslərinə hakim kəsilir. Murat Menteş usta və peşəkar oyunçudur. /Ədəbiyyat qəzeti/