Musa Yaqub - İçindən keçdiyim kitab
20.05.16

Ürəyi məhəbbətdən, qələmi cəsarətdən doymayan, yollar yorduğumuz, bir sırada durduğumuz, sevib sevilən gözəl cavanımız, qələm dostumuz Sabir Rüstəmxanlının da 70 yaşı tamam oldu.

Keçən ömür rəng idi,
Bir baxımlıq sərgidi.
Ay gidi dünya, gidi,
Yaş hara gəldi çıxdı.

Nədən başlayım, necə başlayım, heç özüm də bilmirəm. Səliqə-sahmanlı bir sərgiyə baxanda belə nizamı saxlaya bilmirsən. Bir eksponata diqqətlə baxırsan, o biri yaddan çıxır, bəziləri nəzərdən düşür.

Yox, yox dayan, bu şəkildən heç keçmək olmaz:

“Azadlıq meydanı”... İnsan dənizi, təlatümlü nigaran adamlar...

Və tribunada gənc bir qələm əhli, millət oğlu - nitq söyləyən Sabir Rüstəmxanlı. O ağır və qorxulu vaxtlarda, hələ Sovet hakimiyyətinin qılıncından qan daman bir zamanda, dövlət qəzeti “Kommunist”in birinci səhifəsində çap olunmuş möhtəşəm bir şəkil. Bəli, kommunistlər də tərəfdardırsa, azadlıq və müstəqillik yolunun üfüqləri görünməkdədir. Əslində, bu hal azadlıq meydanına böyük bir inam idi. Bu təlatümlü yolun nəhəng dalğasında millət adından danışan qeyrətli ziyalılarımız idi, ona baxanda qürur hissi keçirtdiyimiz Sabir Rüstəmxanlı da ön cərgədə.

Qürur hissi ifadəsini təsadüfi işlətmədim; Azadlıq və müstəqillik barədə ehtiyatla danışanlara öz qələmi, öz sözü ilə cəsarət və inam verirdi Sabir! Həm də ağsaqqal sənətkarlarımız Sabirə meydan verməkdə çox maraqlı idilər. Mən o vaxt M.İbrahimovun, Qabilin, İ.Qasımovun, X.Rzanın üzündə o qürur və kömək hissinin cizgilərini görürdüm.

Yaradıcılığında da belə idi; Sabir Rüstəmxanlı “Gəncə qapısından” (şeirlər kitabının adıdır) keçib yurd qeyrəti çəkən, torpaqlarımızı yadların işğalından qoruyan, bu yolda min əzab görmüş oğul itirən, öz canını fəda edən Cavad xanın ruhunu ayağa qaldırıb, qan yaddaşımızı coşdururdu Sabir. Bir şair kimi onun “Vətən...Vətən” şeiri dillərdə əzbər söylənirdi o vaxt.

Ələkbər Sabirdən soruşurlar ki, sən böyüksən, yoxsa Abbas Səhhət? Cavab verir ki, yaşda mən, başda
Abbas Səhhət. Böyük şairimizin adaşı, milləti vətəndaş həmrəyliyinə çağıran həmrəyçimiz Sabir də bu əməli ilə başda idi. Ona görə deyirlər ki, tarix təkrar olunur. Arxivlərin küncündə qalan, taleyin günahı üzündən tanıyıb bilmədiyimiz canlarından keçmiş millət əzabkeşləri olan Difai fədailəri barədə kitab yazıb, abidə qoyan kim oldu? - yenə Sabir Rüstəmxanlı.

O vaxt səsi çıxmayanlar da çox idi, bu səsi çıxmazların adını çəkəndə başqa bir gediş yadıma düşdü.

Təxminən 3-4 il bundan qabaq Yazıçılar Birliyinin “Natəvan” klubunda Cəmil Əlibəyovun 80 illiyi keçirilirdi.

Çıxışçılar onu görkəmli bir ziyalı, çoxumuza köməkkeş olmuş isdedadlı bir qələm sahibi kimi xarakterizə edib qiymətləndirdilər. Amma Cəmil müəllim özü danışa bilmədi, çünki axır vaxtlar xəstəlikdən səsi çıxmırdı.

Deyəsən, bu sözdən sonra bir balaca qımışıq oldu. Bu halda Fikrət Qoca dedi: Elə indi də dili ola-ola səsi çıxmayanlar çoxdur. Deyəsən, burda da xırdaca bir gülüş getdi. Amma Cəmil müəllim haqqa səsini çoxdan vermişdi. Çünki yuxarda dediyim təlatümlü Azadlıq meydanını və o meydanda Sabir Rüstəmxanlının nəhəng şəklini o çap etmişdi - Kommunist qəzetinin baş redaktoru kimi. Daha burda heç nə demək lazım deyil.

Sözün düzü, mən şair dostumun şeirləri, qələm məhsulları, ümumiyyətlə yaradıcılığı haqqında yazmaq istəyirdim. Özüm də bilmirəm belə niyə alındı? Nə isə...

Bilmirəm kimdirsə bir yazarımız deyib bu sözü: Kim ki, bir şair dostu haqqında söz deyir, elə özündən başlayır, özünü təbliğ edir. Xahiş edirəm, mənim mənimi belə saymayın.

Mən “Ömür kitabı”nın içindən keçmişəm, “Xətai yurdu”nda olmuşam. Ərdəbildən başlayıb, Yardımlıdan keçib, Şirvana üz tutan, Muğandan yollanıb Bakı-Şamaxı-Qəbələ  adlı qədim şəhər yoluna çıxaraq babaların köhnə hərəkət yolunu görmüşəm. Bu yol indi də aydın seçilib görünən Buynuz kəndinin ətəyindən keçib Göy çay çayını aşan həmin şəhər yoludur ki, deyirəm. Sabirlə çox şərikli yollarımız var. O Baba dağına ziyarətə gedib, mən də Yardımlı dağlarında olmuşam.

Bir dəfə Yardımlı yaylağında olanda məni lap heyrət bürüdü. Burdakı lalələri mən heç yanda görməmişəm: Lalələrin qırmızısı lap qırmızı, qara xalı lap qara, butaları lap yaşıl idi. Sabirdən bunun sirrini soruşdum, dedi ki, bu torpaq nə yetirirsə, onun rəngini tündləşdirir. Mən bildim ki, bu torpaqda yəqin ki, əlavə bir güc var. Amma bir şeyə təəccüblə baxdım ki, lalələri əməlli-başlı qırıb töküblər, əzib məhv ediblər, yerində tək-tükləri qalıb. Söylədilər ki, hər il lalələr açılanda polislər gəlib lalələri bu hala salırlar. Guya tərkibində narkotik maddə var deyə, cavanlarımız istifadə edib məst olmasınlar. Gözəlliyin belə hala salınmasına dözə bilmirdim. Amma gördüm ki, hücuma məruz qalan bu lalələr elə Sabir Rüstəmxanlının timsalıdır. Meydan hərəkatından başlamış müstəqillik yolunda mübarizə illərində Sabir də dəyənəklərin zərbəsinə beləcə məruz qalmışdı, əzilmişdi, döyülmüşdü, başı yarılmışdı, dili dişinin arasında qalıb kəsilmişdi, amma  yenə bitib dikəlmişdi.

Bədənnüma güzgü kimi parıldayıb ucalıqdan özünü dərələrdəki daşlara çırpan yaralanmış Qu quşu kimi çaya tərəf yol alıb ram olan Yardımlı şəlaləsini “Rüstəmxanlı şəlaləsi” deməkdə bu doğma şəlaləni şeirləşdirib şairə bənzətməkdə necə də haqlı imiş Xəlil Rza Ulutürk.

Nərgizi çox iyləyəndə və ya lalədə məstlik səbəbi olduğunu bilmirəm. Amma məst sözü yadıma bir əhvalatı saldı; Mən də iştirakçı idim. Keçən əsrin 70-ci illərin hansı günündəsə Bakıda Sovet Ədəbiyyatı günləri keçirilmək qərara alınmışdı. Gələn qonaqlar üçün İnturist mehmanxanasında otaqlar ayrılmışdı. Otaqların biri də qərargah idi. Günün tədbirləri başlayanda qərargah da qonaqları qarşılamağa hazır idi. Şair Fikrət Sadıq qərargahda ikən, deyəsən, MK-nın şöbəsindən zəng etdilər.

- Bura qərargahdı, qastinsadır?

Fikrət cavab verdi:

- Bəli, bəli, qastinskidir...

- Moskvadan qonaqlar gəlibmi? Rəhbəri kimdir?
- Oleq Şestinskidir.

-  Özü haradadır?

-  Yorğun idi, bir balaca vurub yatıb məstinskdir.

Fikrət Sadığın belə qafiyəli zarafatları çox olurdu.

Oleq Şestinski SSRİ Yazıçılar İttifaqının katiblərindən biri idi.O gələn kimi ağ cildli təzə şeirlər kitabını bizə hədiyyə etdi. O kitabda bir fəsil var idi: “Ermənistan dağları”. Bu şeirlərdə Oleq Qarabağ dağlarını, Şuşanı Ermənistanın adına çıxıb təsvir və tərənnüm edirdi. Bu ürəyimizdə qəzəb hissi doğursa da, heç kəs üzə vurub danışmadı. Amma yenə də səsini çıxaran Sabir Rüstəmxanlı oldu. Oleqin cavabını əməlli-başlı verdi.

Dostluğun, yaxınlığın meyarı nədir görəsən?... Mənim “Payızdan yaza yol varmı?” şeirlər kitabımın ön sözünü Sabir yazıb, amma unudub axırında imzasını yazmamışdı. O yazı kitaba eləcə imzasız düşdü. Mən xeyli narahat oldum. Sabir dedi ki, heç narahat olma, biləcəklər ki, bunu kim yazıb. Doğrudan da heç kəs bu sualı mənə vermədi. Oxuyan bildi ki, özüm və sözüm haqda bu xoş fikirləri Sabir Rüstəmxanlı yazıb.

Rəqəmlərimiz tərs düşəndə də sözümüz, işimiz avand olub.

Bir dəfə kəndə gedəndə yolda yadıma düşdü ki, Sabirin ad günüdür. Zəng edib bədahətən onu belə təbrik etdim:

O baş İsmayıllı, bu baş Yardımlı,
Bu baş səninkidir, o baş mənimki.
7 ilə 6-nın yerin dəyişsən,
Bir yaş səninkidir, bir yaş mənimki.

Bəli tərs rəqəmlər - 76-67 - bizi belə söz avandına saldı.

Sabirin “Əbədi sevda” adlı şeirlər kitabı uzun illər oxucularla bir addımlayıb, təzələnib əbədi sevda ömrü qazanacaq,bilirəm. O kitabda belə bir bənd var:

Kainat boydadır hər qum dənəsi,
Suyun hər damlası okean kimi.
Tarix ölçüsündə bir andır ömrüm,
Tarixlər ömrümdən keçdi an kimi!..

Mən yox, buna bir el bayatısı cavab verir:

Əzizim, minayə dəyər,
Zülflərin minayə dəyər.
İl var bir günə dəyməz,
Gün var min ayə dəyər.

Bu düzdür ki, ömür də hər an bir tarixdir, amma hər bir anın min ayə dəyəndir, Sabir!..

Bu dəyərlərdən biri də “Şair və şər” adlı düşüncələr kitabındır ki, əvvəl-axır sən  bu kitabı yazmalı idin. Bu, bəlkə də, sənin əsərin yox, tale kitabındır. Bütün yaradıcılıq və mübarizə boyu ürəyindəki təbəddülatlardan doğan, hiss və həyəcanlarını yenidən ayağa qaldırıb M.Hadinin romantik dünyası ilə qovuşdurmaq, məslək və millət yolunda, çəkilən əzablarda qələm şərikliyini, çiyindaşlığını bildirmək üçün yazmalı idin bu əsəri. Sən bir millət oğlu kimi özünü, sözünü tamamlamısan bu müqəddəs düşüncələr kitabında bəs, M.Hadi üsyankarlığı, şair dərdi necə?...

“Dağa dersən eşidər,
sonra verər əksi-səda,
Daşa dönmüşlərə
əks eyləmədi fəryadım”.

Ah yazıq şairlər.. Daşa dönmüşlərin zərbəsindən ürəyi çilik-çilik olan, zamanla üz-üzə durub haqq sözü hesaba alınmayan cəfakeş şairlər!.. Müqəddəs kitablarda deyildiyi kimi, Peyğəmbərlərdən sonra gəlib, amma ayinləri və duaları eşidilməyən, böyük Nəsiminin dediyi “Çox dualar qılmışam mən Xaliqin dərgahına, çün muradım hasil olmaz, mən bu duanı neylərəm”, yanğılı ahını çəkən gileyli şairlər!... “Eşq yolunda can nisar edən ərlər.” - Ruhpərvər sadəlövh şairlər.. Nə deyim Vallah...
Bəs müdrik Xaqaninin ruhu necə?

“Biz ədl sarayıykən
zülm ilə xarab olduq,
Gör zalımlar olan qəsrə
neyləyəcəkdir dövran?”

Mədain xərabələri dilindən deyilmiş, İraqdan başlayıb, ta Şamaxıya kimi ölkələrdən, şahlıqlardan, möhtəşəm saraylardan, viranəliklərdən keçib ədalət axtaran şairin yollar boyu öz-özünə verdiyi sualdır, bu müqəddəs sual.

“Bizdə bu soyuq canları neylərdin,
İlahi?
Daş qəlbli insanları neylərdin,
İlahi?”

- Bəs Ələkbər Sabir nə gördü öz mühitindən?

Və sənin kitabında elə bil bu suallar altında sual yaradan qoca çəkməçinin giley dolu “Ey qoca Şirvan!...” deyimində gör nələr var?..

Mənim şair qardaşım, yuxarıda dediyimiz o mühitdən sual-cavablar qovşuğundan keçən təzə mühakimələr, müşahidələr, düşüncələr romanının tale və ömür kitabı kimi  adı da belə olmalı idi: “Şair və Şər”.

Bu ömrün Milli Məclisin qalaq-qalaq  yaddaş kitabında haqq və ədalət sözü və imzası var. Haqqa şahidlik etmək üçün bu sözlər zaman-zaman ayağa qalxacaq və eşidiləcək. DAK-ın sədri və həmsədri kimi Azərbaycan dünyasında millətimizin birgəlik və  həmrəylik yolunda göstərdiyin cəhdlər qiymətini alacaq.

Mənim məslək, həmfikir, həmrəyçi xalq şairim, dostumuz, qardaşımız Sabir, 70 yaşın mübarək olsun!
Hələ ki, gedirik, gedək görək nə olacaq... /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.