“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb
12.05.16
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümmumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimin açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullayev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın təşəkkülü və inkişafında böyük xidmətlərini qeyd edib. O bildirib ki, bu gün ölkəmizdə multikulturtlizm və tolerantlığın varlığı Heydər Əliyevin siyasətinin təntənəsidir.
Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli” elan edib və bu il davamlı olaraq tədbirlər həyata keçirilir. Ölkəmizdə müxtəlif dini icmaların nümayəndələrinin mehriban dostluq şəraitində yaşaması Azərbaycanı bir çox ölkələr üçün multikulturalizm və tolerantlığın nümunəsinə çevirir.
Mənəviyyatın tərkib hissəsi kimi din həmişə möhtəşəm incəsənət və ədəbiyyat nümunələrinin yaradılmasına təşviq edib. “Quran motivləri əsasında hekayələr” müsabiqəsi ilk belə bir müsabiqədir və gənc müəlliflərin böyük yaradıcılıq potensialını üzə çıxarıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural ənənələrindən danışıb, müsabiqənin keçirilməsini din və ədəbiyyat dəyərlərinin ortaq nöqtəsi kimi yüksək qiymətləndirib. Komitə sədri İslam dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Filologiya elmləri doktoru, professor, tənqidçi Tehran Əlişanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və filologiya üzrə fəlsəfə doktoru, “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynlidən ibarət münsiflər heyəti birinci yerə “85-ci gün” hekayəsinə görə Mirmehdi Ağaoğlunu, ikinci yerə “157, 158” hekayəsinə görə Elçin Aslangili, üçüncü yerə isə “Katarsis” hekayəsinə görə Günel Eyvazlını layiq görüb.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının rektoru, Fərhad Bədəlbəyli “Pərvərdigara” adlı əsərini, “Savalan” qrupu “İlahilər”i ifa edib, aktrisa Zemfira Əbdulsəmədova şerlər səsləndirib.
Tədbirdə Milli Məclisin deputatları, dini icmaların rəhbərləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
|