Səxavət Sahil - İndi mən o budaqdakı nar kimiyəm
05.05.16
Avanqard.net Səxavət Sahilin yeni şeirlərini təqdim edir. Federikoya Gündüz sərçələr dimdikləyir gecələr soyuq çatladır yarpaqları tökülən budaqda tək qalan narı. Bu mövsüm gəlmədin, gəlmədin köhnə dost quşlar “dərdi” əvəzindən meyvələri. İndi burda payızdı ömrünün qürub çağıdı yarpaqların. Yağışlar başlayanda torpağa qarışacaq, torpağa hopacaq yarpaqlar... Və bir gün – gələn baharda ağacın köklərindən yapışıb yuxarı qalxacaq gövdəsindən tutub, budağa qayıdacaq, öz yerinə qonacaq yarpaqlar. Quşlar da qayıdacaq öz yuvasına... Payızda çox darıxıram, əziz dost, çox darıxıram – nə quşlar olur, nə də yarpaqlar. İndi məni təklik dimdikləyir xatirələr çatladır məni... ...İndi mən o budaqdakı nar kimiyəm. *** Yazın qoxusunu qızaran tumurcuğuyla alır bomboz nar budağı. Tutulduqca baharın nəfəsinə yel tutan kösöv kimi közərir, alışır güllənir ağaclar. İndi şax durmuş şüvüllər utancaq qız kimidir payızda qızaran narın yükündən başını yerə dikəcək. ...İndi budaqlar utancaq qız deyil, uşaq gözləyən ana kimidir. Alovun rəqsi Təzəcə çiçəklənib nar ağacı, arılar sevincək olub ləçəklərə daraşır. Uçuşduqca arılar elə bil od tutur, alov saçır nar budaqları. *** Yandırdım sobada nar ağacının quru budaqlarını. Alovun qırmızı dilləri pardaxlanan narı yadıma saldı. Bir vaxtlar... Yamyaşıl budaqların içində ulduz kimi közərirdi ürkək nar salxımları. Körpəliyim pöhrələrin altında qaldı, uşaqlığım torpağa düşdü budağından vaxtsız qopan nar kimi. ...İndi mən bu sobadakı kül kimiyəm, kül kimi... *** Çarmıxdakı oğluna baxan Məryəm kimi eləcə qopduğu budağa baxır yerdə çürüyən nar. Tutulduqca payızın ölüm nəfəsinə bozarır dodaqları, sinəsindən qan açılır... Kimi haraylasın, kimi – yarpaqlar öz hayında. Tökülmüş göz kimi ovulur qurumuş qabığı, tökülür, tökülür dənəsi. Əzilib, torpağa qarışır – elə bil dağılır yer kürəsi. *** Uşaqkən balaca baltamla Qırırdım nar dibindəki şivləri. Baltanın hənirində belə yıxılırdı qızılı körpələr. Dibi üşüyürdü yan-yörəsi boş qalırdı ağacların... İndi yolum bağa düşəndə üzüm gəlmir keçməyə ağacların yanından. *** Elə hey sənə baxıram. Göz tutmaq buna deyirmişlər... Hisslər vərdiş yaradır, sonra da ağrıya çevrilir. Elə hey sənə baxıram – baxışların nar kolutək dalayır məni. *** Təzə puçurlayan nar yarpağıtək yaşıl gözlü qız! Gün gələr gözlərin canının suyu getmiş payız yarpağına dönər. Gün gələr saralarsan, ovularsan – bir külək qımıltısı dağıdar səni.
/Ədəbiyyat qəzeti/
|