Xalq şairi Söhrab Tahir vəfat edib
04.05.16
Xalq şairi Söhrab Tahir vəfat edib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, xalq şairi bu gün səhərə yaxın evində dünyasını dəyişib. Vida mərasiminin harada keçiriləcəyi və şairin harada dəfn olunacağı hələlik məlum deyil. Qeyd edək ki, uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu. Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində doğulub. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada M. Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriachiqlama vermediyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib. /APA/
|