Gülnar Səma - Qoy bütün dünyaya, əyan olsun ki...
12.04.16
Bir qarış torpaq da...
Qoy əmin olsun ki, mənfur düşmənim Canımdan pay olar vətəndən olmaz. Yağıya müjdəmiz ölümdür yalnız Bir qarış torpaq da onlara qalmaz. Turanın bayrağı dalğalanacaq Düşmənlərin başı əsdiyi yerdə. Müsəlman qurbanı kəsiləcəkdir Daşnakın başını kəsdiyi yerdə.
Düşmən gözlərindən süzülən yaşla, Qarabağ elinə su çəkiləcək. Qorxudan yağının qəlbi üşüsə, Oğuzun gözündən od töküləcək.
Qoy bütün dünyaya, əyan olsun ki, Şuşa Yerəvana tikilən deyil! Düşməni çarmıxa çəkməyincə bil Bu millət geriyə çəkilən deyil!
Bütöv olsun Azərbaycan
Vətən torpağından peşkəş verilməz Hər nəmər istəyən bədxah düşmənə. Yağı baş qaldırıb tuğyan edirsə Canlı sipər olaq gərək vətənə.
Qafqaz öyrəşibdir türk nəfəsinə Daşnaklardan ötrü göz dağı olar. Erməni xalqıma düşmən olduqca Qafqazım onlara lap yağı olar.
Səngərdə göz açıb gözlədikcə biz Yağının gözləri bağlanır hər an. Vətənçün canından keçər vətəndaş Təki bütöv olsun bu Azərbaycan!
Zireh geyək
Tapdalanmaq türk adına layiq deyil Varlığını təsdiq eylə, ulu xalqım. Yağıların tənəsindən qurtarmaqçün, Qələbədən salmalısan yolu, xalqım.
Əynimizə zireh geyib gözüaçıq Səhərləri qarşılayaq səngərlərdə. Yuxumuzu dağıtmaqçün qışqıraraq Üsyan edir dəhşət ilə səngərlər də.
İndi gərək barıt iyi bizim üçün Qələbənin ətri gələn çiçək olsun. Düşmənlərin əli ilə bulanılan Xan qızının su kəməri tez durulsun .
Hər Qarabağ kəlməsini eşidəndə Utanaraq başımızı əydik, bəsdir! Heç bir zaman qapımızı döyməyəcək Qərblilərin qapısını döydük, bəsdir!
Avropada qışqırsan da eşidilməz Neçə ildir qulaqları titrədən səs. Torpağını düşmənlərdən qurtarmaqçün Bir məsləkdə birləşməli indi hər kəs. Zəfər səsi
Artıq zamanıdır şəhid olmağın Qarabağ qisasa səsləyir bizi. Dar gündə dadına çatmaqdan ötrü Vətən igid kimi bəsləyir bizi.
Yumruqtək birləşib vətən mülkünü Düşmən pəncəsindən qoparmalıyıq. Zəfər bayrağını öndə tutaraq Tezcə Qarabağa aparmalıyıq!
Tir-tir əsməlidir yağı düşmənlər Koroğlu nərəsi ərşə yüksəlsin. Ən uca zirvəyə qalxsın millətim, Xalqıma qələbə sorağı gəlsin.
Qarabağ
Türkün türkdən başqa dostları hanı? Superlər bölüşür bütün dünyanı. Qoruya bilmədik Azərbaycanı Yağının cənginə keçdi Qarabağ.
Talandı, kor olub görə bilmədik Vaxtında layiqli tədbir görmədik Heç olmasa qılığından girmədik Küsüb bizdən yaman qaçdı Qarabağ.
Bircə kərə baxmamışam üzünə Qulağımı şəkləmədim sözünə Necə döz deyim ki Cıdır düzünə? Yuvası dağılmış quşdu Qarabağ.
Hər an arzulayır xilas olmağı Azərbaycan tərkibində qalmağı. Qan eyləyir gözlərinin dolmağı Sənsiz türk dünyası heçdi Qarabağ!
Xoş söz eşitmədi ora-buradan Bircə ümid yeri-böyük yaradan Səmaya üz tutub çıxdı aradan, Bax beləcə göyə uçdu Qarabağ...
Əsirlər
Əsirlər əsir deyil ki, Düşmən əlinə keçəndi. Tovuz kimi, Bakı kimi Göyçə, İrəvan vətəndi.
Bu necə əsir olmaqdır, Yolun düşür Zəngəzura. Özündən bixəbər yağı Gör kimi aparır hara?
Zəbt etdiyi torpağıma İndi bir-bir türk daşıyır. Əsir əsirlikdə ölmür Vətəndə vətəndaş uyur.
Əsirlər əsir olmayır Düşməndən göz-qulaq olur. Öz yurdunun sərhəddində Vətəninə calaq olur.
Torpağım bölünməzdir
Yamaq olmayacaqdır Laçınım Yerəvana. Ərənlər hayqırır ki, Heç vaxt qalmayacaqdır Laçınım Yerəvana.
Gəzərək yedək-yedək Gözləyirlər him- cimi. Qan içib doymayanı Biz doyuzduraq gərək Anamız Tomris kimi.
Başından çıxır tüstü Daşnaklar yaman pərtdir. Zaman o zaman deyil, Dəmiri isti-isti Döymək birinci şərtdir. Tamah güc gələ bilər Amma qalib gələnməz. Laçınım Yerəvanla Qəm-qüssəsini bölər, Torpağını bölənməz.
Sadəcə türklük
Türkün gözünün içinə Özünü pisləyənlər var. Nə yaxşı ki, türklüyünü Qorumaq istəyənlər var.
“Azəri” adı altında Qarışıbdır nələr nəyə. “Allahımız birdi”- deyib Məscidlər dönür kilsəyə.
Bu yurd oğuz diyarıdır Burda babam qılınc vurmuş. Yalnız türk oğlu önündə Papa diz çökərək durmuş.
Heç kəs səni saya saymaz İnan ki, azacıq hürksən. Unutma, bir şeyi, xalqım Sən elə sadəcə türksən...
|