Kənan Hacı - Qara rəngli göz yaşları və “Kül”
29.03.16
Zahid Sarıtorpağın “Kül” romanı haqda qeydlər
Zahid Sarıtorpaq... Bu imzayla ilk dəfə 1990-cı ildə tanış olmuşam. Qəribə təxəllüs və o vaxtacan mənə tanış olmayan tamam fərqli, qəribə şeirlər marağımı çəkmişdi. On beş yaşlı yeniyetmə üçün bu şeirlər əsl möcüzə idi və o yeniyetmə həmin şeirləri dəfələrlə oxusa da mənasına vara bilmirdi. Amma o, anlamaq istəyirdi, o şeirlərdə izaholunmaz bir cazibə hissi vardı ki, onu rahat buraxmırdı. Yanılmıramsa, “Ulduz” jurnalında bu qəribə şairin “İlan tüpürcəyi” adlı kiçik bir essesi dərc olunmuşdu. Mən bu ötən illər ərzində anasının göz yaşlarını çəkmək üçün fırçasını qara rəngə batıran o oğlanı heç unutmadım. Qara rəngi heç sevmədim, uşaq sadəlövhlüyü ilə düşündüm ki, insan öləndə qara geyinirlərsə, qara pisdi. Göz yaşı da qara xəbərlərdən axır, ona görə oğlan anasının göz yaşlarını qara rəngdə tapmışdı. İndi, aradan iyirmi beş ildən çox vaxt keçəndən sonra bu təəssüratları xatırladıqca düşünürəm ki, nə yaxşı mənim sözlə ünsiyyətim belə xoşbəxt təsadüflərdən başlayıb. Ta uşaqlıqdan həmişə anlamadığım, mənim üçün sirr olan şeirləri, mətnləri oxumuşam və o sirlərə aşina olmaq üçün dəlicəsinə, inadla oxumuşam. Bu inad bir gün məni o sirli sözün, əsl ədəbiyyatın qapısına gətirib çıxardı. İndinin özündə, bu yaşımda da mən özümü o qapının önündəymiş kimi hiss edirəm və yəqin ki, ömrümün axırınadək də belə olacaq. Çünki Söz həmişə sirlidi, o sirr heç vaxt açılmayacaq. Və Sözün böyüklüyü, gözəlliyi, cazibəsi də elə bundadır.
Sonra o imza – Zahid Sarıtorpaq imzası da sirr kimi görünməz oldu. Amma bu “İlan tüpürcəyi” heç yadımdan çıxmadı. Arada dost söhbətlərində mən də yaddaş xurcununa əl atırdım və ordan həmişə anasının göz yaşlarını çəkmək istəyən oğlan çıxırdı. Deyirdim Zahid Sarıtorpaq adında bir şair vardı, görəsən indi haralardadır? Yaşca məndən böyüklər təəccüblə üzümə baxırdılar ki, sən onu hardan tanıyırsan? O, indi buralarda deyil və deyəsən daha yazmır. Amma bu ədəbiyyat məkanı elə bir yerdi ki, söz adamlarını dünyanın harasında olursa olsun, bir gün mütləq bir-birinə ürcah edir. Göz açıb gördüm ki, Zahid Sarıtorpaqla min ilin tanışı kimi şəhərin küçələrində gəzişə-gəzişə ədəbiyyat söhbətləri edirik. Artıq qürbətdən qayıtmışdı. Gün gəldi, birlikdə çalışası olduq. Amma heç vaxt anasının göz yaşlarını çəkmək istəyən o oğlandan danışmadım. “Azərbaycan” jurnalının 2016-cı il, 1-ci sayında dərc olunmuş “Kül” romanında həmin oğlan yenidən qarşıma çıxdı və mütaliə boyunca gözümün önündən çəkilmədi. Sevdiyi qızdan ötrü damarlarını doğrayan, amma ölə bilməyən Tağı elə həmin oğlan olmaya...
“Kül” romanı Zahid Sarıtorpağın poeziyadakı yaradıcılıq konsepsiyasının davamıdır. Müasir tematikaya müraciət, reallıqdan metafizik qata keçidlər, bədii təxəyyülün, fantaziyanın bir məntiqə tabe etdirilməsi və orijinal təhkiyə tərzi müəllifin nəsrdə uğurunu şərtləndirən başlıca amillərdir. Fəlsəfədə ağıl və zəkanın üstünlüyünü irəli sürən Dekart bütün hadisələrin əsasında insan zəkasına əsaslanmağı vacib hesab edirdi. Dekartın bu düsturu klassizm üslubunun nəzəri əsaslarının möhkəmlənməsinə təkan verdi. Bütün izmlərin kökü gerçəklikdən qaynaqlanır, varlıq və materiya doğur. İnsan yoxdursa, söz də yoxdur. Bu ədəbi postulatdan çıxış edərək demək olar ki, “Kül” romanı yerüstü həqiqətlərin doğurduğu ədəbi mətndir, eyni zamanda bu həqiqətlər ilahi bağlardan, işıqdan, təmizlikdən qopduğu üçün insanları fəlakətə sürükləyir. Tağının atasının kababxanasının sonradan meşə idarəsinin muzeyinə çevrilməsi də simvolik bir işarədir. Tağı o qulyabanıya oxşar sirli məxluqu – Daunu da elə bu muzeyin gözətçi daxmasında görmüşdü. Maşın qəzası (əslində qəzavü-qədər) onu gecənin bir yarısı bu daxmaya gətirib çıxarmışdı. Bu daxma sanki zamanın və məkanın fövqündədir, həm irrasional yerdir, həm də hardasa bir ayağı yerdə olan bir daxmadır. Tağının atasının buralara gətirdiyi Davud kişi muzeyin gözətçisidir, onun kirli çarpayısında büzüşmüş Məliş isə bəxtsiz, yiyəsiz qadındır. Tağını bura sürükləyən hansı sirli qüvvə idi? Bəs bu Daun kim idi? Cadugər idimi, sehrbaz idimi, ya bəlkə elə doğrudan da qulyabanı idi? Daxmanın ətrafındakı goreşənlər hər an onları parçalamağa hazırdır. Daun hamını o daxmanın qabağına toplayır, bəşəriyyəti bürüyən fəlakətlərin səbəbini açıqlayır: “Sevgi çatışmır... Yoxdu sevgi... Bədbəxtlər!.. Sevgisiz yaşayıb, sevgisiz ölən bədbəxtlər!... Sizin üzünüzə sabahmı açılar? Üfüqdəki buzlağı çilikləyib sabahı doğuzdurmaqdan ötrü ling yox, külüng yox, raket yox – sevgi lazımdı, sevgi!.. Bildiz?.. O da ki, sizdə olmayıb yerli-dibli! Yoxdu!” Daun diri milçəyi butulkaya salmaqla demək istəyirdi ki, siz bu milçəkdən heç nəylə fərqlənmirsiniz. Öz əməllərinizlə bu milçək kimi ancaq ətrafı çirkləndirirsiniz. Onun qarşısında cərgəyə düzülmüş adamlar da həmin o çıxış yolu tapa bilməyən milçək kimi dızıldayırdılar. Onlar öz günahlarını dərk etməyincə mənəvi katarsis mümkünsüzdür. İnsanı mənəvi ucalığa, təmizliyə aparan yol sevgidən keçir. Müəllifin ötürdüyü mesaj budur, yazıçı demək istəyir ki, başımıza onda kül oldu ki, içimizdəki sevgini öldürdük, mərhəmət hissini itirdik.
Bu daxmada baş verən hadisələr magik realizm elementləriylə zəngindir, bizə tanış olan dünyadan qopma anı məhz orda baş verir. Tağı artıq bizə tanış olmayan dünyaya, vaxt ölçüsü olmayan bir yerə gedib çıxır.
Tağının məhz on altı ildən sonra o bilinməz, naməlum məkandan qayıtması da simvolik bir işarədir. Odissey də öz İtakasına on altı ildən sonra dönmüşdü, Beyrək də on altı il əsirlikdə qaldıqdan sonra el-obasına qayıtmışdı. Əslində fəhmli oxucuya nəyisə izah etməyə gərək yoxdur, bütün konturlar bəllidir. Mətndə illüziya, metafizik keçidlər bədii gerçəkliyə xidmət edir.
Zahid Sarıtorpağın nəsr dili yüyrəkdir, yorucu deyil. Romanda xeyli təzə sözlərə rast gəldim, təzə o anlamda ki, bu sözlərin bəzisi nəsrimizdə bəlkə də ilk dəfədi ki, işlənir. Məsələn: “lötür-lötür”, “cırılğan”, “qıncıxmış”, “xarxara”, “nüzul”, “mürmüc”, “kamodpaça”, “anqalı”, “əhnəz”, “əvədimək”, “igəşmək” və sair. Cümlənin içində bu sözlərin hansı məna daşıdığı oxucuya aydın olur. Ədəbi dildə dialektlərdən istifadə yolverilməz hesab olunsa da bu tipli sözlərin bədii əsərdə işlənməsinə başqa yazıçılarımızın da əsərlərində rast gəlirik. Renuar demiş, yazmaq danışmağın ən yaxşı növüdür. Yazıçı da danışandır və danışırsa, bu söz axınının qarşısını almaq mümkünsüzdür. Yazıçı dilin zənginləşməsinə xidmət edir və dil həm də dialektlərlə qidalanır. Bu kimi sözlər, belə demək mümkünsə, əsərin dadını-duzunu artırır. Ciddi mətləblərin ironik tərzdə təqdim olunması yazıçının fərqli üslubunu qabarıq şəkildə göstərir. Bu mənada “Kül” romanı ədəbiyyatımızda diqqət çəkəsi bir əsərdir.
Bu yazının girişindən çölə çıxanda yenə də anasının göz yaşlarını çəkmək üçün fırçasını qara rəngə batıran oğlanla rastlaşdım. Fırçası əlində idi, göz yaşlarını boz rəngdə çəkmək istəyirdi. Kül rəngində... /Ədəbiyyat qəzeti/
|