Oğuz Bilik Evində millət vəkili Aqil Abbasla görüş keçirilib
29.03.16
25 mart 2016-cı il tarixdə Oğuz rayon Bilik Evində Milli Məclisin deputatı, yazıçı Aqil Abbas və “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayla görüş keçirilib. Tədbirdə Bilik Evinin tələbələri, Oğuz rayonun tanınmış ziyalıları, yazıçı və şairlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan yazıçı Cəlil Cavanşir tədbir iştirakçılarını salamlayaraq, bayram günlərində vaxt ayırıb Oğuza gəldiyi üçün qonaqlara təşəkkür edib, sözü millət vəkili, yazıçı Aqil Abbasa verib.
Aqil Abbas çıxışında görüşdən məmnun qaldığını bildirib: “Mən rayonlara səfər edəndə hökmən yerli ziyalılarla, qələm adamları ilə görüşürəm. Oğuz da Bilik Evinin yaradılması çox mütərəqqi hadisədir, ümid edirəm bu məkan yaradıcı insanların sevimli ocağına çevriləcək.”
Publisist İradə Tuncay bölgələrdə kitaba və ədəbiyyata daha çox qayğı göstərilməsinin vacibliyindən danışıb, yerli yazıçı və şairləri “Ədalət” qəzeti ilə əməkdaşlığa dəvət edib.
Səmimi mühitdə baş tutan görüşdə, yerli şair və yazıçılar onları narahat edən məsələlərlə bağlı qonaqlara suallar verib, öz yaradıcılıqlarından nümunələr səsləndiriblər. Tədbirin sonunda millət vəkili Aqil Abbas Oğuz şair və yazıçılarının almanaxını nəşr etdirməyi öz üzərinə götürüb.
|