Lalə Həsənova - Kül içində yeniləşən dünyamız
16.03.16
Zahid Sarıtorpaq “Kül ” romanı haqqında
Zahid Sarıtorpağın “Kül” romanında hadisələr koma vəziyyətində olan insanın gözü önündə canlanır, gah bu dünyaya, gah da Qulyabani deyilən doktorun olduğu axirət dünyasına keçidlər, irreal aləm, xatirələr ayrı-ayrı fraqmentlərin ölümlə həyat arasında növbələşməsi yer alır. Axirət dünyası və reallıq müstəvisində təsvir, narahat ruhun təhkiyəsi, zaman konstruksiyasının mürəkkəbliyini, şüuraxınını labüdləşdirir. Təsvir mozaik səciyyə daşıyır, süjet xətti müxtəlif hekayələrə “parçalanır”, sonda yenidən Tağının, onun ailəsi ətrafında bütövləşir. Bu cür “sərbəstlik” mürəkkəb konstruksiyanın yaranmasına səbəb olur. Əsərin süjeti kəndin ayrı-ayrı sakinləri haqqında hekayətlərə bölünür, parçalanaraq daha dərin mətləbləri, dəyişən dünyamız, müasiri olduğumuz əsri əhatə edir. Metafizik nəsr nümunəsində süjetin qabarıq olması deyil, daha çox birbaşa göstərilməyən, kontekstdən doğan mətləblərin oxucu təxəyyülündə obrazlaşması ehtiva olunur. Bu əsərdə də, metafizik nəsrin qanunlarına uyğun olaraq, əsərin konflikti süjet xəttində deyil, dünya modelində, sərhədlərin pozulması, yaxşıların pislə, halalın haramla əvəzlənməsində təzahür edir. Tağı, dövrünün Məcnunu – uğursuz məhəbbəti aləmə faş olan, intihara cəhd edən ədəbi və əzəli aşiq özünü bu cür təqdim edir: “ Mən idim – “adı bəlli qoç Koroğlu”. Hə, mən, idim, mən!...- nakam eşqi ucbatından bir zamanlar hamının dilində-ağzında gəzən, söhbətlərin yavanlığına dönən, haqqında bir doğru deyiləndə, yüz də yalan uydurulan, xeyir-şər yığıncaqlarında, çayxanalarda, dükan –bazarda söz-söhbətlərə bais olan, gah şair kimi üfürülüb göylərə qaldırılan, gah da daş kimi yerlərə çırpılan-mən!... Mən idim gələn! – intihar eyləyib ölə bilməyən Tağı... Bir vaxt ölümlə qucaqlaşsa da, doğmalaşa bilməyən, sivişib Əzrayılın çəngindən çıxan Tağı... Anası dayı qapısında, qardaşı qürbətin girdabında, bacısının ixtiyarı bir daşürəyin əlində ola, bir də ... bir də ki, Kəbirəsi Aranın ilan mələyən ucqar kəndlərindən birində yad bir ocağın çırağını yandıran bədbəxt Tağı... ”. Kəbirənin anasının adına deyilənlər, ailəsinin onların qapısına elçi getməsini rəva bilməyən bacısı... Bu əzəli mövzunun ədəbi kontekstdən fərqi ondadır ki, Tağının “Leyli”si də onun hisslərini anlaya bilmir. Bu səbəbdən insanın dünya ilə ekzistensial qarşıdurmasının (“bu dünyaya adi bir insan kimi deyil, poçt qutusuna salınmış bir zərf kimi düşmüşəm”) yer alıdığı romanda, Tağı gerçəkliyə üsyan edib inthara cəhd etsə də, bacarmır, iç dünyasına qapılaraq yaşamağa davam edir, qəza nəticəsində Qulyabanunun səltənətinə gedib çıxır. Əsər tipik deyil, arxetipik obrazlarladan ibarətdir – “el madamı” Məliş, Səy Usub (“yedilər, içdilər dağılışdıq”), el mamaçası Rübabə, seksual gücü ifadə edən çoban Qardaşxan, tamahkar molla. Büdrəyib atından yıxılaraq axirət dünyasına düşən - Dədə Qorqud, Qulyabanu, Daun adlandırılan qoca həkim də arxetipik obrazdır. Onun yarası üfünət qoxuyub müasir dünyanı üfunətə bürüyür. Mənəvi diriliyə səsləyən əsər Dədə Qorqud sayağı alqışla bitir: “Qamən axan görklü suyun qurumasın... Çapırkən ağ-boz atın büdrəməsin...” Büdrəməsin, doktor, büdrəməsin! Büdrəsə, qorxuram yenə yıxılarsan, saqqızlığında bir deşik əmələ gələr, dünyanı bürüyən o qoxu ikiqat artar, insanlar pərən-pərən düşər...”. Tağının xatırladığı arxetipik dünya modelində qatarı, klarneti ilk dəfə görən insanların təccüblənməsi, hazırcavablığı (taygöz Ağasəfər “səksən səkkiz, davolno”), ilk dəfə rayondan çıxan çarıqcı topal Güləhmədin “SSRİ nə boydaymış eey, ayə, hə?..” deyə təccüblənməsi, televizoru birinci dəfə görən Qozbel Cumanın “Şükür a qozbel, bunu da gördün! Kül Nikolayın başına! ... Bunları görmədi...” deyərək heyrətlənməsi yer alır. Dünyanı gülüşlə dərk edən insanlar, ilk gördükləri əşyalar, pisliklər qarşısında aciz deyillər. Ən ağır yaraları türkəçarə ilə sağalır, şərə gülüşlə qalib gəlirlər (Taygöz Ağasəfər ilə Qurgen Abramyanın məhkəməsi). Onların əsas silahı gülüş, birlik, hazırcavablıqdır. Bu harmonik dünya modeli getdikcə qorxu, çarəsizlik (Camalın atasının kolxoz sədirliyi, Məlişin acı taleyi) ilə əvəzlənir. Zənnimicə, əsərin uğuru müəllifin, Tağının xatirində canlanan hissələrdə ayrı-ayrı kənd sakinlərinin əhvalatlarını bir biri ilə əlaqələndirərək, dünyanın arxetipik modelini yarada bilməsidir. Tağının artıq komadan ayıldığı hissələrdə isə müəllif, bəzi müasir mətləblərə toxunsa belə (kllonlaşdırma ilə bağlı iki həkimin söhbəti) daha cox sxematik təsvirə üstünlük verir. Məsələn, arxetipik modeldə ümumi ahəngə, ailəyə yad olan, “lax yumurta” olaraq qiymətləndirilən böyük qardaş Xanoğlan daha dolğun işlənsə də (atasının özü üşün sifariş etdiyi başdaşından mənfəət güdməsi və peşmançılığı, kababxananı, ailənin dolanışığını təmin edən məkanı qumarda uduzması, kriminal aləmə mənsub olması, dayısı ilə münasibətlərinin sərtliyi), ikinci hissədəki təsvirlər canlı deyil. Yanıb kül olmuş hisslər, “başıma kül ələnib” el deyiminin “külün mübarək” alqışı ilə əvəzlənməsi, əks anlamda interpretasiyası, sözün məna çalarları ilə dəqiq işləmə bacarığı (“Dərdin sarı çəkpəni” əsrinndə sarı rəngin variasiyalrı da bu baxımdan çox uğurlu idi) , Tağı adının qapızın tağı ilə səhv salınması kimi sözün semantik məzmunu ilə “oyun”ları uğurludur. Əsərin dili də canlı, ekspressiv, olduğu üçün hisslər burulğanını ifadə etməyə imkan verir. Həmçinin əsərin dilinin xalq deyimlərinə, ifadələrinə bağılığı da arxetiik dünya modelinə uyumludur. Tağının özünü əsərin əvvəlində ağı, sonda isə alqışla ifadə etməsi, kənd sakinlərinin ayamaları, axirət dünyasında müasir dünyamıza keçidlərin təsviri də uğurludur. Roman gündəlik həyatımıza xas olan inersiya ilə yaşam tərzinə, hisslərin öləzidiyi, nifrətin gücləndiyi həyata etirazdır. Pul, dəbdəbə, müəmmalı uğur formulu əsasında qurulmuş yaşam tərzi, hər kəsin xoşbəxt olduğu gerçəklik deyil, axirətə qovuşmuş həmkəndlilərinin ruhu Tağını rahat buraxmır. Onun xatırində canlanan insanlar nə qədər canlı, koloritlidirlərsə, həyatda gördüyü insanlar o qədər (şık geyimli, özünə güvənli) sxematikdirlər. Əsərin ideyası, dil, obrazlar aləmi bir- birini tamamlayır, hadisələr sıxlaşaraq bir ideyanın ətrafında birləşir. Bununla yanaşı lirik, ironik və faciəvi üslub müxtəlifliyi romanı sxemtizmdən, publisistik ahəngdən üzaqlaşdırır. Müasir dünyamıza axirətdən baxış nəyi ehtiva edir? Biz özümüzü anlamağa qadirikmi? Külə bələnib yaşamaq, ya kül içində yenidən doğulmaq... Mənəvi dirçəliş, yanıb kül olmuş hisslərin oyanması ilə mümkündür. Daxilən “yanan” insan yenidən həyata bağlanmağı bacarmalıdır. Əsərin əsas qayəsi ruhumuzun dərinliyində, külə dönmüş arzularımızın, hisslərinimizin mənəvi xarabazarlığa çevriləməsinə qarşı etirazdır. /literature.az/
|