"Qanun" nəşrlər evində yeni kitablar nəşr edilib.
Mark Levi - QADIN VƏ KİŞİ
Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik
nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika
ilə komediyanı bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının
personajı memar Pol Bartonu oxuculara yenidən, bu dəfə fərqli məkanda və
fərqli şəraitdə təqdim edir. Fransanın ən məhşur romançılarından biri
bu əsərində bizə sevgidən, dostluqdan və tanışlıq saytlarından danışır.
Pol yazıçılıqla məşğul olan və Parisdə yaşayan amerikalı memardır. Mia
isə problemlərdən başını götürüb Parisə qaçan ingilis aktrisadır. Paris
bu iki insanın sevgi, eyni zamanda ayrılıq şəhərinə çevrilir. «Qadın və
kişi» sentimental komediyası oxucunu həm əyləndirir, həm də düşündürür.
Yazıçı
bu romanda Şimali Koreyadakı diktatura rejiminə də toxunaraq, insanları
əsrin bu yaralı ölkəsinə qarşı həssas olmağa çağırır. Müsahibələrindən
birində Mark Levi belə deyir: «Doğrudur ki, Şimali Koreyadakı diktatura
rejminin üstündən səssiz keçirlər. Neft ehtiyatları olmadığına görə
ölkənin iqtisadiyyatı heç kəsə maraqlı deyil. Halbuki, ölkə əhalisi
aclıq, səfalət içində və köləlik şəraitində yaşayır. Ona görə də, mən
Şimali Koreya haqqında danışmağa ehtiyac gördüm və romandakı
əhvalatların bir qismini Cənubi Koreyaya köçürdüm». Bir-birinə aşiq
olmamağa çalışan iki aşiqin, bir-birinə böyük hörmətlə yanaşan iki
dostun sadə, lakin düşündürücü məhəbbət əhvalatı, romanın gözlənilməz
sonluğu Mark Levi oxucularını təəssüratsız buraxmayacaq.
Bakı, Qanun Nəşriyyatı, 2016, 344 səh., Fransızcadan tərcümə: Çimnaz Vəliyeva
Paulo Koelho - ALDATMAJurnalist Linda otuz yaşını təzə keçib. Sevən əri, gözəl uşaqları, yaxşı
sənəti var. Yaşamaq və həyatdan zövq almaq üçün bir qadına daha nə
lazımdır? Ona yalnız həsəd aparmaq olar. Amma Lindanın içində bir boşluq
var, hiss edir ki, günlər keçdikcə uzun illər ərzində qurduğu həyata
marağını itirir. Həvəssiz, süst günlər davam edir. O isə xoşbəxtliyi hər
gün duymaq istəyir. Ərli qadının əzablı seçimi, məktəb illərinin
sevgisinə yenidən qovuşmaq ehtirası, qapını döyən ailə böhranı,
İsveçrənin möhtəşəm təbiəti fonunda yeknəsəq həyat və bundan qurtulmaq
həvəsi. Adi, gündəlik həyat, “İsveçrə saatı” kimi dəqiq, az qala ehkama
çevrilmiş həyat onu bezdirir, tənhalığa, depressiyaya qapılır.
Linda
məktəb yoldaşı Yakoba rast gəlir. İndi siyasətçi və deputat olan
Yakobdan müsahibə alır və elə bu zaman Linda başa düşür ki, onun
həyatında çatışmayan sevgi və ehtirasdır.
Bakı, Qanun Nəşriyyatı, 2016, 264 səhifə, İngiliscədən tərcümə: Firidun Ağazadə, Redaktor: Əziz Rzazadə
Pyer Dükan - MƏN ARIQLAYA BİLMİRƏM
Məşhur fransız diyetoloqu Pyer Dükanın “Mən arıqlaya bilmirəm” kitabı bu
mövzuda yazılmış ən mükəmməl kitabdır. Müəllif bu kitabı yazarkən ondan
əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət
cəhətlərini nəzərə alıb, yanlışlıqları rədd, doğruları qəbul edib. Bütün
əxz etdiklərini, məlumat və nəzəri biliklərini təcrübədə tətbiq edən və
uğurlu nəticələr qazanan doktor Dükan bu kitabda artıq çəkidən əziyyət
çəkən insanlar üçün ən uğurlu, ən ideal pəhriz üsulunu təklif edir.
Onun yalnız bir şərti var – təklif olunan rejimə yüzdəyüz dəqiqliklə riayət etmək.
Həm
də bu tələblər sadədir, həyata keçirilməsi çətin olan səviyyədə deyil.
Dükan hansı ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda
qəbul etməyin rəsmini çəkib.
Onun tətbiq etdiyi pəhriz sayəsində bir
sıra dünya şöhrətli adamlar – Karl Laqerfeld, Cenifer Lopes, Penelopa
Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon
insan artıq çəkidən xilas olub.
“Mən arıqlaya bilmirəm” kitabı arıqlamaq istəyənlər üçün olduqca faydalı və əvəzsiz kitabdır.
Bakı, Qanun Nəşriyyatı, 2016, 376 səhifə. Ruscadan tərcüməçilər: Ramil Namiq, Nihat Kazımlı, Nəşriyyat redaktoru: X.Asifoğlu