Mahir N. Qarayev - Sərxoşdum, içib ayıldım
29.02.16
Avanqard.net Mahir N. Qarayevin «Dəmir qapı Dərbənd» şeirini təqdim edir.
DƏMİR QAPI DƏRBƏND
Bu qarşı dağ Savalandı, baxdım, könlüm havalandı; nə yaram qaysaq bağlayan, nə dərdlərim sağalandı...
Hər nəyim var hədər mənim, bu kəmfürsət qədər mənim – ilimə bir sevinc düşür, günümə yüz kədər mənim!
Bəlkə yüz deyil, əllidi, əlli də yüzə bəllidi; dəmir qapı Dərbənddi bu, billah bu da təsəllidi...
Bu evin içi bayırdı, sərxoşdum, içib ayıldım – beş sayıbsa, fələk sayıb, mən hələ üçü sayırdım! Nə fərqi nə saymağının, sayı üçdü barmağımın; sayını gerçək bilirəm ömürdən nə qalmağının…
Bu dənizin hənirtisi, gəmisinin göyərtəsi – ya götürər bu gün, ya da, bu günün gələn ertəsi!
Bu daş qala Əlincədi, daşları əlcə-əlcədi – əcəl məni girləməsin, mənimki də ölüncədi...
Ölüncə bayırdı yerim, çöldəyəm, çayırdı yerim – dəmir qapı Dərbənddi bu, daş qapı Bayıldı yerim!
Titrədi, tərpəndi qatar, adladı Dərbəndi qatar; öldür, Allah, öldür məni, ya da qurtar… qurtar… qurtar...
Bu qarşı dağ Savaland, baxdım, könlüm havalandı – dəmir qapı Dərbənddi bu, qalan qapılar yalandı!..
|