Aydın Dadaşov - Dramatik təsvir poetikası

23.02.16

Dünya kinosu

İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə yollanan aktyor, ədəbiyyat institutunun qiyabiçi tələbəsi Viktor Rozovun (1913-2004) ağır yaralanıb ölmüş zənn edilməklə atıldığı ölüxanadan çıxarılıb müalicə olunduğu hospitalda yazdığı avtobioqrafik “Ədəbi yaşarlar” pyesi (1943) cəbhədəki əsgərə xəyanət səbəbindən sosializm diktəsinə uyğun gəlmədiyinə görə çap olunmadı. Bu pyes əsasında Oleq Yefremovun yeni açılan “Sovremennik” teatrında quruluş verdiyi (1956), özünün dörd il Boris, sonralar onun atası Fyodor Borozdin rollarını oynadığı  “Ədəbi yaşarlar” tamaşası sənət hadisəsi sayıldı. Nəhayət ki, “Teatr” jurnalında çap olunan (1957) bu pyes əsasında müəllifin yazdığı “Durnalar uçur” ssenarisində Moskvanın bombalanması, Veronikanın valideynlərinin, cəbhədə Borisin ölümü, Sibirdəki hospitalda yaralıların qiyamı, dəmiryol körpüsünün altındakı uşağın xilası, finalda əsgərlərin qələbə bayramı kimi epizodların əlavəsi strukturu zənginləşdirməklə kinematoqrafikliyi artırdı. Bununla belə, pyesdə olduğu kimi sevgilisi Boris cəbhəyə yollandıqdan sonra 18 yaşlı Veronikanın müharibənin yaratdığı gərginliyə davam gətirməməsi kimi əsas hadisə filmin mənəviyyatca yenidən doğulma ideyasına söykənən fabula mexanizmini yaratdı.

Batumidə dincələn İtaliya səfiri Janne Valatsinin qızı ilə evlənib studiyada sürücülük edən dağ zirvələrində yaşayanlar barədə rejissor-operator kimi çəkdiyi “Svanetiyanın duzu” sənədli-etnoqrafik lal filmi (1930) ilə məşhurlaşmaqla İncəsənət akademiyasının Leninqrad bölməsinin aspirantı, Tbilisi studiyasının direktoru (1934-1938), SSRİ Kinematoqrafiya komitəsinin ABŞ-da səlahiyyətli nümayəndəsi (1943-1945) olmuş Mixail Kalatozovun (1903-1973) quruluş verdiyi “Durnalar uçur” ağ-qara filmi (ssenari müəllifi Viktor Rozov, 1957) mahiyyəti qabardan obrazlı həllin önə keçməsi ilə seçildi. Pyesdəki bir sıra personajların ixtisarı ilə müharibənin fəsadlarının məşhur cərrah Fyodor Borozdinin ailəsi çərçivəsində təqdimatı dramaturji məqamların səfərbərliyinə təkan verir. Fyodor Borozdinin (Vasili Merkurev) mühəndis oğlu Borisin (Aleksey Batalov) yayın əvvəlində sübhə qədər Moskva çayının kimsəsiz sahilində, Kremlin qədim divarları yanında dolaşdığı, “dələ” adlandırdığı 18 yaşlı sevgilisi  Veronika (Tatyana Samoylova) ilə  səmada görünən durna qatarını seyr etmələri, qızı evlərinin dolanbac pillələrinə qədər ötürməsi  azad, qayğısız  sevginin uğurlu təsvir həllini verir. Müharibənin başlaması xəbəri ilə imtiyazdan – brondan imtina etməklə könüllü olaraq cəbhəyə yollanan  Boris Borozdinin dostu Stepanın gətirdiyi çağırış vərəqini almaqla evlərində sonuncu ziyafətin qurulması hadisələrin gedişinə təkan verir. Bu məclisdə Borisin əmisi oğlu, pianoçu kimi imtiyaz qazanan Markın (Aleksandr Şvorin) cəbhədən qayıtmamaq ehtimalını dilə gətirməsi əsas hadisənin istiqamətini nizamlayır. Borisin vidalaşmağa imkan tapmadığı  Veronikanın ad gününə hazırladığı hədiyyənin çatdırılmasını Varvara nənədən (Antonina Boqdanova) xahiş etməsi; oyuncaq dələnin əlindəki çantanın içərisinə son məktubunu qoyub üstünü xırda fındıqlarla örtməsi dramaturji status qazandırılacaq əşyanı gündəmə gətirir. Əsgərlərin cəbhəyə yola salındığı məktəbin həyətində tövrünü pozmayan əmisi oğlu Markla, gözü yaşlı nənəsi Varvara Kapitonovna, qəmli bacısı İrina (Svetlana Xaritonova) ilə vidalaşarkən şən görünməyə çalışsa da tez-tez həyəcanla saatına baxan Borisin iti uclu barmaqlıqlardan yapışaraq gözləri ilə Veronikanı axtarması kütlənin portretini önə çəkən təsvir həllinə meydan verir. Quruluşçu operator Sergey Urusevskinin sərbəst əl kamerası ilə lentə aldığı bu epizodda avtobusdan düşüb hay-küylü tankların arasından qaçsa da, həyəcanlı insan kütləsinin arasından çıxa bilməyən Veronikanın əlindəki konfet-peçenye bükülüsünü baxışların rastlaşdığı məqamda Borisin ayaqları altına atması vəziyyətin çıxılmazlığını səciyyələndirir.

Həyəcan siqnalı ilə gizləndiyi metrodan çıxıb bombadan alovlanan evlərinin xarabalıqlarında sağ qalan pillələrlə qaçaraq təkcə divardakı saatın salamat qalmasını görüb valideynlərinin yoxluğuna əmin olan Veronikanın  Borozdinlərin mənzilinə köçməsi dramaturji sıxlığı daha da artırır. Şəhərin növbəti bombalanmasını fortepiano ilə müşaiyət edən Markın vurulduğunu bəyan etdiyi, müharibənin təzyiqi ilə müqavimətini itirib xəyanətə yuvarlanan Veronikanı əlləri üstünə götürüb dağılmış mənzildəki şüşə qırıntıları üzərindən keçməsi ilə cəbhədə yorğun, əzgin halda geriyə çəkilənlərin gölməçədəki uzunboğaz əsgər çəkmələrinin montajı  sındırılan talenin metaforik obrazını təsvirdə yaradır. Mühasirədəki əsgərlərdə ruh yüksəkliyi yaratmaq naminə ağız qarmonunu çalan Vladimirin fotoşəklini gördüyü Veronikanın sevgilisini gözləməyəcəyini bildirməsi ilə Borisin yumruğuna tuş gəlməsi metaforik obrazı dramaturji modeldə davam etdirir. Ətraf şəraiti öyrənmək üçün üz tutduqları kəşfiyyatda yaralanan Vladimiri çiynində daşıyarkən snayper gülləsinə tuş gələrək yıxılan Borisin başı üzərindəki ağcaqayınların fırlanması müəllif Viktor Rozovun yaşadığı təəssüratı canlandırmaqla filmin yeniləşən təsvir obrazlılığını da artırır. Məhz bu məqamda fırlanaraq sanki rəqs edən ağcaqayınlarla eyni kadr daxilində, doğmaların əhatəsindəki Borisin gəlin paltarında qucağına götürdüyü Veronikanı tamaşaçının filmin əvvəlində gördüyü dolanbac pillələrlə düşürməsi təsvirin dramaturji miqyasını genişləndirir.

Borozdinlər ailəsinin Sibirə köçməsi ilə artıq Markın arvadı olan Veronikanın baş verənlərlə bağlı dərdini içində çəkən Fyodor İvanoviçin baş həkim olduğu yaralıların düşdükləri vəziyyətə dözümsüzlük göstərdikləri hospitalda tibb bacısı kimi çalışması tezliklə yaranacaq yeni münasibətlər sisteminə rəvac verir. Markın vaxtilə Borisin Veronikaya bağışladığı oyuncaq dələni kağıza büküb məşuqəsi Antonina Monastırskayanın evindəki şənliyə yollanması dramaturji ziddiyyətdə şər qüvvələri səciyyələndirənləri gündəmə gətirir. Filarmoniyanın gödəkboylu, keçəl inzibatçısı Nikolay Çernovun   gecə, qarlı şəhərin küçələrində şütümək istəyən Antonina Monastırskayanın istəyini reallaşdırmaq üçün hospitalın baş həkimi Fyodor İvanoviçdən yaralıları daşıyan avtomaşını istəyərkən, vaxtilə ona pul təklif edən Marka imtiyazı-bronu hörmətli cərrahın xatirinə düzəltdiyini xatırlatması xeyir-şər ziddiyyətini nümayiş etdirir. Fyodor İvanoviçin arvadının xəyanəti barədə eşidib ölmək istəyən Zaxarov soyadlı yaralını sakitləşdirərkən həyatın sınağına davam gətirməyən qadının vətənini sevən əsgərə layiq olmadığını bildirməklə yanındakı Veronikanı istər-istəməz nifrət hədəfinə çevirməsi fabulaya işləyən növbəti süjetə meydan verir. Təngənəfəs halda qaçaraq körpüdən özünü qatarın altına atmaq istəyən Veronika yük avtomaşınlarının tormoz səsini eşitməklə təhlükə ilə üzbəüz qalan, valideynlərini itirmiş Boris adlı azyaşlı oğlanı xilas edərək sanki itirdiyi ruhunu yenidən qazanmaqla təklif olunan vəziyyətlə birgə özünü də dəyişir. Evdə itmiş oyuncaq dələnin ardınca Antonina Monastırskayanın evinə yollanan Veronikanın şənlənən vətəndaşlıqdan uzaq acgöz sakinlərdən ibarət qonaqların xırda səbətdəki fındıqların altından tapıb səsləndirdikləri məktubu oxuması sevginin bədən deyil, ruh məsələsi olduğunu sübuta yetirir.

Ağır yarasına görə ordudan tərxis olunsa da ağız qarmonu çalmağından qalmayan leninqradlı Vladimirin Borozdinlərin kirayədə yaşadıqları evə gəlməklə ölüm xəbərini gətirdiyi Borisin paltar yuyan sevgilisi Veronikanı gec tanıyıb sabun köpüyünə bulaşmış əlindən öpməsi təsirli məqamlardandır. Məhz bu məqamda Vladimir fotoşəklini görməklə sevgilisini gözləməyəcəyini bildirdiyi Veronikanı sanki müqəddəsləşdirməklə günahı qadının deyil, ötən əsrin ən qlobal problemi sayılan faşizmin üzərinə atmaqla qəmli məhəbbət hekayətini ləyaqətli notlarla bitirir. “Ədəbi yaşarlar” pyesinin son mətnində Veronikanın dilindən səslənən:  “Sən heç təsəvvür də edə bilməzsən ki, Boris mənim üçün kim idi. İdi yox, o həmişə var. Gecələr hamı yatanda mən onunla danışıram və o, həmişə məni cavablandırır. Üzünün cizgiləri yaddaşımdan getsə də, bu əsas deyil. Mən onu sevirəm Volodya! Və öz həyatımı yaxşı yaşamaq istəyirəm! Mən indi də özümdən soruşuram: niyə yaşayıram? Biz hamımız nə üçün yaşayırıq, o və digərləri sona qədər yaşamadıqları həyatlarını kimlərə verdilər? Və biz necə yaşayacağıq?”  kimi suallar bəşəriyyəti humanizmə səsləyən müəllif qayəsinin təntənəsinə çevrilir. 

Filmin bu son mətninin audiovizual şərhini verməklə təzahürünü karnaval estetikasında tapan son epizodunda vağzalda cəbhədən qayıdanları gül-çiçəklə qarşılayanlar arasında görünən, Borisin dostu Stepanın cibindən çıxardığı fotoşəklini görməklə göz yaşlarına qərq olan Veronikanın sevgilisinin yoxluğuna inanması sərt boyalarla təqdim olunur. Paravozun üstündə kütlə qarşısında çıxış edən Stepanın çıxışı, yaşlı bir qocanın məsləhəti ilə özünə gələn Veronikanın atalığı kimi gördüyü Fyodor Borozdinə sığınmaqla hamı ilə birgə üz tutduğu səmada ilk kadrlarda sevgililərin  gördükləri durna qatarını seyr etməsi bədii çərçivəni qapayır. Bu durna qatarının yenidən görünməsi vətən uğrunda şirin canlarından keçənlərin ruhunu yaşadaraq filmin adını da doğruldan son metafora kimi, cilalı dramaturji hadisələrlə təsvir həllinin məntiqi qovuşmasından yaranan poetik bir filmi tamamlayır.

“Kinoşünaslıq qeydləri” jurnalının 1993-ci ilin 17-ci sayındakı “Durnalar uçur” əsrin üçdə birindən sonra məqaləsində: “Veronikanın qurbanına çevrilməsi təsdiqlənən müharibə Borisi öldürsə də, onların bir-birlərinə münasibətini məhv edə bilmədi. Paradoksal haldır ki, bu xəyanətsiz biz Veronikanın gözlərindən oxuduğumuz, finalda gördüyümüz mütləq sevgiyə inanmazdıq” kino tarixçisi Vitali Troyanovskini: “Davamlı olaraq eyni məkana qayıtmalar, hətta çəkiliş nöqtələrinin (Krım körpüsü, Veronikanın yaşadığı evin pillələri) təkrarı qəhrəmanın təkcə zahiri deyil, daxili vəziyyətini əhatələndirir. Son nəticədə bu subyektiv müdaxilə bütün hissəciklərə, molekullara qabarıq şəkildə sirayət etdi”  fikirləri gerçəkliyi əks etdirir.

1958-ci ildə Sergey Yutkeviçin də jüri üzvü olduğu Kann kinofestivalında yüksək dəyərləndirilən   “Qızıl palma budağı” qazanan ilk və son sovet filmi olan “Durnalar uçur”  ekran əsəri ötən əsrin 60-cı illərindən geniş vüsət alan ilıqlaşma dövrünün ilk sənət örnəklərindən sayıldı.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.