Vasif Əlihüseyn - Oxucuları ilə yatan yazıçı
19.02.16
Amerikan yazıçısı Çarlz Bukovskinin hekayələr kitabını oxudum: amma, erotik mövzuda yazılmış hekayələrini bəyənə bilmədim. Yəni elə də dərin məzmunlu bir şey görmədim hekayələrində. Bu Bukovskinin üslubu olsa belə.
Bundan sonra isə, yazıçının məşhur “Qadınlar” romanını oxudum. Doğrusu yaxamız sosial problemlərin əlində qaldığı bir vaxtda bu romanı oxumaq hər axşam bir neçə saat məni stressdən uzaqlaşdıra bildi.
Əsərin əsas qəhrəmanı Henri Çinaskidir. Əsər boyu qadınlara görə Henrinin düzəni pozulur; döyülür, soyulur və maşını əzilir. Bütün bunlara baxmayaraq o, eyni şeyləri yenə təkrar edir. Onun xanım oxucuları başqa şəhərlərdən zəng vurub evinə gəlirlər.
Evinə gələn qadınlar onun evindəki tör – töküntüdən dəhşətə gəlir. Hər yerdə araq butulkaları, hər tərəf zibilin içində olur. Amma, bütün bunlara baxmayaraq onun gənc oxucuları belə 55 yaşlı Henri ilə yatağa girilər.
Henri Çinaski şeir axşamlarına gedir və şeir oxuyur. Bu isə onun sərxoş tamaşaçılarının çox xoşuna gəlir. Henri bu şeir axşamlarından hətta yaxşı qonarrar da alır. Əsəri oxuduqca görürüsən ki, bir neçə hadisədən sonra onun yataq səhnələri təkrarlanır. Sadə dildə yazılmış əsərin bu qədər oxucu marağına səbəb olması, adamı təcübləndirməyə bilmir.
Amma, əsərin sonunda Henri görünür nəysə fikirləşir. Ona telefon zəngi vuran gənc Roşeldin evinə gəlməsini istəmir.
Çarlz Bukovski bu romanı ilə “oxucuları ilə yatan yazıçı” kimi qaldı xatirimdə.
|