Bədirxan Əhmədov - “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu
17.02.16
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu - VI məqalə
YAXUD MÜBAHİSƏNİ FAKTLARLA APARAQ
Bizdə tənqid və ədəbiyyatşünaslıq indi çox çətin bir mərhələdən keçir; elmi təfəkkür öz yerini sözçülüyə, bir qədər də dəqiqləşdirsək populizmə və ritorikaya verib. Kimsə bir yerdə hər hansı bir faktı görür, dərhal onu bir yenilik kimi qələmə verir, hərtərəfli araşdırma olmadan əsası olmayan qənaətlər və hökmlər çıxarır. Bəzən də elmi faktlardan daha çox tədqiqatçının fantaziyasının məhsulu ilə qarşılaşırsan. Yaxud sitatlar ard-arda düzülür, ancaq müəllifin özünün təhlili yoxdur, gətirdiyi istinadları belə başa düşmədiyindən doğru-düzgün şərh edə bilmir, buna görə də əlli, yüz il əvvəlki səhvlər, yanlışlıqlar yenidən elmi dövriyyədə öz axarı ilə cərəyan edir.
Gözlədiyimiz kimi də oldu; mənim “525-ci qəzet”də (19.12.15; 28.12.15; 11.01.16; 18.01.16; 25.01.16) “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu ilə bağlı yazılarıma ilk cavabı Azər Turan özünün redaktoru olduğu “Ədəbiyyat qəzeti”ndə (30.01.16) verdi. Halbuki müzakirəni “525-ci qəzet” açmışdı. Bu da A.Turanın redaktor davranışını ortaya qoyur. Yenə də ədəbi, elmi cameə üçün aydın olsun deyə yazıram: mübahisənin predmeti məhz A.Turanla söhbətdə ortaya çıxmış, o isə bir qəzet redaktoru kimi bu mübahisəyə kifayət qədər yer (ən azı 72 min işarə!) ayıracağına söz vermişdi. Lakin məqalə “Ədəbiyyat qəzeti”ndə dərc edilmədi, əvvəlcə Ə.Hüseynzadənin haqqının tapdandığını, sonra isə özünün tənqid olunduğunu bəhanə etdi. Məqalədə A.Turanla bağlı tənqidlər yumşaldıqdan sonra belə vəziyyət dəyişmədi. Hər nə isə vacib bir problem haqqında gözlənilən müzakirə redaktorla əvvəlcədən razılaşdırılmasına rəğmən baş tutmadı. Redaktor bunun səbəbini məqaləsində belə izah etdi: “...milli təfəkkürün sakral (?-B.Ə.), sabit (?-B.Ə.) və müqəddəs (?-B.Ə.) dəyərinə ötəri (?-B.Ə.) və sayğısız (?-B.Ə.) münasibət sərgiləyən (?-B.Ə.) bir yazının dərcini uyğun bilmədiyim (?-B.Ə.) üçün etmişəm. Bədirxan Əhmədli milli triadanın - üçlü düsturun təkcə Əli bəy Hüseynzadəyə deyil, ayrı-ayrı mərhələlərdə bir çoxlarına, o cümlədən, Məhəmməd Əmin Rəsulzadəyə aid olduğunu iddia (mən isə iddia yox, sübut edirəm-B.Ə.) edir”. Hər sözü sual doğuran bu fikrin çəkisizliyini, qısırlığını və heç bir məzmun ifadə etmədiyini bir tərəfə qoyuram, belə çıxır ki, qəzetdə yalnız A.Turanın qəbul etdiyi və lazım bildiyi fikir getməlidir. Yadıma düşdü ki, A.Turanın sonuncu bəhanəsi məndən məqalələrin hamısını istəmək oldu, ona görə ki, baxsın görsün üçlü triadanı kimə aid etmişəm. Özünü elmə həsr edən bir professora açıq söylədi ki, baxım görüm sən bu triadanı kimə aid etmisən. Bəyəm bu mənim məqalənin sonunda “P.S.”lə qeyd etdiyim A.Turanı rəncidə edən “müxtəlif bəhanə” deyil də, bəs nədir?! Üstəlik, senzuranın yeni formasıdır!!! Anladım ki, son zamanlar “Ədəbiyyat qəzeti”ndə problematik və polemik məqalələr nədən işıq üzü görmür...
Müzakirənin baş tutmamasının əsas səbəbi tərəflərdən birinin mübahisə predmetini müəyyən edə, “nəyin mübahisəsini” “necə müzakirə etməni” aydınlaşdıra bilməməsində, mübahisəni elmi müstəvidən ideoloji müstəviyə keçirmək cəhdindədir. A.Turan mətbuatın qızıl qaydalarından birinə bir redaktor kimi əməl etməyə borclu idi.
Gələk əsas mətləbə. A.Turan cavab məqaləsində “Əli bəy Hüseynzadə” kitabında və bir məqaləsindəki sitatları, istunadları olduğu kimi təkrar edib. Mən isə məhz həmin istinadların ya əsası olmadığını, ya da doğru şərh edilmədiyini arqumentlərlə göstərmişdim (bir qədər də yumşaq ifadə etmişdim!). Bu arqumentlərin heç birini qəbul etməyən (və ümumiyyətlə etmək istəməyən!) A.Turan “türkləşmək, müasirləşmək, islamlaşmaq” triadasının şəriksiz müəllifi Əli bəy Hüseynzadə olub və bütün dövrlərdə də o olaraq qalacaq”-deyə hökm verməklə yanaşı, hətta “B.Əhmədli istərsə bu həqiqəti təkzib etmək üçün beş qəzet məqaləsi deyil, hətta bir deyil, yüz monoqrafiya yazsın”-deyə qeyri-etik tonda hökm verərək mövcud ictimai fikri və əlahəzrət faktları (!) belə görmək istəmir. Burada məşhur rus tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırlamaq yerinə düşərdi. O yazırdı ki, “xoşum gəlir, xoşum gəlmir” sözlərini yeməkdən, şərabdan, atlardan, ov itindən və s. söhbət gedəndə işlətmək mümkündür, söhbət tarixdən, elmdən, incəsənətdən gedəndə isə mühakimə danışmalıdır, tənqid etmək o deməkdir ki, zəkanın ümumi qanunlarını axtarıb tapasan.
A.Turan cavabında mənim məqalələrimdəki arqumentləri təkzib etmək üçün “zəkanın ümumi qanunları”na müraciət belə etməmişdir. Yenə də triada müəllifliyini Ə.Hüseynzadəyə vermək üçün əsərlərindəki cəmi iki-üç cümləyə və müasirlərinin dediklərinə əsaslanmağa çalışır, Y.Akçura, İ.Qurtulan, M.Ə.Rəsulzadə, S.C.Krımər, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Y.V.Çəmənzəminlidən bol-bol sitatlar gətirərək məni onlarla üz-üzə qoymaq istəyir. Lakin gətirdiyi mənbələrin özünü belə düzgün şərh etmədiyindən oxucunu da çaşdırmağa və yanlış nəticələr çıxarmağa yönəldir. Keçən məqalələrimizdə biz triadanın hər bir təməl prinsiplərinin yarım əsrlik keçdiyi yolu izləmiş, kimin harda, necə xidmətlər göstərdiyini faktlarla göstərmişdik. Bu üçlü formulun formalaşmasında Ə.Hüseynzadənin xidmətlərinə gərəkən qiymətini də kifayət qədər vermişdik: “Formul Ə.Hüseynzadədə başqa ifadələrlə olsa da ilk dəfə bir yerdə işlədilir: “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli”. Bu çox yaxşıdır. İlk dəfə olaraq düsturun əvvəlki variantına “firəng fikirli, Avropa qiyafətli” sözləri əlavə edilir. Ancaq ona görə bu formulun müəllifi hesab edilə bilməz ki, bu fikir ideoloji yüklü deyil, onun heç bir əsərində formulun təməl prinsipləri təhlil edilmir, ideoloji cəhətdən əsaslandırılmır, epizodik şəkildə cəmi bir neçə dəfə müxtəlif ifadələrlə qeyd edilir”. Formulun türk dünyasında formalaşma problemləri ilə bağlı gəldiyimiz sonuc da bütün tərəflər üçün məqbul hesab edilə bilər: “İctimai fikir bir adamdan daha çox cəmiyyətə, dövrə məxsus olur. Ona görə də bu cür fikirlərdə tək bir müəllif axtarmağın özü fikrimizcə düzgün olmadığı kimi, həm də ədalətsizlikdir”.
Məqalədə Ə.Hüseynzadənin formulun deyil, ideyanın müəllifi olması da faktlarla əsaslandırılmışdı. A.Turan isə bunlarla razılaşmayaraq Ə.Hüseynzadəni formulun şəriksiz müəllifi etmək üçün görkəmli adamlara gərəksiz yerə istinadlar edir. Bu istinadlara sıra ilə nəzər yetirək. Y.Akçura: “Əli bəy “türkləşmək, islamlaşmaq, avropalaşmaq” icab etdiyini iddia ilə isbata çalışır. Əli bəyin bu üçlü düsturu, iyi bulunmuş məsud ümdələrdəndir; bu ümdə, türk aləminin hər tərəfinə yayılmış və ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir: Məsələn, Gög Alp Ziya “türkləşmək, islamlaşmaq, müasirləşmək” mövzusu üzərinə bir çox yazı yazmışdır”. Y.Akçura açıqca deyir ki, Ə.Hüseynzadənin “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” düsturunun “türkləşmək, islamlaşmaq, avropalaşmaq” icab (gərəkli, lazımlı-B.Ə.) etdiyini iddia ilə isbata çalışır”. Ancaq sonralar Z.Göyalpın bu mövzu üzərinə çox yazılar yazdığını da bildirir. Bizim də dediyimiz odur ki, bu düsturu Türkiyədə Z.Göyalp, Azərbaycanda isə M.Ə.Rəsulzadə nəzəri cəhətdən işləyib düstur halına salmışdır. A.Turan görəsən, nəyə etiraz edir?!
A.Turanın Y.Akçuradan gətirdiyi ikinci sitata nəzər yetirək: “Əli bəy... müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir”. Burada Y.Akçuranın sitatı bitir, A.Turanın əlavəsi edilir: “Əslində birləşdirmişdir”.
A.Turanın kontekstdən çıxararaq özünə qalxan edən bu fikirdə Y.Akçura açıq şəkildə Ə.Hüseynzadəyə qədər müzakirələrdə iştirak edən tərəfləri (özü də içində olmaqla!) “tezis və və antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir”,-deyir, “birləşdirmişdir” demir. Biz də bunu deyirik ki, Ə.Hüseynzadəyə qədər bu müzakirələr gedirdi. Y.Akçuranın sözlərində özünə sona qədər tutarlı dayaq tapmayan tədqiqatçı Y.Akçuranın fikrinə əlavə edir: “Əslində birləşdirmişdir” (?-B.Ə.). Harada, necə?! İdeya şəklində...Biz ki, ideyanı onun əlindən almırıq? Amma A.Turan da başa düşməlidir ki, onun gətirdiyi və mənim də zorən təkrar etdiyim sitatların heç birində Ə.Hüseynzadənin formul müəllifi olması təsdiq edilmir.
A.Turanın Y.Akçuradan gətirdiyi başqa bir sitat: “...türklük, islamlıq, osmanlılıq (göründüyü kimi burada formul fərqli şəkildə verilir-B.Ə.) siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli bəy iddia etmiş (!-B.Ə.) və “Fuyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək, birləşdirərək) istehsalını tövsiyə eləmişdi”. Bir əlibəyşünas kimi, A.Turanın borcu idi ki, açsın “Füyuzat”ın 10 iyuldan əvvəlki saylarını və həmin formulu (“türklük, islamlıq və avropalılıq” (“Türkləşmək, müasirləşmək, islamlaşmaq” olmasa da, biz buna da razıyıq-B.Ə.) üçlü düsturu tapıb hörmətli oxuculara təqdim etsin. Lakin bu baş vermir, A.Turan fərqinə varmadan sitat dalınca gedir. Yenə də gec deyil, gedib axtara bilər. Lakin axtarmasın, bu sitat deyildiyi kimi deyil, əlibəyşünasların dönə-dönə sitat gətirdiyi “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” elə həmin mənbədir və 10 iyuldan əvvəl deyil, sonra dərc edilmişdir. Yaddaşa əsaslanmaq həmişə adamı pis vəziyyətdə qoyur. Tədqiqatı isə yaddaşa əsasən deyil, əlahəzrət faktlara görə aparmaq lazımdır...
S.Ağaoğludan gətirdiyi sitata diqqət yetirək: “Dövrünün böyük mürşidi Ziya Göyalpa “islam ümmətindən, Qərb mədəniyyətindən, türk millətindən” olmaq tezini (seçmə mənimdir-B.Ə.) Əli bəy Hüseynzadə ilham etdi (seçmə mənimdir-B.Ə.)”. Bəyəm burada nə var ki... Demir ki, triadanın şəriksiz müəllifidir, deyir, özü də açıq şəkildə “...ilham etdi”,- deyir, hərçənd desəydi belə, bu heç bir həqiqəti ifadə etməyəcəkdi, çünki bunu təsdiq edən əlahəzrət fakt yoxdur. S.Ağaoğlu Ə.Hüseynzadənin Azərbaycandakı yaradıcılığından xəbərsizdi, o mənbələri bilmirdi və tanış deyildi, yalnız ağızlardan eşitdiyi söhbətlərə əsasən hökm verirdi, üstəlik Ə.Hüseynzadənin bu fikri formul, nəzəriyyə halına salacaq məqalələri, əsərləri ortada yoxdur.
Yaxud götürək A.Turanın İ.Qurtulandan gətirdiyi sitatı: “Üç amili bir prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir”. Hətta İ.Qurtulan da açıq şəkildə ilk ideoloq deyir, yəni ideya şəklində irəli sürən (hərçənd bizim araşdırmalarımızda ondan əvvəl Y.Akçuranın bu fikri ideya şəklində irəli sürdüyünü bildirmişik). Mən ki, üçlü düsturun ideoloqlarından biri olmasını onun əlindən almıram. Mən “Türkləşmək, müasirləşmək, islamlaşmaq” triadasının müəllifliyindən danışıram. Bəs İ.Qurtulandan gətirdiyi sitatda hanı Ə.Hüseynzadənin formulun müəllifi olması fikri?! A.Turan məqaləsinə İ.Qurtulandan qoyduğu “Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədir” başlığı da gəlişigözəl deyilmiş, heç bir fakta əsaslanmayan, havadan asılı qalan fikirdən başqa bir şey deyil...
İndi də Cəfər Seyidəhməd Krımərdən gətirdiyi istinada diqqət yetirək: “Məşhur “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarını “Füyuzat”ın 23 nömrəli nüsxəsində ilk əvvəl Əli bəy Hüseynzadə formulə etmişdi”. Çox yaxşı, gəlin “Füyuzat”ın həmin sayına baxaq: söhbət dərginin baş məqaləsi “İntiqad (tənqid-B.Ə.) ediyoruz, intiqad ediliyoruz” məqaləsindən gedir. Biz ki, bu məqalədən əvvəlki yazılarımızda bəhs etmişik. Bəlkə də C.S.Krımər heç bu məqaləni oxumayıb, kimlərdənsə şifahi şəkildə eşitmişdir. Yenə də C.S.Krımər üçün olmasa da, A.Turan üçün həmin məqaləyə müraciət edək. Ə.Hüseynzadə böyük həcmli məqaləsində “İrşad” və “Molla Nəsrəddin”in bağlanmasından sonra ətrafı bürüyən çirkabdan danışır və bu çirkabı təmizləmək üçün deyir: “Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai! İngilis, Amerikan kibi tizrəftar, yeni yaponlar kibi kütəhdamən fədai! Çünki bu dövr kütahdamənlər, tizrəftarlar dövrüdür. Damən qısaldıqca, heç bir vaxt tizrəftar olanın payinə dolaşmaz” və s. Vəssalam, məqalənin əvvəlki və sonrakı hissələrində tamamilə başqa şeylərdən danışılır. A.Turan istəyirsə bütün məqaləni sitat gətirim, istəmirsə özü bir də, bir də gedib oxusun, görsün burda hanı C.S.Krımərin dediyi “Türkləşmək, islamlaşmaq, müasirləşmək”?! Bir də axı, biz nə üçün C.S.Krımərin və kimlərinsə dediklərini “Quran” ayəsi kimi qeyd-şərtsiz qəbul etməliyik? Məgər Ə.Hüseynzadənin ədəbi irsi əlimizin altında deyilmi?! Bəs tədqiqatçının vəzifəsi nədir?!
A.Turan özünü haqlı çıxarmaq üçün M.Ə.Rəsulzadəni də qalxan edir, ancaq nahaq yerə. Burda da əli boşa çıxır. Yazır ki: “Bədirxan Əhmədli milli triadanın-üçlü düsturun təkcə Əli bəy Hüseynzadəyə deyil, ayrı-ayrı mərhələlərdə bir çoxlarına, o cümlədən, Məhəmməd Əmin Rəsulzadəyə aid olduğunu iddia edir. Amma ona rəğmən çoxları, eləcə də Məhəmməd Əmin Rəsulzadə özü üçlü düsturun Əli bəy Hüseynzadəyə aid olduğunu dönə-dönə etiraf edib”. Çox yaxşı, ancaq gəlin görək, M.Ə.Rəsulzadə harda, nə vaxt, özü də “dönə-dönə” Ə.Hüseynzadənin milli triadanın müəllifi olmasını etiraf edib, “etiraf” edibsə, nəyi etiraf edib. Müəllif M.Ə.Rəsulzadənin aşağıdakı fikrini nümunə gətirir: “Mədəni yaşayış üçün üç əsas lazımdır: milliyyət, beynəlmiləliyyət və əsriyyət. Milliyyətin rüknü ana dili, beynəlmiləliyyətin əsası din və əsriyyətin binası əsrə hakim olan ülum və fünun ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir. Vaxtilə möhtərəm Əli bəy Hüseynzadə əfəndi “Füyuzat”da “islam əqidəli, türk qanlı, Avropa qiyafəli” insan olalım”-demişdi ki, qəsdi də (seçmə mənimdir-B.Ə.) bu idi”. Göründüyü kimi, M.Ə.Rəsulzadə Ə.Hüseynzadənin üçlü düsturla bağlı qiymətini doğru verir, A.Turan isə ondan yanlış nəticə çıxarır. M.Ə.Rəsulzadə açıqca söyləyir ki, Ə.Hüseynzadə “islam əqidəli, türk qanlı, Avropa qiyafəli” dedikdə “qəsdi də bu idi”, yəni bunu demək istəmişdir, məqsədi bu idi, ancaq o zaman düstur hələ formalaşmamışdı, belə demək mümkünsə, ideya şəklində idi. M.Ə.Rəsulzadənin üçlü düsturu ilə Ə.Hüseynzadənin ideyası arasındakı fərqi isə biz əvvəlki məqalələrimizdə göstərmişik.
M.Ə.Rəsulzadə daha bir neçə yerdə düsturla bağlı Ə.Hüseynzadənin adını çəkir. Onlardan birinə-A.Turanın bizim gözümüzə soxmağa, oxucuları isə aldatmağa yönəlik sitatına nəzər salaq: “Vaxtilə “Füyuzat” məcmuəsinin fazil mühərriri “Türk qanlı, islam (Ə.Hüseynzadə müsəlman deyib. Bax: “Füyuzat”, 1907, N23)-B.Ə.) imanlı və firəng fikirli olalım” demişdi...eyni şüar sonra “Açıq söz” qəzetinin başlığı altında bulunmuşdu”. Bu da çox yaxşı, onda gəlin “Açıq söz”ün başlığına baxaq, eyni başlıq burada yoxdur. Burada “türkləşmək, islamlaşmaq, müasirləşmək”dir. Bəs hanı eyni şüar?! A.Turanın sitatı yarımçıq verərək qoyduğu nöqtələrdə axtarmaq lazımdır... Ümumiyyətlə, A.Turan elmi kitabında da mənbələr göstərməyə həvəsli deyil, gah da mənbələrdən özü istədiyi kimi istifadə edir, təhriflərə yol verir ki, bu da elmi mühakimə üçün yolverilməzdir (Biz isə bu məqalədə ona görə mənbələri göstərmirik ki, əvvəlki məqalələrdə göstərmişik).
Əlibəyşünasların istifadə etdiyi mənbələrdən biri də M.Ə.Rəsulzadənin problemin Qafqaz mətbuatında işlənilməsinə aid yazdıqlarıdır. M.Ə.Rəsulzadə bu ifadələrin bir ideya olduğunu, nəzəriyyəçilərin isə onu düstur şəklinə saldığını açıq mətnlə bəyan edir. Görəsən, A.Turana bundan artıq daha nə lazımdır?! Bu nəzəriyyəçilərdən biri Z.Göyalp idi. “Türk yurdu” dərgisində bu formul eninə-boyuna təhlil edilmişdi. Araşdırmalarımıza əsasən, deyirik ki, üçlü düstur türk dünyasında konkret bir zamanda və məkanda bir nəfər tərəfindən formalaşdırılmamışdır. Azərbaycanda isə onu nəzəri şəkildə formalaşdıran M.Ə.Rəsulzadə olmuşdur. Bunu elə həmin məqalədə M.Ə.Rəsulzadə özü də deyir: “Bu mübəccəl düsturun istiarə yolu ilə bəyanındakı xasseyi-şərif hər nə qədər “Həyat” ilə “Füyuzat”a aid isə də onun Qafqasiya mətbuatındakı (seçmə mənimdir-B.Ə.) açıq və sərih (sərrast, dəqiq-B.Ə.) bir surətdə elanı ilə “Açıq söz” iftixar edə bilər”.
“Tutacağımız yol” və “Getdiyimiz yol” məqalələrində M.Ə.Rəsulzadə “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ideoloji konturlarını müəyyənləşdirir, nəzəri cəhətdən işləyib düstur şəklində hazırlayır. İkinci məqalədə təməl prinsiplərdən danışarkən müasirləşməni önə çıxarması və onu nəzəri cəhətdən əsaslandırması bu prinsipə daha çox dəyər verməsindən irəli gəlirdi. Buna baxmayaraq formulun “müasirləşmək” ifadəsi onun məqalələrində ikinci yerdə dayanmır, bunu biz bir də yalnız bayrağın rəngində görə bilirik. Bu isə formulun yeni variantı deməkdir ki, bu da ancaq M.Ə.Rəsulzadəyə məxsusdur. M.Ə.Rəsulzadə üçlü düsturu ilk dəfə olaraq nəzəri şəkildə əsaslandırmaqla yanaşı, onu siyasi müstəviyə gətirdiyi kimi, həm də dövlətçiliyin rəmzinə çevirmişdir.
Formulun üç təməl prinsipinin başqa bir publisistimiz Ə.Ağaoğlunun yaradıcılığında da mühüm yer tutmasını da qeyd etmişdik. Hətta mən deyərdim Ə.Ağaoğlunun yaradıcılığında müəyyən qədər ideoloji, məfkurəvi əsaslandırmalar da var. Bununla belə, nə Ə.Hüseynzadə, nə də Ə.Ağaoğlunun yaradıcılığında bu təməl prinsiplər hələ siyasi doktrina şəklinə düşməmişdi. Bunu nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “Möhtərəm Ağaoğlu Əhməd bəy kəndi “İrşad”ı ilə islam, islam deyə bağırıyor və ittihadi islamdan bəhs ediyordu isə də bu bir sözdü. Məna etibarilə dönüb dolaşıb islamçılıq və türkçülük şəklini alırdı. 1905-ci ildə (1906-cı il olmalıdır-B.Ə.) Hüseynzadə Əli bəy əfəndi Bakıda nəşr olunan “Füyuzat”ı ilə “Türk qanlı, islam etiqadlı və firəng qiyafətli olalım” (əslində belədir: türk qanlı, islam etiqadlı, firəng fikirli, Avropa qiyafətli-B.Ə.) derkən daha sərih bulunan (sərrast, dəqiq tapılan-B.Ə.) “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunu ilham etmək istiyordu (seçmə mənimdir-B.Ə.). Hər nə qədər Əhməd bəylə Əli bəy türkləri təlqin ediyorlardısa da aşkar türkçülük etdikləri yoxdu (seçmə mənimdir-B.Ə.). Bu fikir sonradan qüvvət bulmaya başladı. “Türk yurdu”nun yurdçuluğunun Qafqasiya üzərinə təsiri oldu” (M.Ə.Rəsulzadə. Əsərləri. V c., B., 2014, s. 57).
Bəs nə oldu?! M.Ə.Rəsulzadənin üçlü düsturu Ə.Hüseynzadəyə aid etməsilə bağlı A.Turan bu fikirləri niyə sitat gətirmir. Çünki burda hər şey açıq şəkildə ifadə olunub. M.Ə.Rəsulzadə yuxarıdakı fikrində üçlü düsturun formalaşmasının zamanını və ünvanını düzgün müəyyənləşdirib. Üçlü düstur Azərbaycan və Türkiyə mühitində məhz bu zaman məfkurə şəklinə düşmüşdür. Üçlü düsturu sona çatdıran və ona yeni məzmun verən M.Ə.Rəsulzadə Z.Göyalpın formuldakı əməyini belə xatırlayırdı: “Mərhumun (Ziya Göyalpın-B.Ə.) “Türk yurdu”nda yayımlanan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” yazıları məni çox qıcıqlandırdı. Bakıya geri döndüm. Basın dil sorunu ilə uğraşırdı. Bu sorunda Ziya yolunun savununçusu oldum. Türkçülüyü yaymaq üçün Dünya savaşı çağında çıxardığımız “Açıq söz” qəzetinin başına Ziyanın qutsal deyimini bir çağırış olaraq qoyduq” (seçmə mənimdir-B.Ə.) (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 2015, s. 144-145).
A.Turanın yuxarıda gətirdiyi sitatdan isə belə məlum olur ki, “Açıq söz”ün başlığına Ə.Hüseynzadənin sözləri qoyulmuşdur. “Açıq söz” qəzeti arxivlərdə durur, A.Turan da sağ-salamatdır, gedib bir də baxa, qəzetin başlığındakı çağırışı dəqiqləşdirə bilər...
Maraqlıdır ki, M.Ə.Rəsulzadə bir il əvvəlki məqaləsində deyil, məhz bu məqaləsində Ə.Hüseynzadənin üçlü düsturla bağlı xidmətini xatırlayır: “Bir qolunu təşkil etməklə müftəxir olduğumuz türk-tatar millətinin tarixi yolunu təqiblə, bu əsasları Qafqasiya türk mətbuatında (seçmə mənimdir-B.Ə.) ilk dəfə olaraq möhtərəm Əli bəy Hüseynzadə cənabları bəyan edərək Rusiya inqilabının bir əsəri-feyzi olaraq ərseyi-şühudə gələn “Həyat” qəzetəsi ilə “Füyuzat” məcmuəsində yazdığı məqalələrində kəndilərinə məxsus istiarə ilə “türk qanlı, islam imanlı, firəng qiyafəli olalım” (düsturun orijinalını yuxarıda vermişik, müəllif yadda necə qalıbsa o cür də ifadə edir-B.Ə.) demişlərdi. Türk-tatar aləminə təsiri mühəqqəq olan digər inqilablardan sonra meydana çıxan nəzəriyyəçilərsə (seçmələr mənimdir-B.Ə.) bu fikri “türkləşmək, islamlaşmaq, müasirləşmək” kibi açıq aydın bir düstur halına qoydular”. Məncə bundan sonra əlavə şərhə ehtiyac olmamalıdır. Əlbəttə, elmi mühakiməyə, fakta hörmət etmək mədəniyyəti olarsa...
Sonda bir də qeyd etməyi özümə borc bilirəm ki, bu təməl prinsiplərin hər biri M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Ziya Paşa, Əhməd Vefiq Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlli ilə qədər müxtəlif mərhələlərdən (elmi, maarifçi, nəzəri, ictimai, siyasi) keçərək yol gəlmiş, Z.Göyalp və M.Ə.Rəsulzadənin yaradıcılığı ilə özünün son həddinə çatmışdır. Z.Göyalp Türkiyədə, M.Ə.Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai, siyasi məzmun verməyə müvəffəq olmuşlar. Ayrıca üçlü düsturun Azərbaycan Cümhuriyyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır. İstanbulda yaşayan Ə.Hüseynzadənin nə dövlətçiliyin təşkilində, nə də ideolojisinin formalaşmasında həmin dövrdə elə bir fəaliyyəti olmamışdır. Bunu iddia edənlər baxsınlar Ə.Hüseynzadənin M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabına yazdığı ön sözə. Ə.Hüseynzadə yazır: “Cahan hərbinə qədər Azərbaycanın həyati-hərsiyə və ictimaiyyəsini yaxından-uzaqdan az-çox təqib edə bilmişdim. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bittəb mümkün olmadı” (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B.,2015, s. 10).
Mənim “Üçlü düsturun bayrağın rəngində ifadəsini Ə.Hüseynzadəyə aid edənlər görəsən nəyə əsaslanırlar?” fikrimə də A.Turan heç bir fakt qoya bilmir. Lakin problemin araşdırılması geniş tədqiqat tələb etdiyindən bu məsələni başqa bir vaxta saxlayıram. Burada yalnız bir şeyi demək istəyirəm; A.Turanın “Ancaq elə dəyərlər (?-B.Ə.) var ki, onları sadəcə müzakirəyə çəkmək, məsələn, milli bayrağın mahiyyətini (?-B.Ə.) təftiş (?-B.Ə.) etmək, indiki halda isə türk dünyası üçün yaxşı tapılmış xoşbəxt əsasın” rəsuluna etinasız (?-B.Ə.) yanaşmaq bir azərbaycanlı ədəbiyyat professoruna yaraşmır” çamurunu ürək ağrısı ilə oxudum. Baş redaktor əsəbi şəkildə bütün əndazələri aşaraq məni ideoloji təxribatda günahlandırır. Lakin mən ona yazdığı dildə və üslubda cavab vermir, T.Eliotun “Tənqidin sərhədləri” məqaləsindəki bir fikrini xatırladıram: “Hər bir tənqidçinin bəlli bir hədəfi və müdafiə etmək zorunda olmadığı bir məşğaləsi ola bilir”. A.Turanın “tənqid”i hədəfindən sapmışdır. Alimə yaraşan polemika aparmaq, faktlarla mühakimə yürütmək fəlsəfə doktoru kimi onun görəvi idi... Təəssüf?! /525.az/
|