Əlisəmid Kür - Adamlar dəyişir havalar kimi
08.02.16
Bu gün tanınmış şair Əlisəmid Kürün ad günüdür. Avanqard.net bu münaisbətlə şairin şeirlərini təqdim edir.
Mən büllur külqabıyam
Hərracda satılacam bir azdan.
Taleyi çat atmış büllur bir şairin çat atmış büllur külqabısı satılacaq hərracda.
O nakam şairin nəyi var – bölünüb, nəyi var – satılıb bir az aşağı, bir az yuxarı Ömrün payızında onu satdı arvad-uşağı.
Mən büllur külqabıyam – Məni satan qazanacaq, məni alan sevinəcək…
Mən – şahidəm. Əldən salsalar məni çilik-çilik olacam.
Mən – şəhidəm! Kül acıyam. Yanmış əlyazmaların kül qoxusu var canımda.
Mən büllur külqabıyam. Məni ortaya qoyub satacaqlar hərracda. Bir mən satılacam, bir də satılacaq qəm çəkmiş şairin toz basmış, nəm çəkmış əlyazmaları.
Adaşım balabançı kor Əlisəmid
Bir adaşım yaşayır Kürdəmirdə – Muradxanlı kəndində. Gecəyarı ekranda gördüm “Xəzər” te.ve.də. Əvvəl-əvvəl danışmadı, dinmədi Dizlərinin üstə gözləri yol çəkdi barmaqlarının. Sonra adamlar yığışıb könlünü aldılar onun. Ovutdular… Çıxartdı mücrüdən balabanı Dedi: – Mənim işim balabanla, neylədi, – Adaşım balabançı kor Əlisəmid.
Sonra gör neylədi, Adaşım balabançı kor Əlisəmid. Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala, asta çaldı balabanı, tələsdi yavaş-yavaş, bala-bala.
Dağı arana daşıdı, aranı-dağa Anasızın balasını ağlatdı, balasızın anasını ağlatdı, Qəribi çağırdı qürbətdən həsrəti – yola-yolağa. … Qəfil balabanı qoydu qırağa.
… Ürəyinin işığı üzündə, üzü nur – üzü pir Əlisəmid. Çalğı çoxdan qurtarıb. Nə baxırsan əlləri üzündə gözləri barmaqlarının ucunda Adaşım balabançı kor Əlisəmid.
***
Nə atmısan özünü həsrətin qucağına. Leysan yağışı düşüb könlünün ocağına.
Fələk səni qarğıyıb özü düşüb həvəsdən. Canında bir qorxu var – canın çıxır qəfəsdən.
Sənin qayğına qallam, Ey Əlahəzrət zaman. Ürəyim bombolomboş, Salam, boşluğa salam.
***
Vaxt ölüb, zaman dayanıb Qanımın coşan vaxtında. Qan damır, kədər süzülür Atılmış qum saatında.
Nə gecəm var, nə gündüzüm Yuxum da ərşə çəkilib. Gözlərimdə düzüm-düzüm Hər anın tənhalıq şəkli.
… Yaddaşım gəlir yerinə, Ağlım da babat işləyir. İtmiş zamanın yerinə Beynimdə saat işləyir.
Sən – dərzi qız...
Ömrü parça-parça dağılmış, misraları yetim, balaları dərbədər Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?..
Baxıb bu dünyaya nəğmələr oxuyurdun, təzə-təzə söz tikirdin köynəklərin yaxalığına. Ürəyində ev tikirdin, ev qururdun yalqız-yalqız Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?!
Mənə çox şeyləri öyrədib şəhər. qızdırma içində, “narkoz” altında. Mənim ürəyimin çiçək yerindən bir kafe sökülüb “Nərgiz” adında.
Sən ki ürəyində ev tikirdin, ev qururdun yalqız-yalqız, Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?..
İndi buyur, dağılan taleyi təzədən qur. Ömründən təzə parça kəs, cala ömrümə. Həsrətimi qayçıla, dərdlərimi yama. Mən yalquzaq, Sən – dərzi qız. Yana-yana, dərzi qız, yana-yana.
***
Bu ürək mənim deyil ki… Sənindi. Hərdən qəm əkəsən, dərd becərəsən…
Ürəyim Sənindi – işlə damarlarıma – bəlkə qan verəsən, qan köçürəsən?!
Ayrılıq çox şeylər öyrətdi mənə. Bacarsan ürəyimin şəklini çək, – as yaxannan…
Bu ürək mənim deyil ki… Sənindi.. Bilənlərin nə vecinə, bilməyənlərin nə qulağına?!.
***
Bu da qırxillik çaxır çəlləyi – palıd ağacından. Yaşlaşa-yaşlaşa tündləşib şirinliyindən. Bu da qırxillik çaxır çələyi – tapılmayan qızıl küpü… indicə qoparacaqlar ağzını, daraşacaqlar canına; qanını içəcəklər köpük-köpük, paylayacaqlar qədəh-qədəh, boşaldacaqlar qəpik-qəpik. Bir atəşfəşanlıq fışqıracaq beyinlərə, – köpü yatacaq meyxoşların… Sonra da – onu fırlada-fırlada, diyirlədə-diyirlədə aparıb atacaqlar bir küncə…
Bir az aralıda həsrət və qürbət Adil Mirseyidin əziz xatirəsinə
O, şair idi – onu deyirəm. Güzgüdə oxşarını görüb üzünü gizlədən adam. Güzgüdə yuxusu çin olan adam baxıb görər bu şəhər başdan-ayağa paltar dükanı. Bir az aralıda vitrində Podenin “Mütəfəkkir”i çılpaq, Rubensin gözləri kədərli Bir az aralıda Xəzər dənizi – Kürün deltasında bir yaşıl yarpaq Bir az aralıda intihar etməyə Sena çayı. PLASE DES VESKER bağında bir qərib türbə – Bir az aralıda həsrət və qürbət.
O, rəssam idi – onu deyirəm. Küsəyən bulud adam – Kətan tapmayanda yağlı boyada ağ kağıza köçürərdi rəsmlərini, sulu boyada çəkərdi, göy üzünü – Göy üzü onu çəkərdi, qeybə çəkilərdi buludlarda küsəyən bulud adam, bulud üstə çömbələn adda-budda Budda adam.
O, şair idi, O, rəssam idi, – onu deyirəm… Minor səsli nəğmə adam. O – həm səsdi, həm də sözdü.
İki səsin dueti iki sözün dueli deyil, güzgüdən qaçan, buluddan çıxan “Ay süvarisi!”
Eşitdinmi. Bir az aralıda zəng çalır Bakıda NOTR-DAM kilsəsi. bir az aralıda Parisdə Monpamasye məhəlləsi… Cümə məscidinin azan səsi.. Bir az aralıda həsrət və qüdrət.
Parisə gedən qatarlara bilet satılmır Ləki vağzalında. Qəbiristanlığında yer tapılır qərib şairinə. Bir bax, Bir az aralıda sevdiyin əncir ağacı əl uzadıb baş daşına. bir az aralıda ona qəbri – vəfalı, qardaş qəbri aralı, İnanmırdın, inanmazdın Bak – Parisdən, Ləki – Bakıdan vəfalı… 28.09.2014
Qəbriniz qoşa qarısın
Eyvaz Əlləzoğlu əziz xatirəsinə
Bir vaxtlar özü yazmışdı: “Qışın bu soyuğunda heç adammı ölər”… Beyninə qan sızdı qışın soyğunda … Ölüm qansızdı.
Son nəfəsinə yetmədik Nə deyəcəkdi, nədən danışacaqdıq? Üzüağ idi dost yanında, üzüacıq uzanmışdı üzü qibləyə. Gözləri qapalı, Üzündə bir uşaq təbəssümü, dodağında bir dua yeri. Ağlamağımız, anlamağımız üçün bu adam nə deməliydi daha. Ömür onu yormuşdu, o yazmaqdan doymurdu. O, ölümüylə də qara yazı başlamışdı qələmsiz-kağızsız… O, ölümüylə də qara yazı yazırdı qarayazılı qardaşım. Onsuz da ənbər qoxusunu alan alıb, allanıb. Olub, olub, qadın olub yıxılan evin dizəyindən göz yaşıyla sallanıb.
Yazı yazan belı yazıb Qara yazıb, qarayazılı qardaşım. Hövsan soğanı çox acıdı, Hövsan qəbiristanlığı yayla. Ruhunuz göz-gözə, əl-ələ Qəbriniz qoşa qarısın – qoşa qəbirə layla!..
Adamlar dəyişir havalar kimi
Çəkilib uzaqdan baxdım özümə – Gördüm görkəmim dəyişib, üst-başım tamam köhnəlib, dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan Xəbərim olmayıb üzümə düşən qırışdan Yaman inanmışam arvad sözünə – Dağa bənzəyirsən sən bu duruşda.
Güzgüdə özünə baxıb göz vuran o şux, o kür adam mən deyilmişəm. Adamlar dəyişir havalar kimi İlahi, mən niyə dəyişməmişəm!
Dünyaya piyada gəlib-gedənlər Odur e, yanımdan atlanıb keçir, Ürək qızdırdığım, çörək kəsdiyim Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan Tanrım?! Sənin də oyunun yamandan-yaman. Haqqın tərəzisi qurulan vaxtı Kiminə taxt verdin, kiminə palan.
Uzaqdan çəkilib baxdım özümə – Bir də üzə gülüb, arxamca daş atanlara. Yol üstə ilantək qıvrılanlara.
Başımın üstündə qovğalar kimi, Bu yağış adamlar, külək adamlar, Bu kələk oğlanlar, bu xəzəl qızlar Dayanıb yolunda qovğalar kimi – Adamlar dəyişir havalar kimi, Niyə dəyişmədin, Cəfərin oğlu?!.
|