Türkan Mehraliyeva - Bal acı dadır
08.02.16
Səyahət etməyi çox sevirdi. Bu neçə ildə heç vaxt təyyarəyə minmədi qatarla gəzməyi üstünlük verirdi. “Bundan aldığım həzzi heç bir həzzə dəyişmərəm” deyirdi. Getdiyi yerlərin hər bir birində bir xatirəsi varıydı, onu yaşadan bu xatirələriydi. Həmişə yanında gəzdirdiyi dəftər xatirələrinin sübutuydu.
Ayaq basdığı hər yerdə özünü yenidən kəşf edirdi, şirinliyin acıya çevrildiyi zamanlarda belə o bu xatirələri yaşamaqdan əl çəkmədi. Getdiyi hər yerdən uzun cümlələrlə qayıtdı sanki ömrünü bir kitab halına gətirib hər kəsin oxuması üçün hazırlayırdı.
Uzun yolların birində o yenə fikirli halda cümlələrini yazırdı, gözlənilmədən gələn səs onu cümlələrindən ayırmaq istədi. Lakin o səsi eşitmirmiş kimi yazmağa davam edirdi. Yazdığı elə bu eşitdiyi səs də ola bilərdi çünki o hər saniyəsini yazmaq üçün yaşayırdı. Səs davam etdikcə o yazır, sanki səsin batmasını yazının sonlanmasını istəyirdi. Səs uzun müddət davam etdi nəhayət səs kəsiləndə o qələmi ilə nöqtəni qoyub dəfətrini bağladı, qatarın pəncərəsindən vuran küləyə üzünü tutub dərin bir nəfəs aldı. Çatacağı ünvana çox vaxt qalmışdı. Vaxtını yeni bir xatirəyə çevirmək üçün kupeden çıxıb ətrafa göz gəzdirdi. Heç kəs yoxuydu, kupesine qayıtmaq istərkən arxadan gələn səs onu yeni bir addım atmağa imkan vermədi.
- Gəlin bizimlə bir çay içək
Bu təklif ürəyincə oldu desəm yanılardım çünki o belə ortamlarda olmağı üstün tutmazdı o xatirələrini ya bir adamla ya da tək yaşıyırdı. Deyəcək bir söz tapmadı. Üzündəki gülümsəmə ilə razılığını bildirib bu dəvəti qəbul etdi. İlk dəfəydi belə bir ortama düşmüşdü, eşitdiyi səslər, deyilən sözlər onu yolda azmış birinə oxşadırdı. Sanki dilini bilmədiyi insanların əhatəsinə düşüb onların nə demək istədiyinin anlamaq istəyirdi.
Səyahətə çıxmaq qərarını ilk dəfə beş il qabaq vermişdi. Ətrafında olan insanlara heçnə demədən yola çıxmışdı. Getdiyi yolun sonuncu ünvanını bilmədən böyük addımlar atırdı. Keçmişi geridə buraxmaq istəyimi yoxsa gələcəyi qurmaq istəyi ilə bu yolu seçmişdi bunu heç vaxt bilmədim. Özünü kəşf etdiyi her yerdə başqa biri olaraq o biri ünvana keçdi. Yola çıxdığı o ünvana birdə qayıtmadı.
Çay masasında oturduğu müddətdə susurdu bu susqunluğu uzun çəksə də sonunda yanında əyləşən biri onun bu susqunluğunu ortadan qaldırmağa çalışdı.
- Buyurun bu balımızın dadına baxın, gözəl bir baldı sevəcəyinizə əminəm.
Oturduğu saniyədən gözünü o baldan çəkməmişdi, sanki beynində yaşadığı xatirəni yenidən yaşayırdı. Balın dadına baxmadan ordan uzaqlaşıb xatirəsi ilə baş başa qalmaq istəyirdi. Qaşıqla balı ağzına doğru aparıb dadına baxdı. Üzündə nə hiss keçirdiyinə dair heçnə bilinmirdi. Özüdə bilmədən bu sözü dedi.
- Bal acı dadır
Yanında olan hamı güldü, bir şeyi anlamırdılar onun üçün bal həqiqətən də acı dadırdı. Sadəcə… O balı sevmirdi. Ordakı gülmələr davam edərkən üzr istəyib ayağa qalxdı, kupesinə o xatirəsini yenidən yaşamaq üçün oradan uzaqlaşdı.
Şirinin acıya çevrildiyi bu xatirə səyahət çıxdığı ilk vaxtlarda olmuşdu. Ayaq basdığı ilk yerdə balı çox sevən bir balaca uşaqla tanış olmuşdu. Balın şirinliyini ilk dəfə o uşaqla hiss etmişdi, yeni kəşfiydi bu. Həm özünü həm də uşağı kəşf etmişdi. İlk və son dəfəydi səyahət etdiyi bir yerdə uzun müddət qalırdı.
Günəşin torpağı isitdiyi bir vaxtda gözlərini açdı, kəşf etdiyi uşağın ağlamaq səsi onu isinən bədənini soyuğa bürüdü. Cəld ayağa qalxıb səs gələn tərəfə yüyürdü. Gördüyü mənzərə qarşısında nə soruşacağını bilmədən balacanı qollarının arasına aldı. O qədər bərk qucaqladı ki sevgisini ancaq belə göstərə bilərdi.
- Mən bal istəmirəm bunnan sonar balı yemiyəcəm. Uşağın bu səsi sanki onu yuxudan oyatmış kimi diksindirdi. Uşağın yaş dolu gözlərinin içinə baxıb: - Niyə? deyə soruşdu - Arı məni sancdı, arının verdiyi heç bir şeyi istəmirəm.
Uşağı bu dəfə daha bərk qucaqladı, həyatında ilk dəfəydi birini bu qədər bərk qucaqlayırdı. Qulağına astaca bu sözləri dedi “Məndə bal istəmirəm”
O xatirədən illər keçmişdi o hələdə hər bal yeyəndə acı bütün hər yerini tuturdu, hər bal onun xatirəsini yenidən yaşadırdı. İndi onun rəsminin yanında yazdığı bu xatirələri oxuyuram onnan mənə qalan tək bir kitab odu, yazdığı hər cümlədə özünü sübut etməyə calışan insan.
|