Xəyalə Sevil - Bütün güclü qadınlar bədbəxtdir
05.02.16
Bütün güclü qadınlar bədbəxtdir
Qurduğun xəyallarından Geriyə dönmək qədər Çətin yol yoxdu bu dünyada. Gözlərindən yıxılan göz yaşlarını Yanağın da qaldıra bilmir. Baxışların buz kəsilir. Başını qaldırıb göyə baxırsan, Göy üzündə sənin çarəsizliyinə Qurbanlıq qoyun kimi bir ulduz kəsilir. Qaralır dünyan, qaralır, Həyatın göz qapaqlarının Arası qədər daralır... Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi? İçindəki təkliyi heç kim görmür...
Həyat bu qədər sadə...
Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər sadə, Həyat bu qədər təkrar. Amma ürəyimdə Təkrarlanmayan biri var.
Günəşi yaxın tutun Uzaqdan görünür, Hər şey uzaqdan. Uzaqdan baxıram səadətlərə... Əllərimin ayağı yox, Ha uzadım çatan deyil. Ürəyim ac uşaq kimi Laylalara yatan deyil. Ağ günümün kölgəsində Qaralan həsrətim kimi, Çoox yormuşam ümidimi. Göz yaşımı ürəyimə gizli-gizli Elə daşıyıram ki... Günəşi yaxın tutun, Elə üşüyürəm ki!
Qocalıq
Beli bükülmüşdü. Indi dünyadan çox Torpağa baxırdı qarı. Əlində əsası, Əsə-əsə gəzirdi Birdən torpağın Xətrinə dəyər deyə. Gözləri bir cüt yas yeri, Kiprikləri qara lent kimi. Bir gözündə cavanlığı ölmüşdü, O birində ümidləri. Ağ saçlarını Ağ bayraq kimi qaldırmışdı başına, Təslim olmuşdu qocalığa...
|