Oda teatrı açılır: “Azərbaycan teatrının cəsədini xilas edək”
26.01.16
“Azərbaycan teatrını öldürüblər. İndi də cəsədini ora-bura sürüyürlər. Teatrın cəsədi xilas edilməli və yeni teatr ənənəsi yaranmalıdır. Ənənəni yaradan teatrları isə boğurlar”. Bu sözləri müstəqil Oda teatrının rəhbəri Elmin Bədəlov deyib.
Qısa müddətlik fəaliyyətini donduran Oda yenidən fəaliyyətini bərpa edib. Teatr rəhbərinin sözlərinə görə artıq Oda səyyar teatr kimi fəaliyyət göstərəcək: “Maliyyə çətinliyi üzündən teatrın fəaliyyətini bir müddətlik dondurmuşduq. Lakin Azərbaycan teatrının boz durumu və ölkə teatrında canlanma yaradan YUĞ teatrının sökülməsi, bir müstəqil teatr kimi Odanın yenidən fəaliyyət göstərməsinə zəmin yaratdı. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatrına qarışı dağıdıcı addımları bizi narahat edir. Hətta boz teatr mühitinə rəng qatan Kamera teatrını da birləşdirmə adı altında sıradan çıxardılar. İndi isə YUĞ teatrının binasını sökərək bu teatrı sıradan çıxarmaq istəyirlər. Belə bir məqamda Odanın fəaliyyətsiz qalması düzgün deyil. Biz müstəqil teatr olaraq ölkə mədəniyyəti üçün çalışanlara dəstək olmalı və mədəniyyətin inkişafı prosesində iştirakda olmalıyıq. Lakin məkan problemimiz olduğundan səyyar teatr kimi fəaliyyətimizi davam etdirəcəyik. Mütəmadi olmasa da müxtəlif vaxtlarda və müxtəlif məkanlarda fəaliyyətimizi davam etdirəcəyik”.
Həmçinin Oda teatrı YUĞ teatrının sökülməsi məsələsindən narahatlığını və etirazını mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət formasında da çatdıracaq. Üç ildir ki fəaliyyət göstərən müstəqil teatr ölkə mədəniyyətindəki haqsızlığa öz etirazını müxtəlif formalarda bildirib.
|