Elçin İmanov - Hekayələr uydurmaq üçün yaşamaq
25.01.16

Nostalgiya ilə bəzənmiş xatirələr

Pamukun romanlarından birində qəhrəman həbsxanaya düşdükdə orada qəribə bir məhbusla tanış olur. Qəribə adam bir qolunu döyüşdə itirib. Personajlar söhbətləşir, məlum olur ki, başqaları bu zülmət məhbəsdən xilas olub azadlığa çıxmaq, rahat yaşamaq istədiyi halda bu təkqollu adam buradan qurtulub yazıçı olmaq istəyir və buna çox ümidlidir. Ona ümid və inam verənsə illər əvvəl başqa təkqollu birisinin zindandan xilas olub, sağ qalmış qoluyla yazdığı dahiyanə əsərdir. Həmin başqa təkqollu şəxsin kim olduğunu deməyə yəqin ki, ehtiyac yoxdur. Zatən Pamuk da mətndə o gəlmiş-keçmiş ən unudulmaz cəngavərlik romanını yazmış təkqollu müəllifin adını, bilərəkdən, yada salmır. Sonra Pamuk qəhrəmanın dilindən, mənim bu mətnim üçün ümumi tezis cümləsi kimi, dayaq nöqtəsi kimi seçib ayırdığım, çox maraqlı bir cümlə işlədir. Gəlin, həmin cümləni olduğu kimi yazaq:

Sonraları, yaşamak için hikayeler uydurduğum yıllarda, hikayeler uydurmak için yaşamayı düşleyen bu adamı hatırladım.


İlk dəfə Markesin “Həyatdan danışmaqçün yaşamaq” memuarını kitab mağazasında əlimə alıb  adını oxuyarkən Pamukun “hekayələr uydurmaq üçün yaşamaq” frazasını və o təkqollu obrazı xatırlamışdım. Bununla da mənim üçün yazıçılar haqqında balaca bir sirr qalasının qapısı açılmışdı: Yazıçılar hekayə danışmaq üçün, nəsə anlatmaq üçün, bir sözlə yazmaq üçün yaşayırlar, yaşamaq üçün yazmırlar. Bu, bir növ qarşısıalınmaz maniyadır. Onlar hansısa iformasiyanı ötürmək istəyirlər. Bu əzablı yolda hətta sağlamlıqlarını da qurban verməyə hazır fədakar insanlardır yazıçılar. Söhbət həqiqi sənətkarlardan gedir.

Ədəbiyyat başına gələnləri olduğu kimi, reportajfason yazmaq sənəti deyil. Bunun üçün jurnalistika var. Ədəbiyyatda nə sualından ümdə necə və niyə suallarına cavablar tapmaq daha alidir. Əgər doğrudan da, ədəbiyyat başına gəlmiş hadisələri olduğu kimi köçürmək olsaydı, onda gərək ən məşhur jurnalistlər ən böyük yazıçı, ən böyük yazıçılar da ən məşhur jurnalist olaydılar. Ədəbiyyat tarixi bunun əksini sübut edir. Çünki hər şeyin öz yeri var. Necə deyərlər hər fəsil özlüyündə gözəldir.

Deyilənlərə və yazılanlara inansaq, ədəbiyyatda “yazıçı memuar yazmalıdır” deyə yazılmamış qayda var. Bunun nə dərəcədə həqiqət olduğundan xəbərsizəm. Amma heç də hər böyük yazıçının memuar yazmadığı, bəlkə də yaza bilmədiyi, hamıya məlum məsələdir.

Memuar yazmaq təkcə oxucuyla vidalaşmaq, oxucuyla son söhbət və ya hesabat deyil, həm də mənə elə gəlir ki, olduqca sadə bir suala cavab axtarmaqdır: Mən necə (və niyə) yazıçı oldum? Ölümün kölgəsini yaxında olduğunu bilən, ehtiyatda çox az zamanın qaldığını duyan yazıçı geriyə boylanır, keçmişə, gəldiyi yola baxır, onun gözü qarşısında müxtəlif lövhələr mozaikası canlanır və yazıçı onları (əlbəttə, hamısı yox) qələmə almağa qərar verir.
Markesin 575 səhifəlik “Həyatdan danışmaqçün yaşamaq” xatiratı bir sadə sualın cavabı kimi yazılıb: Mən necə yazıçı oldum?

Ondan başlayaq ki, iki cür xatirə olur: Biri var adi xatirə, biri də var nostalgiya ilə bəzənmiş xatirələr. İkinciyə el arasında şirin bir xatirə, xoş xatirə deyirlər. Adi xatirələr bir müddət keçəndən sonra ya unudulur, ya da nostalgiya ilə bəzənmiş xatirəyə çevrilir. Fikrimizi izah eləyək. Məsələn, nə qədər ki, adam universitetdə oxuyur, tələbədir, orada başına gələn, yaşadığı hadisələr ona adi xatirələr kimi görünür, amma elə ki, üstündən zaman ötür, tələbəlik xatirələri nostalgiya ilə bəzənir. Eləcə də uşaqlıq çağı, məktəb illəri, hərbi xidmət və sair. Nostalgiya ilə bəzənmiş xatirədə adi xatirədən fərqli olaraq bütün bəd nüanslar silinir, nostalgiya onları yoxa çıxarır. Amma bu yoxa çıxma üçün aradan bir xeyli zaman keçməlidir.
Nostalgiya yunanlardan gəlmə sözdür, vətənə dönmək və ağrı kəlmələrinin cəmindən yaranıb. İzahlı lüğətimizə baxsaq orada nostalgiya sözünün qarşısında üç izahedici sözün yazıldığını görmək olar: xiffət, həsrət, qüssə. Belə çıxır ki, üç hissin cəmi – xiffət üstəgəl həsrət üstəgəl qüssə, nostalgiyaya bərabərdir. Hərdən görürsən hansısa yaşlı bir adam oturub keçmiş illərindən danışır, o dövrü, o dövləti, o quruluşu, o adamları, o adətləri tərifləyir. Diqqətlə fikir versək görərik ki, adam əslində o zamandan yox, cavanlığından ötrü xiffət çəkir, darıxır, qüssələnir. Bu qədər sadə. Deməli, nostalgiya əslində cavanlıqdan ötrü darıxmaqdır.
Olduqca qəribə hissdir: adam böyüdükcə ona elə gəlir ki, ətrafda hər şey də (canlı, cansız varlıqlar) onunla bir böyüyür. Bu, bir yerə qədər belə davam eləyir. Sonra sən dünyanı yavaş-yavaş, sözbəsöz kəşf eləməyə başlayırsan, anlayırsan ki, dünyanı sözlər idarə edir.
Amma bir şey də var ki, yazıçılar həssas olduqlarına görə nostalgiya onlarçün daha dərin məna ifadə edir. Buraya bir az da sentimentallıq qatılmış olur. Çünki sən keçmişə səyahət edərək həyatda olmayan adamlar haqqında yazırsan. Adamlar və əşyalar, o dövrün söhbətləri, bir sözlə yaddaşın lokator sayağı tutub mühafizə elədiyi hər şey canlanır. Adi bir supu dadarkən, tanış evlərin qapısını görərkən, bildiyin bir melodiyanı eşidərkən, istifadə elədiyin köhnə bir əşyaya toxunarkən hafizəndə qeyri-iradi olaraq obrazlar çarxı işə düşür, yazıçının qəlbən bağlı olduğu bir obraz o birisini, bir əhvalat başqasını dartıb çəkir, beyində bütöv bir mənzərə, obrazlar qalereyası dirilmiş olur. Sən təkcə öz nöqteyi-nəzərinlə yox, başqaların da, hətta cansız əşyaların da nəzər nöqtəsi ilə keçmiş hadisələrə baxırsan. Nəticədə, memuar yazmaq vaxtı çatmış yazıçı gözəgörünməz rəssamın onun beynində yaratmış olduğu təsvirlərə baxaraq, elə bil beyində işə düşən balaca kinozalda öz ömrünə tamaşa edə-edə qələmi əlinə alır.
Markes xatirələrini qələmə alarkən yetmiş beş yaşı varıydı. Yetmiş beş yaşlı yazıçı ömür yolunun onun üçün əhəmiyyət kəsb edən xüsusi bir nöqtəsini – yazıçı olmağa qərar verdiyi zamanı seçərək iyirmi üç yaşına, anadan olduğu evə xəyali səyahət edir və oradan xatirələrini danışmağa başlayır. Buna fleşbek deyilir.
Markes o yazıçılardandır ki, onlara dörd divar yazıçıları deyirlər. Onlara zəngin həyat təcrübəsi bir o qədər vacib deyil. Fantaziya bəs eləyir çünki. Əgər fantaziya, canlı təxəyyül varsa yazıçıda o adi həyat faktını da, eşitdiyi balaca əhvalatı da böyük ədəbiyyata çevirə bilər. Necə ki, Markes bunu bacarmışdı.
Bilirəm razılaşmayanlar olacaq. Amma bunu da mütləq deməliyəm ki, Markesin memuarını başqalarından fərqləndirən bir cəhət var. Markes öz üslubuna sadiq qalıb. Unutmayaq ki, o, həm də Latın Amerikasının ən hoqqabaz yazıçısı idi. “Həyatdan danışmaqçün yaşamaq” roman kimi yazılıb. Kitab birinci kəlmədən axırıncı kəlməyədək uydurmadır. Romanlaşdırılmış, bədiiləşdirilmiş, estetizasiya edilmiş xatirələrdir bunlar. Məsələn, Markes valideynlərinin tanış olub evlənməsini ən xırda detallarına qədər danışır. Hərdən adama elə gəlir ki, sən memuar yox, Yüz ilin tənhalığını təkrar oxuyursan. Nəinki Yüz ilin tənhalığı, Markesin demək olar bütün əsərlərindən var bu xatiratda. Bu, bəlkə də yazıçının bütün obrazları bir kitaba cəm eləmək adlı arzusu imiş. Markes həmişə deyirdi ki, mən hər dəfə eyni bir kitabı yazıram. Yazıçı birinci kəlmə ilə son kəlmə arasında həyat faktlarını elə yerləşdirib ki, bəzi yerlərdə uydurma ilə doğrunu bir-birindən ayırmaq, demək olar, mümkünsüzdür. Faktlar rəndələnib, hamarlanıb, mətn içində əriyib. Ona görə də bu memuarda həqiqətlə uydurmanın sərhədini axtarmaq əbəsdir. Onsuz da oxucu istənilən bədii kitabın ilk səhifəsini açanda, sanki, hansısa mistik bir qüvvənin təlqini ilə yazılanlara bəri başdan inandığını boynuna alır. Belə olan halda təfərrüata varmaq mənasız bir iş kimi qalır. Digər tərəfdən adi oxucudan tənqidçi zehniyyəti gözləmək də doğru deyil. Ona görə də, Markesin sehrinə düşümüş oxucular burada təəccüblü heç nəyə rast gəlməyəcək, onu olduğu kimi, başdan sona qədər həqiqət kimi qəbul edəcəklər.
İnsanın şüurlu həyatı yalan danışmaqla, daha dəqiq ifadə eləsəm yalan danışa biləcəyinin fərqinə varmaqla başlanır. Kimisində beş yaşında, kimisində də iyirmi beş yaşında. “Uşaq yalanı böyük talantın əlamətidir” deyə Markes yazır. Ədəbiyyat həm də yalan danışmaq sənətidir. Hər adam yalan danışa bilməz, uydura bilməz, bilmir də. Çünki yalan danışmaq adamdan fitri istedad tələb edir. Buraya yaddaş, yalanı quraşdırmaq qabiliyyəti və quraşdırdığın yalanı qarşı tərəfə inandırmaq bacarığı aiddir. Təbiət necədirsə ədəbiyyat da elədir. Ədəbiyyatçılar mahir yalançılardır. Markes də istisna deyildi. Fərqi burasındadır ki, ədəbiyyatda allah sən özünsən, sən yaradırsan, çəkirsən, təsvir edirsən hər şeyi. (Tolstoyu ahıl vaxtı böyük ədəbiyyatdan uzaq salan da bu məsələ idi: o yerdə ki, yalan var, orada Allah ola bilməz. Bu məsələnin üstündə çox dayanmayacam.) Amma bu yalan kağız üzərində olan, zərərsiz yalandır. Və o demək deyil ki, ədəbiyyat həqiqətdən uzaqdır. Əksinə, ədəbiyyat həqiqətə ən yaxın olan sənət sahəsidir. Bir halda ki, həyat özü başdan-başa yalandan, oyundan ibarətdir, o zaman ədəbiyyat adamın köməyinə gəlir. Ədəbiyyat azadlıq sözünün sinonimidir.
Söhbətimizə onunla davam edək ki, kitabın ümumi tempi Markesin o biri əsərlərinə baxanda aşağıdır, yavaş axarlıdır. Amma o yerdə ki, Markes hansısa bir tarixçəni, əhvalatı nəql eləyir orada təhkiyə sürətlənir, dinamizm artır, mətn birnəfəsə oxunur. Yazıçın yumor hissi də köməyə gəlir. Bir də baxırsan ki, fəslin sonudur. Üç cür yazıçı var: cadugər, nağılçı, müəllim (moralist). Markesdə birincidən olsa da, o daha çox ikinci tip yazıçılar cərgəsinə aiddir. Markes əla rəvayətçi, nağılçıdır. Markes hekayət danışmağın, rəvayət söyləməyin ustasıdır. Onun əsərləri səhnəsizdir: yazıçı danışır, oxucu da qulaq asır. Beləliklə, o yerdə ki, memuarist Markes yerini rəvayətçi Markesə verir, orada təhkiyənin dadı dəyişir.
Yazıçının iki əsas yaddaşı olmalıdır: emosional və obrazlı. Markesdə bunlardan savayı söz yaddaşı da güclü idi. Markes memuarında anasını, atasını, babasını, nənəsini və şəxsiyyətinin formalaşmasında rol oynamış başqa adamların portretini cızır, onları təbii olaraq idealizə edir. Avtoportetini də unutmur. Oxuduqca sanki yazıçı adama belə bir ideyanı ötürür: bax, mən bunları, həqiqətən, yaşamışam, filan hadisə doğrudan da baş vermişdi, eşitmişdim ya görmüşdüm, mən də ondan hekayə, roman düzəltmişəm. Markes xatirələrində yaşamış olduğu və qələmə aldığı həyatı əsaslandırmağa çalışır.
Hər xalqın vizit kartı sayılacaq şəxsiyyətləri olur. Latın Amerikası üçün bu, əlbəttə, Markesdir. Markesə qədər Latın Amerikası avropalıların nəzərində başında sombrero, belində tapança, əlində gitara olan bığlı kişilərdən ibarət idisə indi bu obraza bir ştrix də əlavə olunur: yazıçı.
Markes xoşbəxt sonluqla bitən bir romanın qəhrəmanı idi. Bu romanı da özü yazmış, özü uydurmuşdu.
Yaradıcı adamlar dünyaya obrazlı yanaşırlar, həyatı ədəbiyyatla ölçürlər. Onlar üçün həyat sadəcə bioqrafiya – baş daşında yazılacaq ikicə tarix və tire yox, həyat tərzidir, həyatın hansısa anını tutub əbədiləşdirməkdir. Onlar üçün ədəbiyyat həyata yox, həyat ədəbiyyata xidmət eləyir. Nəyi yazmısansa osan. Şairin bioqrafiyası onun qafiyələri, vəznləri, sait-samitləridirsə, yazıçının bioqrafiyası onun cümlələridir. Markes bunu çox gözəl bilirdi. Amma hansı cümlələr? Memuarın ilk sentensiyası bu suala müdhiş, sakramental bir cavab olmaqdan savayı, həm də mənim mətnimin sonuncu cümləsi olmaq haqqını daşıyır: Həyat sadəcə ömür sürmək deyil, nəyi yadda saxlamaq və ondan necə yazmaqdır.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.