Əsəd Cahangir Qan Turalının romanından yazdı
25.01.16
Qan Turalının yaxın günlərdə işıq üzü görəcək "Fələk qırmancı" romanının
əlyazmasını oxudum. Roman müasir Azərbaycan gənclərİndə nihilizmin kökü
nədədir sualına aydın cavab verir.
Müəllifin bundan öncə yazdığı
"Mustafa" romanı Azərbaycan insanının siyasi iflasını göstərirdi. Bu
ölkədə azad siyasi fəaliyyət heç bir perspektiv vəd etmir. Qəhrəmanın
uğursuz siyasi fəaliyyəti timsalında roman bunu deyirdi.
"Fələk
qırmancı" isə Azərbaycan gənci, konkret desək, yazıçısının mənəvi
iflasını göstərir. İki xətdən (tarixi və müasir) ibarət romanın tarixi
xətti din və təriqətlərin insanı xilas etməsinə dair fikirlərin əfsanə
olduğundan danışır. Müasir xətt isə hər yerdən qovulmuş insanın son
sığnacağı olan ədəbiyyatın da onu yaşatmadığından söz açır - nə mənəvi,
nə də maddi cəhətdən.
Hər iki romanda qəhrəman sevgi planında da xoşbəxtliyini tapa bilmir. Və
iki əsərdən doğan yekun qənaət: - fəaiyyət azadlığı yoxdur (birinci
roman), düçüncə azadlığı da yoxdur (ikinci roman) Bircə yol qalır -
ölüm. Təsadüfi deyil ki, birinci romanın qəhrəmanı mənən, ikinci romanın
qəhrəmanı isə həm də cismən ölür.
Birinci romanının qəhrəmanının
(Mustafa) Məhəmməd əleyhissəlama, ikincinin isə (Mehdi) Mehdi
Sahibəzzamana işarə olduğunu nəzərə alsaq, bu əsərləri ən genəldə
antiislam düşüncənin məhsulu kimi anladım. Birinci roman islami
düşüncənin tarixi önəmini, ikincisi isə Mehdinin gələcək zühuru ilə
bağlı xilaskar perspektivini inkar edir.
Müəllif nə birinci, nə
ikinci əsərində sökdüyünün yerində nəsə tikmir. Görünür o, bunu üçüncü
kitabında həyatıa keçirəcək və trilogiyasını tamamlayacaq. Trilogiyanın
bir adı ola bilər - "Azadlıq".
"Mustafa" ilə müqayisədə xeyli
təkmilləşsə də, bu əsərdə də Qan Turalının romançılıq baxımından müəyyən
problemləri hələ qalır. Bunlardan ən vacibi əhvalatçılığın psixologizmi
üstələməsi, başqa sözlə, oksigen çatışmazlığıdır. Bəzən sürətlə cərəyan
edən hadisələrn sayını azaltmağa, təkkə həyatı ilə bağlı uzun-uzadı
təfərrüatlardan qaçmağa, bunun əvəzinə qəhrəmanların daxili aləmini
açmağa ehtiyac hiss olunur.
Bəzi səhnələr qeyri-inandırıcı görünür.
Kənddən gəlmiş Zeynəbin yazıçı Mehdiyə vurulmasının daha dərindən
əsaslandırılması lüzumu duyulur. Qəhrəmanın finalda intiharı inandırıcı
surətdə motivləndirilmir. Romanda parlaq bədii boyalarla işlənmiş
səhnələrlə az üzləşir, hadisələri görməkdən daha çox, onlar haqqında
eşidirik. İki zamanın qarşılaşdırılması, yaxud itmiş əlyazma söhbətləri
müxtəlif romanlarda dəfələrlə rastlaşdığımız tanış üsullar təsiri
bağışlayır.
Bütün bunlarla bərabər, düşüncəsinin zaman diapazonuna,
problemə fundamental münasibətinə, mətnə alt yapı qoymaq qabiliyyətinə
görə yaşıdlarından çox az adamı Qan Turalı ilə müqayisə etmək olar.
Qan
Turalı və onun yaşıdları indi özlərinə bir sual verməlidrlər - min
illərlə sürən homo sapiens erasının bitdiyi, post insan erasının
başlandığı dövrün yazarı olaraq mən oxucuya nə deyirəm və nə deməliyəm?
Məncə, bu, yazıçı qarşısnda günün ən aktual tələbidir və yalnız bu
tələbin önəmini anlayanlar çağdaş zamanla bərabər at başı yürütməyə
qadir olduqlarını sübut edəcəklər.
|